Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 104 (From Tyre to Caesarea)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

11. Surdan Qeysəriyyəyə (Həvarilərin İşləri 21:7-14)


HƏVARİLƏRİN İŞLƏRİ 21:7-14
7 Surdan dəniz səyahətimizə davam edərək Ptolemaisə gəldik və orada imanlı bacı-qardaşlara baş çəkib bir gün yanlarında qaldıq. 8 Ertəsi gün onlardan ayrılıb Qeysəriyyəyə gəldik. Yeddi köməkçidən biri olan müjdəçi Filipin evinə gedib orada qaldıq. 9 Bu kişinin peyğəmbərlik edən dörd subay qızı var idi. 10 Oraya çatandan bir neçə gün sonra Yəhudeyadan Aqab adlı bir peyğəmbər gəldi. 11 O bizə yaxınlaşıb Paulun kəmərini götürüb bununla öz əllərini və ayaqlarını bağlayaraq dedi: «Müqəddəs Ruh belə deyir: “Yəhudilər bu kəmərin sahibini Yerusəlimdə belə bağlayıb başqa millətlərə təslim edəcək”». 12 Bu sözləri eşidəndə həm biz, həm də oranın sakinləri Paula yalvardıq ki, Yerusəlimə getməsin. 13 Buna cavab olaraq Paul belə dedi: «Nə olub? Niyə ağlayaraq ürəyimi sızladırsınız? Mən Rəbb İsanın adı uğrunda Yerusəlimdə təkcə əl-ayağımın bağlanmasına deyil, ölümə də hazıram» 14 Paulu razı sala bilmədikdə «Qoy Rəbbin iradəsi olsun!» deyərək susduq.

Paul başqa bir gəmi ilə cənuba doğru üzdü. Bir gün Ptolemaisdə bacı-qardaşların yanında qaldı. Ondan sonra yoluna davam etdi, Fələstinin böyük bir Roma şəhəri olan Qeysəriyyəyə getdi. Rəbbin ilk dəfə Müqəddəs Ruhu yəhudi olmayanların üzərinə tökdüyü yer Qeysəriyyə idi. Qəribədir ki, biz o “yəhudi olmayan” imanlıların cəmiyyəti barədə heç nə oxumuruq və bəlkə də bu, onların başqa şəhərə köçdükləri ilə bağlıdır. Qeysəriyyə, dövlət xadimlərinin qısa müddət qaldığı bir Roma mərkəzi idi və orada xidmət etdikdən sonra xadimlər adətən başqa yerlərə göndərilərdi.

Erkən imanlılar cəmiyyətinin yeddi “köməkçi”sindən (dyakonlardan) biri müjdəçi Filip Qeysəriyyədə yaşayırdı. Vaxtilə, Stefan daşqalaq edildiyi zaman, Filip qanunpərəst Şaulun əlindən qurtarmaq üçün Yerusəlimi tərk etmişdi. İndi isə Paul Filipin evinə hörmətli qonaq kimi daxil oldu. Allah məhəbbəti sayəsində əvvəl düşmən olan adam dönüb Məsihdə qardaş oldu. Təsəvvür et, bu iki qardaş Məsihə lütfünə görə necə şükür etdilər! Əlbəttə, Luka bu fürsəti əldən vermədi, tarixi hadisələrin şahidi olan Filipdən İmanlılar Cəmiyyətinin yaranması ilə bağlı olan məlumatları öyrəndi və Həvarilərin İşləri Kitabının yazılmasında istifadə etdi. Filip yəhudi olmayanlara Müjdəni yaymaq mövzusunda Paulla tamamilə razı idi, çünki o da Kandakinin sarayında xidmət edən həbəşistanlı adamı vəftiz etmişdi (özü də başqa həvarilərdən daha tez) və Məsih Filip vasitəsilə bir çox yerlərdə Padşahlığını yaymışdı. Paul Filipin evində bir neçə gün qaldı, ruhani şəriklik və sevinclə onunla ünsiyyətdə oldu.

Bu məşhur müjdəçi evli idi, axı evlilik eyib deyil, əksinə, Allahdan bir nemətdir. Filipin dörd qızı var idi, dördü də imanlı və əsl peyğəmbər ruhu ilə dolu idi. Onlar imanlılar cəmiyyətində peyğəmbərlik edərdi və Müqəddəs Ruh tam səlahiyyət və açıqlıqla onların vasitəsilə Allahın məsləhətini elan edərdi. Filipin evində Səmavi Atanın xeyir-duası əskik deyil idi.

Yerusəlimdən gəlmiş Aqab adlı bir peyğəmbər bu cəmiyyətə daxil oldu. Luka daha öncə, Həv. 11:28-də Aqabdan bəhs etmişdi. Onun erkən məsihi cəmiyyətində peyğəmbərlik xidməti var idi. Rəbbin Ruhu ona göstərdi ki, Paul dəniz yolu ilə Yerusəlimə gedir və orada əziyyət çəkəcək. Peyğəmbər açıqca söylədi ki, yəhudilər bir zamanlar İsanı məhkum etdikləri kimi, Paulu da tutub ölümə məhkum edəcək və başqa millətlərin əllərinə təslim edib rüsvay edəcəklər. “Peyğəmbərlərin Möhrü” olan Məsihin Özü Paula nə qədər əziyyət çəkəcəyini bildirmişdi. Əzab-əziyyətlər Paula İmanlılar Cəmiyyəti tərəfindən də elan edildi, çünki peyğəmbərlik ruhu Məsih tərəfindən bir çox imanlılara verilmişdir.

Qeysəriyyədəki imanlılar Allahın Paulun taleyi ilə bağlı qərarını biləndə, bir zamanlar İsanı çarmıxa getmək fikrindən daşındırmağa cəhd edən Peterin səhvini təkrar etdilər. Amma Paul bütün həqiqi peyğəmbərlər kimi Rəbbin iradəsinə agah idi, Allahın məsləhəti ilə razılaşdı və bilərək bu dünyada Müjdəni yayma xidmətindən ayrılıb Rəbbin yolunda əzablara hazırlaşmağa başladı. O, Rəbbin məqsədinə xələl gətirməkdənsə, cəmiyyətlərdən ayrılmağa razı idi. Onun ürəyi sökülsə də və o, ağlayan bacı-qardaşlarla birlikdə ağlasa da, əzmi sarsılmadı, çünki o, iman və itaətlə Rəbb İsanı izzətləndirmək istəyirdi.

Bu münasibətlə Paul erkən imanlılar cəmiyyətinin əqidəsini iqrar etdi: İsa İnsandır və Rəbdir. Bu iki adda Allahın bəşəri təbiətdə təvazökar surətdə gizlənən tam ilahi bütövlüyü əks olunur. İzzətli Rəbb Paula qalib gəlmişdi və Paul ömrünün sonuna qədər Rəbbə qulluq etdi və Allah Quzusunun əzab yolunu belə, tutmağa razı oldu. Onun başına gələn bütün sınaqlarda möhkəm dayandı və imanlılar cəmiyyətinin bütün üzvləri dərk etdilər ki, Paul öz bəşəri meyillərinə tabe olmur, amma sidq ürəkdən Rəbbin iradəsini yerinə yetirir. Bu həqiqət, sonrakı olayları müəyyən etmişdir.

DUA: Ya Rəbb İsa, Sənə şükür edirik, çünki Sən həqiqi Allahsan və həqiqi İnsansan. Bizi ölümdən, qorxudan və qorxaqlıqdan xilas etdin. Bizi qüvvətləndirdin və bu dünyada son səyahətimizdə belə, bizi qüvvətləndirəcəksən, belə ki biz əmin-amanlıqla əzab-əziyyətlərdən keçək və Sənin adının izzəti naminə şəhadət verək!

SUAL:

  1. Niyə Paul Yerusəlimdə əziyyət çəkməkdən qorxmadı?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:15 PM | powered by PmWiki (pmwiki-2.2.109)