Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 105 (Paul arrives in Jerusalem; Paul’s Acceptance of Circumcision According to the Law)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
E - PAULUN YERUSƏLİMDƏ VƏ QEYSƏRİYYƏDƏ HƏBS EDİLMƏSİ (Həvarilərin İşləri 21:15 - 26:32)

1. Paul Qüdsə çatır və bacı-qardaşlarına öz xidmətlərindən danışır (Həvarilərin İşləri 21:15-20)


HƏVARİLƏRİN İŞLƏRİ 21:15-20
15 Bir müddət keçəndən sonra biz hazırlıq işlərini görüb Yerusəlimə tərəf getdik. 16 Qeysəriyyədə yaşayan şagirdlərin bəzisi də bizimlə birgə gəldi. Onlar bizi ilk şagirdlərdən biri olan Kiprli Minasonun evinə apardı, çünki biz onların evində qalacaqdıq. 17 Yerusəlimə çatanda imanlı bacı-qardaşlar bizi sevinclə qarşıladı. 18 Ertəsi gün Paulla birlikdə Yaqubu görməyə getdik. Cəmiyyət ağsaqqallarının hamısı oraya yığılmışdı. 19 Paul onlardan hal-əhval tutandan sonra öz xidməti ilə əlaqədar olaraq Allahın başqa millətlər arasında gördüyü işlərdən ətraflı məlumat verdi. 20 Bunları eşidəndə Allahı izzətləndirdilər…

Paulla yol yoldaşları sahildən dağlıq Yerusəlimə doğru yüksələn yolla getdilər. Minason adlı kiprli adamın evində gecələdilər. Çox güman ki, o, Barnabanın dostu idi və Rəbbin gəlişini səbirlə gözləyən müqəddəslərin cəmiyyətində ilk imanlılardan biri idi; Luka Cəmiyyətin yaranmasından sonra baş verən möcüzələrdən çoxlu təfərrüatları bu adamdan öyrənmiş ola bilər.

Axır ki, Məsihin zəfər yürüşü heybətli Yerusəlim şəhərinə də gəlib çatdı. Birinci gecəni, yaşayan Rəbbin bütün dünyada etdiyi işlər haqqında eşitmək istəyən bacı-qardaşlar dostlarla birlikdə keçirdilər. İmanlılar, Öz Cəmiyyətinə bir çox millətləri daxil etdiyinə görə Allaha şükür etdilər. Yerusəlimdəki cəmiyyətdə Müjdənin başqa millətlərə yayılmasının tərəfdarı var idi, amma Qanunun təəssübünü çəkən qanunpərəstlərin sayı daha çox idi.

Ertəsi gün Paulla yoldaşları İsanın qardaşı Yaqubla və Yerusəlimdəki imanlılar cəmiyyətinin ağsaqqalları ilə görüşə getdilər. Biz bilmirik, Peterlə Yəhya o günlərdə Qüdsdə olub, yoxsa yox. Luka Paulun və Avropa ilə Asiyadakı cəmiyyətlərin nümayəndələrindən ibarət olan yoldaşlarının yanında idi. Onlar Yerusəlimdəki möhtac imanlılar cəmiyyəti üçün cəmiyyətlərində yığılmış səxavətli ianəni təhvil verdilər. Maraqlıdır ki, Luka bu ianədən bircə kəlmə demir, pulu ikinci dərəcəli məsələ sayır və hətta bəhs edilməyə layiq görmür. İnsanlar puldan önəmlidir. Əsl xariqüladə hadisə, başqa millətlərdən olan imanlılar və Müqəddəs Ruhun onların daxilində məskən salmasıdır. Onların məhəbbətindən qaynaqlanan fədakarlıq Məsihin onlarda zəfər çalmasının əlaməti idi!

Paul başqa millətlərdən olan şahidlərin hüzurunda Məsihin Filipidə, Salonikdə, Veriyada, Korinfdə, Troasda, Efesdə və başqa yerlərdə gördüyü işlərdən danışdı. O, ölümdən dirilmiş İsanın qüdrətini ucaltdı – İsa günahkarları müqəddəslərə döndərir, əvvəllər xalq olmayanları Öz xalqına çevirir. Qanunpərəstlər belə, bütün dünyaya yayılan bu xilasa görə Allaha həmd və alqış etməkdən özlərini saxlaya bilmədilər, çünki onların gözləri önündə olan imanlılar Məsihin yəhudi olmayan xalqların arasında fəal işlədiyinə dair inkar edilməz bir sübut idi.


2. Paulun Qanuna görə paklanma mərasimini yerinə yetirməsi (Həvarilərin İşləri 21:20-26)


HƏVARİLƏRİN İŞLƏRİ 21:20-26
20 ...Paula dedilər: «Görürsənmi, qardaş, Yəhudilər arasında on minlərlə imanlı var və hamısı Qanunun qeyrətini çəkir. 21 Onlar sənin barəndə xəbər tutublar ki, başqa millətlər arasında yaşayan bütün Yəhudilərə oğullarını sünnət etməyib adət-ənənələrimizə görə yaşamamağı və Musadan dönməyi öyrədirsən. 22 İndi nə edək? Mütləq sənin bura gəldiyini eşidəcəklər. 23 Ona görə sənə dediklərimizə əməl et. Bizim aramızda əhd edən dörd kişi var. 24 Bunları yanına al və onlarla birgə paklanma mərasiminə qoşul. Başlarını qırxdırmaq üçün qurban xərclərini sən çək. Bununla da hamı biləcək ki, sənin haqqında eşitdikləri əsassızdır, sən də Qanuna riayət edirsən. 25 Başqa millətlərdən olan imanlılara gəlincə, biz qərara alıb onlara məktub vasitəsilə yazmışıq ki, bütlərə təqdim olunan qurbanların ətini, boğularaq öldürülən heyvanların ətini və qan yeməsinlər, həmçinin özlərini əxlaqsızlıqdan saxlasınlar». 26 Bundan sonra Paul bu dörd kişini yanına alıb ertəsi gün onlarla bərabər özünü pak etdi. Sonra məbədə girərək paklanma dövrünün nə vaxt qurtaracağını, hər birinin adına nə vaxt qurban təqdim ediləcəyini elan etdi.

Qüdsdəki imanlılar cəmiyyəti Qanuna dair narahalıq keçirdiyinə görə sevinclə dolu deyil idi. Onlar Paulu qardaş adlandırırdı, Ata Allahın bir övladı sayırdı, amma eyni zamanda yəhudi mənşəli minlərlə məsihilər haqqında düşünürdülər. Yəhudi olaraq qalan və eyni zamanda məsihi olan bu adamlar hələ Qanundan azad olmamış, Əhdi-Ətiq Vəhyinin hərfinə bağlı idilər; Müqəddəs Ruhdan ilham almış yeni əhdin əzəmətini anlamamışdılar. O dövrdə Yerusəlimdə ifratçı milliyyətçi-inqilabçı “ünsürlər” hökm sürürdü, b.e. 70-ci ildə müqəddəs şəhərin və məbədin dağılmasına səbəb olan qanlı qiyamı qaldıranlar da onlar idi. Paul Yaqubla görüşəndən qısa bir müddət sonra bu fanatik qiyamçılar Rəbbin qardaşını daşla öldürdülər. O, bu hadisələrin nəylə nəticələnəcəyini əvvəldən hiss etmişdi, buna görə də Pauldan Qanuna riayət etməsini və özünü hər cür şübhədən və hücumdan qorumasını xahiş etmişdi.

Bundan uzun illər öncə Paul Kiçik Asiyada və Yunanıstanda olarkən onun haqqında şayiələr yayılmışdı, guya ki o, mühacir yəhudiləri ilahi əhddən əl çəkməyə və oğullarını sünnət etməməyə çağırırmış. Bu şayiələr yalan və cəfəngiyatdan başqa bir şey deyil idi, axı Paul yəhudiləri razı salmaqdan ötəri Timoteyi öz əli ilə sünnət etmişdi. Yaqub və Qüdsdəki digər ağsaqqallar Paul haqqında yayılan belə şayiələrə inanmırdı, çünki ittihamların şişirdilmiş və əsassız olduğunu bilirdi. Eyni zamanda onlar anlayırdı ki, yəhudi mənşəli məsihilərin əksəriyyəti Paulun öyrətdiyi və öz məşhur Məktublarında yazdığı təlimlərin məğzini anlamırlar. Yerusəlimdəki imanlılar cəmiyyəti buna görə narahat idi (Rom. 5:20; 7:6; Qal. 5:4). Bu imanlılar ruhani azadlığın – Qanundan azad olmağın mənasını dərk etmirdi. Onlar Qanuna əməl etməyin imanla saleh sayılmaqdan daha önəmli olduğunu zənn edir, Məsihin bəxş etdiyi salehliyin məhəbbət əməllərinə səbəb olduğuna inanmırdı.

Yaqub bu yığıncaqda Qanuna dair məsələləri müzakirə etmədi, çünki bunlar 15-ci fəsildə təsvir olunan həvari məclisində həmişəlik həll olunmuşdu. İmanlılar cəmiyyətinin cəsur rəhbəri kimi Yaqub başqa millətlərdən olan cəmiyyətlərin nümayəndələri qarşısında bir daha təsdiq etdi ki, onlar Qanundan azaddır və yalnız yəhudi mənşəli məsihilərlə başqa millətlərdən olan məsihilər arasındakı şərikliyin davam etməsi üçün lazım olan bir sıra qaydalara məhəbbətlə riayət etməlidirlər. Lütf ilə əldə olunan salehlik İmanlılar Cəmiyyətinin sarsılmaz təməli olmuşdur və hələ də Müjdənin mahiyyəti və sirri olaraq qalmaqdadır. Lakin Yaqub Paula müraciət edib, iman gətirmiş yəhudilərə şəhadət edərək bir çox ittihamlara baxmayaraq, əvvəlki kimi sözün tam mənası ilə əsl yəhudi olduğunu göstərməsini rica etdi. Soydaşlarını sevdiyinə və Allahla əhd bağladığına görə Qanuna əməl etməyə davam edən həvari daxilən Qanun haqqındakı ənənəvi anlayışı rədd etmişdi, saleh sayılmaq və təqdis olunmaq üçün Qanuna ehtiyacı yox idi, çünki xilas Allahın ənamıdır. Ancaq o, yəhudiləri Məsihə qazanmaq üçün Qanuna tabe idi. Paul deyirdi ki, yəhudilərlə yəhudi kimi, yəhudi olmayanlarla yəhudi olmayan kimi davrandı; o bunu, heç olmasa bəzi yəhudiləri və başqa millətlərdən olanları uca Rəbbi üçün əldə etmək məqsədilə edirdi (1Kor. 9:20). Romalılara Məktubunda Paul açıq-aşkar demişdir ki, Qanun yaxşı və müqəddəsdir, amma insanlar günahkardır və öz səyləri ilə Qanuna riayət etməyə qadir deyillər (Rom. 3:31; 7:12).

Paul Yaqubun təklifi ilə razılaşıb, tövbə edən adamlar kimi saçını qırxdırdı və yeddi gün-yeddi gecə paklandı. Beləcə o, məbəddə Rəbbə səcdə etməyə hazırlıq etmişdi və bu hazırlığın üçüncü və yeddinci günündə onun üzərinə paklanma suyu səpilmişdi.

DUA: Ya Rəbb İsa, Sən Allahın qədim xalqına mənsub idin, Musanın Qanununa riayət edib onu tamamladın və bizə yeni əhdi – azadlıq, qüvvət və məhəbbət əhdini verdin. Lütfünə görə Sənə şükür edirik və dindar insanları fanatizm ruhundan azad etməyini və Sənin salehliyinə, lütfünə gətirməyini Səndən diləyirik!

SUAL:

  1. Niyə Yaqub Paulun məbəddə səcdə etməsi üçün paklanmasını tələb etdi?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:16 PM | powered by PmWiki (pmwiki-2.3.3)