Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 097 (The plot to kill Paul in Corinth)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

6. Korinfdə Paula qarşı hazırlanan sui-qəsd və onunla birlikdə Yerusəlimə səfərə gedən yoldaşlarının adları (Həvarilərin İşləri 20:3b-5)


HƏVARİLƏRİN İŞLƏRİ 20:3-5
3 Orada üç ay qaldı və dəniz yolu ilə Suriyaya getmək istəyirdi ki, ona qarşı Yəhudilərin hazırladığı sui-qəsdə görə Makedoniya yolu ilə qayıtmaq qərarına gəldi. 4 Pir oğlu Veriyalı Sopater, Saloniklilərdən Aristarx və Sekund, Derbeli Qay, Timotey, Asiyalılardan Tixik və Trofim onu müşayiət edirdi. 5 Bunlar bizdən əvvəl gedib bizi Troasda gözlədilər.

Həvari Paul Makedoniyada, Yunanıstanda, Asiyada və Anadoluda olan bütün cəmiyyətlərin təqiblərə məruz qalmış Yerusəlim cəmiyyətinə yardım üçün ianə yığmasını təşkil edib. Bu barədə 2Kor. 8:16-24-də yazılıb. Paul bu səfərə təkbaşına çıxmayıb, seçilmiş qardaşlarla birlikdə gedib. Qurmuş olduğu hər cəmiyyətdən bir nəfər onu müşayiət edib.

Aralıq dənizində qışda fırtınalar olduğundan, Paulla yoldaşları gəmi ilə Korinfdən Suriyaya yazda səyahət etməyi planlaşdırdılar.

Ancaq Korinfdəki yəhudilər Paulu hiyləgərcəsinə öldürmək qərarına gəldilər, çünki Paulun ucbatından Roma hakimi tərəfindən rədd olunub rəzil olmuşdular. Ola bilir ki, onlardan bəzisi Paulu öldürməklə Yerusəlimdəki imanlılar cəmiyyətinə gətirdiyi böyük məbləğdə ianəni əlindən alacaqlarına ümid edirdi. Lakin Məsih Öz qulunu bu şərdən qoruyub. Paul sui-qəsd haqqında öyrənən kimi planlarını dəyişdirib, dəniz yolu ilə getmək fikrindən daşınıb, çünki düşmənləri, yəqin ki, onu dənizdə öldürməyi və cəsədini suya ataraq cinayətlərinə dair dəlilləri belə yox etməyi planlaşdırmışdılar. Buna görə Paul Efesə piyada getməyə qərar verib və belə səyahətin uzun və yorucu olmasından qorxmayıb. O, yüzlərlə kilometr yol gedib, günlərlə, hətta aylarla yeriyib. Axır ki, Paulla yoldaşları Yerusəlimə gəlib çatıblar.

Biz görürük ki, bu səyahətdə Paulu ən azı səkkiz nəfər müşayiət edib; bu insanları düşünsək, Yunanıstan və Anadoludakı cəmiyyətin durumunu və Paulun müjdəçi fəaliyyətinin bəhrəsini anlaya bilərik. Siz bu dərsi oxuyarkən, Yunanıstanın və Kiçik Asiyanın xəritəsindən istifadə etsəniz, Müjdənin və İmanlılar Cəmiyyətinin yayılıb kök saldığı geniş bölgələri görəcəksiniz.

İlk növbədə Veriyadakı imanlılar cəmiyyəti haqqında oxuyuruq; veriyalı imanlılardan biri öz oğlu Sopaterin Paulla birlikdə yol getməsinə icazə verib. Sopater Paula bacı-qardaşların yığmış olduqları ianəni Yerusəlimə çatdırmaqda kömək etmişdir. Beləliklə, Paul qəfildən Veriyanı tərk edib Afinaya getməyə məcbur olmasına baxmayaraq, onun getməsi ilə Veriyadakı imanlılar cəmiyyəti dağılmayıb, əksinə, daha da böyüyüb, möhkəmlənib və Məsihə sadiq qalıb.

Ticarət şəhəri Salonikdə yaşayan Aristarx və Sekund Paula qoşulublar. Aristarx artıq Paulla birlikdə Efesə səyahət etmişdi. Efesdə xalq Paula qarşı qalxanda, tutub teatra apardıqları adamlardan biri Aristarx olub (Həv. 19:29). O gün Məsih Aristarxı şərdən qorumuşdu və ondan sonra Aristarx Paulu tərk etməyib, onunla birlikdə yola çıxıb, o həbs ediləndə yanında olub və təhlükələrə baxmayaraq Roma yolunda onu müşayiət edib (Kol. 4:10; Flm. 24).

Həkim Luka Filipidəki cəmiyyətin bir nümayəndəsi olaraq Paula qoşulmuşdur (20:6). Bundan sonra o, hekayətini “biz” olaraq yazmışdır. Müjdəçi həkim həvari Paulla birlikdə etdiyi uzun səyahət ərzində məşhur Müjdə Kitabı üçün məlumat toplamış və ona Həvarilərin İşlərini yazması üçün lazım olan şəhadətlikləri eşitmişdir.

Yerusəlimdəki imanlılar cəmiyyəti üçün ianə yığmaqda iştirak edən və nümayəndələrini göndərən cəmiyyətlər təkcə Yunanıstanda və Makedoniyada deyil, Anadoluda və Asiyada olan cəmiyyətlər idi. Paulun sadiq həmkarı Timoteydən başqa derbeli Qayın adı da çəkilir. Bu onu göstərir ki, Kiçik Asiyadakı cəmiyyətlərin Paulla münasibətləri uzun illər boyunca heç kəsilməmişdir.

Efesdən Paulun həbsdə olduğu müddətdə yanında qalan Tixik qardaş gəlmişdir. Bu qardaş bir yazıçı idi və Paulun Efeslilərə, Kolosselilərə və Filimona Məktublarını ünvançılarına çatdırmışdır və uzun müddət Yunanıstan-Yerusəlim səfərlərində Paul üçün sadiq bir yol yoldaşı olmuşdur. Sonra o bir daha Romada Paula rast gəlib, ona qulluq etmiş və yazı yazmaqda kömək etmişdir.

Biz həmçinin efesli Trofim haqqında oxuyuruq; Paul bu adama görə Yerusəlimdə zindana atılıb. Fanatik yəhudilər Paulun bu sünnətsiz bütpərəsti məbədə gətirdiyini iddia ediblər.

Paulun Yerusəlimə qayıtması Məsihin zəfər yürüşünü xatırladır, çünki həvari oraya Allah məhəbbəti ilə dolu, bütpərəstləri təmsil edən sadiq adamların müşaiyəti ilə qayıtmışdır. Onlar əzab-əziyyət çəkən bu cəmiyyətə təkcə sözlə gəlməyiblər, həmçinin böyük miqdarda pul gətiriblər; bu, Müqəddəs Ruhun məbədi üçün yığılmış ianə idi. Beləcə müqəddəslərin şərikliyi açıq-aşkar şəkildə təzahür etmişdir!

DUA: Ey Rəbbimiz Məsih, Sənə minnətdarıq ki, Sən hər ölkədə Allah Quzusunun yolunu tutan, özlərini diri qurban olaraq Allaha təqdim edən insanlar seçmisən. Sənə yalvarırıq, övladlarımız, dostlarımız, qohumlarımızla birlikdə bizi qəbul elə və əbədi olaraq birgə xidmət etməyimiz üçün təqdis et!

SUAL:

  1. Paulun çoxlu yoldaşları ilə birlikdə səyahət etməsinin mənası nədir?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:05 PM | powered by PmWiki (pmwiki-2.2.109)