Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 172 (Sin of Divorce)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

2. Boşanma günahı (Matta 19:7-9)


MATTA 19:7-9
7 Fariseylər İsaya belə dedilər: «Onda Musa nə üçün bir talaq kağızı verərək arvadını boşamağı əmr etdi?» 8 İsa onlara dedi: «Ürəyinizin inadkar olduğuna görə Musa arvadlarınızı boşamağınıza icazə verdi. Amma başlanğıcdan belə deyildi. 9 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa, hər hansı bir səbəbə görə arvadını boşayıb başqası ilə evlənən kəs zina edir».
(Mat. 5:31-32; Luka 16:18)

Evlənmə insana həvəs və ya təsəlli verən bir şey deyildir – təmiz ilahi nizamdır, çoxalma və həyatın davam etdirilməsi üçün böyük məsuliyyətdir. Nikah barəsindəki sağlam düşüncədən uzaqlaşan xalq qanunsuz əlaqələrə yol açar. İnsanlar hamiləliyin qarşısına alan vasitələrdən istəfadə etməyə başlayar, hər cür rəzalətə və günaha qərq olarlar. Nəticədə xalq tədricən özünü məhvə aparar. Yaradanın nizam və qanunlarını pozan hər kəs təbii olaraq bunun cəzasını çəkər.

Bu gün bu rəzalətin kinoda, ədəbiyyatda, reklamlarda təzahürlərini görə bilirik. İllər öncə erotik şəkillərə və pornoqrafiya filmlərinə baxmaq ayıb sayılırdı. İndi isə pornoqrafiyaya baxmayanlar geri qalmış və qəribə insanlar sayılır, sanki tərəqqi və inkişaf əxlaqsızlıq və mənəviyyatsızlıqla əlaqəlidir. Çoxları artıq bu günahla barışıblar. Onlar üçün günah etmək su içmək kimidir. Məgər sən düşünürsən ki, Məsihin bundan xəbəri yoxdur? Məsih insanların nə vəziyyətdə olduğunu görür.

Bu gün heç kəs artıq hörmətli bir ailənin dağılmasına, ailə dəyərlərinin tapdalanmasına, ər-arvadların arasındakı xəyanət hallarının aşıb-daşmasına təəccüblənmir. Ərlər və arvadlar nəfsini saxlamağı, həlim olmağı lazım bilmirlər. Müasir həyat tərzi adamı əxlaqsızlığa, qürura, rifaha yönəldir. Həqiqətən, ər-arvad Məsihi şərəfləndirməyəndə, Məsih onların arasında olmayanda, ailədə nizam pozulur, pis söyüşlər, ittihamlar, üsyanlar, əzablar hökm sürür. Gec və ya tez ər-arvad bir-birinə düşmən olub xəyanət etməyə başlayır və ailə həyatı cəhənnəmə çevrilir. O zaman ər-arvad yeganə çıxış yolunu boşanmaqda axtarır. Ancaq Məsih məsələnin həllini boşanmaqda görmür.

Boşanma necə də böyük fəlakətdir! Boşanma iki qəlbin birliyini məhv edər, uşaqları ata evindən məhrum edər. Boşanmış valideynlərin uşaqları adətən bədbin olar, cinayət yolunu tutar, çünki məhəbbəti itirən adamın ürəyi daşa dönər və nifrətlə dolar. Boşanan adam nəinki öz həyat yoldaşına, həm də uşaqlarına və bütün cəmiyyətə qarşı günah işlədər.

Əhdi-Ətiqdə kişi və qadın zina edəndə, daşqalaq edilərək öldürülərdi (Qanun. 22:22). Zinakar kişi və ya qadın daşqalaq ediləndən sonra onun sağ qalan həyat yoldaşı yenidən ailə qura bilərdi. Zinakarın ölümündən sonra bağlanan yeni nikah qanuni sayılardı.

Güzəştli variant Allahın Özündən deyil, Musadan gəldi (Qanun. 24:1). Musa xalqın inadkarlığına görə bunu etməyə məcbur oldu. Kişi arvadında bir qüsur tapanda, onu boşaya bilərdi. Bu prinsipə əsasən İsanın zamanında yaşayan bəzi ilahiyyatçılar kişinin adi ailə məsələlərinə görə arvadından boşanmağına haqq qazandırırdılar.

İsa təbii nizamın bu yolla pozulmasına qarşı durub nikahı müdafiə, boşanmağı isə qadağan etdi. Məsih təməl prinsipə qayıtdı: nikah Allahdandır və zinanın sonu boşanma deyil, daşqalaq edilmə olmalıdır, lakin Məsih məhəbbəti ilə zina günahının cəzasını da çəkdi. Allahın məhəbbəti müqəddəsdir və nikahı qoruyur. Bu səbəbdən hər gənc oğlan və qız hələ ailə qurmadan öncə nikahın mənasını anlamalıdır. Çünki nikah müvəqqəti birləşmə deyil, dəyişməz lütf əhdidir.

Məsihi imanlı əsla arvadından boşanmamalı, çünki o Allahın məsləhəti ilə ailə qurub və Müqəddəs Ruhun qüvvəsi ilə onunla yaşamalıdır. Allahın əfvi imanlını öz həyat yoldaşını hər zaman bağışlamağa hazırlaşdırmalı, ona səbir verməli, sevinc və şükürlə dözməyinə kömək etməlidir. Biz Allaha, ailələrimizi Müqəddəs Ruhda təqdis edən nikah qanununu bizə verdiyinə görə həmd edirik, çünki bu yolla ailələrimiz bu pozğunlaşmış dünyanın içində səmavi ab-hava ilə dolu mühitə çevrilir.

Müasir alimlər xəbərdarlıq edir ki, dünya əhalisinin artması bütün bəşəriyyət üçün dəhşətli fəlakətə çevriləcək. Bu cür narahatlığa və qorxuya belə cavab verə bilərik ki, hər kişi bircə qadınla evli olsaydı və onlar Məsihin məhəbbəti ilə öz ailələrini planlaşdırmağa və uşaqlarını böyütməyə razılaşsaydılar, bütün insanlar sülh və razılıq içində yaşayardılar.

Dua: Ey Səmavi Ata, bizə nikah əhdi verdiyinə, bütün evli kişilərə, ərdə olan qadınlara qarşı böyük məhəbbətinə görə Səni ucaldırıq. Səndən əfv diləyirik ki, biz Sənin əmrini cürbəcür yollarla pozmuşuq. Yalvarırıq, bütün dünyada, hər ailədə ər-arvad arasında olan məhəbbəti və hörməti qüvvətləndir! Əxlaqsız reklamlar və müasir həyatımızın pozğunluqları üçün bizi bağışla! Sənə dua edirik ki, xalqımız tövbə etsin, Allah qorxusunda və Müqəddəs Ruhun müqəddəsliyində pak və vəfalı olmağı öyrənsin!

SUAL:

  1. İsa boşanma haqqında nə deyir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:59 AM | powered by PmWiki (pmwiki-2.3.3)