Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 013 (Peter’s Sermon at Pentecost)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

6. Peterin Əllinci Gün bayramında etdiyi vəz (Həvarilərin İşləri 2:14-36)


HƏVARİLƏRİN İŞLƏRİ 2:24-28
24 «Allah isə ölüm əzablarını kəsərək Onu diriltdi. Çünki Onu ölüm tutub saxlaya bilməzdi. 25 Davud da Onun barəsində demişdi: “Rəbbə əbədilik üz tutmuşam, sağımda olduğu üçün sarsılmaram. 26 Elə bunun üçün qəlbim sevinir, dilim şad olur, cismim belə, ümidlə yaşayır. 27 Çünki məni ölülər diyarına atmazsan, mömin insanını çürüməyə qoymazsan. 28 Mənə həyat yolunu öyrədirsən, hüzurunda mənə doyunca sevinc verirsən”».

Allahın ölüm üzərindəki qələbəsi məsihilərin “bayrağı”dır. Bu zəfərin rəmzi ölümdən dirilmiş İsadır. O yaşayır və əsla ölməyəcəkdir. O bizim dirilməmizin və əbədi həyatımızın zəmanətçisidir.

Peter Allahın yəhudilərin qarşıdurması üzərində qələbə çaldığına açıqca şəhadət etdi. Allah yəhudilərin rədd etdiyi və xor baxdığı Nazaretli Adamı qəbul etdi, ölümdən diriltdi və ölümün zəncirindən azad etdi (Zəb. 18:5-6), çünki ölüm Onu tutub saxlaya bilməzdi. O müqəddəs olduğu üçün ölüm Onun üzərində hökmran deyil idi. İsa bizim günahlarımıza görə öldü və saleh sayılmağımız üçün dirildi. Məsihin dirilməsi yəhudilər üçün Allahın ağır mühakiməsi ilə nəticələndi, Məsihilər üçün isə o, ən böyük təsəllidir.

Ondan sonra Müqəddəs Ruh Padşah Davudun Məsihi və Müqəddəs Üçlüyün sirlərini necə anladığını Peterin dili ilə başa saldı. Davud Oğulun əzəldən əbədədək gizli deyil, açıq şəkildə Atasını bütün izzəti ilə gördüyünü təsdiq etdi. İsa ikinci Adəmdir, Allahın “qibləsi” və əsil surətidir. O, qüvvət, gözəllik və ehtişam ilə doludur; hər zaman Atasının iradəsini yerinə yetirərək Onunla tam ahəng və birlik içində yaşayır.

Çarmıxa çəkilməzdən əvvəl Oğul Atasını Öz sağında görmüşdü. Göyə qalxandan sonra isə Oğulun Atasının sağında oturduğu məlumdur. Burada biz yenə Müqəddəs Üçlüyün hər Şəxsinin daima digərinə ehtiram etdiyini və həlimliklə Özünü daha kiçik saydığını görürük. Məsih bu peyğəmbərlikdə demişdi ki, Allahın zəfəri sayəsində O əsla sarsılmayacaq və əbədi olaraq Onu görəcəkdir. Biz də sınağa düşməmək üçün nə qədər daha çox Atamıza baxmalıyıq!

Nə qürur, nə də başqa bir günah Ata ilə Oğul arasındakı yaxın münasibətlərinə xələl gətirə bilməz. Onların münasibətlərində sevinc, məhəbbət, səadət və şadlıq aşıb-daşır. Allah Özünü sevinc və razılıq Allahı elan etdi: “Bu Mənim sevimli Oğlumdur, Ondan razıyam. Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir!”

Məsih bəşər olaraq doğulmamışdan əvvəl Allah Quzusu olaraq öləcəyini görmüşdü. Lakin O, ölümdən ötəsini, əbədiyyəti düşünürdü. O, çarmıxda məyus halda ölmədi, ümid ilə arxayın idi, canı və ruhunun ölülər zindanında qalmayacağını bilirdi, çünki O Özünü Allahın əlinə təslim etmişdi. Davud İsanın cəsədinin çürüməyəcəyini görmüşdü, çünki İsa müqəddəsdir. Məsihilər də buna ümid bağlayırlar, çünki bədənlərinin təqdis olunub diriləcəyini bilirlər. Bağışlanmağımız tamamlanmışdır və bədənlərimizi büsbütün təmizləyir. Bu da Allahdan bizə gözəl bir hədiyyədir. Məsihin dirilməsi bizim qüdrətimiz, sevincimiz, şükranımızdır. İsa hər zaman bütün sirlərə vaqifdir, əbədi həyatın yollarına bələddir. O dedi: “Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, yaşayıb Mənə iman edən də heç vaxt ölməz”. Məsihdə bütün imanlıların dirilməsini kəşf edirik. O, ardınca gedən hər kəsə həyat verir və Onun hüzuru xaricində həqiqi həyat yoxdur.

Axır zamanda Məsihin bol-bol sevinci olacaq, çünki O, ölümü ilə satın aldığı milyonlarca adamı görəcək. Onlar Allahın ərşi önündə Məsihlə birlikdə yaşayacaqlar! Bundan əlavə, Müqəddəs Ruh onları Onun ruhani Bədəninin üzvləri etdi, Allahın məhəbbətini daddırdı və əbədi həyat gerçəkliyinə gətirdi. Şübhəsiz, bizim inancımız əzəmətlidir, çünki sevinc, şadlıq və ümid üzərində qurulmuşdur!

'''HƏVARİLƏRİN İŞLƏRİ 2:29-32 29 «Qardaşlar, sizə cəsarətlə deməliyəm ki, doğrudan da, ulu babamız Davud ölüb və dəfn olunub. Onun qəbri bu günə qədər buradadır. 30 Davud peyğəmbər idi və öz nəslindən bir Nəfəri onun taxtına çıxarmaq üçün Allahın and içərək Davuda vəd etdiyini bilirdi. 31 Ona görə Məsihin dirilməsini əvvəlcədən görüb barəsində demişdi ki, Allah Onu ölülər diyarına atmaz, cismini çürüməyə qoymaz. 32 Allah bu İsanı ölümdən diriltdi və hamımız buna şahid olduq».'''

Peter vəz etdiyi camaata “qardaşlar” deyə müraciət etdi, baxmayaraq ki, onlar hələ Allahın ailəsinə daxil olmamışdılar. Çünki o, Müqəddəs Ruhun onların ürəklərində işlədiyini görmüşdü. Həvari onlara izah etdi ki, Padşah Davudun bu peyğəmbərliyi (Həv. 2:25-28) Davudun özünə aid ola bilməzdi, çünki Davud böyük nəslin atası olub vəfat etmişdi. Onun dəfn yeri də hamıya məlumdur və qəbri boş deyildir. Davud Müqəddəs Ruhla məsh olunmuş həqiqi peyğəmbər idi və ondan əvvəl heç bir peyğəmbərin, padşahın və ya kahinin almadığı vədi Allahdan almışdı – onun oğullarından biri Allahın Oğlu olacaq və hakimiyyətinin sonu olmayacaqdır (2Şam. 7:12-14). Məsihə dair verilmiş bu məşhur vədi bütün yəhudilər yaxşı bilirdi və həm Allahın Oğlu, həm Bəşər Oğlu olan Uca Padşahı şövqlə gözləyirdilər. İlahiyyatçılar gələcək olan Məsihi çox düşünürdü, Müqəddəs Yazıları araşdırırdı, bu məsh olunmuş İlahi Şəxsin Müqəddəs Ruhdan doğulacağına görə ölümə qalib gələcəyini də bilirdilər. Onun bədəni əsla çürüməyəcək və ruhu ölümün hökmranlığı altında zəncirlənmiş halda qalmayacaq. Məsihin hökmranlığı – əbədi Padşahlıqdır, çünki O, ölümün qüdrətini məğlub etmişdir. O, fani padşah kimi müvəqqəti hökm sürməz, amma O, padşahların Padşahıdır, əzəlidir, Ata Allahla birdir, ürəyində Onun hakimiyyətini daşıyandır!

Ondan sonra Müqəddəs Ruhdan ilhamlanan Peter çarmıxa çəkilmiş və rədd olunmuş İsanın həqiqətən vəd olunmuş Davud Oğlu və Allahın təyin etdiyi Əzəli Padşah olduğuna açıqca şəhadət etdi. Artıq düşmənlərindən qorxmayan Peter onlarla bu haqda mübahisə etmədi, sadəcə olaraq Allahın gücü ilə bu həqiqətin tamamlanmış olduğunu elan etdi. O, Allahın qələbəsini görmüşdü və günahlarının bağışlandığını yaşayan Məsihin Özündən öyrənmişdi. İsa ölümdən dirildikdən sonra ruhani bədənində onlara zühur etmişdi, onlarla birlikdə çörək yemişdi, əllərindəki mıx izlərini göstərmişdi. Allahın Oğlu ölü deyildir! Rəbb dirilmişdir, amma biz Onun şahidləri olmuşuqmu?

Beləcə Müqəddəs Ruhun Peterin dili ilə verdiyi vəzin üçüncü hissəsi başa çatdı. Birinci hissədə o onlara başa saldı ki, Müqəddəs Ruhun tökülməsi Yoelin peyğəmbərliyinin həyata keçməsidir; ikinci hissədə yəhudiləri çarmıxa çəkilmiş Şəxsi öldürən qatillər adlandırdı; üçüncü hissədə isə Müqəddəs Kitaba əsasən Məsihin həqiqətən ölümdən dirildiyini sübut etdi.

DUA: Ya Rəbb İsa Məsih, Sən Həyat Rəisisən! Sənə səcdə qılır, dirilib yaşadığına inanırıq! Sən bizə həyat verən Padşahımızsan! Yeganə ümidimizsən! Bir çox insanları Müqəddəs Ruhun ilə doldur və Özünə tərəf döndər, belə ki onlar əbədi yaşasınlar! Amin.

SUAL:

  1. Peter Davudun peyğəmbərliyini sitat gətirərək ona qulaq asanlara nə başa salmağa çalışırdı?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:53 PM | powered by PmWiki (pmwiki-2.2.109)