Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 107 (Paul’s defense)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

4. Paulun soydaşları qarşısında özünümüdafiəsi (Həvarilərin İşləri 22:1-29)


HƏVARİLƏRİN İŞLƏRİ 22:1-8
1 «Qardaşlar və atalar, indi mənim özümü müdafiəmə qulaq asın!» 2 Paulun onlarla ibranicə danışdığını eşidəndə daha dərin sükut yarandı. Paul sözünə davam etdi: 3 «Mən bir Yəhudiyəm, Kilikiyanın Tarsus şəhərində doğuldum. Bu Yerusəlim şəhərində isə böyüyərək Qamlielin yanında ata-babalarımızın Qanununa bağlı ciddi bir təlim almışam. Hamınızın bu gün etdiyi kimi mən də Allah naminə qeyrət çəkirdim. 4 İsa yolunda olanları ölüncəyə qədər təqib edərdim və qadın-kişi bilmədən onların əl-qolunu bağlayıb zindana salardım. 5 Mənim dediklərim barədə baş kahin və bütün ağsaqqallar məclisi də şəhadət edə bilər. Hətta mən onlardan Dəməşqdəki soydaşlarımıza yazılmış bir məktub alaraq oradakı İsa yolunda olanların əl-qolunu bağlayıb cəzalandırmaq üçün Yerusəlimə gətirməyə gedirdim. 6 Mən günortaya yaxın yolda, Dəməşqə yaxınlaşmaqda ikən birdən-birə göydən böyük bir işıq ətrafımda parladı. 7 Mən yerə yıxıldım və eşitdim ki, bir səs mənə belə deyir: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” 8 Mən soruşdum: “Ey Ağam, Sən kimsən?” Səs mənə dedi: “Mən sənin təqib etdiyin Nazaretli İsayam”.

Paul canına qəsd edənləri “qardaşlar və atalar” adlandırdı, onları nifrət və fanatizmdə ittiham etmədi, amma sevdi və cəhalətlərini bağışladı. Əhdi-Cədidə əsasən, yəhudi milləti ümumən Allahın Müqəddəs Ruhdan doğulmuş ailəsinə daxil deyildir. Ancaq Əhdi-Ətiqdə verilmiş vədlərə əsasən onlar Paulun qardaşları və ataları idi. Millətlərin həvarisi öz xalqına ana dilində müraciət etdi, atalarına görə onlara hörmət göstərdi. Üst-başı qana bulaşmış, paltarı cırılmış halda danışırdı və sözləri zəncir cingilitisi ilə qarışırdı.

Paul öz nitqini “özünümüdafiə” adlandırdı. Bəs yəhudilərin ona qarşı ittihamları nədən ibarət idi? Paul bu əsassız ittihamlardan danışmadı – guya o, bütpərəst bir adamı məbədə gətirib və müqəddəs yeri murdar edibmiş. Bu, boş söz idi və buna cavab vermək lazım gəlmirdi. Həvari dərhal əsas məsələyə – onu təqib etmələrinin səbəbinə keçdi. Onlar deyirdi ki, Paul xalqa yəhudi dinindən imtina etməyi öyrədir və sünnət olmamış bütpərəstləri Allahla əhdə qəbul eləyir. Paul cavabında ona qulaq asanlara izah etdi ki, lütf Müjdəsi onun uydurması deyil və başqa millətlərə Müjdəni yaymaq öz arzusu deyildir. O, bütün xalqlara şəhadət vermək əmrini, ona zühur etmiş yaşayan Rəbbin Özündən almışdı. Bu səbəbdən yeni məzhəbi yaradan Paul deyil, dirilmiş Rəbbin Özüdür. Məsih Paula zühur edəndə lütf Müjdəsini elan etdi və dünyaya yaymağı tapşırdı.

Nitqinin ilk hissəsində Paul cavanlığında fanatik yəhudi olmasından danışdı. O, adlı-sanlı yunan şəhəri Tarsusda anadan olsa da, cavanlığı Yerusəlimdə keçmişdi, burada o, yəhudi mədəniyyətinin təsiri altında böyümüşdü.

Paul Qamlielin yanında təlim almışdı. Qamliel, zamanın ən yaxşı Tövrat alimlərindən sayılan məşhur bir müəllim idi. Gənc Şaul nəinki Qanunu əzbərdən bilmiş, həm də qeyrət və təəssüblə ona əməl edmişdi. O öz-özünə, iradəsinə, cisminə qarşı sərt, Allah üçün qeyrətli, öz məhdud insan gücü ilə müqəddəs Olana xidmət etməyə, Onu ucaltmağa və şərəfləndirməyə səy göstərən bir gənc idi.

O, Qanun vasitəsilə Allaha yaxınlaşmaqdan imtina edən və yalnız Allahın Məsihdə zühur etmiş məhəbbətinə güvənən və Özünü Allaha aparan yeganə yol elan etmiş Məsihə iman edən məsihi imanlılara nifrət edirdi. Paul Allaha və Qanununa o qədər çox qeyrət göstərirdi ki, məsihiləri təqib edirdi. Bu adamda nifrət aşıb-daşırdı və o, təkcə kişiləri məhv etməklə kifayətlənmirdi, qadınları belə, öldürürdü. Belə iş o dövrdə qəbuledilməz sayılırdı. Onu ittiham edən asiyalı yəhudilər buna inanmırdısa, baş kahindən və bütün ağsaqqallardan soruşa bilirdilər və onlar bunu təsdiqləyəcəkdilər.

Yəhudi şurası bu qeyrətli gənc adama Dəməşqə gedib oradakı “isəvi”ləri yox etməyi tapşırmışdı. Lakin yolda Nazaretli İsanın Özü ona zühur etdi. Paulun ölmüş, bədəni çürümüş saydığı bu İsa, izzətli yaşayan Məsih imiş! O, Paulun qürur və şərəfinin əsaslarını yıxdı. İsanın nurlu çöhrəsi önündə bu adamın qanunpərəstliyinin batil olduğu aşkara çıxdı, Şaul öz dindarlığı ilə Allaha düşmən kəsildiyini anladı!

Haqq-Taala böyük mərhəmətinə görə bu cahil fanatiki, qatı düşmənini məhv etmədi, amma bütün təsqirlərini bağışladı və Müqəddəs Ruhda bir olduğu həqiqi Cəmiyyətini nə qədər çox sevdiyini ona göstərdi. Bu vəhy ilə Paulun həyatına tamamilə yeni bir aləm, yeni bir həqiqət daxil oldu. Paul heç yubanmadan dərhal yeni Sahibinin buyuruğuna tabe oldu. Bəs İsa Məsih sənə Kəlamını gətiribmi? Onun izzətli Şəxsiyyəti Əhdi-Cədidin səhifələrində sənə zühur edibmi? Sən qeydsiz-şərtsiz özünü Ona təslim etmisənmi, Onun Cəmiyyətinə qoşulmusanmı?

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə qılırıq! Sən, Səni təqib edən Şaula zühur etdin, onu dəyişdirdin və o, Sənin məhəbbətinin qulu oldu. Allahı axtaran çoxları ilə birgə bizi də Öz surətinə dəyişdir və qoy biz hamımız Sənin məhəbbətin üçün pak həyat sürək!

SUAL:

  1. Rəbbin qanunpərəst Şaula zühur etməsinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:19 PM | powered by PmWiki (pmwiki-2.2.109)