Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 010 (Outpouring of the Holy Spirit at Pentecost)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

5. Əllinci Gün bayramında Müqəddəs Ruhun tökülməsi (Həvarilərin İşləri 2:1-13)


HƏVARİLƏRİN İŞLƏRİ 2:5-13
5 Bu vaxt səma altında mövcud olan bütün millətlər arasından gələn mömin Yəhudilər Yerusəlimdə yaşayırdılar. 6 Bu səs gələndə orada böyük izdiham toplandı. Hamı öz dilində danışıldığını eşidəndə çaş-baş qaldı. 7 Mat qalaraq heyrət içində dedilər: «Bu danışanların hamısı Qalileyalı deyilmi? 8 Bəs necə olur ki, biz hamımız öz ana dilimizi eşidirik. 9 Biz Parfiyalılar, Midiyalılar, Elamlılar, Mesopotamiyada, Yəhudeyada, Kappadokiyada, Pontda və Asiya vilayətində, 10 Frigiyada, Pamfiliyada, Misirdə və Liviyanın Kirenaya yaxın bölgələrində yaşayanlar, Romada yaşayan 11 Yəhudilər və Yəhudi dinini qəbul edənlər, Kritlilər, Ərəblər eşidirik ki, onlar bizim dilimizdə Allahın əzəmətli işlərindən danışır» 12 Hamı mat qalıb çaşqınlıq içində bir-birindən soruşurdu: «Bu nədir?» 13 Bəziləri də rişxəndlə deyirdi: «Bunlar şirin şərabdan sərxoş olublar».

Həvarilərin alov dillərinin qüvvəsiylə nədən danışdıqlarını bilirsənmi? 11-ci ayəni oxu və biləcəksən ki, onlar Allahın əzəmətli işlərindən danışdı, yaratdığı hər şeyə görə Yaradana şükür etdi, günahkar bəşər övladlarına qarşı səbrinə görə Ona həmd etdi, müqəddəs Qanununu ucaltdı və Peyğəmbərlərin vasitəsilə iradəsini elan etdiyinə görə Ona şükür etdi. Oğlu İsanın bəşər olduğuna, doğulduğuna görə Müqəddəs Ataya səcdə etdilər, onların şəxsən tanıdığı, gördüyü, eşitdiyi ilahi məhəbbətin təcəssümünə görə sevindilər. Möcüzələri üçün Rəbbə həmd etdilər, sözlərini danışdılar, çarmıxda öldüyünə və ölümdən dirildiyinə görə Ona səcdə etdilər. Şagirdlər yaşayan Məsihlə görüşdüklərinə görə Allaha həmd etdilər, göyə qalxmasına sevindilər, gözlənilən peyğəmbərliyin həyata keçməsinə şadlandılar. Onlar dünyaya Müjdəni yaymalı olduqlarına inandılar, Allahın onlardan xilası insanlara ötürmələrini istədiyini anladılar. Bəs sən Allahın əzəmətli işlərindən danışanlara qoşulmusanmı? Şükürlərin hanı? Sən özünü şərəfləndirirsənmi, yoxsa Allahı ucaldırsan? Öz adını unut və yalnız göylərdə olan Atanı şərəfləndir!

Duada, müqəddəslikdə həmd və sükutdan ibarət olan bu gözəl ab-hava uzun sürmədi, çünki Rəbbi gözləyənlərin çoxu məhəbbət küləyinin səsini eşidib bu küləyin endiyi yerə qaçdı. Oraya gəlib çatanda mat qaldılar – heç vaxt başqa ölkələrə səyahət etməmiş, məktəbdə xarici dil öyrənməmiş qalileyalılar müxtəlif dillərdə danışırdılar! Əllinci Gün bayramında Yaradanın Ruhu Allahın qəzəbinin qisaslarına qalib gəldi; bir zamanlar insanlar qürurlanıb özlərini çox-çox ucaltmaq və hətta Allahın səviyyəsinə çatdırmaq arzusu ilə Babil qülləsini tikməyə başlayanda, Allah onların dillərini qarışdırmış və bir-birini başa düşməsinlər deyə onları müxtəlif xalqlara səpələmişdi. Lakin indi Məsih ardıcıllarına qürur günahını bağışladı və Məsihin həlim və itaətkar Ruhu dua edənlərin ürəklərində məskən saldı. Onların arasında heç kəs özünü daha yaxşı, ağıllı və ya üstün saymırdı. Güclülər zəiflərə tabe idilər və hörmətlilər özlərini hamıdan kiçik sayırdılar. Kamillik bağı olan məhəbbətdə Özünü izhar edən Müqəddəs Ruh müxtəlif insanları Allahın cəmiyyətində birləşdirdi. Bil və agah ol ki, o Əllinci Gün bayramından bəri dilləri, sifətləri ilə bir-birindən fərqlənən xalqların arasındakı divarlar dağıldı. Artıq dahi adamlar ilə geri zəkalılar arasında fərq yoxdur. Allahda hamı birdir, çünki ən böyük ənam – Müqəddəs Ruh fani insanları Əzəli Atanın səviyyəsinə qaldırdı, Məsihin qanı ilə təqdis etdi, belə ki biz məhəbbətdə Onun qarşısında müqəddəs və nöqsansız olaq.

O Əllinci Gün bayramında Allahın Məbədində məhsula görə şükür edərək bayramı qeyd etmək üçün bir çox xalqların nümayəndələri Yerusəlimə gəlmişdilər. Persiyadan, İkiçayarasından, Kiçik Asiyadan, Şimali Afrikadan, İtaliyadan, Krit adasından çoxlu yəhudilər Yerusəlimi ziyarətə gəlmişdilər və hamı qalileyalıların sözlərində onların öz doğma dillərində danışan Allahın səsini eşitdi. Əllinci Gün bayramındakı möcüzənin üç tərəfi var idi: birincisi, onlar külək səsini eşitdilər; ikincisi, alov dillərini gördülər; üçüncüsü, qalileyalıların dilini başa düşdülər, çünki Allahın Özü o gün dilləri tərcümə edirdi.

Misirin və Ərəbistanın nümayəndələrinin də bu böyük olayda iştirak etdiklərinə xüsusilə çox sevinirik. Müqəddəs Ruhun ilk gəlişində əzəmətli xilas ərəb və qibti dillərində də elan edilmişdir! Bu dillər Onun üçün nə çətin, nə də yaddır. Allah bu dilləri məhəbbəti ilə dolduraraq, məhəbbət dolu mənaları bu dillərdə də ifadə edir. Bəs sən öz ana dilində Üçlükdə vahid olan Allaha tapınırsanmı? Dilini və ürəyini, bütün iradəni və gücünü Ona təslim et və o zaman sən sevinclə Allaha həmd edəcəksən.

Qəribədir, amma küləyin səsinə gələnlər tezliklə iki dəstəyə ayrıldılar: bir dəstə bu olayı götür-qoy edir, o biri dəstə isə buna istehza edirdi. Birinci dəstə Müqəddəs Ruhun sirrini dərk etmək istədi, o biri dəstəyə isə Allahın sevinci ilə danışanların sözləri sərxoş adamların sayıqlaması kimi gəldi. Yəqin ki sərxoşluq onlara tanış bir hal idi, çünki onların ağlına belə murdar fikirlər gəlmişdi. Lakin onlar Allahın sevincini, azadlığını tanımamışdılar və əzəli məhəbbətin qüvvəsi onlardan gizli qalırdı. Ürəkləri getdikcə daha çox daşa dönür, nifrətlə dolurdu.

DUA: Rəbbə alqış et, ey könlüm, ey bütün varlığım, Onun müqəddəs adına alqış et! Rəbbə alqış et, ey könlüm, unutma etdiyi yaxşılıqları: Odur bütün təqsirlərini əfv edən, bütün xəstəliklərinə şəfa verən. Odur həyatını məzara düşməkdən qurtaran, məhəbbətin, mərhəmətin tacını başına qoyan. Odur ömür boyu səni bərəkəti ilə doyduran, səni təzələyib gənc, gümrah qartala oxşadan (Zəb. 103:1- 5).

SUAL:

  1. Müqəddəs Ruh həvarilərə nədən danışmağı öyrətdi?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:50 PM | powered by PmWiki (pmwiki-2.2.109)