Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 067 (Preaching in Antioch)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

3. Anadoludakı Antakyada Müjdənin yayılması (Həvarilərin İşləri 13:13-52)


HƏVARİLƏRİN İŞLƏRİ 13:44-52
44 Növbəti Şənbə Rəbbin kəlamına qulaq asmaq üçün demək olar ki bütün şəhər əhalisi toplaşmışdı. 45 İzdihamı görən Yəhudiləri qısqanclıq bürüdü və Paulun nitqinin əleyhinə qalxıb ona böhtan atdılar. 46 Paulla Barnaba isə cəsarətlə dedi: «Allahın kəlamı əvvəlcə sizə bəyan olunmalı idi. Sizin ondan imtina etdiyiniz və özünüzü əbədi həyata layiq görmədiyiniz üçün biz indi başqa millətlərə üz tuturuq. 47 Çünki Rəbbin bizə əmri belə idi: “Səni millətlərə nur etmişəm ki, xilası dünyanın ən uzaq yerlərinə yayasan”». 48 Başqa millətlərdən olanlar bunu eşidərkən sevinirdilər və Rəbbin kəlamını izzətləndirirdilər. Əbədi həyat üçün təyin olunanların hamısı iman gətirdi. 49 Beləliklə, Rəbbin kəlamı bütün bölgəyə yayıldı. 50 Amma Yəhudilər hörmətli, mömin qadınları və şəhərin nüfuzlu adamlarını təşvişə saldılar. Onlar da Paulla Barnabanı təqib edib o bölgədən qovdu. 51 Buna görə də Paulla Barnaba ayaqlarının tozunu onların üstünə çırpıb Konyaya getdi. 52 Şagirdlər isə sevinc və Müqəddəs Ruhla doldular.

Müqəddəs Ruh Paulu yönəltdi, Məsihin Müjdəsini qəbul etməyən gözəl Kipr adasından Anadoludakı Antakyanın yerləşdiyi çöllüyə apardı. Ora çöllük olsa da, Ruhun fəaliyyəti bəhrə verirdi. Həvarilərin şəhadəti ilə bütün şəhər hərəkətə gəldi. Şənbədən şənbəyə kimi yeddi gün boyunca Paulla Barnaba salehliyə can atan insanlarla söhbət etdilər, İsada olan yeni ümidi elan etdilər və bunun nəticəsində Rəbbin Antakyadakı “zəmisi” şumlanıb sulandı. Sinaqoqun ağsaqqalları başqa millətlərdən olan çox adamın onların sinaqoquna gəldiyini, amma yəhudiləşib Qanuna əməl etmədiyini, ölümdən dirilmiş İsaya iman edərək günahlarının bağışlanmasına nail olduğunu görəndə, İsaya küfr etdilər və Müjdəni rədd etdilər. Necə dəhşətli durumdu! Yüzlərlə ruhən susamış adam xilas barəsindəki xəbəri gözləyir, yəhudi ağsaqqallar isə Paulun əleyhinə qalxıb qışqırırdılar ki, vəz etməyə davam edə bilməsin!

O zaman vəzini başa çatdıra bilməyən həvari ürəyində əzab çəkə-çəkə birbaşa yəhudilərə üz tutub belə dedi: “Müqəddəs Ruh məni sizin yanınıza gətirib ki, siz bu xilas barəsindəki xəbəri birinci eşidəsiniz, çünki sizin seçilmiş əcdadlarınıza görə buna haqqınız var. Lakin siz özünüzü Məsihin həyatını qəbul etməyə layiq görmürsünüz və Qanunun qulları kimi ruhən ölü vəziyyətdə qalırsınız. Siz bağışlanmadan ömür sürürsünüz və elə bilirsiniz ki, öz-özünüzü xilas edə bilərsiniz. Buna görə Allah sizi daha ciddi mühakimə edəcək. Siz Yerusəlimdəki qardaşlarınız kimi Allahın əsil Məsihini rədd edirsiniz”.

Lakin biz Allahın qədim xalqına vəz etməklə kifayətlənmirik, çünki Məsih bizi başqa millətlərə də göndərib. Beləcə biz bütün dünyaya Müjdəni vəz edərək, Məsihin millətlərə nur ediləcəyini və xilası dünyanın ən uzaq yerlərinə yayacağını xəbər verən Yeşaya Peyğəmbərin sözünü həyata keçiririk (Yeş. 49:6).

İmanı güclü olan Paul cəsarətlənib bu ayəni özünə aid etdi, çünki o Yeşaya Peyğəmbərin bu sözləri vasitəsilə millətlərin həvarisi olaraq təyin edilmişdi. Paul Məsihdə idi, onun öz nuru yox idi, o yalnız Məsihin nurunu əks etdirirdi. Məsih onun vasitəsilə milyonlarla adamı xilas etmişdir və bu gün hələ də etməyə davam edir. Məsihdə saleh sayılmanın, təqdisin, satın alınmanın mənasını Allahın məhəbbəti ilə dolu olan bu həvari qədər yaxşı izah edən başqa şəxs olmamışdır.

Camaat həvarilərlə yəhudilər arasındakı mübarizəyə diqqətlə baxır, qarşılıqlı məzəmmətlərə qulaq asırdı. Yəhudilərin kin, qəzəb, küfr dolu olduğunu, Paulla Barnabanın isə sadəcə olaraq kədərləndiyini, həlimlik, məhəbbət və ciddiyyətlə davrandığını gördülər. Həvarilər açıqca elan edirdi ki, təkcə yəhudilər deyil, İsa Məsihə sidq ürəkdən iman edən hər kəs xilas üçün seçilmişdir. Camaat həvarilərin vəzlərinin dərin mənasını anlamasa da, onlarda Allah məhəbbətini gördükləri üçün onların dili ilə danışan Ruha inandılar.

Başqa millətlərdən olan çox adam həvarilərin şəhadətini sevinclə qəbul etdi və xilasın bütün insanlara verildiyinə inandı. Onların sevinci böyük idi. Lakin onların imanı yetişməyib, qüvvətlənməyib. Yalnız xilası dərindən dərk edən və Xilaskara tamamən təslim olanlar Məsihə bağlı qalıblar. Hamı dəvət olunsa da, seçilmişlərin sayı az idi. Luka bu sirdən danışdı ki, ürəkləri bilən Allahdır və yalnız hazır olanlar əbədi həyatı əldə edirlər. Səmavi Ata tərəfindən cəlb edilmədən heç kəs İsaya iman gətirməz. Biz bilirik ki, Allah bütün insanların xilas olmasını istəyir. Lakin hamı imana gəlmir. Hər imanlının daxilində böyük sirr gizlənir. İmanımız Allahdan bir hədiyyə və şərəfdir. Buna görə İsaya şükür edirsənmi? Hər cür imansızlığın günah olduğunu bilirsənmi? Həqiqətən, İsanı rədd edən hər kəs haqq-hesab günündə məhkum ediləcək.

Xilası qəbul edənlərin hamısı Müqəddəs Ruhun sevincini Antakyadakı mərkəzdən ərtaf bölgələrə yaydılar. Ruhani oyanış həmişə bu kimi müjdəçilik fəaliyyətindən başlayır. Məlumdur ki, Müjdəni yayan şahidlər buna görə əmək haqqı almazdı və hansısa mərkəzin göstərişi ilə xidmətə getməzdi. Yalnız Məsihin ardıcıllarının içində fəal olan Müqəddəs Ruh onları yönəldərdi.

Bununla belə, özünü Qanuna əməl edən möminlər kimi göstərən dindarların hamısını şeytanın ruhu idarə edirdi. Anadoludakı Antakyada olan yəhudilər antakyalı qadınlara təsir etməyə çalışırdı ki, onlar ərlərini qızışdırıb, bütün “yalançıları” şəhərdən qovmağa inandırsınlar. Hiylə və səlahiyyət, Müjdənin yayılmasına mane olan bir-birinə zidd iki vasitədir. Lakin təqiblərə səbirlə dözən və ağır vəziyyətdə belə Müqəddəs Ruhun sevincindən güc alan imanlılarda Rəbbin Ruhu qalib gəldi.

Paulla Barnaba şəhəri tərk edəndə, Məsihin əmrinə görə ayaqlarının tozunu çırpıb, Müjdəni rədd edənləri Allahın mühakiməsinə təslim etdilər. Bəs sən Müqəddəs Ruhun sevinci ilə dolusanmı, yoxsa Məsihin xilasını rədd edib Allahın mühakiməsinə düçar olursan?

DUA: Ya Rəbb İsa, çarmıxda bütün bəşəriyyəti xilas etdiyinə və Sənə iman edən hər kəsə həyat Ruhunu verdiyinə görə Sənə şükür edirik! Ölkəmizin hər şəhəri üçün dua edib, çağırışını eşitməyə hazır olanları seçməyini Səndən diləyirik. Qoy onlar Müjdəni qəbul etsinlər və dünyanın nuru olsunlar!

SUAL:

  1. Paul başqa millətlərə vəz etmək hüququnu nəyə əsaslandırırdı və bu iman başqa millətlərdə necə gerçəkləşdi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 10:04 AM | powered by PmWiki (pmwiki-2.2.109)