Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 083 (The Centurion’s Servant)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

2. Romalı yüzbaşının qulu şəfa tapır (Matta 8:5-13)


MATTA 8:5-13
5 İsa Kefernahuma girərkən bir yüzbaşı Ona yaxınlaşıb yalvardı: 6 «Ya Rəbb, xidmətçim iflic olub evdə yatır, çox iztirab çəkir». 7 İsa ona dedi: «Mən gəlib ona şəfa verəcəyəm». 8 Yüzbaşı cavab verərək dedi: «Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən. Ancaq bir söz söylə, onda xidmətçim sağalacaq. 9 Çünki mən də tabeçilik altında olan bir adamam, mənim də tabeçiliyimdə əsgərlər var. Birinə “Get!” deyirəm, o gedir, digərinə isə “Gəl!” deyirəm, o da gəlir. Quluma “Bunu et!” deyirəm, o da edir». 10 Bunu eşidən İsa heyrət etdi. O ardınca gələn xalqa dedi: «Sizə doğrusunu deyirəm: İsraildə heç kimdə belə böyük iman görmədim. 11 Sizə deyirəm ki, şərqdən və qərbdən bir çoxu gələcək və Səmavi Padşahlıqda İbrahimlə, İshaqla və Yaqubla bir süfrəyə oturacaq. 12 Amma bu padşahlığın əsl övladları isə qaranlıq çölə atılacaq. Orada ağlaşma və diş qıcırtısı olacaq». 13 Sonra İsa yüzbaşıya dedi: «Get, qoy sənin imanına görə olsun». Yüzbaşının xidmətçisi də o saat sağaldı.
(Mark 6:6; Luka 7:1-10; 13:28-29; Yəh. 4:46-53)

Yəhudi ənənəsinə görə, başqa millətlərdən olan hər kəs cüzamlı kimi murdar və iyrənc sayılırdı. Romalı yüzbaşının xidmətçisinə şəfa verməklə Məsih Musanın Qanununun mürəkkəb şərhlərinə qarşı zərbə endirdi. O, ölkəsini işğal etmiş ordunun nümayəndəsini bütün camaat qarşısında xoş qarşıladı. Bu əhvalat, Allahın gəlişinin təkcə yəhudilər üçün olmadığını sübut edir.

Bu adam müstəmləkəçi qüvvənin Kefernahumdakı en böyük nümayəndəsi idi. İsadan xidmətçisinə şəfa verməsini rica edən bu böyük adam bütün camaatın qarşısında, “Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən” deyə özünü aşağı tutdu, yəhudi ənənələrini də qəbul edərək başqa millətdən olduğuna görə İsanın onun evinə girməsinə layiq olmadığını etiraf etdi. O istəmirdi ki, İsa ona görə pərt olsun. Görünür ki, bu yüzbaşı müdrik və mədəni insan idi, romalıların adətən həqarətlə baxdıqları yəhudilərin adət-ənənələrinə hörmət edirdi. Bundan əlavə, onun öz xidmətçisi ilə oğlu kimi rəftar etməsində böyük məhəbbətini və təvazökarlığını görürük.

Bu adamın romalı yüzbaşı olduğu üçün yəhudilərin gözündə Roma boyunduruğu ilə əlaqəli olmasına baxmayaraq, “yəhudilərin Padşahı” olan Məsih onu şərəfləndirdi və bununla bizə bir daha düşmənlərimizlə xoş rəftar etməyi və milliyətçi ədavətinə yol verməməyi öyrətdi. Yüzbaşı başqa millətdən olduğu halda, Məsih camaatın içində onunla görüşdü və ricasını yerinə yetirdi.

Bundan əlavə, bu yüzbaşı Məsihin xəstəliklər üzərində səlahiyyətə malik olduğuna və hətta, komandir əsgərlərə əmr etdiyi kimi xəstəliklərə əmr etməyə qadir olduğuna inanırdı. Yüzbaşı Nazaretli İsanın təlimi və işləri haqqında məlumat topladıqça, Onun ruhlar, cinlər və xəstəliklər üzərində səlahiyyətinə get-gedə daha çox inanırdı. O, İsanın sözlərinin qüvvətli olduğuna əmin idi, buna görə də xəstəyə şəfa vermək üçün evə daxil olmağının vacib olmadığını düşünürdü. İsa uzaqdan əmr verdikdə belə, xəstəlik Onun əmrinə tabe olacaqdı, çünki bütün səmavi qüvvələr Onun sərəncamında idi.

Hətta Öz şagirdləri və xalqı içində bu qədər böyük imanı tapmayan Məsih yüzbaşından çox razı qaldı. Biz də ondan nümunə götürək, özümüzü aşağı tutaq, xidmətçilərimizi sevək və özümüzü Məsihin hüzuruna layiq görməyək. Eyni zamanda İsanın bizi sevdiyinə, kömək etmək istədiyinə də inanaq. Özümüzü Ona həsr edək, o zaman biz həm öz həyatımızda, həm də dostlarımızın həyatında Məsihin səmavi qüvvəsini görəcəyik. İsa Ona şəfa üçün müraciət edən bu adama əbədi xilasdan danışdı. O dedi ki, imanlılar cənnətdə İbrahim, İshaq və Yaqubla birlikdə ümidimiz olan Allahın hüzurunda rahatlığa qovuşacaqlar. Məsihin qüdrətinə iman etməyənlər isə Allahın məhəbbətini qəbul etmədiklərinə görə sonsuz ümidsizlik məkanına atılacaqlar.

Xidmətçi iflic olduğuna görə işləyə bilmirdi. O, sahibi üçün yük olmasına baxmayaraq, sahibi onu xəstəliyində rədd etmədi, qohum-əqrəbasının yanına göndərmədi, xəstəliyinə etinasız yanaşmadı, amma şəfası üçün hər çarəyə əl atdı. İndi ki xidmətçisi ona faydalı ola bilmirdi, o özü xidmətçiyə faydalı oldu. Yüzbaşının xidmətçiləri həmişə onun sözünə baxırdı və biz bunun səbəbini görə bilirik, axı onların sahibi onlarla çox şəfqətlə rəftar edirdi. Biz bizə xidmət edən adamların hüquqlarını əsla tapdalamamalıyıq, çünki biz onlarla eyni surətdə yaranmışıq, biri yaradan Allah birdir və Allahın önündə hamımız bərabərik.

Yüzbaşı öz xidmətçisi üçün sehrbazlardan, yaxud astroloqlardan yardım istəmədi, lakin Məsihə müraciət etdi. Həkimlər ümumiyyətlə iflicin qarşısında aciz idilər. Bu səbəbdən adamın Məsihə müraciəti, Məsihin qüdrətinə inandığını bildirir. Qanuna riayət etmək günahkara xilas verməz, ancaq İsaya bağlanmaq əbədi xilasa aparan yoldur. Aralarındakı məsafəyə baxmayaraq, Məsih yüzbaşının xidmətçisinə şəfa verdi, çünki Məsih zaman və məkanla məhdud deyildir. O, kainatın Rəbbidir və indi bu saat O sizə şəfa verə bilir, sizi xilas və təqdis edə bilir, çünki O, Atanın sağında oturmuşdur. O gözləyir ki, biz Allaha yaxınlaşaq, qohumlarımız və iş yoldaşlarımız üçün imanla şəfa istəyək; və O, böyük məhəbbəti ilə xahişimizə dərhal cavab verəcək.

Özlərini iftixarla “Padşahlığın övladları” hesab etməsinə baxmayaraq imansızlıqdan əl çəkməyən yəhudilər Allahın Cəmiyyətindən məhrum ola bilirlər. Qiyamət günündə adamın yəhudi, yaxud xristian olaraq doğulması, “Padşahlığın övladı” adlanması ona fayda verməz, çünki o gün insan adına görə yox, həyatına görə mühakimə ediləcək. “Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən” (Qal. 4:7). Halbuki çoxları yalnız zahirən övladlar kimi görünürlər. Ailədə yaşayan övlad ailənin övladı olmaya bilər. İmanlı valideynlərin övladı olmaq adama, şübhəsiz, müəyyən ruhani xeyir-dua verir və bu səbəbdən imanlıların uşaqlarını "Padşahlığın övladları" adlandırmaq olar. Lakin biz təkcə buna ümid bağlasaq və öz imanımız olmasa, Padşahlıqdan çölə atılacağıq!

Mat. 8:5-13-də oxuyuruq ki, yüzbaşı Məsihə yaxınlaşıb xidmətçisinə şəfa verməsini istəyir və İsa da ona “Mən gəlib ona şəfa verəcəyəm” deyə cavab verəndə, “Ya Rəbb, mən layiq deyiləm ki, Sən mənim evimə girəsən” deyir.

Lakin Luka 7:2-10-da nəql edilir ki, yüzbaşı İsanı yəhudi ağsaqqalları vasitəsilə çağırdı və İsa onun evinə yaxınlaşanda, Ona “Ya Rəbb, zəhmət çəkmə. Mən layiq deyiləm ki, Sən mənim evimə girəsən” desinlər deyə dostlarını göndərdi.

Bu iki əhvalatda ziddiyyət görənlərə bunu deyək ki, əslində Məsihi çağıran və gəlməsi üçün hər şeyi təşkil edən yüzbaşı idi: o, ağsaqqalları və dostları göndərdi və onların vasitəsilə Məsihlə danışdı. Məsələn, Süleyman məbəd tikdi deyirik, ancaq həqiqətdə məbəd tikdirdiyini nəzərdə tuturuq. Eyni şəkildə Yəh. 4:1-də Məsihin insanları vəftiz etdiyini oxuyuruq, lakin növbəti ayə “əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi” (4:2) deyə dəqiqləşdirir. Yüzbaşının xahişi də belə idi, onu Məsihə çatdıran yəhudi ağsaqqallar idi, lakin yüzbaşının xahiş etdiyini də söyləsək, yalan olmaz. O ki qaldı “mən layiq deyiləm ki, Sən mənim evimə girəsən” sözlərinə, yüzbaşı bunları həqiqətən İsa ilə üz-üzə görüşəndə dedi. Əvvəl, Məsih onun evinə yaxın olanda dostlarını göndərmişdi və dostları onun dediyini Məsihə çatdırdılar, sonra isə yüzbaşı özü evdən çıxıb Məsihə bu sözləri təkrar etdi.

DUA: Sənə səcdə qılırıq, ey Səmavi Ata, çünki Sən, müqəddəslərlə birlikdə rahatlığına qovuşaq deyə bizi Məsihdə seçmisən. İman azlığımızı, etimad zəifliyimizi bağışla! Bizi və dostlarımızı imansızlıq və günah xəstəliyindən qurtaracağına dair Sənə güvənməyi bizə öyrət! Bizdə həlimliyi, sınmış qəlbi, başqalarına qarşı məhəbbəti yarat, qoy biz onların xilası üçün can yandıraq və onları xilas etməyin üçün Sənə yalvaraq!

SUAL:

  1. Niyə yüzbaşının imanı böyük idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:40 AM | powered by PmWiki (pmwiki-2.2.109)