Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 109 (Paul’s defense)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

4. Paulun soydaşları qarşısında özünümüdafiəsi (Həvarilərin İşləri 22:1-29)


HƏVARİLƏRİN İŞLƏRİ 22:17-21
17 Mən Yerusəlimə qayıdıb məbəddə dua etməkdə idim ki, fikrimi bir görüntü apardı 18 və Rəbbi gördüm. O mənə dedi: “Tez ol, dərhal Yerusəlimi tərk et, çünki mənim barəmdə etdiyin şəhadəti qəbul etməyəcəklər”. 19 Mən dedim: “Ya Rəbb, bilirlər ki, mən sinaqoqdan-sinaqoqa gedərək Sənə iman edənləri həbs edir və döyürdüm. 20 Hətta Sənin uğrunda şəhid olan Stefanın qanı töküləndə mən də orada idim. Edilənlərə razı olub onu öldürənlərin üst geyimlərini qoruyurdum”. 21 Rəbb də mənə dedi: “Get, Mən səni uzaqlara, başqa millətlərin yanına göndərəcəyəm”».

Lütf Müjdəsini, yaxud vəftiz rəmzini yaradan Paul deyil, İsa idi. İsa ona Öz izzətli Şəxsinə şəhadət verməyi, Onu yeganə Allaha aparan yol kimi elan etməyi əmr etdi. Paul məbədin sahəsində yığılmış və səssizcə ona qulaq asan camaatın önündə şəhadət verirdi. Yerusəlimə ilk səfəri zamanı Onu məbəddə görmüşdü. Öz xalqı tərəfindən rədd olunub çarmıxa çəkilmiş İsanın Allahın müqəddəs məbədində zühur etdiyini söyləmək, yəhudilərə bir küfr kimi göründü. Bu sözlər hər yəhudinin ürəyinə toxundu. Birincisi, Paul İsanı məbəddə məskən salan müqəddəs Allahın Özü ilə eyniləşdirdi; və ikincisi, Paulun şəhadəti yəhudilərin İsanı öldürən qatillər olduğunu elan edirdi. O yəhudilərin hamısı Allahın Oğlunu öldürdükləri və izzətini dərk etmədikləri üçün həlaka məhkum edilmişdilər. Buna görə, məbəddə olanların içində Pauldan başqa heç kəs İsanı görməmişdi.

Paulun məbəddə Rəbbi görməsi Dəməşq yolundakı kimi şəxsi şəkildə olmadı – Rəbb ona qeybdə zühur etdi. Ölümdən dirilmiş Məsihin ona ikinci zühuru da həqiqi idi. Paul İsanın Şəxsinin izzəti barədə şəhadətində camaatla Qanundan söhbət etməyib, yalnız yaşayan Məsihin Şəxsinə şəhadət verirdi.

İsa Öz quluna xüsusi ruhani imtiyaz vermək üçün zühur etmədi, amma Allahın Cəmiyyətinin bütün dünyada qurulması üçün zühur etdi. Ona belə əmr etdi: “Tələs! Dur! Qaç! Get! Hərəkət elə, boş oturma! Qüdsü və müqəddəslərin şərikliyini tərk et, fanatiklərə Müjdəni yayma, qanunpərəstlərdən uzaq ol! Çünki onlar eşitmirlər...” Amma çox qəribədir ki, Paul inadkar oldu, uzaq yerə getmək istəmədi, İsanın ona zühur etdiyi Allahın məskəninə yaxın qalmaq istədi. O, yəhudilərə İsanın diri olduğunu təkidlə elan edirdi və yəhudilərin onun sözlərinə inanacağına ümid edirdi, çünki Stefanın daşqalaq edilməsinin şahidi və məsihilərin qatili kimi şöhrət qazanmışdı.

Paulun bədəni və iradəsi bu çağırışa çox yavaş cavab verirdi. Yəhudi olmayanlara Müjdəni yaymaq fikri Pauldan gəlmədi; Paul bütpərəstləri Allahla əhdə gətirmək istəmədi. Lakin yaşayan Rəbbin Özü ona başqa millətlərin yanına getməyi açıq şəkildə əmr etdi. Rəbb onu çox uzaq yerlərə göndərmişdir. Yeni əhd təkcə yəhudilər üçün deyil, bütün insanlar üçündür. Rəbb İsa qədim əhdin məhdudiyyətini aradan qaldırdı və bütün insanlar üçün Allaha aparan yolu açdı. Millətlərin dövrü başladı və Allahın lütfü Onu sidq ürəkdən axtaran hər kəsə bol ehsan olunur.

HƏVARİLƏRİN İŞLƏRİ 22:22-29
22 Paula buraya qədər qulaq asanlar bu sözdən sonra haray salıb dedilər: «Beləsini yer üzündən silib-atmaq lazımdır! O yaşamağa layiq deyil!» 23 Onlar belə hay-küy qopararaq paltarlarını yelləyib havaya toz qaldıranda 24 minbaşı əmr etdi ki, Paulu qalaya salsınlar. Onların niyə belə hay-küy qoparmalarının səbəbini bilmək üçün onu qamçılatmaqla sorğuya çəkmək istədi. 25 Onu qamçılatmaq üçün bağlayanda Paul orada dayanan yüzbaşıya dedi: «Məhkum olmamış Roma vətəndaşını qamçılatmağa icazəniz varmı?» 26 Yüzbaşı bunu eşidən kimi minbaşının yanına gəlib xəbər verərək dedi: «Nə edəcəksən? Bu adam Roma vətəndaşıdır». 27 Minbaşı Paulun yanına gəlib soruşdu: «De görək, sən Roma vətəndaşısan?» Paul dedi: «Bəli». 28 Minbaşı cavabında «mən nə qədər pula bu vətəndaşlığı əldə etmişəm» dedi. Paul isə «amma mən doğulandan Roma vətəndaşıyam» dedi. 29 Onu sorğuya çəkmək istəyənlər dərhal onun yanından geri çəkildi. Minbaşı qollarını bağladığı Paulun Roma vətəndaşı olduğunu öyrənərkən qorxdu.

Yəhudilər İbrahimin və nəslinin seçilməsinə, Allahın Musa ilə əhdindəki vədlərə ümid bağlamışdılar. Allahın murdar bütpərəstləri Öz xalqı olaraq qəbul etməyə başlaması onların ağlına sığmırdı. Onlar Qanunu, sünnəti, şənbəni, məbədi Allahın onlarla olması üçün önəmli şərtlər sayırdılar. Onlar qiymətli xəzinə saydıqları bu şeylərin boş olduğu və başqa millətlərin heç səy göstərmədən, Qanuna riayət etmədən, iman vasitəsilə lütflə bunları qəbul etdiyi fikrinə hiddətləndilər. Bu fikir, yəhudilərin dərrakəsindən üstün idi. Onlar çox qəzəbləndilər, Paul onlara həqiqəti təhrif edən, Allaha küfr edən bir düşmən kimi göründü. Onlar Paulun dərhal öldürülməsini tələb etdilər. Camaatda qəzəb artdıqca, havada gərginlik yaranırdı. İnsanlar paltarlarını cırıb toz qaldırırdılar. Mühafizə olunan Paul bu həyəcan və səs-küy içində salamat qaldı. Paulun bu sözlərini eşidən yəhudilər, Məsihin onları axırıncı dəfə tövbəyə çağırdığını anlamadılar. Paulu xalqın yanına göndərən İsa idi. Paul bunu öz xoşu ilə etmədi. Lakin yəhudilər inadkar ağılları ilə ürəklərini tamamən Müqəddəs Ruhun səsinə qarşı daşa döndərdilər.

Növbəti hekayədə Luka möhtərəm Teofil üçün romalıların Paulla necə rəftar etdiklərini təsvir etdi. Daha öncə ona işkəncə verərək cinayətini boynuna almasını istəyən romalılar onun Roma vətəndaşı olduğunu biləndən sonra onunla xoş rəftar etdilər. Paul ibrani dilində danışdığından, minbaşı onun nitqini anlamadı. O yalnız yəhudilərin Paula qarşı dəhşətli qəzəbini gördü.

Paul ölməyə hazır olsa da, bu dünyada Məsihin şahidi kimi xidmətini davam etdirmək istəyirdi. O, azad Roma vətəndaşı kimi hüquqlarından istifadə etdi. Yüzbaşı Paula işgəncə verməyi əmr edəndə, Paul onu Roma vətəndaşını qamçılatmaqla başına gətirdiyi bəladan xəbərdar etdi. Bir Roma vətəndaşını müəyyən olunmuş qaydada mühakimə etmədən qamçıladan hər kəsə edam cəzası verilə bilərdi. Buna görə minbaşı azad Roma vətəndaşını zəncirə vurduğunu öyrəndiyi zaman qorxub, tez Paulun yanına gəldi. Bu əhvalatdan onun valideynlərinin, güman ki, Roma vətəndaşı olduğunu öyrənirik. Qeysər Antoniy Kleopatra ilə toy etdikdən sonra Tarsusa gəlmiş və bu şəhərin bütün əhalisinə Roma vətəndaşlığını vermişdi. Bu tarixi olay baş verməsəydi, Paul da İsa kimi qamçılanacaqdı.

DUA: Ya Rəbb İsa Məsih, layiq olmadığımız halda bizi bütün xalqlardan seçdiyinə görə Sənə şükür edirik. Biz Qanuna əməl etmədən, yalnız lütf ilə Sənin seçilmiş xalqın olduq. Sənə az şükür etdiyimizə görə bizi bağışla və Sənin önündə məhəbbətdə müqəddəs və qüsursuz olmaqda bizə kömək ol! Qoy biz Sənin xilasını bütün insanlara elan edək! Kömək et ki, susmayaq, amma danışaq!

SUAL:

  1. Niyə Paul İsanın onu başqa millətlərin yanına göndərdiyini deyəndə, yəhudilər bu sözünə qəzəbləndilər?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:21 PM | powered by PmWiki (pmwiki-2.2.109)