Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 171 (Order of True Marriage)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

1. Düzgün evlənmə nizamı (Matta 19:1-6)


MATTA 19:1-6
1 İsa söhbətini bitirdikdən sonra Qalileyadan çıxıb Yəhudeyanın İordan çayının o biri tayında yerləşən bölgəsinə getdi. 2 Böyük bir izdiham Onun ardınca gəldi. İsa orada onlara şəfa verdi. 3 Bəzi fariseylər İsanın yanına gəlib Onu sınamaq üçün belə bir sual verdilər: «İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?» 4 İsa cavab verib dedi: «Oxumamısınız ki, Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı” və dedi: 5 “Buna görə də kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”? 6 Artıq onlar iki deyil, bir bədəndir. Buna görə də qoy Allahın birləşdirdiyini insan ayırmasın».
(Yar. 1:27; Mark 10:1-12; 1Kor. 7:10-11)

İmanlılar Cəmiyyətində qürur və mübahisələrdən danışandan sonra İsa evlənmə nizamına keçdi. Məsihdə möhkəm olan imanlı ər-arvad üçün ailə qurmaq tükənməz xeyir-duanın mənbəyidir. Allahın iradəsi ilə ailə quran kişi və qadın, pula, şan-şərəfə, zahiri gözəlliyə, rahat həyata, yaxud qohum-əqrəbanın şərtlərinə görə əsla nikah bağlamaz, lakin birlikdə dua edə-edə Müqəddəs Ruhun qüvvəsində birləşərək ailə qurar və sanki göylərdə imiş kimi xoşbəxt yaşayarlar, çünki Allahın məhəbbəti onlara hədsiz xeyir-dualar verir.

Allah ümumiyyətlə adamın birdən artıq arvad almasını nəzərdə tutmayıb. O, bir kişi üçün bir arvad yaradıb. Təkarvadlılıq ilk öncə iki qəlbin birləşməyini tələb edir. Məhəbbəti bir neçə hissəyə bölmək qeyri-mümkündür. Bir neçə qadını sevib özünə arvad edən kişinin evində sülh və razılıq yoxdur.

İlk arvadı ilə birlikdə ikinci arvadla evlənən adamın başına gələn bəlanı İbrahim Xəlilüllahın misalında görə bilərik. Bunun nəticəsi nəsillər boyu davam edən kin, nifrət, yalan, əzab, göz yaşları olmuşdur.

Musanın Qanunu müəyyən şərtlərdə boşanmağa icazə verdiyi halda, bəzi tədqiqatçılar elə nəticəyə gəlirlər ki, bu haqda fariseylərin arasında fikir ayrılığı var idi. Onlar Məsihin bu haqda nə deyəcəyini bilmək istəyirdilər. Evlənməyə dair bir çox qayda-qanunlar var idi və bunların bəzisi mürəkkəb və çaşdırıcı idi. Buna səbəb Allahın Qanunu deyil, insanların ehtirasları və ağılsızlığı idi. İnsanlar belə hallarda çox vaxt nə edəcəklərini Rəbdən soruşmadan, özbaşına qərar verirdilər.

Onların sualı belə idi: “İnsanın öz arvadını hər səbəbə görə boşamağa icazəsi varmı?” Zina kimi ciddi səbəblərə görə boşanmaq caiz idi. Lakin hər hansı səbəbə görə arvadını boşamaq olarmı? Kişinin ağlına gələn hər hansı bir önəmsiz səbəbə, öz kefinə, onu bəyənməməyinə görə boşanmaq olarmı? Belə hallarda boşanmaya bu şərtlə icazə verilirdi: “Kimsə bir qadını alıb, evlilik zamanı onda ləyaqətsiz bir şey tapdığı üçün qadını bəyənməzsə, talaq kağızı yazıb əlinə verərək evindən çıxarar...” (Qanun. 24:1). Bəziləri bu sözləri elə şərh edib ki, kişi, arvadında bəyənmədiyi bir cəhəti tapsa, səbəbsiz belə, boşana bilər.

Bu sual İsa Məsihi sınağa çəkmək məqsədilə verildi, lakin məsələ birbaşa adamın vicdanı ilə əlaqəli, çox mühüm məsələ olduğu üçün, İsa cavabını verdi. Onun cavabında o vaxtlarda geniş yayılmış və ailələrin dağılmasına səbəb olan sərbəst boşanmanın qeyri-qanuniliyini təsdiq edən müəyyən prinsiplər açıqlandı.

Lakin İsa kişi ilə arvadı arasında möhkəm bağların olduğunu sübut edərək buna üç əsas gətirdi:

  1. Adəm ilə Həvvanın yaranması: “Oxumamısınız?” Siz oxumusunuz (ancaq, bəlkə də, bu barədə düşünməmisiniz) ki, “Yaradan başlanğıcdan “onları kişi və qadın olaraq yaratdı”” (Yar. 1:27; 5:2). Bir kişi üçün bir qadın yaratdı, belə ki Adəm arvadını boşayıb başqası ilə evlənə bilməzdi, çünki dünyada ümumiyyətlə başqa qadın yox idi! Onların arasında daim birlik var idi. Həvva Adəmin qabırğasından yaranmışdı və Adəm ondan ayrıla bilməzdi. Arvadı onun bir parçası idi, “bədəni onun bədənindən” idi.
  2. Evlənmənin əsas qanunu – “kişi ata-anasını tərk edib arvadına qovuşacaq və ikisi bir bədən olacaq”. Ər-arvad münasibətləri valideyn ilə uşaq arasındakı münasibətlərdən daha yaxındır. Valideyn ilə uşaq arasındakı münasibətləri də pozmaq heç o qədər asan deyilsə, ər-arvad münasibətini pozmaq daha da çətindir. Oğul valideynlərini və ya ata-ana uşaqlarını hər hansı səbəbə yaxud hər səbəbə görə tərk edə bilərmi? Xeyr! Kişinin arvadını atması daha ağlasığmaz işdir, çünki onların arasındakı münasinbət və əlaqə ilahi nizamın hökmü ilə olub, təbiətin hökmü ilə baş verən valideyn-uşaq münasitəblərindən daha sıx və möhkəmdir.
  3. Nikahın təbiəti – iki şəxsin birləşməsi: “və ikisi bir bədən olacaq”. Kişinin uşaqları onun bir hissəsidir, arvadı isə onun özüdür. Ər-arvad əlaqəsi valideyn-uşaq əlaqəsindən daha sıx olduğu kimi, müəyyən dərəcədə bədənin üzvləri arasındakı əlaqəyə bənzəyir. Buna görə hər kişi öz arvadını sevməli və heç vaxt tərk etməməlidir. “Çünki heç kim heç zaman öz vücuduna nifrət etməz”, onu kəsməz, lakin “onu bəsləyib qayğısına qalar” (Ef. 5:29). İnsan öz bədənini qorumaq üçün əlindən gələni edər. “İkisi bir bədən olacaq, belə ki onlar artıq iki deyil, bir bədəndir”. Buna görə kişinin iki yox, bir arvad olmalıdır, necə ki Allah Adəm üçün bircə Həvvanı yaratdı (Mal. 2:15). O bununla gösrətdi ki, “qoy Allahın birləşdirdiyini insan ayırmasın”.

Əgər sən hələ evlənməmisənsə, Rəbdən sənə Məsihə iman edən, səcdə qılan, ürəyi sülhlə dolu, hər gün Müqəddəs Kitabdan güc alan qadını göndərməsini istə. Belə qadın sənə dözə bilər. İkinizin də Xilaskara imanınız sağlam ailə qurmaq üçün möhkəm təməl olacaq və ikinizin də həyatınızdakı problemlərə qalib gəlməyinizə imkan verəcək.

Qızlar da həmçinin sınağa düşüb cinsi əlaqəyə razılıq verməməli. Əgər qız düşünürsə ki, bu yolla daha tez ərə gedə biləcək, o çox yanılır. Təəssüflər olsun ki, belə edənlər arasında məsihi olduğunu iddia edən qızlar da var. Qız Allahdan elə bir ər istəməlidir ki, Məsih İmanlılar Cəmiyyətini sevdiyi kimi onu sevsin. Bu şərtləri yerinə yetirən ər-arvadın ailəsinə Rəbb elə birlik verəcək ki, cismani əlaqələrdən çox uca və yaxşıdır.

Biz öz ehtiraslarımız üçün evlənmirik, məhəbbətlə bir-birimizə xidmət etmək üçün ailə qururuq. Nikahda ər və arvad bir-birini bağışlayaraq, Allahı sevə-sevə yaşamalıdır. Ailə səadətinin sirri budur. Nikahda güclü tərəf qəzəbinə qalib gələn, qaşqabaqla deyil, oxşayıcı baxışla həyat yoldaşından birinci üzr istəyən tərəfdir.

Məhəbbət heç də zəiflik və yumşaqlıq deyildir. Ər və ya arvad günah edir, tənbəlləşir, lazımından çox pul xərcləyir, uşaqları ərköyünləşdirir, yaxud onlarla həddindən artıq sərt rəftar edirsə, o biri tərəf səbirlə dua etməli və səhv edənə həlimliklə həqiqəti söyləməlidir. Məsihin “Siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək” (Mat. 6:33) sözləri valideynlərə və onların məqsədlərinə də aiddir. Valideynlər bədənlərini diri, yaşayan, Məsihi razı salan bir qurban olaraq təqdim etsələr, onların nikahında Məsihin Ruhu, məziyyətləri və sülhü təzahür edəcək.

DUA: Ey Səmavi Ata, İncil əsasında qurulan nikah üçün Sənə şükür edirik. Sən bizi cismani səviyyədən qaldırıb, həqiqətdə ruhən və cismən bir olmağı, müqəddəs həyat sürməyimiz üçün bizə imanlı ailə qurmağı nəsib etmisən. Qoy biz tam səmimiyyətlə bir-birimizi sevək, bir-birimizə xidmət edək, güvənək! Məsihi ailələrə Sənin məhəbbətinə şəhadət, zil qaranlıqda parlayan nur olmağı nəsib et!

SUAL:

  1. Məsihi ailə qurmanın hansı mühüm prinsipləri var?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.2.109)