Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 121 (The shipwreck on Malta)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
F - QEYSƏRİYYƏDƏN ROMAYA DƏNİZ SƏYAHƏTİ (Həvarilərin İşləri 27:1 - 28:31)

2. Dənizdə fırtına qopur və gəmi Malta adasında qəzaya uğrayır (Həvarilərin İşləri 27:14-44)


HƏVARİLƏRİN İŞLƏRİ 27:27-37
27 On dördüncü gecə idi ki, biz İoniya dənizində sürüklənirdik. Gecə yarısına yaxın gəmiçilər hiss etdilər ki, quruya yaxınlaşırlar. 28 Suyun dərinliyini ölçəndə gördülər ki, iyirmi qolacdır. Bir az gedəndən sonra bir daha ölçdülər və gördülər ki, on beş qolacdır. 29 Qayalığa çıxmaqdan qorxaraq gəminin dal tərəfindən dörd lövbər atıb sabahın açılması üçün dua etdilər. 30 Belə olanda gəmiçilər qaçmağa çalışıb gəminin qabaq hissəsindən lövbərlər salmaq bəhanəsi ilə qayığı dənizə endirdilər. 31 Amma Paul yüzbaşıya və əsgərlərə dedi: «Bunlar gəmidə qalmasalar, siz xilas ola bilməzsiniz». 32 Bundan sonra əsgərlər qayığın iplərini kəsib onu dənizə saldılar. 33 Dan yeri söküləndə Paul hamıya yemək yeməyi təkid edərək dedi: «Bu gün on dörd gündür ki, nigarançılıq içindəsiniz və heç nə yemədiyinizə görə acsınız. 34 Bunun üçün sizdən xahiş edirəm ki, yemək yeyəsiniz. Bu, xilasınız üçün lazımdır. Heç birinizin başından bir tük belə, əskik olmayacaq». 35 Paul bunu deyəndən sonra çörək götürdü və hamının qarşısında Allaha şükür edərək çörəyi bölüb yeməyə başladı. 36 Bundan hamı ürəklənib yemək yedi. 37 Gəmidə cəmi iki yüz yetmiş altı nəfər idik.

On dörd gün böyük dalğalarda, təhlükədə adama uzun zaman kimi gəlir. Yellənən gəmidə yarım ay əbədiyyət kimidir. İstiqamətini itirib ölümün gözlərinə baxan adam dəfələrlə sanki ölüb dirilir. Paul isə öz səmavi istiqamətini itirməmişdi, ona görə dua edib imanını, sülhünü qoruyub saxlamışdı. Onun kompasının əqrəbi daim Allaha işarə edirdi. O, Məsihin qanı ilə təmizlənərək salehliyindən təsəlli alırdı.

Gecə yarısında dənizçilər birdən hiss etdilər ki, quruya yaxınlaşırlar. Tez-tələsik dərinliyi ölçdülər və dərinliyin azaldığını təsbit etdilər. Onlar sahilə yaxınlaşırdılar. Gəminin qayaya dəyib parçalanmasından qorxan dənizçilər gəminin qabaq hissəsindən lövbər saldılar və eyni zamanda balaca qayıqda qaçmağa cəhd etdilər. Necə də alçaq, xain plandır! Təcrübəli Paul dənizçilərin planını təxmin edib yüzbaşına söylədi və yüzbaşı dərhal o balaca qayığın asıldığı kanatların kəsilməsini əmr etdi. Qayıq suya düşdü. Mələk Paula demişdi ki, hamı xilas olacaq, bəziləri yox. Şeytan Allahın planını pozmaq üçün dənizçilərin hiyləsindən istifadə etmək istəmişdi, amma ayıq həvari bu işi qabaqladı.

Ondan sonra Paul bildi ki, onlara yaxında fiziki güc lazım olacaq. Gəmidəkilər artıq oruc tutmamalı, əksinə, hər kəs yemək yeməli idi. O qaranlıq gecədə fırtınalı dənizdə o hamını oturub rahat-rahat yemək yeməyə dəvət etdi. Bundan aydın olur ki, Paul gəmidə ruhani rəhbər rolunu oynayırdı. Onun səlahiyyəti, dözümü, imanı və cəsarəti hər kəsə təsir edirdi. Hamı diqqətlə ona baxırdı. Orucun bitdiyini elan edən həvari çörəyi kəsdi, dua etdi və fırtına içində Allaha lütfünə görə şükür etdi. Hamı onun dövrəsinə yığıldı və uzun aclıqdan sonra iştahla yeməyə girişdi. Allahın onları xilas edəcəyinə inanmışdılar. Paul Rəbbin adı ilə onları inandırdı ki, gəmi dalğaların zərbəsindən dağılsa belə, onların başlarından bir tük düşməyəcək. Həvarinin imanı hədsiz çətinliklərə baxmayaraq getgedə artırdı. Məsihin vədi onun üçün üzləşdiyi sıxıntıların hamısından daha çox önəmli idi.

HƏVARİLƏRİN İŞLƏRİ 27:38-44
38 Hamı doyandan sonra buğdanı dənizə boşaldaraq gəmini yüngülləşdirdilər. 39 Hava işıqlananda gördükləri qurunu tanıya bilmədilər. Amma qumsal sahili olan bir körfəz gördülər. Qərara aldılar ki, imkan varsa, gəmini orada oturtsunlar. 40 Lövbərləri kəsib dənizdə qoydular. Eyni zamanda sükanları saxlayan kəndirləri açıb qabaq yelkəni qaldıraraq qumsallığa tərəf yönəldilər. 41 Gəmi isə dayazlıqda qum üstündə oturdu. Gəminin başı quma batıb tərpənməz oldu. Dal tərəfi isə dalğaların zərbəsindən sınmağa başladı. 42 Əsgərlər məhbusları öldürmək istəyirdi ki, heç biri üzərək qaçmasın. 43 Amma Paulu xilas etmək istəyən yüzbaşı əsgərləri bu fikirdən daşındırdı. Əmr etdi ki, əvvəlcə üzmək bacaranlar dənizə tullanıb üzsünlər, 44 sonra dalda qalanlar ya taxtalar ya da gəminin başqa parçaları üzərində sahilə çıxsınlar. Beləliklə, hamısı sağ-salamat quruya çıxdı.

Səhər açılanda, Allahın onları qorxunc dalğaların çarpdığı bir qayalıq yerə deyil, yumşaq qumlu sahili olan sakit bir körfəzə gətirdiyini görüb sevindilər. Hər şeyə qadir Olanın onların gəmisini çalxalanan dənizdən, təhlükəli fırtınadan keçirib Malta adasına çatdırdığını dərk edəndə ruhlandılar. Nəhayət külək onları sahilə yaxın bir yerdə dayazlığa gətirdi. Qəfildən çox qüvvətli bir zərbə oldu, gəmi dayazlıqda qum üstündə oturdu. Gəminin başı quma batdı, dal tərəfi isə dalğaların zərbəsindən parça-parça oldu. Gəminin içinə su doldu və əsgərlər məhbusları öldürmək üçün qılınclarını çıxartdılar. Onlar məhbusların sərbəstcə sahilə üzmələrinə yol versəydilər və məhbuslar qaçsaydılar, o əsgərlərin özlərini şirlərin qabağına atardılar. Beləcə şeytanın son anda belə, Paulun xilasına maneə törətməyə və Müjdənin Romaya yayılmasına yol verməməyə çalışdığını görürük.

Ancaq Məsih insansevər yüzbaşı Yuli vasitəsilə Öz işini gördü. Yuli bu iki həftə ərzində Paulu çox diqqətlə izləmişdi və həvarinin sıxıntılarda, fəlakətlərdə necə davrandığını görmüşdü. O, həvarinin peyğəmbərliyinə inanırdı və gəldikləri yerin bir ada olduğuna, buna görə heç bir məhbusun qaça bilməyəcəyinə əmin idi. Yüzbaşı əsgərlərin məhbusları öldürməsinə icazə vermədi və bütün sərnişinlərin gəmini tərk etməsi üçün əmr verdi. Bəziləri özbaşına, başqaları isə sınmış gəminin taxta parçalarından yapışaraq sahilə üzdülər. Heç kəs batmadı. Gəmidə 276 nəfər var idi və onların hamısı sağ-salamat sahilə çıxdılar. Onlar yaş halda qayalıqda durub soyuqdan əsirdi və onları xilas etdiyinə görə Allaha şükür edirdilər.

Məsih Paula verdiyi vədi yerinə yetirdi. Paula görə yüzbaşına, gəmi sükançısına, gəmi sahibinə və eləcə də bütün məhbuslara və digər sərnişinlərə həyatı bağışladı. Bu sayədə Paulla Luka və Aristarx da sağ qaldılar, Lukanın su keçirməyən dəri qabda daşıdığı Müjdə Kitabı və Həvarilərin İşləri Kitabının əlyazmaları da qorunub saxlandı. Məsih Öz iradəsini həyata keçirdi: həvari Paul Romaya çatacaqdı və Müjdəni yayacaqdı. Rəbbin xilasla bağlı iradəsinin baş tutmasına heç kim əsla mane ola bilməyəcəkdir!

DUA: Ey Qadir Rəbb, Paulu və gəmidəki insanların hamısını xilas etdiyinə və heç kəsin batmadığına görə Sənə şükür edirik. Biz inanırıq ki, Sən bizi də haqq-hesab günündə və ondan öncəki sınaqlarda batmaqdan qoruyarsan. Xalqların təlatümlü dənizindən keçərək ürəyimizlə və dilimizlə Müjdəni yaymaqda bizə kömək et; və qoy cəhənnəmin hücumlarına rəğmən çoxları iman edib xilas olsunlar!

SUAL:

  1. Məsih həvarini və yol yoldaşlarını hansı üç hadisə vasitəsilə xilas etdi?

www.Waters-of-Life.net

Page last modified on March 10, 2014, at 09:05 AM | powered by PmWiki (pmwiki-2.3.3)