Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 077 (Paul’s Expectations in his Journeys)
This page in: -- Afrikaans -- Arabic -- Armenian -- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Hebrew -- Hindi -- Indonesian -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Spanish? -- Telugu -- Turkish -- Urdu? -- Yiddish

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
Əlavə - Paulun şəxsiyyəti haqqındakı xüsusi məlumat (Romalılar 15:14 – 16:27)

3. Paulun səyahətləri ilə bağlı arzuları (Romalılar 15:22-33)


ROMALILAR 15:22-33
22 Bu səbəbdən sizin yanınıza gəlmək niyyətim bir neçə dəfə əngəlləndi. 23 İndi isə bu diyarlarda işləyəcəyim başqa bir yer qalmır, illərdir ki, yanınıza gəlməyi arzu edirdim. 24 Buna görə İspaniyaya getmək niyyətindəyəm və ümidvaram ki, yolüstü sizi də görüm və əvvəl qısa müddət də olsa, dostluğunuzdan zövq alandan sonra məni oraya yola salasınız. 25 Amma indi mən müqəddəslərə yardım etmək üçün Yerusəlimə gedirəm. 26 Çünki Makedoniya və Axayyada olanlar Yerusəlimdə müqəddəslər arasındakı kasıblar üçün ianə yığmağı məsləhət bildilər. 27 Əlbəttə, özləri məsləhət bildilər, həm də əslində onlara borcludurlar. Çünki başqa millətlər Yerusəlim müqəddəslərinin ruhani nemətlərinə şərik oldularsa, maddi nemətləri ilə onlara xidmət etməyə borcludurlar. 28 Beləcə bu işi başa çatdırıb əldə olunan səmərəni onlara çatdırandan sonra sizin yerlərdən keçib İspaniyaya gedəcəyəm. 29 Bilirəm ki, yanınıza gələndə Məsihin tam xeyir-duası ilə gələcəyəm. 30 Ey qardaşlar, Rəbbimiz İsa Məsihin xatirinə, Ruhun məhəbbəti naminə sizə yalvarıram, Allaha mənim üçün etdiyiniz dualarda mənimlə birlikdə mübarizə aparın ki, 31 Yəhudeyada olan imansızlardan xilas olum və Yerusəlimə olan yardımımı müqəddəslər qəbul etsin. 32 Beləliklə, istəyirəm ki, Allahın iradəsi ilə sevinclə yanınıza gəlib sizinlə könlümü fərəhləndirim. 33 Qoy sülh qaynağı olan Allah sizin hamınızla olsun. Amin.

Plan quran insandır, yerinə yetirən isə Allahdır. Paul gələcək səyahətləri barədə düşünürdü, buna görə həvəslə dua edirdi. O artıq Aralıq dənizinin şimalı və şərqində yerləşən ölkələrdə amansız təqiblərə baxmayaraq vəz etmiş və çoxlu cəmiyyətlər qurmuşdu. Bundan sonra o Roma dövlətinin qərbində və eləcə də soyuq şimali Avropada Müjdəni yaymaq və beləcə o zaman məlum olan dünyanı Allahın Oğlunun ayaqlarına tabe etmək arzusunda idi.

Paul Romadakı imanlılar cəmiyyətinin iman, məhəbbət və ümidini qüvvətləndirmək üçün dəfələrlə Romaya getməyə çalışdığını etiraf etdi. Amma meydana gələn problemlər üzündən və eləcə də Kiçik Asiya və Yunanıstanda yaranan imkanlara görə həvarinin bu niyyəti, Romaya səyahət etmək əzmi əngəllənmişdi.

Romada onun iştirakı olmadan yaranan və böyüyən imanlılar cəmiyyəti ilə şəxsən tanış olmaq və onu imanda möhkəmləndirmək üçün illərdir ki, Romanı ziyarət etməyi arzulayan Paul bu dəfə İspaniyaya səyahət etmək və yolüstü Romaya gəlib müxtəlif cəmiyyət üzvlərini görmək niyyətində idi. Paul Romadakı cəmiyyətin onun İspaniyada başlayacağı yeni xidməti dua, ianə və əməli yardımla dəstəkləyəcəyinə ümid edirdi. Gələcək xidmətinin onun şəxsi işi olmasını istəməyən Paul bunda onların da töhfəsinin olmasını istəyirdi. Ancaq Paul əvvəlcə yunan cəmiyyətlərin topladıqları ianələri Yerusəlimə aparmağı lazım bilirdi. Bu ianələr, Məsihin çox tez gələcəyinə inanaraq imanla mülklərini satmış və qıtlıqdan əziyyət çəkən ən birinci imanlılar cəmiyyətinin kasıb üzvləri üçün toplanmışdı. Paul Anadolu və Yunanıstanda yeni qurulmuş imanlılar cəmiyyətlərində bu ağır vəziyyətə görə münzətəm olaraq imanla dua etməyi və eləcə də zəhmət çəkməyi öyrədirdi. İmanlıların Məsihi gözləməsi güzəransız qalmasına səbəb olmamalı idi. Buna görə Paul Salonikdəki imanlılara yazmışdı ki, kim işləmək istəmirsə, yemək də yeməsin (2Sal. 3:10). Lakin Yerusəlimdəki cəmiyyətin kasıb imanlıları elə vəziyyətdə idi ki, onlara mali yardım etmək lazım idi. Paul bütpərəst mənşəli imanlıların bu fədakar yardımını inamlarının həqiqi olmasının sübutu sayırdı.

Həvarinin qənaətincə, başqa millətlərdəki yeni cəmiyyətlər Yerusəlimdəki ilk imanlılar cəmiyyətinə bəxş edilmiş ruhani zənginliyə şərik olduqlarına görə yəhudi mənşəli məsihilərə yardım etməyə borcludurlar. Çünki Yerusəlimdəki ilk imanlılar əldə etdikləri ruhani ənamları və bilikləri hamı ilə səxavətlə bölüşmüşdülər. Elə buna görə Paul yazırdı ki, başqa millətlərdə yeni yaranan cəmiyyətlərdəki imanlılar Qüdsdəki kasıb müqəddəslərin dünyəvi ehtiyaclarında onların köməyinə yetişməyə borcludurlar. Paulun sözlərindən elə nəticə çıxır ki, möhtaclara yardım etmək həmişə hər yerdə imanlıların müqəddəs vəzifəsi qalacaqdır.

Paul bu pulları Qüdsə çatdırdıqdan sonra Romadakı imanlılara Məsihin bol ruhani xeyir-duasını çatdırmaq üçün Romadan keçərək İspaniyaya getmək istəyirdi. Ancaq o, ürəyində hiss edirdi ki, Yerusəlimə səyahəti ona ciddi problemlər törədəcək, çünki o əvvəlcə oradakı cəmiyyətlər arasında qalmışdı və onların Musanın Qanununa riayət etdiklərini və başqa millətlərdən Məsihə imana gələnlərə görə narazı olduqlarını bilirdi. Yəhudi mənşəli imanlılar bu ianələri yəhudi olmayanlar tərəfindən toplandığı üçün qəbul etmək istəmirdi. Bundan əlavə, ilahiyyatçılar və fariseylər Paula qarşı ədavət bəsləyir, onu öldürmək istəyirdi. Bu səbəbdən Paul Romadakı imanlılardan İsanın onu qoruması və Qanun deyil, lütf ilə saleh sayılmaq həqiqəti uğrunda apardığı ruhani mübarizədə ona dəstək olması üçün dua etmələrini xahiş edirdi. İsadan uzaq olan və Paulu ölümə məhkum etməyə çalışan yəhudilərə isə o, “imansızlar” deyirdi. Paul Yerusəlimdə çox əziyyət çəkəcəyini bildiyi halda, oraya getdi, necə ki Məsih müqəddəsləri öldürən bu şəhərə gedib, bizim uğrumuzda ölüb və saleh sayılmağımız üçün dirilib. Beləcə Məsihin gücsüzlüyü bizim üçün zəfərə çevrilmişdir!

Paul bütün plan və niyyətlərini yekunlaşdıraraq, Allah qoysa, Romadakı qardaşlarının yanına sevinclə gələcəyini söylədi. Həvari Məktubuna dua ilə xitam verdi: Sülh qaynağı olan Allah imanlıların hamısı ilə olsun, hətta əgər onlar halal və haram yeməklər, sünnət və digər ikinci dərəcəli məsələlərdə bir-birindən fərqli düşünsələr belə.

DUA: Ey Səmavi Ata, Oğlun İsa Məsihin vasitəsilə Sənə şükür etmək hüququnu əldə etmişik. Paulun bütün insanlara Müjdəni vəz etmək və bütün xalqları Sənə itaətə gətirmək əzminə görə Sənə minnətdarıq! Lakin o özü məhbus kimi Romaya aparıldı, alçaldılıb təhqir edildi. Onun Məktublarına, dualarına, iman və ümidinə görə Sənə şükür edirik! Bizə kömək et ki, özümüzü düşünmədən, Sənin xidmətə dəvətini eşidək!

SUAL:

  1. Qüdsdə onu çoxlu əziyyət və təhlükələrin gözlədiyini bilən Paul niyə İspaniyaya səyahətindən əvvəl Qüdsə getmək istədi?

www.Waters-of-Life.net

Page last modified on June 26, 2013, at 09:57 AM | powered by PmWiki (pmwiki-2.2.109)