Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 044 (Simon the Sorcerer and the Work of Peter and John)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

2. Cadugər Şimon və Peterlə Yəhyanın Samariyadakı fəaliyyəti (Həvarilərin İşləri 8:9-25)


HƏVARİLƏRİN İŞLƏRİ 8:9-13
9 Amma bu şəhərdə bundan əvvəl cadugərlik edən və Samariya millətini mat qoyan Şimon adlı bir kişi var idi. O özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. 10 Böyüklü-kiçikli hər kəs ona diqqətlə qulaq asır və belə deyirdi: «Böyük adlanan Allahın qüvvəsi budur». 11 Onun cadugərliyi hamını çoxdan mat qoymuşdu. Buna görə də ona diqqətlə qulaq asırdılar. 12 Amma Filip Allahın Padşahlığı və İsa Məsihin adı ilə bağlı Müjdəni yayanda sözlərinə iman gətirdilər və kişilər də, qadınlar da vəftiz oldular. 13 Şimon özü də iman gətirdi. Vəftiz olduqdan sonra Filipin yanından ayrılmadı. Göstərilən əlamət və möcüzələr Şimonu mat qoydu.

Nablusun yaxınlığında o dövrdə haqsızlıq ruhu hökm sürürdü. Samariyalılar Tövratın həqiqətindən uzaqlaşıb müxtəlif dinlərin qarışığından ibarət bir dinə qulluq edirdi. Çoxlu şeytan ruhları onların özlərini, evlərini, zehinlərini doldurub, bütün Samariyanı idarə edirdi. Bir murdar ruh xüsusilə məşhur cadugər Şimona və onun ardıcıllarına hökmran idi. Müjdə yayılanda çoxları qaranlığın zəncirlərindən azad oldular, çünki Məsihin Kəlamı məhbusları azad edir! Səmanın nuru şeytanın zülmətini qovur. Məsih qalibdir! O, bu gün də qələbə çalır!

Öz qüvvəsi ilə bir çox adama hökmran olan cadugər özünü böyük bir şəxsiyyət kimi təqdim edirdi. Ardıcılları onu Böyük Allahın qüvvəsi adlandırırdı. Buradan biz bir daha şeytanın ruhunun mahiyyətini öyrənirik: şeytan məğrurdur, təkəbbürlüdür, başqalarına ağalıq etmək arzusundadır. Amma Məsih həlim və qəlbən itaətkardır, O, bütün izzəti Atasına verdi və bir cinayətkar surətində bizim uğrumuzda öldü.

Filip həlim bir həvari kimi bu qaranlıq şəhərə daxil olanda oradakı insanların çoxunu Müjdə ilə nurlandırdı. Əvvəllər cadugər Şimonun ardınca gedən camaat artıq Filipin ardınca gedir, onun sözlərinə inanırdı. Lakin onların ən böyük arzusu günahlarından xilas olmaq deyil idi, onlar həqiqətən tövbə etmədilər, onları yalnız Məsihin adı ilə göstərilən möcüzələr maraqlandırırdı. Camaat Rəbbin köməyini, himayəsini əldə etmək istəyi ilə sevinə-sevinə vəftiz oldu. Həqiqətdə isə onların Məsihə olan imanı dərin bir qənaətdən irəli gəlmirdi, onlar Filipin heyrətedici əməlləri və sözlərinin təsiri ilə Müjdəni qəbul etmişdilər.

Bu qəbul etmə aktı həqiqi ruhani iman deyildir. Qüvvətli müjdəçi olan Filipin yanına yığın-yığın insanlar gəlirdi, lakin o insanlar köklü şəkildə dəyişmirdilər. Qeyri-ciddi, səthi şəkildə imanı qəbul edənlər arasında cadugər Şimon da var idi. Şimon Filipdə Allahın böyük qüvvəsini hiss etmişdi. O, zahirən Məsihin elçisinə təslim olmuş və bu yeni ideyanı sınaqdan keçirmək üçün vəftiz olmuşdu. Lakin ürəyi inadkar, ruhu hiyləgər olaraq qalmışdı. Çünki o, alçaq ruhla dolu idi və imanlı roluna girmişdi. Şimon İsaya deyil, yalnız Filipə yaxın olmağa çalışırdı, Allahın adamının qüvvəsinin və sevincinin sirlərini öyrənməyə can atırdı. Filipdən çıxan Məsihin qüvvəsini öz gözləri ilə gördüyü halda, onun necə işlədiyini heç cür anlaya bilmirdi və çox məəttəl qalırdı.

Filipin vasitəsilə Nablusda baş verən bu oyanışdan biz öyrənirik ki, nə Allahın Kəlamının kütlələr tərəfindən qəbul edilməsi, nə də Allahın qüvvəsinin təzahürləri insanları həqiqi tövbəyə və imana gətirə bilir. Bütün insanlar təbiətcə dindardır, ruhani möcüzələrə heyran olmağa, alovlu vəzlər verənlərə əl çalmağa, cəlbedici “müjdə”ləri qəbul etməyə tələsirlər, lakin çarmıxa çəkilmış Məsihə tabe olmaq və özlərini inkar etmək istəmirlər. Bəs sən Məsihdə kök salmısanmı, yoxsa Onun Cəmiyyətində casus kimi qalırsan?

DUA: Ya Rəbb, Sənə şükürlər olsun, çünki Müjdən xeyir-dualı qüvvədir. Müjdən cinləri qovur, imanlıları azad edir! Bizə kömək et ki, öz şəhərimizdə oturub avara qalmayaq, gedib Sənin adını elan edək, İsanın adı ilə murdar ruhları qovaq, insanlar tövbə etsin və Müqəddəs Ruhunla təzələnsin! Amin.

SUAL:

  1. Şimonun günahı nədən ibarət idi? Peter ona bu günaha necə qalib gəlməyi məsləhət gördü?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:54 AM | powered by PmWiki (pmwiki-2.2.109)