Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 108 (Paul’s defense)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

4. Paulun soydaşları qarşısında özünümüdafiəsi (Həvarilərin İşləri 22:1-29)


HƏVARİLƏRİN İŞLƏRİ 22:9-16
9 Yanımdakılar işığı görsələr də, mənimlə danışanın səsini eşitmədilər. 10 Mən dedim: “Ya Rəbb, mən nə edim?” Rəbb mənə dedi: “Qalx, Dəməşqə get, icra etməyin üçün təyin edilən hər şey orada sənə deyiləcək”. 11 O işığın parlaqlığından gözlərim tutuldu. Yanımda olanlar əllərimdən tutub məni Dəməşqə apardı. 12 Orada Xananya adlı bir mömin kişi var idi. Bu adam Qanuna əməl edir və o şəhərdə yaşayan Yəhudilər arasında hörmət sahibi idi. 13 O mənim yanıma gəlib dedi: “Qardaşım Şaul, qoy gözlərin açılsın”. Dərhal gözlərim açıldı və onu gördüm. 14 O mənə dedi: “Ata-babalarımızın Allahı səni seçdi ki, Onun iradəsini biləsən və Saleh Olanı görüb ağzından bir səs eşidəsən. 15 Çünki görüb-eşitdiklərini bütün insanlara yayaraq Onun üçün şəhadət edəcəksən. 16 İndi nə gözləyirsən? Qalx, vəftiz ol və Onun adını çağıraraq günahlarını yu”.

Paulla yoldaşları Dəməşqə yaxınlaşanda Məsihin günəşdən də çox nur saçan izzətini gördülər. Lakin onlar ölümdən dirilmiş Rəbbi tanımadılar və hətta səsini belə, eşitmədilər. Çox güman ki, qiyamət günündə də belə olacaq – yalnız seçilmişlər, imanlılar Məsihi görəcəklər, Onun səsini eşidəcəklər, çünki onlar Məsihin məhəbbət Ruhu ilə yaxın münasibətdə olmuşlar və Rəbbi tanımışlar. Amma Rəbbə əhəmiyyət verməyən imansızlar o gün Uca Hakimin izzətindən qorxacaqlar və yalnız onları məhkum edən səsini eşidəcəklər.

Məsih Paula zühur edəndə, Paul dərhal Qanuna əsaslanan salehliyindən imtina etdi və Rəbb İsaya, Onun lütfünə ümid bağladı. Rəbb imanını sınamaq üçün onu Dəməşqə göndərdi. O, Dəməşqdə Allahın iradəsini öyrənməli və Rəbbin onun üçün xüsusi planını öyrənməli idi. Şaul böyük cinayətkar idi, amma Allah onu saleh saydı və ona millətlər üçün müqəddəs xidməti tapşırdı.

Məsih bu savadlı qanunpərəst yəhudinin qürurunu sındırmaq üçün sadə bir imanlı qardaşı seçdi. Məsihə iman edərək Allahın ailəsinə daxil olmuş yəhudi mənşəli imanlı Barnaba Paulun yanına gəlib Rəbbin adı ilə onun gözlərinin açılması üçün dua etdi. Bu duadan sonra kor Şaulun gözləri açıldı. Məsihin ehtişamı onu kor etmişdi, lakin Müqəddəs Ruh qaranlığını dağıdıb onu tövbəyə və imana gətirdi. Xananya Paulun üzərinə əl qoyub dua etdi və o, Müqəddəs Ruhla doldu. Gözləri açılan kimi o, imanlı qardaşı gördü. Bu qardaş Paula, Müqəddəs Ruhun yaşadığı İmanlılar Cəmiyyətini tanıtdı. Bu Cəmiyyət bizim eramızın sirridir.

Lakin Məsih ruhani gözlərimizi açanda bunu kefimiz üçün deyil, Allahın iradəsini anlamağımız və bizdə fəal olan qüvvəsi ilə Ona tərəf dönməyimiz üçün edir. Paul Xananyadan öyrəndi ki, İbrahimin, İshaqın və Yaqubun Allahı onu seçib, qanunpərəst və qatil olmasına baxmayaraq, Allahın iradəsini dərk edib dünyaya elan etməyə çağırıb. Əzəldən Allahın iradəsi nə idi? İsanı Müqəddəs Ruhdan doğulmuş saleh və müqəddəs Rəbb, Allahın bəşər olmuş təcəssümü olaraq tanımağımız, Allahın iradəsidir. Bəs sənin gözlərin açılıbmı? Sən İsanın Şəxsində ilahi lütfü, çarmıxda tab gətirdiyi əzab-əziyyətlərində böyük məhəbbətini dərk etmisənmi? İsanı tanımaq, səsini eşitmək üçün həyatını araşdır. Rəbbimiz ölü deyil, diridir! O danışır, təsəlli verir, əmr edir. İnsan yalnız çörəklə yaşamaz, Allahın hər bir sözü ilə yaşayar. Xilaskarın səsinə qulaq as, qoy O səni əhdində və şərikliyində möhkəmləndirsin. Onda sən Allahın surətində müqəddəs olarsan.

Nazaretli İsa sənin üçün adi insan deyildir, qüdrətli Rəbdir. Sən Onu İncildən tanıyırsan. Onun gözəl xasiyyətini görürsən və Müqəddəs Ruhun verdiyi əminliklə Ona yaxınlaşıb hər gün itaət edirsən. Bil və agah ol ki, Rəbb səni Özünə şahid seçib və İsanın Şəxsini, əməllərini və xilasını hər kəsə anlatmağı sənə tapşırıb. Hər kəsə şəhadət edərək Rəbb İsanı elan etmək, Allahın iradəsidir.

Xananya Paulun filosof kimi düşünməsinə vaxt vermədi, amma dərhal ona Allahın iradəsini açıqladı və lütf barədə şəhadət etməyi tapşırdı. Bu ilahi iş üçün təxəyyül gücü deyil, əməl lazımdır. Lakin Paulun həyatında hələ də maneələr var idi – onun günahları. Paul çox günah etmişdi. Xüsusilə fanatizmi, cahilliyi, Allaha qarşı düşmənliyi və günahsız insanları öldürməsi ciddi günahlar idi. Ancaq bütün bunları İsa çarmıx üzərində məhv etmişdi. Əziz qardaşım, əmin ol ki, Məsihin qanı onu büsbütün günahlarından təmizləmişdir. Paul hələ doğulmazdan əvvəl lütf ilə saleh sayılmışdı. Bununla belə o, bu həqiqətə inanmalı, əvəzsiz olaraq bəxş edilən bu lütfə iman etməli və vəftiz olunaraq qərarını təsdiqləməli idi. Çox oxumuş Qanun alimi vəftizdə özünə münasibətdə ölməli idi. Tamamilə təmizlənməyə ehtiyacı olduğunu etiraf etməli və qeydsiz-şərtsiz İsaya özünü təslim etməli idi.

Əziz bacım, qardaşım, bəs sən vəftiz olunmusanmı? Köhnə həyatından əl çəkib Məsihin Padşahlığına daxil olmağı qəti qərara almısanmı? Çarmıx sayəsində sən həqiqətən salehsən. Məsihdə xilas olduğuna iman et və vəftizinin mənasını dərk et: Məsihin ölümü və vasitəçiliyi sayəsində sən Müqəddəs Allah tərəfindən qəbul olunmusan! Bu gün Rəbbə dua et və əbədi yaşayacaqsan!

DUA: Ya Rəbb İsa Məsih, günahlarımı məhv etdiyinə görə Sənə şükür edirəm. Nöqsanlarımı, səhvlərimi Sənə etiraf edirəm və yalvarıram, məni Səndən uzaqlaşmağa qoyma! Gözlərimin önündə surətini canlandır, qoy mən təzələnim və vəftiz olunaraq Səninlə şərikliyə daxil olum!

SUAL:

  1. Allahın iradəsi nədən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:20 PM | powered by PmWiki (pmwiki-2.2.109)