Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 063 (Separation of Barnabas and Saul)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 2 - MÜJDƏNİN BAŞQA MİLLƏTLƏRƏ YAYILMASI BARƏDƏ XƏBƏRLƏR VƏ ANTAKYADAN ROMAYA KİMİ CƏMİYYƏTLƏRİN QURULMASI - Müqəddəs Ruh tərəfindən göndərilən həvari Paulun xidməti vasitəsilə (Həvarilərin İşləri 13 - 28)
A - BİRİNCİ MÜJDƏÇİ SƏYAHƏTİ (Həvarilərin İşləri 13:1 - 14:28)

1. Barnaba ilə Şaulun xidmət üçün ayrılması (Həvarilərin İşləri 13:1-3)


HƏVARİLƏRİN İŞLƏRİ 13:1-3
1 Antakyadakı cəmiyyətdə peyğəmbərlər və müəllimlər var idi: Barnaba, Niger adlanan Şimeon, Kirenalı Luki, hökmdar Hirodun süd qardaşı Menaxem və Şaul. 2 Bu adamlar Rəbbə xidmət edib oruc tutarkən Müqəddəs Ruh onlara dedi: «Barnaba ilə Şaulu Mənim tapşırdığım iş üçün ayırın». 3 Beləliklə, oruc tutub dua etdikdən sonra Barnaba ilə Şaulun üzərinə əllərini qoydu və onları yola saldılar.

Antakya o vaxt Şərqin ən böyük paytaxtı idi və Şərq Roması adlandırılırdı. Dünya ticarətinin və mühüm yolların mərkəzi olan bu şəhərdə ilk canlı, möhkəm və yetkin imanlılar cəmiyyəti yaranmışdı. Əksəriyyəti savadsız insanlardan ibarət olan üzvləri həvarilərin vasitəsilə deyil, sadə imanlıların şəhadəti ilə imana gəlmişdilər.

Yerusəlimdəki ilk cəmiyyət Antakyada təzəcə iman gətirmiş imanlıları imanda möhkəmləndirmək üçün Barnabanı göndərmişdi. Barnaba da fəal ilahiyyatçı Şaulu köməyinə çağırdı. Onlar bir il boyunca Antakyadakı cəmiyyətdə xidmət etdilər. Cəmiyyət sayca artdı və qüvvətləndi, Antakya da Yerusəlimdən sonra məsihiliyin ikinci mərkəzi və başqa millətlərə Müjdənin yayılması üçün “göndərmə nöqtəsi” oldu.

Bu cəmiyyətdə Ruhun çoxlu ənamları işləyirdi, peyğəmbərlik və təlim çox idi. Yeni əhddə peyğəmbərlər Allahın xalqdan ayrılmış nümayəndələri deyil idi, bütün imanlılarla birgə cəmiyyət daxilində yaşayırdı. Ancaq başqalarından tez Allahın iradəsini dərk edir, sirlərə vaqif olur, gələcək olayları görür, ə Müqəddəs Ruhun səsinə dərhal itaət edirdi. Buna görə də Paul Məktublarında peyğəmbərlik ənamına xor baxmasınlar deyə, imanlılara xəbərdarlıq edirdi. Çünki maya xəmir üçün lazım olduğu kimi, peyğəmbərlik ənamı cəmiyyətlərin qurulması üçün zəruridir.

Bu müəllimlər Allahın Kəlamını dərindən araşdırır və cəmiyyətin üzvlərinə Tövratın mənalarını, İsanın sözlərini və həvarilərin təlimini müntəzəm surətdə öyrədirdi. Müəllimlər təlimi hər şeydən öncə onlara qulaq asanların iradəsinə, yaddaşına yönəldirdi, peyğəmbərlərin sözləri isə ilk əvvəl insanların ürəklərinə, zehinlərinə, hisslərinə yönəldilirdi. Allah sənin bədəninə, canına və ruhuna tamamən hökmran olmaq istəyir və səni həmd etməyə, Müjdəni yaymağa və sağlam inanca bağlı olmağa ruhlandırır.

İmanlılar cəmiyyətində olan müxtəlif ənamlar kamil birliyin bağı olan məhəbbət əsasında qurulub. İmanlıların üzərində bir başçı, yaxud yepiskop yox idi, onlar bütün məsələlərini bacı-qardaşlar və ağsaqqallarla birlikdə canbir qəlbdə müzakirə edirdi. Ciddi, yetkin kiprli Barnaba cəmiyyəti yoxlamaq üçün göndərildiyi halda, cəmiyyətə nəzarət edən bir başçı deyil idi. O, həlim və təvazökar şəkildə bacı-qardaşlarla eyni səviyyədə dayanıb, qarşılıqlı yardım və şəriklikdə onlara rəhbərlik edirdi. Görünür ki, bu kirenalı və kiprli qardaşlar Antakyadakı cəmiyyətin baniləri idi (11:20). Onların içində həmçinin Vəftizçi Yəhyanın başını vurduran Hirodun süd qardaşı Menaxem də var idi. Bir ana tərəfindən bəslənib yetişdirilmiş bu qardaşlar ruhən eyni deyil idi. Ölülərin ruhlarından qorxan padşah zinakar olmuşdu, özünü aşağı tutmuş Menaxem isə Müqəddəs Ruhla dolan imanlılar üçün nümunə idi.

Antakyadakı cəmiyyətin üzvləri içində Şaulun adının ən axırda çəkildiyini görürük, çünki o, cəmiyyətə ən axırda qoşulmuş ən kiçik adam idi. Yəhudi qanununu mükəmməl bilməyinə rəğmən, Şaul Antakyada təzə şagird kimi öyrəndi və eləcə də məsihilərin məhəbbət şərikliyini əməldə yaşadı.

Bu imanlı qardaşlar Rəbbə birgə qulluq edirdi, necə ki qədim əhddə kahinlər Allaha qurban təqdim edərək birgə ibadət etmişdi. Beləcə Antakyadakı beş məsul rəhbər Rəbb İsadan çarmıx qurbanının səmərəsini onların cəmiyyətində və ətrafdakı xalqların həyatında gerçəkləşdirməsini dilədi. Müqəddəslər oruc tutdular, amma salehliyi əldə etmək üçün deyil; çünki Məsihin qanı ilə bir dəfəlik təqdis olunmuşdular. Onlar təsirli dua xidməti üçün oruc tutdular, yeməyi, içkini yaddan çıxarıb dua etdilər, çünki onların millətlərin xilası üçün birgə duaları hər cür dadlı yeməkdən daha çox önəmli idi. Onlar Məsihin ətrafdakı insanlara xilasını yayması üçün təkidlə dua etdilər.

Rəbb onlara cavab verdi, cəmiyyətdəki peyğəmbərlərin dili ilə onlara Ruhu ilə açıq danışdı. Onlar bu vəhyi qəbul edərkən, heç kim yerə yıxılıb uzanmadı, lakin hamı Allahın iradəsi və planı haqqında söylənənlərə maraqla qulaq asdı. Müqəddəs Ruh bu vəhydə imanlılara ayrı bir Şəxs kimi “Mən” deyə müraciət etdi. Saleh iradəsinə görə, istədiyi zaman, istədiyi yerdə sürətlə hərəkət edən bu Mübarək Ruh Müqəddəs Üçlükdə vahid olan Allahın Üç Üqnumundan (Şəxsindən) Biridir, Allahdan olan Allah, Nurdan olan Nur, həqiqi Allahdan olan həqiqi Allah, Ata ilə eyni varlığa malik olan, məhəbbət dolu, müqəddəs və izzətli Varlıqdır. Bu Pak Ruh Allahın Özüdür, necə ki Məsih demişdir: “Allah Ruhdur”. Yalnız durmadan məhəbbətlə həmd edərək Allaha Ruhda və həqiqətdə səcdə edən pərəstişkarlar bu sirrə vaqif olurlar.

Allahın Müqəddəs Ruhu cəmiyyətin rəhbərlərinə Barnaba ilə Şaulu əvvəlcə tanımadıqları bir iş üçün ayırmalarını əmr etdi. Müqəddəs Ruh onları çağırdı, qüvvəsi ilə dəstəklədi, göndərdi, onlarda işlədi və onları qorudu.

Bu seçilmiş qardaşların çağırılması və göndərilməsi o demək idi ki, onlar tamamən təmizlənib, Rəbbə təslim olmalı və özlərini bu xidmətə həsr etməli idi. Müqəddəs Ruh Barnaba ilə Şaula nə cür işi tapşırdığını qabaqcadan izah etməmişdi, ancaq Müqəddəs Üçlüyün təsəvvür edə bilməyəcəkləri bir işin əsasını qoyduğunu cəmiyyətin rəhbərliyinə elan etmişdi. Biz də, ey Müqəddəs Allah, özümüzü aşağı tutub etiraf edirik ki, Sənin yolun müqəddəsdir və müqəddəs övladların izzətdən izzətə, əziyyətdən əziyyətə, bəhrədən bəhrəyə keçirlər. Sən onların həyatının başlanğıcı və sonusan. Onların işi Sənin işindir və Sənin xidmətçilərindən heç birinin xüsusi şərəfi və iftixarı yoxdur!

Müqəddəs Ruh bir-birini tanımayan iki nəfəri birgə xidmətə göndərmədi. Onları xidmətə göndərmədən öncə bir-biri ilə tanış etmişdi. Onlar birgə təcrübələrində bir-birinə güvənməyi öyrənmişdilər. Müqəddəs Ruh yalnız Barnabanı və ya tək Paulu göndərmədi, onları birləşdirdi. Məsih yer üzündə yaşadığı zaman həmçinin şagirdlərini xidmətə iki-iki göndərirdi ki, bir-birinə təsəlli versinlər, biri danışarkən o biri dua etsin. İmanlılar cəmiyyətində vəzifə fərdin özbaşınalığından deyil, müştərək məsuliyyətdən, hər kəsin başqalarını özündən yaxşı saymasından ibarətdir.

İllər öncə Dəməşqdə Rəbb Şaula, İsanın adına şəhadət etməsi üçün onu padşahlara, hakimlərə göndərəcəyini Xananyanın dili ilə elan etmişdi. Şaul çox əziyyət çəkəcəyini, təqib ediləcəyini anlayırdı, amma eyni zamanda qələbə çalacağını və qeyri-adi ruhani bəhrə verəcəyini də bilirdi. Şaul bu misilsiz xidməti təkbaşına yerinə yetirə bilməyəcəyini dərk etdi və bir neçə il Tarsusda sakitcə oturub gözlədi. Axırda Barnaba onu Antakyadakı cəmiyyətdə təlim öyrətməyə dəvət etdi. Orada Müqəddəs Ruh tərəfindən təmizlənən və ilahi qılınc kimi hazırlanan Şaul bildi ki, dünyaya Müjdəni yaymaqda məqsəd ayrı-ayrı insanları haqq yola gətirmək deyil, müqəddəslərin toplanacağı canlı cəmiyyətləri qurmaqdır.

Antakyadakı cəmiyyətin üzvləri Məsihin Ruhunun onları iki rəhbərini (ən böyüyü ilə ən kiçiyini) xidmətə ayırmağa çağırdığını anlayanda, bu “itkiyə” görə kədərlənmədilər. Əksinə, Rəbbin böyük, sirli, bənzərsiz bir işə başladığını hiss edib, dua və oruc üçün toplandılar.

Ondan sonra xidmətə seçilmiş iki qardaş itaətkarcasına baş əydi, cəmiyyətin o biri üzvləri də əllərini onların üzərinə qoydu, sanki onların kifayət qədər hikməti, qüvvəsi, anlayışı yox idi. Onların Müqəddəs Ruhun dolğunluğu və bütün ənamları ilə dolması üçün dua etdilər və Rəbb ömür boyunca Müjdəni yayma xidmətinə çağırdığı iki elçisinə xeyir-dua verdi. O gündən bəri, öz doğma yurdunu, yaxınlarını tərk edib Məsihin Ruhu ilə dünyaya Allahın Padşahlığını yayan müjdəçilər həmişə olmuşlar. Onlar maddi cəhətdən kasıb olsalar da, ruhani qüdrətləri çox böyükdür.

DUA: Ey yaşayan Rəbb, biz Sənin mərhəmətinə layiq deyilik, lakin Sən bizi təmizləmək üçün çarmıxda qanını axıdandan bəri özümüzü və övladlarımızı əbədi olaraq Sənin xidmətinə həsr edirik! Öz ağlımız və gücümüzlə Sənə xidmət etməyə qadir deyilik, yalnız məhəbbət Ruhunla dolaraq dünyanı xilas etmək tapşırığını itaətkarcasına yerinə yetirə bilərik. Bizi tələsməkdən qoru və gözlərimizi aç ki, Sənin xilasına susamış olanları görə bilək!

SUAL:

  1. Müqəddəs Ruh Kimdir? Onun Antakyada dua edən imanlılara əmri nə idi?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:58 AM | powered by PmWiki (pmwiki-2.2.109)