Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 084 (Peter’s Mother-in-law)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

3. Peterin qayınanası şəfa tapır (Matta 8:14-17)


MATTA 8:14-17
14 İsa Peterin evinə gəldi. Onun qayınanasının qızdırma içində yatdığını gördü. 15 İsa onun əlinə toxundu və qadının qızdırması düşdü. Qadın qalxıb İsaya xidmət etməyə başladı. 16 Axşam olduqda isə cinə tutulmuş bir çox adamı İsanın yanına gətirdilər. O, sözlə ruhları çıxartdı və xəstələrin hamısına şəfa verdi. 17 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən bu sözlər yerinə yetsin deyə baş verdi: «Bizim xəstəliklərimizi O çəkdi, naxoşluqlarımızı Öz üzərinə götürdü».
(Yeş. 53:4-6; Mark 1:29-34; Luka 4:38-41)

Əvvəlki hissədə Məsihin kimsəsiz, həqir, rədd olunmuş və yəhudilərin murdar saydıqları yadelli adamlara qarşı məhəbbəti haqqında oxumuşduq. Bu hissədə isə İsanın xəstə bir qadına mərhəmət göstərdiyi barədə oxuyuruq. Həvarilərdən ən cəsarətli olanı Peter evli idi. O, İsanın ardınca gedəndə ailəsindən ayrılmamışdı, çünki ailə günah deyildir, Yaradanın ənamıdır, təbiətin önəmli bir hissəsidir. İsa, həvarisinin ailə həyatına hörmət göstərdi.

Peterin evində bir problem yaranmışdı – qayınanası xəstələnmişdi. Şeytan Məsihin şagirdini xidmətdən yayındırmağa çalışırdı, lakin İsa, Ondan xahiş etməsələr də, Peterin qayınanasının dadına yetişdi, heç bir kəlmə söyləmədən əlinə toxunaraq ona şəfa verdi. İsanın gücü qadına axan kimi xəstəlik onu tərk etdi. Məsih ardıcıllarının qohum-əqrəbasının qayğısına qalır, böyük mərhəməti sayəsində Ondan xahiş etməzdən əvvəl onlara şəfa verir.

Qadın tamamilə şəfa tapdı, qalxıb xidmət etməyə başladı. İnsan qızdırmadan təbii yolla sağalanda, hələ bir müddət zəif olur və işləyə bilmir. Burada isə şəfa tapan qadının dərhal qalxıb xidmət etməyə güc tapdığını görürük və hər kəs bildi ki, bu şəfa təbii müalicə yolu ilə baş verməyib.

Mərhəmət müqəddəsliyə və kamilliyə gətirir. Peterin qayınanası böyük şərəfə nail olsa da, özünü böyük saymadı, lakin bir xidmətçi kimi evdə hər kəsə xidmət etməyə başladı. Məsihin şərəfləndirdiyi adamlar özlərini aşağı tutmalıdırlar. Bu qadın xəstəlikdən qurtaran kimi İsaya necə xidmət edə biləcəyini düşünməyə başladı. Əslində belə olmalıdır – Məsihin şəfa verdiyi hər kəs ömrü boyunca özünü Onun qulu saymalı və həlimliklə Ona xidmət etməlidir.

İsanın səlahiyyətini görən insanlar aralarında peyda olan böyük Xilaskar barəsində qohum-əqrəbalarına, dost-tanışlarına danışmaqa, xəstələri Onun yanına gətirməyə başladılar. O da heç kimdən şəfanı əsirgəmədi, hətta imanı az və zəif olanlara belə şəfa verdi. İsanın daxilimizdə və ətrafımızda zəfər çalması üçün çox az iman belə, kifayətdir.

Müjdəçi Matta cinə tutulmuş bir çox adamın İsaya gəlib cinlərdən azad olduğunu xüsusilə qeyd etmişdi. İsa həmçinin cinlər üzərində hökmranlıq edir və heç şübhə yoxdur ki, bütün cinlər Onun sözlərinə tabe olur. Bu gün asi və itaətsiz nəsil içərisində yaşayan bizlər, qohum-əqrəbamızın, dostlarımızın zehinlərindən cinləri qovmaq istəyiriksə, İsanın sözlərindəki qüvvəyə ehtiyacımız var; onları Rəbbə gətirmək istəyiriksə, durmadan dua edib inanmalıyıq ki, O, onları azad etməyə qadirdir.

Müjdəçi Matta, Yeşaya Peyğəmbərin Kitabının 53-cü fəslindəki məşhur peyğəmbərlikdə Məsihin xilas işinin şərhini görüb. O fəsildə bizim xəstəliklərimizi və naxoşluqlarımızı Öz üzərinə götürərək bizi günahımızdan pak edən Rəbbin Qulu barədə çox gözəl yazılmışdır: “Əslində xəstəliklərimizi O çəkdi, dərdlərimizi Öz üzərinə götürdü… Bizim üsyankarlığımıza görə Onun bədəni deşildi, şər əməllərimiz naminə əzildi, bizim əmin-amanlığımız üçün O cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq”.

İsanın işlərinin, möcüzələrinin sirri məhəbbətində, bütün xəstəlik və günahlarımızı Öz üzərinə götürüb bizim əvəzimizə daşımağa hazır olmasındadır. Bəs kim Ona şükür edəcək, kim Onu şərəfləndirəcək, kim Ona iman gətirəcək?

DUA: Ey şəfqətli Olan, biz hamımız mənəvi xəstəyik. Eyiblərimizi, murdar fikirlərimizi etiraf edərək Sənə yaxınlaşırıq. Bizi bağışla və təqsirlərimizdən pak elə, cinlərin bizə üstün gəlməyinə imkan vermə! Qohum-əqrəbamız, dost-tanışlarımız üçün etdiyimiz dualara cavab ver! Müqəddəs Ruhuna qarşı duran ruhları onlardan qov və onları Sənin məhəbbətinlə doldur! Sənin adının izzəti naminə xidmət etməyimiz üçün hamımızı azad et və çoxlu problemlərimizdə bizə kömək et! Məsihin adı ilə köməyimizə gəl, dualarımıza cavab verdiyinə görə Sənə minnətdarıq! Amin.

SUAL:

  1. Peterin qayınanasının şəfa tapmasından nə öyrənirik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:40 AM | powered by PmWiki (pmwiki-2.2.109)