Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Romans - 057 (Is Israel Responsible for their Unbelief?)
This page in: -- Afrikaans -- Arabic -- Armenian-- AZERI -- Bengali -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Hebrew -- Hindi -- Igbo -- Indonesian -- Javanese -- Kiswahili -- Malayalam -- Polish -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

ROMALILAR - Rəbb Salehliyimizdir
Həvari Paulun Romadakı İmanlılar Cəmiyyətinə Məktubu
HİSSƏ 2 - Yaqubun seçilmiş övladlarının büdrəyib-yıxılmasına rəğmən dəyişməz qalan Allahın salehliyi (Romalılar 9:1 - 11:36)
4. Allahın salehliyi Qanuna riayət etmək cəhdləri ilə deyil, yalnız imanla əldə edilir (Romalılar 9:30 - 10:21)

d) İsrail öz imansızlığından məsuliyyət daşıyırmı? (Romalılar 10:16-21)


ROMALILAR 10:16-21
16 Amma Müjdəyə hamı qulaq asmadı. Çünki Yeşaya deyir: «Ya Rəbb, xəbərimizə kim inandı?» 17 Beləliklə, iman eşitməkdən, eşitmək də Məsihin kəlamı vasitəsilə yaranır. 18 Lakin soruşuram: məgər onlar eşitmədilər? Əlbəttə ki, eşitdilər: «Avazları bütün dünyaya yayıldı, sözləri yerin ucqarlarına çatdı». 19 Bir də soruşuram: məgər İsrail anlamadı? Musa ilk olaraq deyir: «Mən sizi xalq olmayanlarla qısqandıracağam, axmaq bir millətlə qəzəbləndirəcəyəm». 20 Yeşaya isə cəsarətlə deyir: «Rəbb deyir: “Məni axtarmayanlar tərəfindən tapıldım, Məni soruşmayanlara Mən zühur etdim”». 21 İsrail barədə isə belə deyir: «Gün boyu itaətsiz, dikbaş xalqa əllərimi uzadıb durdum».

Paul Romadakı imanlılar cəmiyyətinə qəti şəkildə elan etdi ki, Məsihi gözləyən yəhudilərin əksəriyyəti Onu tanımayıb və Onun qələbəsi barədəki Müjdəni dərk etməyib, ancaq hər zaman Allahın Kəlamına qarşı durublar. İki min yeddi yüz il bundan öncə yaşamış Yeşaya Peyğəmbər də öz dövründə xalqı üçün dua edib əziyyət çəkir və “Xəbərimizə kim inandı?” (Yeş. 53:1) deyirdi.

Çox yəhudi Müjdəni eşidib, amma anlamayıb və buna görə İsaya iman etməyib. Onların içində bir neçə adam onlara verilən lütfü hiss edib, lakin tabe olmaq istəməyib. Onlar böyüdükləri imansız mühiti və daşürəkli millətini Rəbb və Xilaskardan daha çox seviblər; rəhmli Yaradandan yox, insanlardan qorxublar.

Paul onların Allahdan uzaqlaşması barədə dediklərini yekunlaşdıraraq deyir ki, iman vəzdən gəlir. Müjdənin sənə necə gəlib-çatmasının fərqi yoxdur – o bir ilahi nəğmə və ya bir ayə vasitəsilə gələ bilər, amma önəmlisi budur ki, Allah sənin ürək qapını vuranda, sən Ona açasan, əks təqdirdə Rəbb səndən yan keçə bilər! Kaş Müjdəni vəz edən hər kəs çətin anlaşılan bəlağətli cümlələr qurmaq əvəzinə sadə danışa! Allahın Kəlamını vəz edən adam dinləyicilərinə anladıqları dildə müraciət etməli və Müjdəni qismən yox, tam şəkildə çatdırmalıdır. Hər vaiz məhəbbət və şəfqətlə, həyatdan misallar gətirərək danışmağı öyrənməlidir. Allahın Kəlamını dua ilə və Allahın iradəsinə görə yaymaq lazımdır. Kəlamı vəz edən, söylədiyi hər sözə inanmalı və həmişə Allaha şükür etməlidir!

Müjdəni yaymaq sadəcə olaraq nəzəriyyə deyil, Rəbdən bir çağırış, Onun qüvvəsi ilə yerinə yetirilən əmri, tapşırığıdır. Buna görə Rəbbə iman etmək, İncilə etiqad etməkdən daha önəmlidir, çünki Rəbbin Kəlamını bizə O Özü verib və biz bu Kəlamı dinləyicilərimizə söyləməliyik, onlara xəbərdarlıq və məsləhət verməli, onları dəvət və təşviq etməliyik! Kəlamı danışan adam Məsihin sadiq nümayəndəsi kimi Onun adından danışmalıdır. Həvari Paul yazmışdır: “Beləliklə, biz Məsihin nümayəndələriyik, sanki Allah bizim vasitəmizlə rica edir. Məsihin adı ilə yalvarırıq ki, Allahla barışın” (2Kor. 5:20).

Paul belə sual qaldırır ki, ola bilsin, yəhudilərin çoxu hələ Məsihin xilasından bircə kəlmə belə eşitməyiblər və onlara heç kəs yeganə Xilaskar barəsindəki Müjdəni izah etməyib. Həvarinin bu sualına verdiyi cavab Zəbur 19:6-da tapılır: Allahın Kəlamı salehlik günəşi kimidir – “Bir tərəfdən çıxır, göylərdə dövrə vurur, heç nə istisindən gizlənə bilmir”. Günəş bütün dünyanı nurlandırdığı kimi, Müjdə də həmçinin dünyanı nurlandırır! İsanın dövründə camaat hər yandan gəlib İsanın yanında toplaşır, möcüzələrini görmək və sözlərini eşitmək istəyirdi. Biz bu gün deyirik ki, eşitmək istəyən eşidəcək və axtaran tapacaq! Həqiqətən, bu gün çap materialları və kütləvi informasiya vasitələri Müjdəni eşitmək istəyən hər kəsə bu fürsəti verir!

Bu gün insan seçim qarşısında durur: Pul, yoxsa Ruh? Pul, yoxsa Allah? Şan-şərəfə, qüdrətə, cinsi həzzə, əyləncələrə can atacağammı, yoxsa Allahın Kəlamını eşidib ona tabe olmağı seçəcəyəm? Əksər insanlar bütün həyat sahələrində özlərini razı salmaq məqsədi ilə yaşayırlar. Həqiqətən Yaradanının səsinə qulaq asmaq, Ona xidmət etmək kim istəyir? Paul sual verməyə davam etdi: “Bəlkə, Yaqubun övladları onlara deyilən sözü anlamayıblar? Bəlkə də Müjdə onlara tam şəkildə çatdırılmayıb?” Allahın bu suallara verdiyi cavab Musanın Tövratında yazılıb: “Mən onları xalq olmayanlarla qısqandıracağam, axmaq bir millətlə qəzəbləndirəcəyəm” (Qanun. 32:21).

Rəbb Musaya bu sözləri dedikdə bunu nəzərdə tuturdu: “Siz Mənim Kəlamımı eşitmək istəmədiyiniz üçün, Mən də Özümü və məhəbbətimi seçilməmiş, cahil xalqa verəcəyəm. Siz görəndə ki, Mən lütfümü məğrur, təşəxxüslü olan sizlərə deyil, seçilməmiş xalqa verdim, qısqanıb qəzəblənəcəksiniz! Mən o xalqı haqq yola gətirəcəyəm və onlar Mənə həqiqətən məhəbbət və ehtiramla yanaşacaqlar.

Məsih doğulmazdan yeddi yüz il əvvəl Allah Yeşaya Peyğəmbərə qəti şəkildə elan etmişdi: “Məni soruşmayanlara Mən zühur etdim, Məni axtarmayanlar tərəfindən tapıldım” (Yeş. 65:1; Rom. 9:30). Bu gün biz görürük ki, Allah imansızların Onun var olduğunu dərk etməsi üçün onların yolunda maneələr törədir, Onu düşünməyənlərə yuxular, hadisələr, xəstəliklər vasitəsilə danışır. Elm dünyasında həmçinin professorların çoxu “Kainat necə meydana gəlib?” sualının cavabını yalnız Yaradanda tapırlar. Eyni zamanda Allahın qədim xalqı Ona xor baxır, Ondan uzaqlaşır. Rəbb əvvəlcə tanınmayan xalqları Öz xalqına döndərmək üçün min yol tapar. Bu həqiqət bir sirr idi və Paul müjdəçi səyahətlərində həm kədər, həm də sevinclə bu sirri elan edirdi (Həv. 28:24-31).

Allah həmçinin Yeşayaya belə deyib: “Dikbaş xalqa gün boyu əllərimi uzadıb durdum, o xalq ki... gözüm önündə daima Məni təhqir edir” (Yeş. 65:2-3). Bununla Allah bizə bildirib ki, uşağına həlak olmaması üçün əllərini uzadan bir ana kimi, Allah da itaətsiz xalqına əllərini uzadır! Rəbb xalqını xilas etmək istəyir! Ancaq onlar Onu eşitmək istəmədilər, bilə-bilə Kəlamını pozdular və nifrətlə Allaha qarşı baş qaldırdılar.

Allahın, Onu saymayan, Ondan uzaqlaşan adamlara məhəbbəti nə böyükdür! O onları sapdırmır, lakin daim onlara məhəbbət göstərir. Ancaq axırda Uca Hakim seçilmiş xalqının böyük hissəsini məhkum edəcək. Çünki onlar şüurlu olaraq Allaha tabe olmurlar, onları xilas etməsini istəmirlər. Uçuruma getdiyi barədə xəbərdarlıq edildiyi halda inadkarcasına uçuruma doğru gedən və axırda oraya düşən kor adama bənzəyirlər! Allah İsrailə elan edib ki, O onları çox sevsə də, onlar pis vəziyyətlərindən tam cavabdeh olacaqlar.

DUA: Ey Ata, İsa Məsihin Atası, Sən bizim də Atamızsan, uşağı yıxılmaqdan qorumaq üçün ona əllərini uzadan ana kimi bizə əllərini uzadırsan! Məhəbbətinə görə Sənə səcdə qılır və Yaqubun övladlarının qulaqlarını açmağını Səndən diləyirik, belə ki onlar İsanın Kəlamını eşidib ona sevinc və şükür ilə əməl etsinlər!

SUALLAR:

  1. Bu gün Müjdəni eşitmək istəyən hər kəs necə onu eşidə, anlaya və qəbul edə bilər?
  2. Niyə Allah bütün xalqlardan İsaya gəlib yenilənən ayrı-ayrı insanları Öz xalqı etdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 07:50 AM | powered by PmWiki (pmwiki-2.3.3)