Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 085 (Principles of Following Jesus)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

4. İsanın yolunu tutmağın əsas şərtləri (Matta 8:18-22)


MATTA 8:18-20
18 İsa ətrafında izdihamı gördükdə əmr verdi ki, o biri sahilə keçsin. 19 Bu zaman bir ilahiyyatçı Ona yaxınlaşıb dedi: «Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm». 20 İsa ona dedi: «Tülkülərin də yuvası, göydə uçan quşların da yuvası var. Amma Bəşər Oğlunun başını qoymağa belə, yeri yoxdur».
(Luka 9:57-60; 2Kor. 8:9)

Barışma qüvvəsinin mənbəyi Məsihdir. Məsih Ona iman edənlərə bol məhəbbətini bəxş edir, ürəklərini dəyişdirir, zehinlərini nurlandırır. Ehtiyacı olanlara şəfa verən Məsih Özü əlindəki ilə kifayətlənirdi. Onun Öz evi, yuvası yox idi, O Özünü bu dünyanın tələlərindən qorudu, dünyanın arzu etdiyi şeyləri istəmədi. Xəstələrə şəfa verdi, xidmət etdi, lakin Özü onlardan heç nə istəmədi.

Məsih yoxsul idi və Onun yoxsulluğu ardıcıllarını boş-mənasız arzulardan, hansısa vəzifə, pul, var-dövlət əldə etmək ümidlərindən azad edir. Məsihin Cəmiyyətinin çox mal-mülkü, pulu olsaydı, o artıq həqiqi İmanlılar Cəmiyyəti olmazdı, axı Allahın məhəbbəti bizi əldə etdiyimiz sərvəti yığmağa deyil, xərcləməyə vadar edir. İsanın ardınca gedirsənsə, varlanmağı arzulama, maddi baxımdan təmin olunmaq, yaxud cəmiyyətdə önəmli vəzifə tutmaq həvəsinə düşmə. Öz ürəyində Allahın qüvvəsinə, Onun Ruhunun təsəllisinə, məhəbbətinin səndən məzlum insanlara axmasına nail olmağa çalış. Məsihi imanlının üstünlüyü, xüsusi hüququ budur!

Burada İsa fərqli xasiyyətlərə malik olan iki adama cavab verir: birincisi cəld və fəal (ayə 19), ikincisi isə süst və yavaş tərpənən (ayə 20) idi. İsa hər birinə xasiyyətinə görə cavab verir və cavablarında biz özümüz üçün də çox fayda tapa bilərik.

Birinci adam vədlər verməyə tələsirdi. O, Tövratı araşdıran, şərh edən din alimlərindən idi. Məsihin ardınca getməyə hazır olduğunu “Müəllim! Sən hara getsən, Sənin ardınca gedəcəyəm” sözləri ilə elan etdi. Bundan gözəl sözlər varmı! O səmimi olaraq özünü Məsihə həsr etmək istəyirdi. Onu nə Məsih, nə də şagirdləri dəvət etmişdi. Müəllimin ardınca getmək, Ona yaxın olmaq o adamın öz arzusu idi. Heç kim onu iqna etməmişdi, o özü könüllü olaraq bu qərara gəlmişdi. Onun bu qədər əzmlə danışmasından çoxdan bu barədə düşündüyünü güman etmək olar. “Sənin adrınca getmək haqqında düşünürəm” demədi, lakin qəti şəkildə “Müəllim! Sənin ardınca gedəcəyəm” deyə elan etdi. Heç bir şərt qoymadan “Sən hara getsən, Sənin ardınca gedəcəyəm” dedi. Bu adam gölün o biri tayına keçməkdən söhbət etmirdi, dünyanın qurtaracağına qədər getməyə hazır idi! Biz deyərdik ki, bu kimi şagirdə tam inanmaq olar. Ancaq Məsihin cavabı onun qərarının tələsik, niyyətlərinin isə cismani olduğunu göstərir. O, Məsihin etdiyi möcüzələri görəndə Onun bu dünyada müvəqqəti padşahlıq quracağını ümid edirdi. Buna görə, padşahlıq qurulmamışdan, özünə yaxşı bir payının düşməsi üçün çalışırdı.

Məsih onun səmimi olub-olmadığını yoxlamaq üçün ardınca getməyə can atdığı “Bəşər Oğlu”nun Özünün də başını qoymağa belə yeri olmadığını bildirdi. Biz Məsihin şiddətli yoxsulluğunu düşünəndə təəccüblənirik ki, Allahın Oğlu dünyaya gələndə Özünü o qədər aşağı tutmuşdu ki, yuvaları olan heyvanlardan belə daha yoxsul vəziyyətdə idi! Biz düşünərdik ki, Rəbb bizim bəşəri təbiətinə bürünmək qərarına gəldisə, vəziyyəti ən yaxşı və rahat olacaq. Lakin O Özünü, əksinə, ən pis vəziyyətə qoymuşdu!

Ən ibtidai heyvan növləri yaxşı təmin olunur. Tülkülərin yuvaları var və bunu Allah eləyir, baxmayaraq ki, onların yuvalarının insana xeyri dəymir, əksinə, bu heyvanlara qarşı mübarizə aparmaqda çətinlik törədir. Tülkünün yuvası, onun qalası, sığınacağıdır. Quşlar da özünə görə qayğı çəkməsə də, yuva ilə təmin olunur.

Rəbbimiz İsa Məsih bu dünyada yaşayanda hər cür yoxsulluqdan əziyyət çəkdi. O “uğrumuzda yoxsullaşdı”, özü də o qədər çox yoxsullaşdı ki, dincəlməyə belə yeri yox idi, Öz evi, başını qoymaq üçün yastığı yox idi. O, şagirdləri ilə birlikdə insanların ianələri ilə dolanırdı. Məsih bunu yalnız təvazökarlıq göstərmək və Onun yoxsul olacağını bildirən Müqəddəs Yazını yerinə yetirmək üçün deyil, həm də bizə dünyəvi zənginliyin puç olduğunu göstərmək və dünyəvi mallara müqəddəs həqarətlə yanaşmağı öyrətmək üçün edirdi; o zaman Məsih bizə daha yaxşı şeylər verəcək və bizi ruhani mənada varlandıracaq.

Məsihin Onun ardınca getmək istəyən bu ilahiyyatçıya bu cür cavab verməsi qəribə görünür. Biz düşünürük ki, onu dəstəkləmək lazım idi, “Əlbəttə, Mənim yanıma gəl, ardımca gəl, Mən Özüm sənin qeydinə qalacağam”. Axı ilahiyyatçı Məsihə on iki balıqçıdan daha yaxşı xidmət edə bilərdi! Lakin Məsih onun ürəyinə, fikrinə agah idi və ona necə cavab verəcəyini bilirdi. Bu yolla Məsih bizə Ona necə yaxınlaşmalı olduğumuzu öyrətmişdir.

Məsih istəyir ki, biz ruhani həyatımızda hər hansı bir iş etməyə qərar verməzdən əvvəl oturaq və hər şeyi ölçüb-biçək. Bu kimi qərarlar yalnız ciddi düşüncədən sonra verilməlidir. Biz möminlik yolunu, başqa yol olmadığına görə yox, daha yaxşı yol olmadığına görə seçməliyik. İnsanlara Məsihin yolunu izah etmədən tez-tələsik Məsihə iman etdirmək məsihi inancına ziddir. Hər hansı əqidəni təzyiq altında qəbul edən tezliklə ondan üz döndərər və onun düşməni olar. Buna görə biz insanlarla kifayət qədər vaxt keçirərək ruhani şeyləri izah etməliyik. Məsihin ardınca getmək istəyən adam ən qorxunc ehtimalı belə dəyərləndirməlidir, çətinlik və əziyyətlərə hazır olmalıdır.

İsa heyvanlardan da yoxsul, quşlardan da çətin vəziyyətdə olduğunu deməsi ilə, Özünü dünyanın alimləri və din rəhbərlərindən nə qədər fərqləndiyini göstərdi. Onun bu dünyada bir yurdu yox idi. O burada gəlmə və qərib, insanlar tərəfindən rədd olunan, Öz xalqı tərəfindən çarmıxa çəkdirilən adam idi. Onun ardınca gedənlər də bu dünya üçün yad və yoxsul olacaqlar.

Bəs sən bütün çətinliklərə, əziyyətlərə rəğmən İsanın ardınca getməyi qərara almısanmı?

DUA: Ey Səmavi Ata, bizim vətənimiz Sənin yanındadır! Bu dünyada günah və pul hökm sürür. Biz burada qəribik. Bizə kömək et ki, burada varlanmağın, şərəfin və maddi təminatın ardınca düşməyək! Bizi boş arzu-istəklərimizdən azad et və dəyişdir ki, biz ətrafımızdakı insanlara xidmət edək və onları xilasa gətirək!

SUAL:

  1. İsa nə dərəcədə yoxsul və əlindəki ilə kifayətlənən insan idi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:40 AM | powered by PmWiki (pmwiki-2.3.3)