Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 056 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 10:44-48
44 Peter bu sözləri deyirdi ki, Müqəddəs Ruh söhbətə qulaq asan hər kəsin üzərinə endi. 45 Peterlə birlikdə gəlmiş sünnətli imanlılar Müqəddəs Ruhun bəxşiş olaraq başqa millətlərin də üstünə töküldüyünə mat qaldı; 46 onların başqa dillərdə danışıb Allahı mədh etdiyini eşitdilər. Onda Peter belə dedi: 47 «Bu adamlar bizim kimi Müqəddəs Ruhu alıb. Bunların su ilə vəftiz olmalarına kim mane ola bilər?» 48 Beləliklə, onların İsa Məsihin adı ilə vəftiz olmalarını buyurdu. Sonra onlar Peterdən xahiş etdilər ki, bir neçə gün onların yanında qalsın.

Allah Peterin Məsihin həyatındakı gerçəkliklər və Məsihin xilası barəsindəki sadə vəzini təsdiqlədi, bu sözlərə qulaq asan hər kəsin üzərinə Müqəddəs Ruhu tökdü. Bu olay bütün bəlağətli, mürəkkəb, təmtəraqlı sözləri, gözəl nitqləri puça çıxardı. Allah başqa insanlar önündə lovğalananları rədd edir, təkəbbürlü ruha nifrət edir, Öz Oğlunun həyatı, çarmıxa çəkilməsi və dirilməsi barədəki sadə vəzə isə xeyir-dua verir. Bəs sən dostlarını nurlandırmaq, xilas etmək istəyirsənmi? İstəyirsənsə, Peterin Kornelinin evində verdiyi vəzi öyrən və Allahın bu keçmiş balıqçını necə səmavi qüvvə ilə ruhlandırdığını, Məsih barəsindəki sadə şəhadətliyinə xeyir-dua verdiyini anlayacaqsan.

İman qulaq asanların ürəklərini açdı, Allahın Ruhu maneəsiz olaraq onlara təsir edə bildi. Yaşayan Rəbb onların üzərinə tökülməsi ilə yəhudilərə göstərdi ki, bu imanı qəbul etmək üçün sünnət, Qanun biliyi, əmrlərə riayət zəruri deyildir. İnsan yalnız imanla saleh sayılır. Heç kəsin Allahın qarşısında heç bir haqqı-hüququ yoxdur. Məsihi qəbul edən, Onun qanı ilə salehliyi əldə edən adam Allah-Taalaya məqbuldur.

Əllinci Gün bayramından bəri Müqəddəs Ruh İsaya iman edənlərdə böyük çaytək axır. Məsihə iman etməyən bir adamın ürəyinə Müqəddəs Ruh heç vaxt daxil olmur, çünki Ruh Oğulu izzətləndirir. Allahı axtaran bir insan Məsihin Müjdəsi üçün ürəyini açanda, Mübarək Ruh onu nurlandırır, Bəşər Oğluna imanda möhkəmləndirir, Allahın Oğlu belə insanı tanıyır və Məsihin həyatı ürəyini doldurur. Müqəddəs Ruh ürəklərimizdə məskən salaraq, Məsihə olan imanı gerçəkliyə döndərir. Allahın Ruhu xəyali bir fikir və ya keçib-gedən bir hiss deyildir. O, imanlılarda məskən salan ilahi varlıqdır.

Əvvəlcə eqoist olan insanlardan Allahın məhəbbəti qaynaqlanmağa başlayır, əvvəlcə Allahı tanımayanlar sevinclə Ona Ata deyir. Həmd nəğmələri, qələbə şəhadətlikləri Müqəddəs Üçlükdə vahid Olana yüksəlir, çünki Rəbbin Ruhu şükür ruhu, həyat qüvvəsi, barışıq sevincidir. Allahımızda sıxıntı yox, sevinc, zövq və mərhəmət vardır. Sən Müqəddəs Ruhda olan həyatı tanıyırsanmı? Bütün ürəyinlə Rəbb İsaya və xilasına iman et, onda sən bu gün Məsihin həyatı ilə dolacaqsan.

Yəhudilər və bəlkə də Peterin özü belə Müqəddəs Ruhun imana gəlmiş bütpərəstlərin üzərinə töküldüyünü görəndə qorxuya düşdü, axı onlar hələ vəftiz də olmamış, günahlarını etiraf etməmiş, imanlarını əməldə heç göstərməmişdilər. Onlar əməllərlə, dua və orucla deyil, təkcə imanla xilas olmuşdular. Bunun üçün sünnətə, xüsusi mərasimlərə, səcdələrə gərək yox idi. Onlar sadəcə olaraq vəzə qulaq asarkən Allahın məhəbbəti və nuru ilə dolmuşdular.

Bunu görən Peter cəsarətlə belə bir qərara gəldi ki, Allahın Öz Ruhunu üzərinə tökdüyü bu adamları Məsihin Cəmiyyətinə qəbul olunmanın rəmzi olan vəftizdən saxlamaq olmaz, çünki onlar Allahı qəbul edib ilahi ailəsinə daxil olmuşdular. Peterdə və yəhudi mənşəli imanlılarda yaşayan Müqəddəs Ruh artıq Məsihə iman etmiş bütpərəstlərdə məskən salmışdı. Bütpərəstlərin təzələnməsi və Müqəddəs Ruhun onların üzərinə tökülməsinə heyrətlənən Peter və yoldaşları Rəbbin əmrinə tabe olaraq onları vəftiz edib İsanın adında möhkəmləndirdilər. Təzələnənlərin sayı çox idi, çünki Kornelinin çoxlu qohum-əqrəbası, dost-tanışı o gün evinə gəlmişdi. Beləcə Romanın Fələstindəki başlıca mərkəzi olan Qeysəriyyədə dərhal bir imanlılar cəmiyyəti yarandı.

Yeni imanlılar Peterlə yoldaşlarının onlarla qalıb sevinclərinə şərik olmalarını, onlara Allahın xilasını tam kamil şəkildə öyrətmələrini xahiş etdilər. O günlərdə Allahın yəhudilərdən başqa millətlərə qapını taybatay açdığına görə Ataya və Oğula həmdlər yüksəldi. Bu qapını açan, millətlərin həvarisi sayılan Paul deyil idi, həvarilərin böyüyü Peterin özü idi. O gündən bəri Müjdə sənə də gəlib-çatdı və sən Məsih İsaya iman edərək Müqəddəs Ruhu qəbul edə bilərsən.

DUA: Ya Rəbb İsa, bizim üçün bəşər olduğuna görə Sənə şükür edirik! Sən bizim günahlarımızı Öz üzərində daşımaq üçün öldün. Ölümdən dirilmən sayəsində biz saleh sayılırıq. Bizə bəxş edilmiş Müqəddəs Ruha görə şükür edirik və həm dostlarımız, həm də düşmənlərimizin üzərinə Ruhunu tökməyini Səndən diləyirik!

SUAL:

  1. Müqəddəs Ruh insanın ürəyində necə məskən salır?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:47 AM | powered by PmWiki (pmwiki-2.2.109)