Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 009 (Outpouring of the Holy Spirit at Pentecost)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

5. Əllinci Gün bayramında Müqəddəs Ruhun tökülməsi (Həvarilərin İşləri 2:1-13)


HƏVARİLƏRİN İŞLƏRİ 2:1-4
1 Əllinci Gün bayramı zamanı onların hamısı bir yerə yığılmışdı. 2 Birdən güclü külək uğultusu kimi göydən bir səs gəlib onlar oturan evin hər tərəfini bürüdü. 3 Onlara göründü ki, nə isə alov kimi dillərə parçalanaraq hər birinin üstünə düşür. 4 Onların hamısı Müqəddəs Ruhla doldu və Ruhun danışdırdığına görə başqa dillərdə danışmağa başladılar.

Günəş yerə düşsə, səncə, nə baş verəcək? Bu nəhəng közərmiş şar bizim kiçik yer kürəmizə azca yaxınlaşsa belə, planetimiz və burada mövcud olanlar yanacaq. Əlbəttə, günəş yerin üzərinə düşsə, yer bir göz qırpımında yox olacaq. Lakin bizə yaradılmış günəş deyil, Yaradanın Özü gəlmişdir – O, alovlu külək kimi yer üzünə gəldi və insanları məhkum etmədi, amma Onu gözləyənlərə mərhəmət göstərdi. Allah insanların yanına gəlir, üstəlik insanda məskən salır! Dərrakəsi olan hər kəs Ona səcdə edir. Bu həqiqət ağlasığmazdır. Səndən rica edirik, İmanlılar Cəmiyyətinin doğulması hekayəsini oxu və hər sözü dərindən düşün. Onda sən Allahın məhəbbəti, səbri və lütfünün şər dolu dünyamıza necə gəldiyini anlayacaqsan.

Əllinci Gün bayramı ibranilərin Pasxa bayramından əlli gündən sonra buğdanın biçilməsinə görə şükür bayramı olaraq qeyd etdikləri qədim bir bayram idi. Məsih torpağa düşüb ölən buğda dənəsi kimi idi. Onun ölümdən dirilməsi Allaha təqdim olunan ilk məhsul kimi idi. Yığılıb dua edən şagirdlər isə Allahın kamil məhsulunun ilk bəhrəsi kimi idilər. Bu ruhani “məhsul yığma”, yaxud biçin hələ davam edir. Hamımız Məsih olan tək buğda dənəsindən yetişmişik və bu gün Rəbbin əkdiyini və peyğəmbərlərin görmək arzusunda olduğunu biçirik. Çünki Allahın Oğlunun ölümü sayəsində Müqəddəs Ruh dünyaya gəlmişdir.

Bu lütfkar Ruh, bu mərhəmət və nur bütün insanlara zühur etməyib. Yerusəlim paytaxt olsa da, Allah məhəbbətinin küləyi yalnız Məsihi sevərək dua edən imanlıların üzərinə gəlib. Allahın qüvvəsi məbədə toxunmayıb və romalı əsgərlər əbədi həyata nail olmayıblar. Yalnız Atanın verdiyi vədin həyata keçməsini canbir qəlbdə gözləyənlər Ruhun qüvvəsi ilə doldular.

Çox güman ki, o gün bir yerə yığılmış yüzdən artıq kişilər və qadınlar, İsanın şagirdləri və ailə üzvləri İsanın qalxdığı göydən qəflətən gələn səsi eşidəndə çox təəccübləndilər və qorxdular. Bu səs güclü külək uğultusunu xatırladırdı. Şüşələr titrəmədi, qapılar çırpılmadı, hətta ağacların yarpaqları belə, əsmədi; bu uğultu səsi bütün evi, otaqları, hətta həyəti belə, doldurdu. Şagirdlərin, küləyi hiss etmədiyi halda, qulaqları ilə eşitdiklərinə görə, heyrətdən gözləri bərəldi, ağızları açıla qaldı. Bu baş verdikdə, onlar dua edirdilər, ürəklərini Rəbbə açmışdılar və Rəbbin qüvvəsi onları doldurdu. Birdən gördülər ki, bu küləklə alov dillərinə bənzər bir şey onların üzərinə enir. Lakin bu dillər havada yuxarı və aşağı hərəkət etmir, evi, mebeli, paltarı yandırmır, sadəcə olaraq dua edən şagirdlərin üzərinə sakitcə enirdi. Bu ecazkar alov dilləri bizə İsanın niyyətini göstərir. Şagirdlərin yalan, murdarlıq, insan müdrikliyi ilə dolu dünyəvi dilləri var idi və bunlar yanıb yoxa çıxmalı idi. Bunların əvəzinə Allah onlara yeni, alovlu və qüvvətli, ilahi məhəbbətlə danışan dilləri verdi.

Rəbbin Ruhu ilə dolan hər kəs böyük sevinc və rahatlıq hiss etdi. Onlar günah yükündən azad oldular, rahat-rahat nəfəs almağa başladılar, qəm-qüssə ötüb-keçdi, gözlərində qığılcım parladı, zəifləmiş dodaqlar Allaha həmd etdilər: “Ey Atamız! Oğlunun ölümü sayəsində Sən bizim Atamız olmusan! Onun qanı bizə günahlarımızın bağışlanmasını verib, Onun Ruhu bizdə – dəyərsiz insanlarda yaşayır və bizi büsbütün təqdis edir. Buna görə biz Səni ucaldırıq və alqışlayırıq, çünki Sən bizi izzətli lütfünlə dirçəltmisən!”

Allah məhəbbətinin küləyinə şükran yağışı əks-səda verdi, şagirdlərin dodaqlarından müqəddəs sözlər və naməlum səmavi ifadələr axdı. Müqəddəs Ruh onların nitqlərini yönəltdi, fikirlərini doldurdu, iradələrinə xeyir-dua verdi. Onlar bəşəri həvəsdən əlavə, Müqəddəs Ruhla doldular, Allahın Ruhunun qüvvəsi və məziyyətləri ilə bəzənən məbədi oldular.

Buna diqqət yetirin! Müqəddəs Ruhla təkcə Peter və Yəhya deyil, orada olan hər kəs doldu. İlahi külək və onların üstünə düşən alov dilləri onları heç ağrıtmadı. Allahın hüzuru onları əhatə etdi, Atanın verdiyi vəd həyata keçdi və dua edənlər Allahın övladları oldular, övladlığa götürüldülər, Atanın məhəbbəti, həqiqəti və sevinci ilə doldular. Əllinci Gün bayramını ilahi bayram saymaq doğrudur, çünki o gün həqiqətən səmavi aləmdən olan yeni, ilahi bir şey bizim ölü dünyamıza gəldi. Qüdsdəki o evdən ümid və ruhani oyanış başladı və imanlılar Müqəddəs Üçlüyə sonsuzadək birgə həmd və şükür etməyə başladılar.

DUA: Ey Ata, Sənə minnətdarıq ki, sevimli Oğlun çarmıxda günahlarımızı daşıdı və bizi Müqəddəs Ruhunun daxilimizdə məskən salmasına layiq gördü! Bizi və cəmiyyətimizi hüzurunla doldur, günahlarımız tamamilə yox olsun! Qoy biz birgə həmd edərək dərin sevincimizi və şükranımızı ifadə edə bilək!

SUAL:

  1. Əllinci Gün bayramında Müqəddəs Ruhun gəlişinin necə təzahürləri oldu?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:49 PM | powered by PmWiki (pmwiki-2.2.109)