Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 066 (Preaching in Antioch)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

3. Anadoludakı Antakyada Müjdənin yayılması (Həvarilərin İşləri 13:13-52)


HƏVARİLƏRİN İŞLƏRİ 13:26-43
26 Qardaşlar, ey İbrahimin nəslinin övladları və aranızda olan Allahdan qorxanlar, bu xilas sözü bizə göndərilib. 27 Çünki Yerusəlim əhalisi və onların rəhbərləri İsanı tanımadı. Beləliklə, Onu mühakimə etməklə hər Şənbə günü oxunan peyğəmbərlərin sözünü yerinə yetirdilər. 28 Onda ölümə layiq heç bir təqsir tapmasalar da, Pilatdan Onun edam olunmasını tələb etdilər. 29 Onun barəsində yazılanların hamısını tam yerinə yetirəndən sonra Onu çarmıxdan düşürüb qəbirə qoydular. 30 Lakin Allah Onu ölülər arasından diriltdi. 31 İsa xeyli günlər ərzində daha əvvəl Qalileyadan Onunla Yerusəlimə gələnlərə göründü. Bu adamlar indi Onun barəsində xalq üçün şahiddir. 32 Biz indi sizə bu Müjdəni bəyan edirik: ata-babalarımıza verilən vəd həyata keçib, 33 Allah İsanı diriltməklə bu vədi onların övladları olan bizlər üçün yerinə yetirib. İkinci məzmurda belə yazılıb: “Sən Mənim Oğlumsan, Mən bu gün Sənə Ata oldum”. 34 Allah Onu ölülər arasından dirildərək heç vaxt çürüməyə qoymayacaq. Ona görə demişdi: “Davuda vəd etdiyim sadiq məhəbbəti sizə göstərəcəyəm”. 35 Buna görə də başqa yerdə belə deyir: “Mömin insanını çürüməyə qoymazsan”. 36 Davud öz müasirlərinə Allahın iradəsinə müvafiq xidmət edəndən sonra vəfat etdi. O da ataları ilə uyudu və cəsədi çürüyüb-getdi. 37 Amma Allahın diriltdiyi İnsanın cismi çürümədi. 38 Bununla da, ey qardaşlar, bilin ki, bu İnsan vasitəsilə günahların bağışlanması sizə elan edilir. Belə ki Musanın Qanununa görə saleh sayılmamanızın səbəblərinin heç birinə baxmayaraq, 39 iman edən hər kəs bu İnsanda saleh sayılacaq. 40 Ehtiyatlı olun ki, Peyğəmbərlərin dedikləri baş verməsin: 41 “Baxın, siz ey xor baxanlar, mat qalın və yox olun. Sizin vaxtınızda elə işlər görəcəyəm ki, sizə danışsaydılar, inanmazdınız”». 42 Paulla Barnaba sinaqoqdan çıxarkən camaat onlardan xahiş etdi ki, gələn Şənbə günü yenə də bu mövzudan danışsınlar. 43 Sinaqoqda olan camaat çıxıb gedəndən sonra xeyli Yəhudi və Yəhudi dinini qəbul edən möminlər Paul və Barnabanın ardınca getdilər. Onlar da bu adamlarla söhbətlər edir və Allahın lütfündə dönməz olsunlar deyə onlara öyüd-nəsihət verirdilər.

Vəzinin əsas hissəsində Paul İbrahimin övladlarına və Allahı axtaranlara ürəyindən gələn sözləri söylədi, xilas barədəki xəbərin birbaşa onlara elan edildiyinə şəhadət etdi. Vəftizçi Yəhyaya qədər bütün peyğəmbərlər Allahın vədlərinin həyata keçməsini gözləmişdi və budur, xilas tamamlandı və bu xəbəri eşidənlərin həyatında tamamlanmağa hazır idi.

Paul öz millətinin İsanı rədd etməsi barədə susmadı, Yerusəlimdəki Ali Şuranın haqsız hökmünü də gizlətmədi. Paul onların dikbaşlığını, itaətsizliyini, haqsızlığını cəhalət adlandırdı; bu, eyni zamanda təqsir, cinayət və böyük günahdır. Çünki onlar Müqəddəs Ruhun səsinə qulaq asmadılar və peyğəmbərlərin sözləri ilə Ali Şuranın ədalətsiz hökmü həyata keçdi. Onlar İsanı Roma valisinin əlinə təslim etdilər və xalqı Onun çarmıxa çəkilməsini tələb etməyə təhrik etdilər. Axırda vali qəzəblənmiş xalqın istədiyini etdi. Paul ona qulaq asanlara İsanın yəhudilərin arzusu ilə ölmədiyini, lakin hər şeyin peyğəmbərlərin xəbər verdiyi kimi olduğunu sübut etməyə var gücü ilə çalışdı. Bu dünyada Allahın iradəsi olmadan heç nə baş verməz. Çarmıx bizə göstərir ki, insanlar Allahın iradəsini yerinə yetirəndə belə, günahkardırlar, çünki daim Allahın məhəbbətinə zidd hərəkət edərlər.

Buna baxmayaraq, insanlar dünyanın Xilaskarını öldürəndə belə, Allahın gücü, qüdrəti tükənməyib. Əksinə, Onun ölümündə Haqq-Taalanın zəfəri xüsusilə bariz şəkildə təzahür edib, çünki O, İsanı ölümdən diriltmişdir. Paul burada, Məsihin dirilməsinin Allahın böyük işi olduğundan dörd dəfə bəhs edir. Çarmıxa çəkilmiş İsa cinayətkar olaraq ölməyib, amma həmişə Allahı razı salıb, çünki O, müqəddəs və günahsızdır və kimin günahı yoxdursa, O, əsla ölməyəcəkdir. Məsihin ölümdən dirilməsi Paulun vəzinin möhkəm guşədaşı idi. Paul şəhadət edirdi ki, İsa ölüb dirildikdən sonra bir çox günlər boyunca şagirdlərinə görünüb və şagirdləri Məsihin ruhani bədəndə yaşamasının şahidləri olublar.

Bu dirilmənin əsasında Paul Əhdi-Ətiqdən izah etdi ki, Allahın əzəli, müqəddəs, izzətli Oğlu vardır. Beləliklə, Allah İsanın Atası idi, İsaya sadiq qalıb, Onu ölümdən dirildib, Öz izzətinə yüksəldib. Böyük padşah və peyğəmbər olan Davud bu uca sözləri eşitmişdi, lakin özünə aid olaraq qəbul etməmişdi. Həqiqətən, o, qəbrində çürüyüb, bədəni torpağa dönüb. Peter Əllinci Gün bayramında təsdiq etmişdi ki, Zəb. 16:10-da və Həv. 2:27-də olan peyğəmbərliklər İsa Məsihdə həyata keçib. Paul həmçinin Antakyada şəhadət etmişdi ki, Allahın müqəddəs Adamı fani ola bilməz, çünki Onun müqəddəsliyi faniliyi qəbul etməz.

Ölümdən dirilmiş bu İnsanda – İsada Allahın həyatı və müqəddəsliyi var olduğuna görə, O eyni zamanda Allahın bütün başqa ənamlarının mənbəyidir. Paul həmçinin şəhadət edirdi ki, yaşayan İsa günahlarımızı bağışlayır. Qanuna əməl etməklə heç kəs saleh sayılmaz. Ancaq qalib gələn İsaya bağlanan adam saleh sayılar. İsaya bu cür bağlanmaq iman deməkdir. Məsihə iman edən saleh və müqəddəs sayılar, təqdis edilər və əbədi yaşayar. Bəs sən həqiqətən Ona bağlanmısanmı?

Bu Müjdə bizdən ya qəbul, ya da rədd cavabı tələb edir, ya xilasa və əbədi həyata, ya da əbədi ölümə səbəb olur. Paul ona qulaq asanlara daha öncə elan etmişdi ki, çoxları onun sözlərinə inanmayacaq, çünki bu onlara mümkünsüz görünəcək. Habaqquq Peyğəmbərin elan etdiyi (Hab. 1:5) bu idi ki, Allah insan ağlından üstün olan əzəmətli işini görəcək və çoxları bunun həqiqətən Allahın işi olduğuna inanmayacaq.

Toplantıdan sonra imana gələn bütpərəstlər Paulla Barnabadan onlara təsir edən və onları ruhlandıran bu xilas Müjdəsini təkrar danışmaq üçün gələn şənbə günü gəlmələrini xahiş etdilər. Bəzi yəhudilər və möminlər onlarla birlikdə evə getdilər və lütflə xilas olmaqdan saatlarla söhbət etdilər. Həvarilər başdan bəri lütfün xilasın əsası olduğunu öyrədər və başa salardı ki, Müjdə bir hüquq, yaxud insandan bacara bilmədiyini tələb edən bir qanun deyildir. Müjdə Allahın işinə şəhadət edir: Allah bütün ürəyi ilə İsaya iman edən hər kəsə günahlarının bağışlanmasını, Məsihin qüvvəsi və həyatını bəxş edir.

DUA: Ey göylərdə olan Atamız, Oğlun İsanı ölümdən diriltdiyinə və Onun xatirinə bütün günahlarımızı bağışladığına görə Sənə minnətdarıq! Qoy biz Oğluna bağlı qalaq, fikirlərimizi xilas barəsindəki Müjdənlə doldur, qoy biz Sənin qüdrətinə, işinə və zəfərinə şəhadət edək! Amin.

SUAL:

  1. Paul İsanın dirilməsi haqqında nə vəz etdi? Bu dirilmə əsasında nə cür Müjdəni elan etdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:03 AM | powered by PmWiki (pmwiki-2.2.109)