Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 014 (Peter’s Sermon at Pentecost)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

6. Peterin Əllinci Gün bayramında etdiyi vəz (Həvarilərin İşləri 2:14-36)


HƏVARİLƏRİN İŞLƏRİ 2:33-36
33 «Allah Onu ucaltdı və sağ əlində oturtdu. O, vəd edilən Müqəddəs Ruhu Atadan götürüb sizin görüb-eşitdiyiniz kimi üstümüzə tökdü. 34 Davud özü göylərə qalxmadı, amma belə dedi: “Rəbb mənim Ağama dedi: 35 ‹Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək sağımda otur›”. 36 Ona görə də qoy bütün İsrail xalqı möhkəm bilsin ki, Allah sizin çarmıxa çəkdiyiniz bu İsanı həm Rəbb, həm də Məsih təyin etmişdir».

Uzun girişdən və xilasın əsaslarının təsvirindən sonra Peter nəhayət ona qulaq asan camaata Allahdan göndərilən, çarmıxa çəkilən və ölümdən dirilən Məsihin Müqəddəs Ruhun tökülməsi ilə necə bağlı olduğunu izah etdi. Məsihin gəlişi, ölümü və dirilməsi yeni dövrün gəlməsi üçnü zəruri idi, çünki İsanın çarmıxı və dirilməsi olmadan, Müqəddəs Ruh gələ bilməz.

İsa Atanın yanına qalxıb, tam razılıq içində Onun sağında oturdu. Yəhudilər tərəfindən xor görülən və rədd edilən bu Adama Allah Özü böyük izzət və şəfəri, göydə və yer üzündə bütün səlahiyyəti verdi və Atanın verdiyi vədi həyata keçirməyi tapşırdı. Məsih Ona imanla dua edən ardıcıllarına Müqəddəs Ruhu tökdü. Məsih çarmıxda bizi Allahla barışdığına və Atanın yanında müqəddəs Baş Kahin kimi bizim üçün vəsatətçilik etdiyinə görə Müqəddəs Ruh bizə gəlir. Müqəddəs Ruhun tökülməsi Məsihin vəsatətçi xidməti sayəsində gerçəkləşir.

Həqiqətən, Nazaretli İsa, Allaha yaxın olan və ərşində oturan yeganə İnsandır. Bütün peyğəmbərlər, padşahlar, dinlərin baniləri ya qəbiristanlıqda basdırılıb, ya da İbrahim, Musa və ya İlyas kimi göylərdə rahatlanırlar. Yalnız Məsih Allaha o qədər yaxındır, hətta Onunla birdir. Çünki O Özü Rəbdir, əbədi olaraq Atada qalır, Ata da Onda qalır. Davud Peyğəmbər Müqəddəs Ruhun vəhyində Ata ilə Oğul arasındakı vəhdəti bir daha görmüşdü, Allah ilə Məsih arasındakı söhbəti dinləmiş və Atanın göyə qalxıb yanına qayıdan Oğluna bütün mələklərin həmdləri içində nə dediyini eşitmişdi: “İndi otur və dincəl, çünki Sən əzablara düçar olan insan bədənində xidmətini başa çatdırmısan! Xilası tamamlamısan. Bu andan etibarən Mən Ruhumun qüdrəti ilə işləyəcəyəm və Ruhum Məni sidq ürəkdən axtaranların hamısında Sənin xilasını kamala yetirəcək, haqsız və inadkar adamları isə mühakimə edəcək”.

Müqəddəs Ruh dünyada məskən salandan sonra insanlar mühakimə edilməyə başladılar. Peter Müqəddəs Ruhdan ilham alaraq yəhudilərin üzünə dedi ki, onlar tövbə edib Alahın çarmıxa çəkilmiş Oğluna iman gətirməsələr, Onu göz yaşları ilə qəbul etməsələr, Allah onları Məsihin ayaqlarının altına kətil kimi salacaq. Həvarinin bu qorxunc sözləri dünyanın bütün qitələrindəki xalqlara və onların dinlərinə aiddir. Oğulu qəbul etməyənlər əbədi olaraq bağlanıb, Onun ayaqları altına salınacaqlar.

Peter soydaşlarına, bu Əllinci Gün bayramından etibarən Müqəddəs Ruhun dünyamızın hər yerində maneəsiz olaraq yaşayacağını anlatdı. Çünki Məsih bizim Allah ilə aramızdakı pərdəni, divarı aradan götürüb. Allah məhəbbətinin küləyi əsməyə davam edir və xilas imanlılarda gerçəkləşir.

Lakin təəssüf ki, Həqiqət Ruhu əksər yəhudilərdə məskən sala bilmir, çünki Allahın qədim xalqının etiraf etmədiyi bir günah var: onlar Məsihi ölümə təslim ediblər və sonra Onu yenə rədd ediblər. Müqəddəs Ruh Peterə ona qulaq asanların ürəyinə ox kimi sancılacaq sözləri verdi: “Bu Nazaretli gənc İsa, Rəbb Allahın Özüdür. Şübhəsiz ki, göyə qalxıb Allahın sağında oturan Şəxs həqiqi Allahdan həqiqi Allahdır! O, məsh olunmuş Məsihdir və siz Onu çarmıxa çəkdirmisiniz!” Bu sözlərlə öncül həvari yəhudilərə tarixi həlledici məqamda fürsəti əldən buraxdıqlarını söylədi. Onlar Allahla əhdin mənasını anlamayıb, əhdi pozmuşdular. Peter Allahın adı ilə öz xalqını, özü də ayrı-ayrı soydaşlarını deyil, bütün xalqı mühakimə etdi. Bu, insani mühakimə deyil idi, hər adamın vicdanını bilən Əzəli Hakimin Özü onları mühakimə etmişdir.

Peterin vəzinin əvvəlində bəzi yəhudilər şagirdlərdə aşıb-daşan Müqəddəs Ruhun sevincini görüb, istehza ilə onları sərxoş olmaqda ittiham etmişdilər. Peter onlara gözəl natiqliyi deyil, Müqəddəs Ruhun qüvvəsi ilə açıq-aşkar həqiqəti söylədi, Müqəddəs Ruhun Kim olduğunu, haradan gəldiyini və nə üçün yer üzündə məskən saldığını izah etdi. Axırda o son dərəcə ciddi şəkildə xalqına elan etdi ki, onların təqsiri, Allahın Məsihini qətl etmələridir. Burada Müqəddəs Ruhun yarımçıq həqiqətlə əsla razı olmadığını və öz həyatımızda həqiqət ilə yalanı qarışdırmağımıza yol verməyəcəyini öyrənirik. O bizim asiliyimizi mühakimə edir və qürurumuzu sındırır. Bu gün Onun səsini eşitsəniz, ürəkləriniz inadkar olmasın!

DUA: Ey Ata, Sənə qarşı günah işlətmişik, dünyanı sevərək, Oğlunun çarmıxa çəkilməsində iştirak etmişik! Mən öz günahlarımla Onun əllərinə mıx vurmuşam! Günahımı bağışla və Müqəddəs Ruhunla məni təqdis et, qoy mən hər günahı rədd edim və sınağa düşməyim, lakin İsa Məsihi Rəbb və Xilaskar kimi iqrar edim və Onun məhəbbəti ilə iradəsini yerinə yetirim. Ya Rəbb, daşürəkli insanlara toxun, qoy onlar qəlbən sınaraq tövbə etsnlər və Sənə tərəf dönsünlər!

SUAL:

  1. Niyə Məsih göyə qalxdı?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:54 PM | powered by PmWiki (pmwiki-2.2.109)