Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 046 (Christ’s Appearance to Saul)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
B - XİLAS BARƏSİNDƏKİ MÜJDƏ SAMARİYA VƏ SURİYAYA YAYILIR VƏ BÜTPƏRƏSTLƏR İMANA GƏLMƏYƏ BAŞLAYIR (Həvarilərin İşləri 8 - 12)

4. Məsihin Dəməşqin yaxınlığında Şaula zühur etməsi (Həvarilərin İşləri 9:1-5)


HƏVARİLƏRİN İŞLƏRİ 9:1-5
1 Şaul Rəbbin şagirdlərinə qarşı hələ də ölüm hədələri yağdırırdı. Baş kahinin yanına gedib 2 ondan Dəməşq sinaqoqlarına yazılan məktublar istədi ki, orada İsa yolunu tutan kişi və qadınlardan kimi tapsa, əl-qolunu bağlayıb Yerusəlimə gətirmək üçün səlahiyyəti olsun. 3 Dəməşqə yollanıb oraya yaxınlaşanda birdən göydən gələn bir işıq onun ətrafında parladı. 4 Şaul yerə yıxıldı və bir səs eşitdi, ona deyirdi: «Şaul, Şaul, niyə Məni təqib edirsən?» 5 Şaul ona dedi: «Ey Ağam, Sən kimsən?» O cavab verdi: «Mən sənin təqib etdiyin İsayam».

Şaul hikmətli alim Qamlielin yanında Tövratı öyrənmişdi. O, Allahın tək olduğuna inanır və imanında ifrat dərəcədə fanatik idi, öz millətində tövhidin (Allahın təkliyi) və Qanuna riayətin təəssübünü çəkirdi. Əcdadların imanından uzaqlaşan və ya ona tabe olmaq istəməyən hər kəsi Şaul zorla itaət etdirir və ya öldürürdü. Stefanın Ali Şuranın önündə özünü müdafiə edərkən verdiyi vəz və Məsihi gördüyünü söyləməsi gənc Şaulu qəzəbləndirdi. Buna görə Şaul bu yolu tutan möminlərə əzab çəkdirərək onları imanı inkar etməyə, Məsihə küfr etməyə məcbur edirdi. Ali Şura Şaulun fəallığı və cəsarətindən çox razı idi. Səhranın ortasında geniş bir vahədə yerləşən Dəməşqdə Məsihin ardıcıllarını təqib etməsi üçün rəsmi icazə istəyən Şaulu bütün lazımi səlahiyyətlərlə, məktublarla təmin etdilər. Şaul o şəhərdə yəhudi icmasını islah etmək, “İsəvi” bidətini yox etmək, əcdadlarının imanını bərpa etmək məqsədilə gedirdi.

Təkəbbürlü Şaul ata minib Suriyanın paytaxtına doğru gedirdi. Məsihin Ruhunu daşıyan adamları öldürmək üçün o, səhra ilə uzun yol getməyə belə razı idi. Dəməşqə bu yeni inancı həvarilər və dyakonlar deyil, tacirlər və qaçqınlar gətirmişdilər.

Artıq şəhərin qüllələrini görən Şaul şəhərə məğrur-məğrur daxil olmağa hazırlaşırdı ki, birdən Rəbbin ehtişamı ildırım kimi parlayıb onu kor elədi. Allaha xidmət etdiyini zənn edən, həqiqətdə isə şeytana qulluq edən bu gənc fanatik atdan yerə yıxıldı. O andan sonra Şaulun ata minməsi barədə oxumuruq. Qüruru sınan Şaul ondan sonra özünü aşağı tutub hər zaman piyada gəzdi.

Gənc adamın o anda eşitdiyi səs ona çox təsir etdi: “Şaul, Şaul, niyə Məni təqib edirsən?” Danışan Şəxs onun adını, xasiyyətini, keçmişini və planlarını bilirdi. Allah onun bütün həyatını və təqsirlərini ifşa etdi və o, hər şeyi bilən Əzəli Hakimin önündə dayanmışdı.

Şaul “Məni təqib edirsən” sözlərini eşidəndə, vahiməyə düşdü. İsa ona “İmanlılar Cəmiyyətini təqib edirsən” demədi, “Məni, şəxsən Məni təqib edirsən” dedi. Çünki Məsih Cəmiyyəti ilə kamil vəhdətdədir. Rəbb Başdır, biz də onun ruhani Bədəninin üzvləriyik. Onun ardıcıllarının ən kiçiyinin başına gələn olaylar Onun Özünün başına gəlmiş sayılır. Rəbb, Cəmiyyətinə qarşı edilən hər haqsızlıqda onunla birgə əziyyət çəkir. Bu qısa cümlədə İsa Cəmiyyətinin və Özünün ali məqsədinin sirrini açıqladı. O, Müqəddəs Ruhun vasitəsilə Öz ardıcılları ilə məhəbbətdə ilahi vəhdətlə birləşmişdir.

İsa sarsıntı keçirən Şaula yalnız “Sən Məni təqib edirsən” deməklə kifayətlənmədi, “Niyə Məni təqib edirsən?” dedi. İnsanların Müqəddəs Üçlüyün həqiqətini dərk etməməsi Allaha əzab verir. Heç bir insanın İsaya tabe olmamaq üçün səbəbi və ya haqqı yoxdur. İnsanların ən böyük təqsiri odur ki, onlar Yaradanın Məsihdə göstərdiyi uca məhəbbətini qəbul etmirlər. Ən böyük günah, çarmıxa çəkilmiş Xilaskara iman etməklə günahların bağışlanmasına inanmamaqdır. Bu, Allahın fikrinə ziddir. Allah hər inadkar adamı mühakimə edib belə deyir: “Niyə Məni təqib edirsən və Müqəddəs Üçlüyün məhəbbətinə qarşı durursan?”

Şaul hiss etdi ki, o, izzətli Rəbbin düşməni olmağına və ardıcıllarını öldürməyinə baxmayaraq, Rəbb onu məhv etmək istəmir. Rəbbin səsində qisas deyil məhəbbət, məhkumiyyət deyəl mərhəmət var idi. Şaul Allahı razı salan heç bir yaxşılıq etmədiyini, yalnız müqəddəsləri öldürdüyünü anladı. Lakin Rəbb ona əvəzsiz olaraq ilahi lütf verdi. Belə lütfə layiq olmayan, əksinə, ölümə və cəhənnəmə layiq olan Şaul həyəcanla “Ey Ağam, Sən kimsən?” – deyə soruşdu. Əslində, bu “Ağam” sözü “Rəbb” mənasına gəlirdi. Şaul bir mələklə danışmadığını, Rəbb Allahın Özü ilə danışdığını anlayırdı. Şaulun bu sözləri Allahın Öz adını tanıtması üçün duanın bir nümunəsidir. Şaul Kimin ona o nurdan müraciət etdiyini bilmək istəyirdi.

Şaul qorxunc mühakimə içində hədsiz bir lütf hiss etdi və qorxa-qorxa imanla Allaha üz tutub danışmağa cürət etdi. Rəbb düşməninə cavab verdi, onu tamamən əzmədi, duasını eşitdi və ona xeyir-dua verdi. Məsihin Şaula söylədiyi sözlər Onun bu cinayətkara rəhm edib günahlarından keçdiyini və ona açıq-aydın iradəsini bildirdiyini təsdiq etdi. Məsihin sözləri Şaulu təmizləyib saleh adama döndərdi və gələcək həyatı və xidməti üçün təməl oldu.

İsa ona belə dedi: “Ey bədbəxt Şaul, sən cinə tutulmuş, çaşmış, yolunu azmış adamsan. Mən isə var Olanam. Ölümdən dirilmiş və əbədi yaşayanam. Mən bir xəyalat və ya uydurma deyiləm, İsayam! Mən qəbirdə çürüməmişəm, çünki izzətli Rəbbin Özüyəm! İndi Mən şəxsən sənə zühur etmişəm və yaxşı niyyətlərinə bələdəm, lakin sənin fikrin dini fanatizm ilə dolu olduğuna görə zehnin kor olub və sən öz fanatizminin ucbatından Məni tanıya bilmirsən. Sən Məni, ölüm və cəhənnəm üzərində qələbə çalan Şəxsi təqib edərək Allaha xidmət etdiyini düşünürsən”. Bu həqiqət bu günə da aiddir ki, İsa Məsihi təqib edən hər kəs şeytana qulluq edir, çünki yaşayan İsa Ata Allahın sağında oturur və göydə, yerdə olan hər səlahiyyət Ona verilmişdir.

Sözsüz ki, Məsihin qürurlu Şaula zühur etməsi və danışması onun özündən, farisey salehliyindən arxayınlığını yox etdi. Rəbb ona elan etdi ki, çarmıxa çəkilmiş Olan yaşayır; O, kainatın mərkəzidir. O, düşmənlərini məhv etmir, lakin lütf üstünə lütf verir. O, Müqəddəs Ruhla dolu Cəmiyyəti ilə vəhdətdədir. Şaula bir dəqiqə içində bildirilən bu üç həqiqət: 1) Məsihin dilirməsi; 2) çarmıxdakı lütf; 3) Müqəddəs Ruhla dolu olan canlı Cəmiyyət – indiyədək yeni əhd inancımızın əsası olaraq qalır. Bəs sən bu üç həqiqətə bağlanmısanmı, yoxsa Məsihin Ruhuna və həqiqətinə qarşı durursan? Əgər qarşı durursansa, Rəbb sənə belə deyir: “Allaha qarşı çıxmaq sənə çətin olacaq və sən həqiqətə və həyata qarşı durduğuna görə çox əziyyət çəkəcəksən”.

DUA: İzzətli və rəhmli Rəbbimiz, Sənə səcdə qılırıq! Sən Şaulu məhv etmədin, amma Ona rəhm elədin. Sən yaşayırsan və aramızdasan. Səni axtaran hər kəsə Özünü tanıt və yaxşı niyyətlə, günahlarını dərk etmədən Sənin Cəmiyyətini təqib edən bütün dini fanatikləri xilas et! Biz Sənin adını ucaldırıq, zira Sən sevimli Cəmiyyətin ilə vəhdətdəsən!

SUAL:

  1. Şaul üçün Məsihin izzətlə zühur etməsi nə demək idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:57 AM | powered by PmWiki (pmwiki-2.3.3)