Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 079 (Founding of the Church at Philippi)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

4. Filipidəki cəmiyyətin qurulması (Həvarilərin İşləri 16:11-34)


HƏVARİLƏRİN İŞLƏRİ 16:11-15
11 Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. 12 Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. 13 Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. 14 Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. 15 Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi.

Allahın elçilərinin gəmisi Allah məhəbbətinin küləyi ilə Asiyadan Avropaya aparıldı. Adətən bu cür səyahət beş gün beş gecə çəkərdi, amma bu dəfə gəmi təyinat yerinə lap tez – iki günə gəlib-çatdı. Paul limanda yubanmadan dərhal vilayətin mərkəzi Filipiyə getdi.

Qeysər Avqust Yuli Sezarın qatillərini bu şəhərə kimi təqib edib, burada məğlub etdi. Bu şəhəri əhatə edən düzənliklərdə məşhur və dəhşətli döyüş baş vermişdi. O döyüş sayəsində Filipi nüfuz qazanıb genişlənmiş və bəzənmişdi, vergidən azad edilmiş, təqaüdə çıxan hərbçilərin məskəni olmuşdu. Bu şəhər öz atmosferi və hakimiyyət idarə üsulu ilə Suriyadakı Antakyaya bənzəyirdi.

Paul qeyri-adi yuxusunun təəssüratı altında idi və yuxuda gördüyü makedoniyalını görəcəyinə ümid edirdi. Qəribədir ki, o şəhərdə heç kəsi Məsihlə xilası ilə maraqlandırmaq mümkün olmayıb. Hamı yalnız kef və rahatlıq axtarırdı. Yəhudilər yox idi, çünki şəhərdə ticarət fəal deyil idi, əsgəri ruh hökm sürürdü. O zaman qardaşlar, bəlkə də bu bizim öz arzularımız idi, deyə Paulun yuxusundan şübhələnməyə başladılar.

Paul bilirdi ki, sinaqoq olmayan şəhərlərdə yəhudilər şənbə günləri çayın kənarında dua etməyə yığılır. Həvari şəhərdən iki kilometr uzaqlığında axan Qanqites çayının kənarına getdi, orada yəhudi və yunan qadınların duaya yığıldığını görəndə təəccübləndi: “Qadınlarla nə işim var? Yuxuda qadın deyil, kişi gördüm. Mən qadınları axtarmıram”.

Müqəddəs Ruh millətlərin həvarisini həlimləşdirdi, çünki Allah dövlətlilərlə yoxsullar, böyüklərlə kiçiklər, kişilərlə qadınlar, azadlarla qullar, ağ dərililərlə qara dərililər arasında fərq qoymur, amma Kəlamı üçün acmış hər kəsi doyurur. İndi isə Ruh, çayın kənarında oturmuş qadınlara Paulun dili ilə xilası elan etdi.

Paula qulaq asan qadınlardan biri tünd qırmızı parça satan tacir idi. Özü Kiçik Asiyadakı Tiatira şəhərindən idi ki, Müqəddəs Ruh müjdəçilərin o şəhərdə vəz etmələrinə yol verməmişdi. İndi isə bu qadın Makedoniyanın Filipi şəhərində xilas Müjdəsini eşitdi. Tünd qırmızı parça o dövrdə ən qiymətli mallardan biri idi və onun istehsalı ilə məşğul olan qadın varlı idi. Fəal xasiyyəti ilə seçilən və insanlar arasında ayırd etməyə qadir olan qadın tezliklə anladı ki, həvarilərdən Allahın qüvvəsi çıxır. Müjdəyə diqqətlə qulaq asanda Allahın səsini eşitdi. Rəbb onun ürəyini açdı və ruhunu nurlandırdı. O, xeyirxahlığına görə yox, Allahın Kəlamına həvəslə qulaq asdığına görə yenidən doğuldu. Müjdə indiyədək Allahın salehliyini axtaranları təzələyir və Həqiqət Ruhu Ona itaət edənlərin daxilində məskən salır.

Lidiya gözəl geyinən, ağıllı və təcrübəli qadın idi. O, xilasın mənasını tez qavradı və vəftiz olmaq istədi. İsanın Allahın Oğlu olduğuna, günahlarının bağışlanması üçün çarmıxda öldüyünə inandı. Buna görə də vəftiz suyuna təslim olub Müqəddəs Ruhla doldu, məhəbbət, həqiqət və əbədi həyatı daddı.

Necə gözəldir ki, Paul nəinki bu qadını, həm də onun ev əhlini: ərini, uşaqlarını, qullarını və iş yoldaşlarını vəftiz edib! Müqəddəs Ruhun qüvvəsinə əmin olan Paul bilirdi ki, nurlanmış qadın başqalarını nurlandırmağa qadirdir. Allah məhəbbətini ənam olaraq alan qadın xudbin kölələri Rəbbin fədakar şagirdlərinə döndərə bilər. Paulun ürəyi nə qədər geniş idi! O, iman gətirənləri vəftizə hazırlamaq üçün onlara uzun dərs keçməzdi, amma yeni imanlıları dərhal Rəbbə həsr etməyə hazır idi və Rəbbin başladığı xeyirli işi başa çatdıracağına inanırdı. Paul özünün deyil, yalnız Məsihin imanlıları xilas etdiyini bilirdi.

Ondan sonra dövlətli imanlı qadın Paulla üç yoldaşından xahiş etdi ki, onun qonaqpərvərliyini qəbul edib, şəhərdə qaldıqları müddətdə onun evində qalsınlar. O, öz evinin qapısını onlara açdı və hətta evində müjdəçilik mərkəzi təşkil etməyi təklif etdi. Lakin Paul ondan yardım qəbul etmək istəmirdi. Onların dördü də öz əlləri ilə zəhmət çəkib güzəran etmək istəyirdi. Ancaq ağıllı qadın Allah adamlarına təkidlə yalvardığı zaman onlar dəvətini qəbul etdilər, şəhərdə qalıb yeni imanlıları imanda böyütməklə məşğul oldular. Paulla qardaşlar Lidiyanın evində qalmağa razı oldular, onlara göstərilən qonaqpərvərliyi qəbul etdilər. Paulun məhəbbəti adətlərinə üstün gəldi, çünki məhəbbət onun ən önəmli prinsipi idi.

Paul yuxuda kişi görmüşdü, amma İsaya iman gətirən qadın idi. Həvari ondan öncə kişinin qadından üstün sayıldığı dinə qulluq etmişdi, amma Avropada Məsih ən birinci qadını seçmişdir. Bu olayda həm qadının azadlığını, həm də həvarinin Müqəddəs Ruhun səsini eşitmək qabiliyyətini görürük. Müjdə bu həvarinin itaəti sayəsində Avropaya gəlmişdir və Avropada Müjdəni qəbul edən ilk şəxs, tünd qırmızı qumaş satan qadın idi.

DUA: Ya Rəbb, Lidiyanın ürəyini açdığına, ona Müqəddəs Ruhu töküb şövqünə cavab verdiyinə görə Sənə minnətdarıq. Məhdud düşüncəmizi bağışla, ürəklərimizi həlimlik və məhəbbətlə genişləndir, qoy biz tam paklıq və hikmətlə qızlara, qadınlara Müjdənin həqiqətini danışaq!

SUAL:

  1. Lidiyanın həyatında baş verən möcüzə nə idi? Niyə Paul onun bütün ev əhlini vəftiz etdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:24 AM | powered by PmWiki (pmwiki-2.2.109)