Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 045 (Simon the Sorcerer and the Work of Peter and John; The Ethiopian Treasurer)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

2. Cadugər Şimon və Peterlə Yəhyanın Samariyadakı fəaliyyəti (Həvarilərin İşləri 8:9-25)


HƏVARİLƏRİN İŞLƏRİ 8:14-25
14 Yerusəlimdə qalan həvarilər Samariyalıların Allahın kəlamını qəbul etdiklərini eşidəndə Peterlə Yəhyanı onların yanına göndərdi. 15 Peterlə Yəhya oraya çatanda dua etdi ki, Samariyalı imanlılar Müqəddəs Ruhu alsın. 16 Çünki Ruh hələ onların heç birinin üzərinə enməmişdi, sadəcə olaraq Rəbb İsanın adı ilə vəftiz olmuşdular. 17 Sonra Peterlə Yəhya əllərini onların üstünə qoydu və onlar Müqəddəs Ruhu aldılar. 18 Həvarilərin əl qoyması ilə Ruhun verildiyini görən Şimon onlara pul təklif edərək 19 dedi: «Mənə də belə bir səlahiyyət verin. Əlimi kimin üstünə qoysam, Müqəddəs Ruhu alsın». 20 Peter ona dedi: «Pulun da yox olsun, sən də! Ona görə ki sən Allahın ənamını pulla əldə edə bilmək xəyalına düşmüsən. 21 Bu işdə sənin nə haqqın var, nə payın. Çünki Allahın qarşısında ürəyin düz deyil. 22 Bu pisliyin üçün tövbə et, Rəbbə yalvar. Bəlkə ürəyinin bu niyyəti bağışlanar. 23 Görürəm ki, səndə acı zəhər var və haqsızlığın əsirisən». 24 Şimon ona cavab verdi: «Mənim üçün Rəbbə siz yalvarın ki, dediklərinizin heç biri mənim başıma gəlməsin». 25 Peterlə Yəhya şəhadət edib Rəbbin kəlamını söyləyəndən sonra Samariyalıların yaşadığı xeyli kəndlərdə Müjdəni yaya-yaya Yerusəlimə qayıdırdılar.

Yerusəlimdəki cəmiyyətin üzvləri samariyalıların Allahın Kəlamını qəbul etdiyini eşidəndə çox sevindilər. Vəftiz olanlar yalnız ayrı-ayrı insanlar deyil, bölgənin hər yerindən olan topluluqlar idi. Beləcə müxtəlif dinlərin hissələrindən əmələ gələn Samariya dininin hökm sürdüyü yerlərdə Allahın Padşahlığı yayıldı.

Həvarilərin içində təmkinli və səbirli olanlar “Bu topluluqları sınaqdan keçirək, görək, onlar hansı ruha aiddir” – deyə təklif etdilər. Samariyalılar haqqında daha öncə oxumuşduq – onlar İsanın onların ölkəsindən keçməsinə icazə verməmişdilər. O zaman Yəhya və o biri şagirdlər bu kəndlərin dikbaş sakinlərinə acıqlanaraq Rəbdən onları məhv etmək üçün göydən alov yağdırmasını xahiş etdilər. Lakin İsa onların ürəyinə müraciət edərək “Siz hansı Ruha aid olduğunuzu bilmirsinizmi?” – deyə sual verdi. İndi də Peter ilə Yəhya bu ölkədə baş verən ruhani oyanışı görmək və xidmətləri ilə imanlıların sevincini artırmaq üçün buraya gəldilər.

Bu iki həvari Samariyaya gələn kimi dərhal gördülər ki, burada möcüzələrə görə böyük həvəs və iman olmasına rəğmən, ən önəmli şeylər əskikdir – insanlar daxilən dəyişilməyib, cinlərdən azad olmayıb, Müqəddəs Ruhla dolmayıb. Camaat İsaya iman edirdi, lakin Ona iman etməsinə və Onun adı ilə vəftiz olmasına baxmayaraq, Müqəddəs Ruhla vəftiz olmamışdı.

Xoşumuza gəlməsə belə, etiraf etməliyik ki, özlərini məsihi və ya xristian adlandıran adamların böyük əksəriyyətinin Məsihə olan imanı müəyyən həqiqətləri ağılla təsdiq etməkdən başqa bir şey deyildir. Onların vəziyyəti belədir ki, onlar su ilə vəftiz olublar, müqəddəs mərasimlərdə iştirak edirlər, Rəbbin möcüzələrini görmək istəyirlər, Rəbbin onlara yol göstərməsini diləyirlər, lakin onlar həqiqətən xilası əldə etməyiblər. Onların ürəkləri hələ də murdar ruhların zəncirləri ilə bağlıdır, onların fikirləri hələ də əvvəlki əqidələrinin təsiri altındadır, bədənlərində hələ də günah hökm sürür. Onlarda Allahın qüvvəsi həlimlik, məhəbbət, fədakarlıq və özünüinkar ilə təzahür etmir.

Biz ayrı-ayrı fərdlər və imanlılar cəmiyyətləri olaraq özümüzü İncilin nuru ilə sınaqdan keçirməliyik: biz sadəcə olaraq Məsihin əqidəsini təsdiqləyən cəmiyyətikmi, yoxsa məhəbbət Ruhu ilə dolu, özünə münasibətdə ölü, Allaha münasibətdə isə diri olan müqəddəslərikmi? Təkcə Məsihi anlamaqla, əqidəni təsdiqləməklə, imanlılar cəmiyyətinin mərasimlərini yerinə yetirməklə xilas olacağını zənn etmə. Zira Müqəddəs Ruhdan çıxan Allahın həyatına nail olmadan sən dini fikirlərin və kor fanatizmin ilə ruhən ölü halda qalacaqsan. Sən həqiqətən Müqəddəs Ruhun ənamını əldə etmisənmi? Məsih çarmıxda günahlarımızı ona görə bağışladı ki, biz Atasının verdiyi vədə nail olaq və Onun qüvvəsi, həyatı, sevinci və salehliyi bizim fani bədənlərimizə daxil olsun. Öz möminliyinlə kifayətlənmə və dini xəyallara dalma, amma tövbə et və əqlən dəyiş! Məsihdən təkidlə dilə ki, səni Müqəddəs Ruhu ilə doldursun, onda sən öz pisliyini görüb, günahkar mənliyini rədd edəcəksən və Məsih səndən əbədi həyatla dolu yeni məxluq yaradacaq.

Ey hörmətli qardaş, özünü gözlə! Məsihin Cəmiyyətində şeytanın casusu cadugər Şimon kimi olma. O, həvarilərdən çıxan Allahın qüvvəsini görüb, onu əldə etmək xəyalına düşmüşdü və bu qüvvəni başqalarına ötürmək səlahiyyətini əldə etməyi çox arzu etmişdi. Onu əldə etsəydi, Filipdən güclü olardı və insanlar bu fəal xidmətçini tərk edib köhnə cadugər Şimona qayıdardılar.

Gördüyümüz kimi, insan zahirən vəftiz və tövbə etməsinə baxmayaraq, şeytan kimi qürurlu, lovğa və şöhrətpərəst qala bilər. Belə insan Allahın Kəlamı qılıncı ilə ürəyində günahlarından azad olmalıdır. Xilasımız şər qüvvələrdən qurtarmaqdan ibarətdir, təkcə dini hisslər və əqli dərrakə deyildir.

Şimonun şeytan xasiyyəti tezliklə onun pula güvənməsində üzə çıxdı. O elə bildi ki, əl qoyma vasitəsilə verilən səlahiyyəti pulla satıl almaq olar; Məsihin çarmıxda əvəzsiz olaraq canını qurban verdiyini öyrədən məsihi təliminin mahiyyətini qavramamışdı. Allahın lütfünü pulla, xeyirli işlərlə, yaxud hər cür bəşəri səylərlə almaq mümkün deyildir! Çünki Allahımız bir tacir kimi əsla sövdələşməyə getməz, axı O, hədsiz nemətlər verən rəhmli Atadır. Sevəni tacir olaraq görən hər kəs birbaşa cəhənnəmə gedir. Ora necə də pis məskəndir!

Peter bu ikiüzlü adama belə cavab verdi: “Pulun da yox olsun, sən də! Sən eqoizm, səlahiyyət arzusu, qürur və yalan dolu adamsan. Müqəddəs Ruhdan doğulmamısan, şeytanın oğlusan. Vəftiz olmağına, Məsihi iqrar etməyinə baxmayaraq, Allahın Padşahlığında payın yoxdur. Ürəyin əvvəlki kimi əyridir. Sən şöhrətpərəst, pozğun və hiyləgərsən. Fikrin bəşəridir, Müqəddəs Ruhla nurlandırılmış fikirdən fərqlidir. Bədbəxt Şimon, elə bilirsən ki, hər şey pulla satın alınır! Müqəddəs Ruhun lütfünü də pullarınla almağa çalışaraq, Allahı belə sınağa çəkirsən. Qüruruna və tamahkarlığına görə tez tövbə et! Pisliyinə görə özünü sındır və həyatının istiqamətini dəyişdir! Allahın önündə göz yaşı tökərək günahlarına peşman ol, pisliyini bağışlaması və şər zəncirlərindən səni azad etməsi üçün Ona yalvar! Ola bilir ki, O səni bağışlayar! Ancaq o şərtlə ki, sən həqiqətən bütün varlığınla günahından əl çəkərsən və onu rədd edərsən. Onda sən xilas olub, tövbə edənlərə vəd olunan əfvə nail olarsan”.

Sən də tövbə edib daxildən dəyişilməsən, Allah ilə şeytan arasında qalıb, bu tərəddüdünlə başqalarını zəhərləyə bilərsən; buna görə də imanlılar cəmiyyəti üçün təhdid olaraq qalarsan. O halda sənin ardınca gedən adamlar haqsızlığın əsiri olarlar və sən cənnətə deyil, cəhənnəmə aparan qapı olarsan. Sözlərin insanları xilas etməkdənsə, daha da həlak edər və pozğunlaşdırar.

Əfsuslar olsun ki, cadugər Şimon doğru-dürüst tövbə etməyib. Həvarilərin önündə diz üstə çöküb günahını etiraf etməyib. Peterin qorxunc sözləri onu yalnız vahiməyə salıb. Müqəddəs Ruh, Yerusəlimdəki Xananya və Sapfiradan fərqli olaraq, cadugəri o saat öldürməyib. Şimon yenidən doğulmamış və Ruhu qəbul etməmişdi. Bu səbəbdən, onun üçün tövbə etmək fürsəti hələ qalırdı.

Məsihi Cəmiyyətin tarixindən bilirik ki, bu ikiüzlü cadugər Rəbbə tərəf dönməyib, amma bir bidət (yalançı təlim üzərində qurulan təriqət) yaradıb, özünü bir tanrı elan edib və bu bidətin üzvləri hər cür cinsi pozğunluq və əxlaqsızlıqla məşğul olurdu. Çünki şeytanın ruhu dini bir həvəs və vəcd ilə təzahür edən yerdə, maliyyə və cinsi əlaqə sahələrində tezliklə əyrilik meydana gəlir. Buna görə həvəs dolu dini hərəkatlardan uzaq ol və özünü gözlə! Tövbə et və Məsih kimi yoxsul olmağa və az şeylərlə kifayətlənməyə çalış. Müqəddəs Ruhun paklığını seçib, Onun qüvvəsi ilə nəfsinə hakim ol!

Həvarilər bir çox samariyalıların həqiqətən tövbə etdiyinə və Müqəddəs Ruhun vasitəsilə ürəkdən dəyişildiyinə əmin oldular. Həvarilər səthi emosiya ilə, həvəslə vəz etmədilər, lakin ürəklərin təmizlənməsində, həqiqətən yenilənməsində təkid etdilər, çünki yenidən doğulmadan heç kəs Allahın Padşahlığına daxil ola bilməz.

Ey qardaş, sənə üz tutub yalvarırıq, özünü büsbütün Allahın ruhuna təslim et, bu gün sənin günahlarını mühakimə etməsini, öldürməsini, onların üzərində həqiqi qələbə çalmasını və Məsihin qanına olan imanın vasitəsilə səni təqdis edib Özü ilə doldurmasını dilə! Yol ayrıcında dayanma, yoxsa çoxlarına zərər verərsən!

DUA: Ey müqəddəs Rəbb, məni həlak etmə, amma Məsihin qanı ilə bütün inadkarlığımdan məni təmizlə! Qoy Sənin Müqəddəs Ruhun mənim ürəyimdə hər cür qüruru, murdarlığı, ikiüzlülüyü, səlahiyyət arzusunu yox etsin, qoy mən xudbinlikdən və hər cür murdar ruhdan azad olum, imanın Banisi və Kamilləşdiricisi olan Məsihdə yenilənim!


3. Həbəşli hərəmağasının iman etməsi və vəftiz olması (Həvarilərin İşləri 8:26-40)


HƏVARİLƏRİN İŞLƏRİ 8:26-40
26 Bu zaman Rəbbin bir mələyi Filipə belə dedi: «Dur, cənuba tərəf, Yerusəlimdən Qəzzəyə düşən yola – səhra yoluna çıx». 27 Filip qalxıb getdi. Yolda Həbəşli bir hərəmağası ilə rastlaşdı. Bu, kandakinin, yəni Həbəşlilərin mələkəsinin vəzirlərindən biri idi. O, mələkənin bütün xəzinəsinə cavabdeh idi. Yerusəlimə ibadət etmək üçün gəlmişdi. 28 Arabasına oturub geri qayıdarkən Yeşaya peyğəmbərin kitabını oxuyurdu. 29 Ruh Filipə dedi: «Get, bu arabaya çatıb yanında qal». 30 Filip qaça-qaça arabanın yanına gəldi və eşitdi ki, hərəmağası Yeşaya peyğəmbərin kitabını oxuyur. Ondan soruşdu: «Görəsən oxuduğunu başa düşürsənmi?» 31 Hərəmağası ona dedi: «Əgər mənə yol göstərən yoxdursa, bunu necə başa düşmək olar?» Sonra Filipdən xahiş etdi ki, arabaya minib onun yanında otursun. 32 O, Müqəddəs Yazılardan bu hissəni oxuyurdu: «Kəsilməyə aparılan qoyun kimi, qırxanların qabağında dilsiz quzu kimi ağzını açmadı. 33 Alçaldığı zaman ədalətdən məhrum oldu. Onun nəslini kim təsvir edə bilər? Onun həyatı yer üzündən götürülür». 34 Hərəmağası Filipdən soruşdu: «Xahiş edirəm, deyin, burada peyğəmbər kimdən bəhs edir, özündən, yoxsa başqasından?» 35 Bundan sonra Filip sözə başlayıb danışdı və Müqəddəs Yazıların bu hissəsindən başlayıb İsa barədə olan Müjdəni bəyan etdi. 36 Onlar yol gedə-gedə gəlib su olan yerə çatdılar. Hərəmağası dedi: «Burada su var. Mənim vəftiz olmağıma nə isə mane olurmu?» 37 Filip dedi: «Əgər bütün qəlbinlə iman edirsənsə, mümkündür». Hərəmağası cavab verdi: «İsa Məsihin Allahın Oğlu olduğuna inanıram». 38 Sonra əmr etdi ki, araba dayansın. Filip hərəmağası ilə birgə suya girdi. Beləliklə, Filip hərəmağasını vəftiz etdi. 39 Sudan çıxanda Rəbbin Ruhu Filipi götürüb oradan uzaqlaşdırdı. Filipi bir daha görməyən hərəmağası sevinə-sevinə yoluna davam etdi. 40 Filip bir də gördü ki, Aşdod şəhərinə gəlib-çıxıb. O, Qeysəriyyəyə çatanacan bütün şəhərləri gəzib-dolaşaraq Müjdəni yaydı.

Yaşayan Məsih bir mələyi vasitəsilə köməkçi (dyakon) Filipi Nablusdakı güclü xidmətindən ayırıb ona qızmar səhra yoluna çıxmağı əmr etdi; orada nə insan, nə də heyvan yaşayırdı. Müjdəçinin ürəyi bu kimi əmrə qarşı üsyan edə bilərdi, amma o özünü inkar edərək ayağa qalxdı və Rəbbin əmrinə itaət etdi. Beləcə o, Məsihin zəfərini ucaltdı və bütöv bir ölkəni Məsih üçün qazandı.

Həbəşistanın mələkəsi “kandaki”nin bir vəziri olan dövlətli bir adam Yerusəlimi ziyarət etdikdən sonra vətəninə qayıdırdı. Çox güman ki, o, Allahın tək və yeganə olması və müqəddəs Qanunu haqqında Nil çayında yerləşən Elefantina adasındakı yəhudi vaizlərdən eşitmişdi. Bütün insanlar Allahı arzulayırlar, ancaq ən nəcib olanlar Allahı həqiqətən şəxsən tanımaq üçün bütün dinləri, fəlsəfələri araşdırırlar.

Həbəşistan mələkəsinin xəzinəsindən cavabdeh olan bu varlı adam xədim idi və mələkənin etibarlı məsləhətçisi idi. Özü və ölkəsi üçün Allahdan xeyir-dua almaq üçün bu uzaq ölkəyə gəlmişdi. Yerusəlimdə Rəbbə səcdə qılmasına baxmayaraq, ürəyində bir boşluq qalmışdı. Xədimlərin məbədin həyətinə daxil olması ümumiyyətlə caiz deyil idi. O, bir ilahiyyatçıdan baha qiymətə Yeşaya Kitabı tumarını satın aldı – belə tumarlar bu yaxınlarda Qumran mağaralarında tapılıb. Bu vəzir ibranicə oxuyurdumu, yoxsa yunan dilinə tərcümədən istifadə edirdimi – orasını bilmirik. Əsas odur ki, o oxuyur və anlayırdı. Vətəninə qayıdarkən ürəyinin Əhdi-Ətiq sözləri ilə dolu olmasını, yeni fikirlərə, təzə qüvvəyə nail olmasını, ağlının nurlanmasını istəyirdi. O, əlində böyük xəzinəni tuturdu.

Məsihin həlim Allah Quzusu kimi təsvir edildiyi yerlərə çatanda, Müqəddəs Ruh Filipi onun rastına gətirdi və Filip Allahı axtaran bu bütpərəst adamın yanında addımladı. Filip Ruhdan ilham alaraq, çoxlarında Allahı axtarmaq həvəsini oyadan bu sualı hərəmağasına verdi: “Oxuduğunu başa düşürsənmi?” Şükürlər olsun ki, nəcib vəzir qürurlu deyil idi, “Mən təhsilliyəm, hər şeyi anlayıram” – demədi, amma öz zəifliyini etiraf etdi. O, həlimliyinə görə Allahın müdrikliyini əldə etdi. Özünü hər şeyi bilən, hər şeyi bacaran sayan adam necə bədbəxtdir! Belə adamın ürəyi və ağlı Müjdə üçün bağlanmış halda qalır.

Uzun söhbət açıldı və Filip həmsöhbətinə anlatdı ki, İsa dünyanın günahını həlimlik və məhəbbətlə Öz üzərinə götürən Allah Quzusudur. O, bütün insanların, o cümlədən hərəmağasının özünün və xalqının xilası üçün çarmıxa çəkildi və Allahın qəzəbini Öz üzərinə götürdü. Çarmıxa çəkilmiş İsaya olan iman insanın vicdanını keçmiş təqsirlərindən təmizləyir, hazırda və gələcəkdə Allahın həyatı üçün imanlının ürəyini açır. Filip salehliyə susamış olan həmsöhbətini, Allah Quzusu və Onun çarmıxı vasitəsilə həyat yoluna gətirdi.

Müqəddəs Ruh bu söhbəti idarə etdi və Allahı axtaran o adam eşitdi, anladı, iman etdi və öz həyatını bütünlüklə Məsihə həsr etməyə, Məsihi Rəbb və Xilaskar kimi qəbul etməyə qərar verdi. Onlar o tənha çöldə su görəndə, hərəmağası Filipdən onu vəftiz etməsini istədi.

Bəlkə də, Samariyadakı olaylardan sonra Filip bu adamı vəftiz etməyə tələsmədi, amma vəftiz üçün əsas şərtin yerinə yetirilməsini istədi: “Əgər bütün qəlbinlə iman edirsənsə, vəftiz ola bilərsən. Təkcə ağlın, hisslərin, iradən ilə deyil, bütün qəlbinlə iman etməlisən”. Bəs sən qəlbini tamamən Məsihə açmısanmı? Onunla əbədi həyat əhdini bağlamısanmı? Müqəddəs Ruh bir az İsaya və bir az dünyaya tərəf yönələn ürəkdə məskən salmaz. İsanı bütünlüklə seç və O səni əbədi olaraq qəbul edəcək!

Vəzir qəti qərar aldığına görə Filipdən onu vəftiz etməsini təkidlə dilədi. O, imtahandan keçdi və İsaya olan imanını belə iqrar etdi: “İsa Məsihin Allahın Oğlu olduğuna inanıram”. Bununla o, Müqəddəs Üçlüyün sirrini dərk etdiyini və Məsihin xilasını qavradığını təsdiqlədi; Allahın Ata olduğuna iman gətirdi və əbədi həyata nail oldu. Belə iqrar boş əqidə deyildir, amma dünyada olan bütün atom bombalarından güclüdür. Bu şəhadətin mənasını dərindən araşdır və sən də Allahın övladı olacaqsan. Zira əzəli Olan, Oğlu İsanın vasitənislə bizim Atamız olmuşdur.

Filip tövbə edən bu imanlı adamı vəftiz etdikdən sonra, Müqəddəs Ruh Filipi ondan uzaqlaşdırdı. Hərəmağası Filipdən asılı olmayacaq, yalnız İsaya bağlanacaqdı. Bu vəzirin durumu cadugər Şimonun durumunun tam əksi idi – Şimon Filipə mümkün qədər çox yaxın olmağa çalışdı, Məsihdən isə uzaq idi. Təzəcə imana gələn vəzir isə dua və həmd edə-edə, Allaha tapına-tapına vətəninə qayıtdı. O, Allah-Taalanı Yerusəlimdə tanıya bilməsə də, səhrada Məsihə iman edib Padşahlığına daxil oldu və bu yolla Onu tanıdı. Yəhudilər xədimi rədd etsələr də, Rəbb onu rədd etmədi, məhəbbətlə qəbul etdi və qayğısına qaldı.

Müqəddəs Ruh Filipi səhradan Fələstinin salih boyundakı şəhərlərdən birinə apardı və Filip cənubdan Karmel dağına kimi hər yerdə İsanın adını yayaraq Rəbbin yolunu hazırladı.

DUA: Ey Müqəddəs Rəbb, Sənə itaət edib, Ruhunun qüvvəsi ilə Müjdəni həbəşli vəzirə vəz edən qulun Filipə görə Sənə şükür edirik! Vəzir Sənin çarmıxa çəkilmiş Oğluna iman edərək ölümdən həyata keçdi. Bizi də Müqəddəs Ruhunla apar, qoy biz Səni axtaranları tapaq və onların bütün suallarına cavabən Oğlunun çarmıxa çəkilməsini gözləri önündə təsvir edək, belə ki onlar həyata nail olsunlar!

SUAL:

  1. Filip həbəşli vəzirə necə Müjdəni danışdı?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:56 AM | powered by PmWiki (pmwiki-2.2.109)