Waters of LifeBiblical Studies in Multiple Languages |
|
Home Bible Treasures Afrikaans |
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba
Previous Lesson -- Next Lesson HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)
12. Paul padşah II Aqrippa və məiyyəti qarşısında (Həvarilərin İşləri 25:13 - 26:32)HƏVARİLƏRİN İŞLƏRİ 26:16-23 Məsih Paulun günahlarına görə məyus olmasına yol vermədi. Əksinə, ona dərhal imanla itaət etməyi buyurdu. Onu ürəkləndirib cəsarətlə irəliyə doğru hərəkət etməyi buyurdu. Qatilə zühur edən Məsih ona əfv və mərhəmət gətirməklə yanaşı həmçinin onu xidmətə dəvət etdi. İsa Paulu Öz şahidi kimi seçdi, lakin nəzəri bilikləri müzakirə etməsi və ya hisslərlə dolması üçün yox, bütün insanlara yaşayan Rəbbi necə gördüyünü danışması üçün bunu etdi. İzzətli Məsihin Özü Paulun şəhadətinin mövzusu oldu. Rəbb onu qoruyacağına, Onunla birlikdə olacağına inandırdı. O yəhudilərin və başqa millətlərin yanına təkbaşına getməyəcəkdi, İsanın adı və ilahi qüvvəsi ilə müşayiət ediləcəkdi. Paula qarşı duran, onu həbs edən adamlar Allahın Özünə qarşı dururdular. Əziz qardaşım, sən Məsihin Müjdəni yaymağa dəvətini eşitmisənmi? İncildə İsanı bütün izzəti ilə görmüsənmi? Onda 18-ci ayədə Rəbbin Paula fəal şəhadət və xidmət barədə verdiyi əmri bizimlə birlikdə nəzərdən keçir və Məsihin məqsədlərini və şəhadətinin yeddi mənasını anlayacaqsan.
Əziz oxucu, bəs sən şeytanın hakimiyyətindən azad olmusanmı və təmiz ürəklə Allaha xidmət edirsənmi? Günahlarını etiraf edib həqiqətən tərk edirsənmi? Məsihin nurunda yaşayırsanmı? Onda qadir Rəbb səni insanlara xilas haqqında danışmağa və öz şəhadətinlə çoxlarını xilas etməyə çağırır. Müqəddəs Ruhun sənə dediyi sözlərə diqqətlə qulaq as. Paul padşah Aqrippaya dedi: “Məsih mənə zühur edib danışanda mən dərhal Ona itaət etdim. İzzətli Rəbb ilə bu qarşılaşmam ondan sonrakı həyatıma, hərəkətlərimə təsir etmişdir. Mən Məsihin Müjdəsini elan etməyə başladım, Dəməşqdə, Yerusəlimdə və digər yerlərdə hər kəsi tövbə etməyə və Xilaskara tərəf dönməyə dəvət etdim. Məsih yaşayır! Mən bu müjdəni danışıram, hamıya car çəkib “Ey insanlar, ölü əməllərininzdən dönün və Müqəddəs Allaha xidmət edin!” deyirəm. “Qürurunuz üçün ölün və Müqəddəs Ruhun qüvvəsi ilə Rəbbin iradəsini yerinə yetirin. Xudbin və dikbaş olmayın, özünüzü saleh sayıb aldanmayın, az qala şeytana bənzədiyinizi anlayın. Əllərinizi Məsihə uzadın və O sizi xilas edəcək. Ey alimlər, dindarlar, adlı-sanlı adamlar, sizin Xilaskara ehtiyacınız var. Günahkarlar və cinayətkarlar onsuz da tövbəyə və yeni həyata ehtiyacı olduğunu anlayırlar”. Məhz çarmıxa çəkilmiş və dirilmiş Məsihdə tamamlanmış xilasa ehtiyac barədə şəhadət etdiyi üçün yəhudilər Paula nifrət edirdilər. Yerusəlimdəki fanatiklər Paula məbədi murdarladığı, qiyam qaldırdığı və ya Qanunu rədd etdiyi üçün deyil, İsa Məsihi sevdiyi və Ona fəal şəhadət etdiyi üçün hücum etdilər və öldürməyə çalışdılar. Çünki yəhudilər çarmıxa çəkilmiş İsanın dirildiyinə və yaşadığına inanmırdı, buna etiraz edirdilər, axı əks halda onlar Allahın Oğlunu ölümə təslim edən qatillər olduqlarını və həlaka aparan yolu tutduqlarını etiraf etməli olardılar. Rəbb İsa Öz sadiq qulunu məbəddə qəzəblənmiş camaatdan qorudu, onun Allahın həqiqətinə dair şəhadətini davam etdirməsini, padşahlar və dilənçilər, filosoflar və savadsız adamlar qarşısında şəhadət etməsini istədi. Onun şəhadəti Tövrata və Peyğəmbərlərə uyğun idi. Allahın Oğlu siyasi bir “xilaskar” deyil, dünyanın günahını Öz üzərinə götürən Allah Quzusu olaraq gəlmişdir. İnsan İsa insanları Allahla barışdırmaq üçün Allahın Ruhundan doğuldu. Ondan başqa heç kəs bunu etməyə qadir deyil idi. İsa ölümə qalib gələrək, bizi günahın əsarətindən və Allahın qəzəbindən azad etdi, qüdrətini göstərdi. Xilas təkcə yəhudilər üçün deyil, bütün xalqlar üçündür. Məsih qalibdir! Onun Müjdəsi bütün ölkələrə maneəsiz yayılır, nuru qaranlıqda parlayır! SUAL:
HƏVARİLƏRİN İŞLƏRİ 26:24-32 Qürurlu vali anladı ki, Paul bu sözləri ilə bütün Roma və yunan tanrılarını qaranlıq adlandırıb, Məsihi isə yeganə dünyanın Nuru elan edib. Məğrur vali ölmüş bir Adamın dirildiyinə, dünyanın Xilaskarı olduğuna və qeysərdən belə güclü, dünyadakı “tanrı”ların hamısından üstün olduğuna inanmaq istəmirdi. Belə fikir Festə çətin gəldi və o, hamının qabağında qışqırdı: “Sən dəlilik edirsən, Paul! Tövratı oxumaqdan və uzun dualardan ağlın başından getdi!” Paul valinin onu anlamağa qadir olmadığını bilirdi. Çünki heç kim Müqəddəs Ruh vasitəsi olmadan “İsa Rəbdir!” deyə bilməz. Odur ki, həvari valiyə belə dedi: “Mən dəli deyiləm. Sakitcə həqiqəti danışıram. Səbirliyəm, həyəcanlı deyiləm. Diri və izzətli Məsihin həqiqətini elan edirəm. Birdən Paul şahid kimi padşah Aqrippaya işarə etdi. Hər yəhudi bilirdi ki, Nazaretli İsa çarmıxa çəkilmişdir və məsihilər Onun dirildiyini sevinclə elan edirlər. Məhbus Paul məğrur padşaha üz tutub məiyyətinin hüzurunda ona sual verdi: “Peyğəmbərlərin xəbər verdikləri Müjdəyə inanırsanmı? Tövratda yazılmış olduğu kimi, Məsihin əzab çəkdiyinə və ölümdən dirildiyinə inanırsanmı?” Paul padşahın ürəyindəki həyəcanı hiss etdi. Əhdi-Ətiqdə elan edilmiş həqiqətə qarşı ürəyini daşa döndərmək istəməyən padşah cavab vermədi. Həvari onun əvəzinə cavab verdi: “İnandığını bilirəm, ey padşah Aqrippa”. Paul bir peyğəmbər idi. Padşahın gizli fikirlərini oxuyurdu və ona imanı iqrar etməyə kömək etmək istəyirdi. Lakin padşah tərəddüd edirdi. Camaatdan utanıb dedi: “Tutaq ki, inanıram. Nitqini başa çatdırandan sonra bəlkə də məni inandırarsan, onda mən də sənin Məsihinin qurbanı olaram”. Paulun ürəyi sevindi. Müqəddəs Ruhun ölkənin padşahının ürəyində işlədiyini hiss edən həvari dedi: “Əsl əsir mən deyiləm! Siz günahlarınızın əsirləriziniz. Xilaskar İsanın yanına gəlin və O sizi azad edəcək! Mən zəncirlənmiş halda olsam da, azadam! Allaha dua edirəm ki, O sənə, bacın Bernikiyə və digər adlı-sanlı adamlara və Qeysəriyyənin hörmətli sakinlərinə Müqəddəs Ruhla dolmağı nəsib etsin. Paul hamıya məhəbbətlə baxır və danışırdı. Ağzından çıxan sözlər parlayan nur kimi idi, gözlərindən mərhəmət yağırdı. O, Müqəddəs Ruhla dolu idi. Padşah dinmədən ayağa durdu. Müjdənin qüvvəsi ona təsir etmiş, vicdanına toxunmuşdu. İclasda iştirak edən hər kəs Paulun saleh adam olduğunu anlayırdı, günahsızlığına şəhadət edirdi. Paul bu qeyri-adi məhkəmə iclasında hamıda böyük təəssürat yaratdı. Müttəhim onu mühakimə etməyə toplaşanları özü ittiham edir, onlara Allahın Kəlamını danışırdı. Bu Kəlam hər kəsə təsir etdi. İclasın sonunda padşah dedi: “Bu adamı azad etmək olardı, ancaq o imperatorun məhkəməsini tələb etdiyinə görə biz onu Romaya göndərməyə məcburuq”. Padşahın bu qərarı demək deyil idi ki, Paul qeysərin məhkəməsini tələb etməsəydi, azadlığa buraxılacaqdı, çünki yəhudilərin Ali Şurası onun azad edilməsinə razı deyil idi və vali Fest bu xalqın nümayəndələri ilə dil tapmalı idi. Son nəticədə Paul Səmavi Atasının iradəsi ilə Roma zindanına düşdü. DUA: Ya Rəbb İsa Məsih, biz Sənə səcdə edirik, çünki Sən yaşayırsan, Sən bütün insanları xilas etmisən. Sənin salehliyini və həqiqətini bütün xalqlara elan etməkdə bizə kömək ol! Qoy çoxları günahlarından qurtarıb şeytanın şər qüvvəsindən azad olsunlar! Əzəmətli Müjdəni elan edərək Sənə cəsarət və həlimliklə yaxınlaşmağımız üçün bizi Müqəddəs Ruhun səbri və əzmi ilə doldur! |