Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 098 (The Night Sermon)
This page in: -- Albanian? -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
D - ÜÇÜNCÜ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 18:23 - 21:14)

7. Gecə söhbəti və Troasdakı Rəbbin Süfrəsi (Həvarilərin İşləri 20:6-12)


HƏVARİLƏRİN İŞLƏRİ 20:6-12
6 Biz də Mayasız Çörək bayramından sonra Filipidən dəniz yolu ilə beş günə Troasa gələrək onlarla görüşdük. Orada yeddi gün qaldıq. 7 Həftənin ilk günündə çörək bölmək üçün bir yerə yığıldığımız zaman Paul camaatla söhbət apardı. Ertəsi gün onlardan ayrılacaqdı, ona görə söhbəti gecə yarısına qədər davam etdirdi. 8 Toplandığımız yuxarı mərtəbədəki otaqda çoxlu çıraqlar yanırdı. 9 Eftik adlı bir yeniyetmə pəncərədə oturmuşdu. Paul söhbəti uzadanda Eftiki dərin yuxu apardı. Yuxuya gedən kimi o, üçüncü mərtəbədən aşağı düşdü və yerdən onu qaldıranda o, ölü vəziyyətində idi. 10 Paul aşağı enib yeniyetmənin üstünə əyildi və onu qucaqlayaraq dedi: «Narahat olmayın, indi canı sağdır». 11 Təkrar yuxarı qalxıb çörək böldü və yemək yedi. Gün doğana qədər onlarla uzun-uzadı söhbət aparandan sonra oradan ayrıldı. 12 Oğlanı sağ-salamat apardılar və bu hadisədən çox ruhlandılar.

Troas şəhəri Homerin nəğmələrinin beşiyi olmuşdur; Paulla yoldaşları Avropada Müjdəni yayanda öz fəaliyyətində başlanğıc nöqtəsi olaraq yunan mifologiyasından istifadə etmişlər. Efesdə xalqın qarşıdurması ilə üzləşən həvari Paul Troasa gəldi və bu şəhərdə İsanın adı ilə bir imanlılar cəmiyyəti qurdu (2Kor. 2:12). Yerusəlimə qayıdan yolda o, axırıncı dəfə Troasa gəldi. Luka onların Filipidən Troasa səyahətinin beş gün beş gecə çəkdiyini bildirdi. Onlar ilk dəfə Asiyadan Avropaya dəniz yolu ilə səyahət edəndə, eyni məsafəni iki gündə qət etmişdilər. Bu onu göstərir ki, Paulun səyahəti son mərhələsində xeyli çətinləşdi. Lakin onlar hər şeyə səbir, ümid və böyük qüvvətlə dözdülər.

Həvarilərin İşlərinin Troasdakı toplantıdan bəhs edən bu yerində ilk dəfə görürük ki, başqa millətlərdən olan imanlılar ibadət üçün şənbə günü yox, həftənin birinci günündə (yəni, bazar günü) yığılmışlar. Onlar məhz həftənin bazar günündə Rəbb İsanı yada salaraq Rəbbin Süfrəsini keçirirdilər. Məsihin dirilməsi, Rəbbin Süfrəsindəki sirli hüzuru, Müqəddəs Ruhda olan qüvvəsi erkən məsihilərin iman həyatının əsası idi. Onların fikirləri yaşayan Rəbbə yönəlirdi; Rəbb onların dualarını eşidir, onları saleh sayır, təqdis edir, onlar üçün Allahın önündə vəsatətçilik edir, onları kamilləşdirir, ikinci gəlişində Onu qəbul etməyə layiq şəxslərə çevirir, Müqəddəs Ruhun əməlləri ilə bəzəyirdi.

Paulun vəzi uzun çəkdi. Ona qulaq asanlardan heç kəs iyirmi dəqiqə keçəndən sonra darıxmadı, bir saat sonra “Bəsdir! Artıq evə gedək!” – demədi. Müqəddəs Ruhun alovu həvarilərin ürəklərindən çıxır, onlara qulaq asanların ürəklərinə dolur, onları dirçəldir və qüvvətləndirirdi. Yuxarı otaqdakı çoxlu çıraqlar Müjdə ilə nurlanmış və təzələnmiş zehinlərin rəmzi idi. Bu çıraqlar qaranlıqda parlayır, qaranlıq yeri işıqlandırırdı.

Hava, yanan çıraqlardan gələn tüstü ilə dolmuşdu və insanlar mürgü basmağa başladılar. Eftik adlı bir gənc oğlan təmiz hava almaq üçün pəncərədə oturdu. Yəqin ki, iş günündən sonra çox yorğun olan bu gənc Paulun vəzinə qulaq asmaq istəyirdi, amma kirpikləri yavaş-yavaş qapandı və onun necə yuxuya getdiyindən heç özünün xəbəri olmadı. Bu halda o, üçüncü mərtəbədən aşağı yıxıldı.

Burada İsanın bir sözü yadımıza düşür: “Oyaq durub dua edin ki, sınağa düşməyəsiniz. Ruh həvəsli, cisim isə gücsüzdür”. Etiraf edək ki, vəzə diqqətlə qulaq asmaq, Müqəddəs Kitabı oxumaq üçün oyaq durmaq asan deyildir. Çoxları toplantıya gəlib uzun vəz zamanı mürgü basırlar. Bu yolla onlar kamil Müjdədən uzaqlaşıb, günah, qürur və qeyri-ciddi yanaşmaları üzündən ruhani ölümə tərəf gedirlər.

Gənc oğlanın pəncərədən yıxılması əhvalatı Troasdakı imanlılar cəmiyyətini sarsıtdı. Paul da pilləkəndən aşağı qaçdı. Gənc həqiqətən ölmüşdü, nəbzi vurmurdu. İblis vəzə qulaq asanlardan birini öldürməklə, ölümdən dirilmiş Şəxsə istehza etmək istədi. Paul iblisin bu işinə görə dilxor oldu. Müqəddəs Ruh onun yadına saldı ki, İlyas Peyğəmbər dul qadının ölmüş oğlunun üstünə üç dəfə uzanıb, imanla dua edərək ona həyata qaytarmışdı (1Pad. 17:17-24). Paul da ölmüş gəncin üstünə uzandı, amma İlyas kimi üç dəfə deyil, İsanın adı ilə bir dəfə uzanmaqla kifayətləndi. O, gənc oğlanı qucaqlayan kimi, oğlan nəfəs almağa başladı. Ruh bədənə qayıtdı, gənc dirildi! Məsih Yafoda Peter vasitəsilə ölü diriltdiyi kimi, burada Paul vasitəsilə bu möcüzəni göstərdi. Bu böyük həvarilərin vasitəsilə Məsih bir zamanlar Matta 10:7-də verdiyi əmri gerçəkləşdirdi: “Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin”.

Troasda Eftikin dirildilməsi o qədər tez baş verdi ki, yuxarı otaqdan aşağı enən adamlar birinci mərtəbəyə çatanda, gənc oğlanı sağ gördülər. Paul onlara yaxınlaşıb “Narahat olmayın! – dedi – Yuxarı otağa qayıdın. Vəzi davam etdirək. Oğlan sağdır!” Həvari bu möcüzəyə görə qürurlanmadı, öyünmədi, həkim Luka da Kitabında bu əhvalata nisbətən az yer ayırdı. Bu hadisədən sonra gənc oğlanla qohumları Paula onun canını xilas etdiyinə görə təşəkkür etmək üçün yaxınlaşdılar, amma Paul özünə izzət götürməyə razı olmadı, bütün izzəti İsaya verdi. Ölüləri diriltməyə, günahları bağışlamağa və cinləri qovmağa qadir olan yeganə Rəbbi ucaltdı.

Məsihin təntənəsi, Paulun vəzinin başlıca mövzusu idi və o yalnız səhərin erkən çağında vəzini başa çatdırdı. O təkcə vəz etmədi, həmçinin müqəddəs Rəbbin Süfrəsini keçirdi. Ona qulaq asanlarla birlikdə Məsihin bir Bədəni olaraq həyatına şərik olmaq və müqəddəs qanı ilə paklanmaq üçün xilas kasasını bölüşdü. Məsihin imanlıların ürəklərində məskən salması və ardıcıllarının vəhdəti həmişə İmanlılar Cəmiyyətinin böyük sirri olaraq qalacaqdır.

Ey qardaş, sən özünü yuxulu, yorğun, yaxud tox hiss edirsənmi? Məsihin Kəlamından daha çox eşitmək, xilas Müjdəsi ilə ruhən dirçəlmək istəyirsənmi? Xilaskarımız qulların günah və ölümdən azad olması və Onunla birlikdə zəfər yürüşündə iştirak etməsi üçün insanları xilas etmişdir!

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə edirik, Sən izzətli həvarilərinin vasitəsilə ölüləri dirildirsən! Biz Sənin həsrətindəyik, ikinci gəlişinin intizarındayıq, gəl qüdrətli Kəlamınla bizi dirçəlt! Sən bizi Öz ruhani Bədənində birləşdirmisən, Müqəddəs Ruhunun vasitəsilə ürəklərimizdə məskən salmısan. Sənə ürəkdən şükür edir və bütün dünyada olan imanlılar cəmiyyətlərinə xeyir-duanı arzulayırıq!

SUAL:

  1. Paulun gənc oğlanı diriltməsi və Troasda Rəbbin Süfrəsinin həftənin birinci günü, yəni bazar günü keçirilməsi nə mənaya gəlir?

www.Waters-of-Life.net

Page last modified on March 07, 2014, at 12:08 PM | powered by PmWiki (pmwiki-2.3.3)