Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 055 (Beginning of Preaching to the Gentiles)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

9. Romalı yüzbaşı Kornelinin imana gəlməsi ilə Müjdənin yəhudi olmayan xalqlara yayılmasının başlanğıcı (Həvarilərin İşləri 10:1 - 11:18)


HƏVARİLƏRİN İŞLƏRİ 10:34-43
34 Peter sözə başlayıb dedi: «İndi bildim ki, həqiqətən, Allah tərəfkeşlik etmir. 35 Milliyətindən asılı olmayaraq kim ki Ondan qorxub əməlisaleh olarsa, Ona məqbuldur. 36 O, İsrail övladlarına Öz kəlamını göndərdi və hamının Sahibi olan İsa Məsih vasitəsilə barışdırma Müjdəsini yaydı. 37 Bilirsiniz ki, Yəhyanın vəftiz üçün çağırışından sonra Qalileyadan başlayaraq bütün Yəhudeyada nələr baş verdi. 38 Allah Nazaretli İsanı Müqəddəs Ruhla və qüdrətlə məsh etdi. İsa xeyirxahlıq edərək hər yanı gəzib iblisin təzyiqinə məruz qalanların hamısını sağaltdı. Çünki Allah Ona yar idi. 39 Yəhudilərin ölkəsində və Yerusəlimdə İsanın nələr etdiyinin şahidi olduq. Onu çarmıxa çəkib öldürdülər. 40-41 Amma Allah Onu üçüncü gün diriltdi və bütün xalqa deyil, Öz əvvəlcədən seçdiyi şahidlərə – ölülər arasından dirilməsindən sonra Onunla birlikdə yeyib-içən bizlərə aydın göstərdi. 42 Bizə isə əmr verdi ki, “Allahın təyin etdiyi ölülərlə dirilərin Hakimi Budur” deyə bunu xalqa şəhadət etməklə vəz edək. 43 Onun barəsində bütün peyğəmbərlər şəhadət edir ki, Ona iman edən hər kəsin günahı Onun adı ilə bağışlanır».

Korneli Peterin Allah haqqında biliyini bölüşməsini təkidlə xahiş edəndə, həvarilərin böyüyü dərk etdi ki, Allahın Kəlamı təkcə yəhudilərə verilməyib; mömin, düzgün, hənif (Haqqa tapınan) olan hər kəs Allahı tanımağa, Onun Məsihdə etdiyi iş barədə eşitməyə layiqdir. Peter bunu dərk edən kimi özü və yanındakılar Məsihin yəhudilər ilə başqa millətlər arasındakı divarı dağıtdığını, Allahın bütün millətlərdən, dillərdən, irqlərdən, mədəniyyətlərdən olan insanları – sidq qəlbdən Onu axtaran və yaxşılıq etməyə çalışanları qəbul etdiyini anladılar.

Onda Peter onlara məsihi inancının məzmununu sadə sözlərlə izah etdi, Müjdənin mənasını bir cümlədə, hətta tək bir adda yekunlaşdırdı: “İsa Məsih hamının Sahibidir, Allah ilə insanlar arasındakı Vasitəçidir. Onu qəbul edən hər kəsin vicdanı sülhlə dolur”. İlahi barışıq barəsindəki bu xəbər əvvəlcə Allahın qədim xalqına əmanət verilmişdi, onlar da Yəhudeya, Samariya və Qalileyanın şəhər və kəndlərini dolaşıb bu xəbəri yaydılar. Dyakon Filip Qeysəriyyədə Müjdəni yaymışdı, özü də təkcə yəhudilərə deyil, ayrı-ayrı bütpərəstlərə də vəz etmişdi. Ancaq Peterin bu şəhərə gəlməsi ilə Məsihin Müjdəsi rəsmi olaraq hər kəsə elan edildi. Beləcə İbrahimə verilmiş bu söz yerinə yetmişdir: “Yer üzünün bütün tayfaları sənin vasitənlə xeyir-dua alacaq”.

Ondan sonra həvari orada toplaşanlara İsanın həyatındakı ən önəmli olayları anlatdı: İsa necə dağlıq Qalileyadakı Nazaret şəhərindən İordanın isti vadisinə enib, Vəftizçi Yəhya ilə görüşüb, Yəhyanın ətrafında Allahı axtaranlar necə yığılıb, Allah necə səmanı açıb bütün camaatın qarşısında İsanı Müqəddəs Ruhla məsh edib, Ona necə xidmət etmək, hər cür xəstələrə şəfa vermək, cin qovmaq, Müjdəni vəz etmək səlahiyyətini verib. İsa boş-boş danışmadı, xəyali fəlsəfi fikirləri öyrətmədi, sözü ilə əməli bir idi, O, Müjdəsində elan etdiyi Allahın iradəsini yerinə yetirdi. Peter və o biri həvarilər İsanın həyatının şahidləri idi, Onun Allahla tam vəhdətdə yaşadığını Öz gözləri ilə görmüşdülər. Allahın işləri Məsihin həyatında açıq-aşkar görünmüşdü və Məsihin səlahiyyətindən şübhə ola bilməzdi.

Axırda insan ağlı üçün mümkün olmayan bir iş oldu – insanlar bu müqəddəs Allah Adamını çarmıxa çəkərək, qaçqın qullar və murdar canilər üçün nəzərdə tutulan rüsvayçı ağaca mıxlayaraq öldürdülər. Amma Allah-Taala sevən Oğlunu ölümdən diriltməklə Onun günahsız olduğunu sübut etdi, müqəddəsliyini elan etdi. İsa bu dünyada yaşayan insanlar arasında görünüb, onlarla oturub-durub. Lakin Onu hamı görməyib, yalnız dirilməsinin şahidi olaraq seçdiyi adamlar görüb. Peter də bu seçilmiş şahidlərdən biri idi. İsa dirildikdən sonra onlarla birlikdə yaşayıb, yeyib-içib, dirilmiş bədəninin həqiqi olduğunu onlara nümayiş etdirib.

Dirilməsindən tutmuş göyə qalxmasınadək olan qırx gün müddətində İsa onlara Səmavi Atasının Padşahlığının sirlərini öyrədib və deyib ki, Allah göydə və yer üzündə bütün səlahiyyəti Ona vermişdi. Buna görə İsa bütün insanların Hakimi, canlılar və ölülərin Sahibidir. Hətta Korneli və evində toplaşanların hamısı İsaya məxsus idi və biz də Ona məxsusuq.

Ancaq bu Qüdrətli Rəbdən qorxmaq lazım deyildir. Axı bütün peyğəmbərlər İsa Məsihin adına iman edən hər kəsin günahlarının bağışlanacağını və mühakimə olunmayacağını elan etmişdi. Allahdan gələn İsa göyə aparan qapını bizim üzümüzə taybatay açmışdır. Biz artıq günahlarımıza görə qorxu içində yaşamamalı, Allahın ədalətli qəzəbinə görə lərzəyə gəlməməliyik. Allahın Oğlu Öz qanı ilə bizi günahlarımızdan təmizləyib, tamamilə təqdis edib və Allaha, Səmavi Atamıza yaxınlaşdırıb.

Bu həqiqətlərə iman edən saleh sayılır və xilas Müjdəsini qəbul edən müqəddəs olur. Həvarilərin böyüyü bu sözləri ilə yəhudi olmayan bir xalqa ilk dəfə İsa Məsihin lütfünün dolğunluğunu qəbul etməyi təklif etdi və onlara Məsihin kəffarə qurbanı ilə xilas olmaq fürsətini verdi. Peter ona qulaq asanları imana, Allahın xilasedici iradəsini qəbul etməyə dəvət etdi.

Peter Məsihdəki xilasın sirlərini xüsusi sözlərlə, mürəkkəb terminlərlə ilahiyyat və məntiq nöqteyi-nəzərindən izah etmədi, amma İsanın şahidi kimi tarixi faktlardan danışdı. Sözünün sayəsində ona qulaq asanlar xilas oldular. Peter onları günahlarına görə tənbeh etmədi, göz yaşları ilə tövbə etməyə məcbur etmədi, onun özünə deyil, İsaya baxsınlar deyə, onları yönəltdi. O, onların gözləri önündə İsanı təsvir etdi, çünki insan yalnız İsaya iman edərək xilas olur və İsaya ümid bağlayan müqəddəs olur.

Bu söhbətdə biz İsanın çarmıxa çəkilməsinin unikal tarixi sübutunu görürük, axı romalı yüzbaşı İsanın çarmıxa çəkildiyindən xəbərdar olmasaydı, Peterin buna dair şəhadətini əsla qəbul etməzdi. Ancaq bu, məlum bir hadisə idi və Peter bunu xilasımızın əsası olaraq izah etdi.

DUA: Ya Rəbb İsa Məsih, Sən hamının Sahibisən, Öz qiymətli qanınla hamını satın almısan. Dirildikdən sonra göydə və yer üzündə bütün səlahiyyəti əldə etmisən. Bizə kömək et ki, tamamən Sənə təslim olaq və qorxmadan, çəkinmdən hər kəsə Sənin Ata Allahın izzəti üçün Rəbb olduğunu elan edək!

SUAL:

  1. “İsa Məsih hamının Sahibidir” deyildikdə nə nəzərdə tutulur?

www.Waters-of-Life.net

Page last modified on September 05, 2013, at 09:46 AM | powered by PmWiki (pmwiki-2.2.109)