Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 001 (Introduction)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu

GIRIŞ


Romalılara Məktuba giriş

Ölümdən dirilmiş Rəbb İsa Məsihdən ilham alaraq, Həvari Paul tərəfindən qələmə alınmış bu mühüm Məktub, Məsihin imanlılar cəmiyyətinə verdiyi ən böyük ənamlardan biridir.

Məktubun yazılmasının səbəbi və məqsədi

Millətlərin həvarisi Paul bu Məktubu yazanda artıq Kiçik Asiyada və Yunan bölgələrində üç müjdəçi səyahətini tamamlamışdı, mərkəzi şəhərlərdə canlı cəmiyyətlər qurmuş, imanlıları növbənöv məhəbbət xidmətlərində möhkəmləndirmiş, cəmiyyətlər üçün ağsaqqallar, pastor və nəzarətçilər təyin etmişdi. Aralıq dənizinin şərqi sahilindəki xidmətinin başa çatdığını görən həvari, Allahın Padşahlığını Fransa və İspaniyada yaymaq üçün qərbə üz tutdu (Rom. 15:22-24).

Bu səyahətə hazırlaşarkən Paul, Romadakı imanlıların etibarını qazanmaq üçün bu məşhur Məktubunu yazdı, ona əmanət edilmiş Müjdənin dəqiq və nizamlı şərhini verərək, bütün millətlərin həvarisi olduğunu təsdiq etdi. Qərbə edəcəyi müjdəçi səyahətində onların da iştirak etməsini istəyən Paul onların ürəyinə danışdı. Antakyadakı cəmiyyətin etdiyi kimi, romalı məsihilərin də onun üçün dua etməsini, səyahətlərində, vəzlərində, əziyyətlərində onu dəstəkləməsini istəyirdi. Beləliklə, Romalılara Məktub əsaslı və nizamlı təlimdən, şərhdən ibarətdir. Bu Məktunu yaxşı dərk edən imanlılar cəmiyyəti həqiqi imanda möhkəmlənər, bütün dünyada Müjdəni yaymaqda iştirak etməyə hazır olar.

Romadakı imanlılar cəmiyyətini kim təsis etmişdir?

Roma İmperatorluğunun paytaxtındakı imanlılar cəmiyyəti nə Paul, nə Peter, nə də başqa bir həvari, yaxud yepiskop tərəfindən təsis edilmişdir. Romadakı cəmiyyətin əsasını qoyan olay, Əllinci gün bayramında Romadan Qüdsə gəlmiş bəzi yəhudilərin Müqəddəs Ruhun ilk məsihilərin üzərinə tökülməsinin şahidi olması idi. Məsihin şagirdlərinin başqa-başqa dillərdə Məsihin uca işlərini elan etdiyini görən o yəhudilər Romaya qayıtdıqdan sonra çarmıxa çəkilmiş olan Qadir Rəbbə şəhadət verməyə başladılar. Onlar həm yəhudi, həm də bütpərəst dostlarına Allahın xilasından danışmağa başladılar, evlərdə yığılıb Tövratı oxudular, xüsusilə Məsihə dair peyğəmbərlikləri araşdırdılar.

Həvari Paul Asiya və Yunanıstan səyahətlərində, xüsusən qeysər Klavdiyin hakimiyyəti zamanı, təqribən 54-cü ildə yəhudilər paytaxtdan qovulduqdan sonra (Həv. 18:2), romalı məsihilərə dəfələrlə rast gəlirdi. Paul Romadakı imanlılar cəmiyyəti ilə şəxsən tanış olmaq, onun özündə fəal olan Müqəddəs Ruhun ənamlarını onlara da çatdırmaq istəyirdi. Paul o dövrün “dünya paytaxtı” olan Romada çox qalmaq niyyətində deyil idi, çünki orada artıq müstəqil olaraq fəaliyyət edə biləcək qədər qüvvətli və canlı bir cəmiyyət var idi. Paul o məsihi qardaşları ilə ünsiyyət qurmaq və qapalı bölgələrdə xilas Müjdəsini yaymaq üçün gedirdi.

Məktubun müəllifi, yazıldığı yer və vaxt

Romalılara Məktub miladdan sonra 58-ci ildə həvari Paul tərəfindən yazılmışdır. Paul bu Məktubu Qay adlı bir imanlı qardaşın qonağı olduğu vaxt yazmışdır. Məktub, Paulun ruhani təcrübələri və həvari təlimlərinin xülasəsidir. Əslində belə Məktubun müəllifi Pauldan başqa heç kəs ola bilməz, çünki Paul imana gəlmədən öncə qanunpərəst dinçi olduğu zaman, Dəməşqdəki məsihiləri təqib etməyə hazırlaşarkən, Məsih Özü yolda ona göründü. Göydən parlayan göz qamaşdırıcı ilahi nurun təsiri ilə yerə yıxılan Paul böyük həqiqəti dərk etdi: təhqir edilən Nazaretli İsa yaşayır; O, izzətli Rəbdir; O, çarmıxa çəkiləndən sonra bədəni çürüməyib, lakin O, ölüm üzərində qələbə çalıb; O həqiqətən dirilib və Külli-İxtiyar olduğunu təsdiq edib! O anda Paul anladı ki, Allahın Oğlunun Özünü təqib etməyinə baxmayaraq, O onu mühakimə və həlak etmək istəmir, əksinə, ona mərhəmət göstərir, əvəzsiz olaraq salehlik verir, müjdəçi xidmətinə hazırlayır. Paul buna layiq deyildir, amma Rəbb bunu lütfü ilə edir! Beləcə bu fanatik dinçi adam Allahın qarşısında qəlbini sındırdı, Allahın lütfünə iman etdi, yeni salehliyin mənasını qavradı! O andan sonra Paulun artıq öz işlərinə, Qanuna riayət etməsinə ümidi qalmadı; o artıq Məsihin ilahi məhəbbətinin qulu oldu, dünyanın qurtaracağına gedib, bütün itmişləri, günahkarları Allahla barışmağa dəvət etməyə başladı!

Bu Məktub hansı üslublarla yazılmışdır?

Paul, Romadakı imanlılar cəmiyyətinin hər bir üzvünün onun həyatında baş vermiş ruhani inqilabı anlamasını istədi. Odur ki, bəlağətli, ədəbi, cazibəli dillə, uzun-uzadı müqayisələrlə yazmadı. Əksinə, Məktubu yazdığı imanlıları ruhən təsəvvürünə gətirərək, mümkün qədər açıq və sadə dillə fikrini ifadə etdi, həm yəhudiləri, həm də romalıları maraqlandıran sualların cavabını verdi. Paul bu Məktubu Terti adlı imanlı qardaşa yazdırdı. O gah təzəcə imana gəlmiş adamlara müraciət edərək, onları Allahın müqəddəsliyi ilə təmizləyir, səthilikdən müalicə edir; gah qəlbi sınmış adamlara bəşəriyyətin yeganə ümidi olan Məsihdə tamamilə saleh sayıldıqlarını öyrədərək imanlarını dirçəldir; gah məğrur və özünə güvənən qanunpərəstləri sarsırdır, pozğunluq və acizliqlərini ifşa edib sübut edir ki, imanda müqəddəs olmağın yeganə yolu, Müqəddəs Ruha itaət edərək, məhəbbət və həlimliklə Allaha xidmət etməkdən ibarətdir.

Beləliklə, həvari bu Məktubda fəal vəz ilə nizamlı, əsaslı təlimi birləşdirməyə müvəffəq olmuşdur. Onun sözləri müəyyən bir qrupa deyil, bütün oxuculara: yəhudi və bütpərəst, qoca və cavan, savadsız və savadlı, azad və qul, kişi və qadınlara ünvanlanır. Romalılara Məktub indiyədək bütün məsihi inancının ilk müəllimi olaraq qalır, necə ki doktor Martin Lüter buna şəhadət etdi. O dedi: “Əhdi-Cədidin başlıca hissəsi olan bu Kitab, Müjdəni son dərəcə saf və təmiz çatdırır və hər məsihi onu gərək əzbərdən öyrənə, gündən-günə onunla oturub-dura, canının ruhsal xəzinəsi kimi qoruyub-saxlaya. Zira bu Məktub, imanlının Qanun və Müjdə, günah və mühakimə, lütf və iman, salehlik və ədalət, Məsih və Allah, xeyirli işlər və məhəbbət, ümid və çarmıx barəsində əldə etməli olduğu bütün biliklərlə zəngindir. O bizə həmçinin mömin və günahkar, güclü və zəif, dost və düşmən olan hər insanla və eləcə də öz-özümüzlə necə rəftar etməyi öyrədir. Buna görə mən hər məsihiyə bu Məktubdan təlim öyrənməyi məsləhət görürəm”.

Əziz qardaş, əgər sən öz inancını dərindən öyrənmək istəyirsənsə, Romalılara Məktub üzərində düşünməlisən, çünki bu Məktub Allahın biliklər, qüvvələr və Ruh ilə dolu Universitetinə bənzəyir. O zaman Məsih səni qürurdan və özünə arxayınlıqdan azad edəcək, kamil salehlikdə möhkəmləndirəcək və sən Rəbbin ilahi məhəbbətini göstərməyə qabil olan qulu olacaqsan və günü-gündən imanda böyüyəcəksən!

Romalılara Məktubun strukturu

Romalılar 1:1-17 – Paulun Romadakı imanlılar cəmiyyətinə özünü təqdim etməsi, həvari xeyir-duası və Məktubun əsas ideyası olaraq “Allahın salehliyi” mövzusunu açması.

HİSSƏ 1 – ALLAHIN SALEHLİYİ BİZİ SALEH SAYIR

Romalılar 1:18 - 3:23 – Hamımız günahkarıq və Qanuna əsasən Allah tərəfindən mütləq məhkum ediləcəyik; Qanun bizdə kök salmış qüruru sındırır.
Romalılar 3:24 - 4:25 – Allah Məsihə iman edən bütün insanları Məsihin qurban ölümü ilə əvəzsiz olaraq saleh sayır.
Romalılar 5:1 - 8:39 – Rəbbin Ruhu imanlılarda məskən salır, onlara ümid və günah üzərindəki qələbə verir və onlar Qanundan azad olub, Ruhun qüvvəsi ilə həyat sürürlər.

HİSSƏ 2 – TARİXDƏ ALLAHIN SALEHLİYİ

Romalılar 9:1 - 11:36 – Qədim xalqı Allahın lütfünü rədd etsə də, Allah saleh olaraq qalır.

HİSSƏ 3 – ƏMƏLİ HƏYATDA ALLAHIN SALEHLİYİ

Romalılar 12:1 - 16:27 – Həqiqi iman həyatımızı dəyişdirir, davranışımızı məhəbbət işləri və qarşılıqlı itaətkarlıq ilə doldurur.

Bu Məktubu öyrənmək asan deyil. Ondan xeyir-dua almaq, həqiqətən tövbə etmək, əqlən yenilənmək və Məsihdə yeni həyat üfüqlərini görmək üçün sənə çox araşdırmaq, səylə dua etmək, dərin-dərin düşünmək lazım olacaq. Bu Məktub vaxtilə romalı imanlıların “Biz artıq saleh sayılmışıq” fikri ilə ruhən tənbəlləşməsinə, inkişafını dayandırmasına yol vermədiyi, əksinə, onları Romada və digər yerlərdə Müjdəni yaymağa həvəsləndirdiyi kimi, Məsih bu gün səni də Onun lütfü ilə dolmağa dəvət edir, çünki O səni, saleh sayılmış qardaş-bacıları ilə birgə məhəbbətsiz və ümidsiz yaşayan insanların yanına göndərir. Buna görə, diqqətlə qulaq as, dua et və xidmətə qoşul!

SUALLAR:

  1. Romalıların Məktubunun yazılmasının səbəbi və məqsədi nədir?
  2. Romadakı imanlılar cəmiyyətini kim təsis etdi?
  3. Kim, harada və nə vaxt bu Məktubu yazdı?
  4. Paul bu Məktubu yazarkən hansı üslublardan istifadə etdi?
  5. Bu Məktubun strukturu necədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)