Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 078 (The Holy Spirit Prevents the Apostles from Entering Bithynia)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
C - İKİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 15:36 - 18:22)

3. Müqəddəs Ruh həvarilərin bəzi yerlərə getməsinə mane olur (Həvarilərin İşləri 16:6-10)


HƏVARİLƏRİN İŞLƏRİ 16:6-10
6 Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdi. 7 Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. 8 Ona görə Misiyadan keçib Troasa getdilər. 9 O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» 10 Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır.

Bəzən Məsih elçilərini ağır sınaqlardan keçirir: dualarına sükutla cavab verir, yaxud təkidlə dua etmələrinə rəğmən, planlarını pozur.

Paul, Sila və Timotey Derbədəki, Listradakı, Konyadakı və Anadoluda olan Antakyadakı cəmiyyətləri ziyarət edərək vəz etdilər və axırda əvvəlki müjdəçi səyahətinin hüdudlarına çatdılar. Bununla da Paulun ilkin planı – yeni qurulmuş cəmiyyətlərdəki imanlı bacı-qardaşlara baş çəkib onları imanda möhkəmləndirmək (15:36) planı başa çatmışdı. Bu durumda onlar nə etməli idi? Geri qayıtmalı, yoxsa irəli getməli idi?

Müjdəçilər Romaya tabe olan Asiya vilayətinin önəmli şəhəri olan Efesə getmək barəsində Rəbbin məsləhəti üçün dua etdilər. Müqəddəs Ruh onlara yox cavabı verdi, bu işə yol vermədi. Geri qayıtmaq barədə də yox cavabı verdi. Konyada qalmaqlarına da yenə yox dedi. Artıq bu Allah adamlarının konkret bir planı yox idi. Çox güman ki, Paul Roma vilayətinin mərkəzi Efesə getmək istəyərdi, amma Rəbbin iradəsinə zidd olaraq gedə bilməzdi. O hər zaman Rəbbin məsləhətini soruşurdu, çünki bilirdi ki, Rəbbin əmri olmadan Allahın Padşahlığı yolunda atdığı hər addım günahdır və uğursuzluğa məhkumdur.

Sila peyğəmbər idi (15:32) və Müqəddəs Ruh birbaşa onun vasitəsilə danışırdı. Ruh başqa millətlərdən olan imanlılara Qanuna tabe olmaqdan azadlığı daha öncə elan etmişdi, lakin bu durumda hətta Sila belə haraya getmək sualına Allahdan heç bir cavab almadı. Allahın Ruhu onların bütün planlarını alt-üst elədi. Axırda onlar şimala, sonra şərqə, Qalatiyaya tərəf, oradan isə qərbə getdilər. Müqəddəs Ruh onları yönəldirdi, onlar yenə şimala doğru yeridilər və Aralıq dənizi sahilində yerləşən Troas şəhərinə çatdılar. Buradan dəniz başlayırdı və onlar daha yeriyə bilmədilər.

Görəsən, Allah niyə onlarla danışmayıb? Bəlkə Barnaba ilə Mark üstündə mübahisələri yadlarına düşüb. Görəsən, onlar Müqəddəs Ruhu kədərləndirən və onlardan uzaqlaşdıran bir səhvəmi yol veriblər? Bəlkə onlar Timoteyin sünnət edilməsindən şübhələnməyə başladılar: Yoxsa bu hərəkət Qanundan azadlığa zidd idi və onlar buna görə ruhani qüvvələrini itiriblər? Yoxsa onların qrupunun təşkili Rəbbin xoşuna gəlməyib? Yoxsa kimsə bir günah işlədib? Yoxsa onlar bəzi Müjdəni yayma prinsiplərini pozublar? Bu suallar müjdəçiləri tövbəyə, ruhən əzilməyə, səmimi dualara və lütfə ümid bağlamağa yönəltdi. Onlar bir daha dərk etdilər ki, nə onların Məsihə itaət etməsi, nə də düzgün təlimləri xeyir-dualarının, bəhrələrinin və həyatlarında Allahın qüvvəsinin olmasının səbəbi deyil idi. Onlar yalnız Məsihin lütfü sayəsində seçilmiş, çağırılmış, təyin, təqdis və hifz edilmişdilər. Bunda onların özlərinin bir xidməti yox idi. Yalnız çarmıxa çəkilmiş İsanın lütfünə olan iman bəhrəyə, şükrana və sülhə səbəb olur. Məsihin qanı bizi hər günahdan təmizləyir və Allahla şəriklikdə qoruyub saxlayır. Çarmıxda gerçəkləşmiş barışıq Rəbbin xidmətçiləri üçün yeganə qüvvət və qüdrət mənbəyidir.

Uzun iman mübarizəsində gecələrlə özünü yoxlayan və tövbədə ruhən əzilən Paula Allah birdən yuxuda göründü. O gördü ki, dənizin o biri sahilində Makedoniya qiyafətini geyinmiş bir adam durub yalvarır: “Makedoniyaya gəl və bizə kömək et!” Millətlərin həvarisinə görünən Məsih deyil idi, amma xilası axtaran və ehtiyacını dilə gətirən bir kəndli idi. Bu yalvarış bütün Avropanın Şərqdən gələn Nura ehtiyacını ifadə edir, Şərqin Avropaya ehtiyacını deyil...

Üç müjdəçi bu yuxunun mənasını düşünüb Müqəddəs Ruhda elə bir qərara gəldilər ki, İsa onların Asiyada qalmasını istəmir və onları qərbə, Romaya yaxın yerlərə göndərir. Onlar bu yuxunu Makedoniyalı İsgəndərin xalqına Müjdəni yaymağa ilahi dəvət və əmr kimi qəbul etdilər.

Müjdəçilər bu dəvəti dərhal qəbul edib gəmi axtarmağa başladılar. Onlar Makedoniya dilini öyrənməyə, oradakı əlaqələr, vasitəçilər haqqında məlumat almağa çalışmadılar. Müqəddəs Ruh uzun sükutdan sonra Öz lütfünü təsdiq edərək onları nurlandırıb yeni üfüqlərə yönəltdiyi zaman dərhal yola çıxadılar. Ağır yükdən azad olan qardaşların ürəyi böyük sevinclə doldu. Onlar şən həmd ilahiləri ilə yola çıxdılar, çünki Allah məhəbbətinin küləyi yenidən onların yelkənlərini doldurmuşdu.

10-cu ayədən başlayaraq Kitabın müəllifi Luka hekayətində 1-ci şəxsin cəm formasını işlətməyə başlayır – “biz”. Bu göstərir ki, həkim Lukanın özü Troasda Paulun qrupuna qoşulub. Troasdan onlar bu ikinci müjdəçi səyahətini davam etdirdilər və yeni ölkələrdə Rəbbin məhsulunu toplamağa girişdilər. Bundan sonra biz, yaşayan Məsihin Avropadakı zəfər yürüşündə yaratdığı bütün möcüzələri öz gözləri ilə görmüş şahidin hekayətini oxuyuruq.

Luka əmin idi ki, Rəbb onun bu üç adama qoşulmasını və onlarla birlikdə Rəbbin adını izzətləndirməsini istəyir. Ola bilir ki, o Paulla Suriyadakı Antakyada daha öncə görüşmüşdü, indi isə onlar birgə işləyərək Avropanı Məsihə fəth etmək üzrə idilər.

DUA: Ya Rəbb İsa Məsih, Sənə şükür edirik, çünki Sən o üç nəfəri çağırdığın kimi, bizi də çağırdın. Biz uğursuzuq və öz mühitimizdə Sənin adını izzətləndirməyə layiq deyilik. Sən bizi ehtiyatsız hərəkətlərdən qoru, planlarımızı təqdis elə, qoy Sənin iradəni yerinə yetirək və Səni nə vaxt və harada izzətləndirə biləcəyimizi bilək!

SUAL:

  1. Müqəddəs Ruhun imanlıların hansısa xidmətdən uzaqlaşdırması və yeni xidmətə çağırması nə deməkdir?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:23 AM | powered by PmWiki (pmwiki-2.2.109)