Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 035 (Description of the Days of the Patriarchs)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)
21. Stefanın özünümüdafiə nitqi (Həvarilərin İşləri 7:1-53)

a) İman atalarının dövrünün təsviri (Həvarilərin İşləri 7:1-19)


HƏVARİLƏRİN İŞLƏRİ 7:9-16
9 Bu ulu babalarımız paxıllıqdan Yusifi qul kimi Misirə satdı. Lakin Allah Yusifə yar idi. 10 Onu bütün əziyyətlərdən qurtardı və ona hikmət verərək Misir hökmdarı fironun gözündə lütf qazandırdı. Firon onu Misirin və öz sarayında olan bütün xalqın rəhbəri təyin etdi. 11 Sonra bütün Misir və Kənan torpağı aclıq və böyük əziyyətlərlə üzləşdi. Bu ata-babalarımız yemək tapa bilmədi. 12 Yaqub eşidəndə ki, Misirdə taxıl var, bu ata-babalarımızı birinci dəfə oraya göndərdi. 13 Onlar ikinci dəfə Misirə gələndə Yusif qardaşlarına özünü tanıtdı. Bununla da firon Yusifin ailəsi ilə tanış oldu. 14 Yusif atası Yaquba xəbər göndərib onunla birgə bütün qohumlarını – yetmiş beş nəfəri çağırtdırdı. 15 Beləliklə, Yaqub Misirə getdi. Özü ilə bu ata-babalarımız da orada öldü. 16 Onların cəsədləri sonradan Şekemə gətirildi və Şekemdə İbrahimin Xamor övladlarından bir neçə gümüşə satın aldığı qəbirdə dəfn olundu.

Stefan öz möminliyini müdafiə etmək üçün ilahiyyatçı mühazirəsi ilə çıxış etmədi, bəlağətli nitq söyləmədi, lakin Ali Şuranın komissiyası önündə hər israillinin kiçikliyindən bəri əzbərdən bildiyi Əhdi-Ətiq imanına şəhadət etdi. Bununla belə, o, xalqının bütün tarixini ətraflı olaraq danışmadı, lakin yeni əhdin mənasını və İsa Məsihin şəxsiyyətini izah etmək üçün ən önəmli hissələri seçdi.

Məsihin əməllərə deyil, lütfə əsaslanan yeni əhdindən bəhs edən Stefan İbrahimin lütf ilə seçilməsi və sünnət əhdi misalından istifadə etdi; sonra Yusifin həyatı barədə danışarkən, onun da Məsihin rəmzi olduğunu göstərdi.

Qardaşları Yusifə paxıllıq etmişdi, çünki onlar ondan böyük və təcrübəli olduqları halda, atası Yusifi ən çox sevirdi. Məsihin də başına eyni işlər gəlmişdi – Onun xalqının “təcrübəli qardaşları” Atasının Ona xəstəliklər, cinlər və ölüm üzərində qeyri-adi səlahiyyət verdiyini görüb, Ona paxıllıq etdilər. Çünki kiçik Nazaretdən gələn bu Müəllimin ardınca yığın-yığın insanlar gedirdi. Onlar paytaxt Yerusəlimdəki başçı kahinlər və ilahiyyatçılardan daha çox İsaya hörmət etdilər.

Bir zamanlar qardaşlar Yusifi bağlayıb quyuya atdıqları, sonra da bədəvilərə ucuz qiymətə satdıqları kimi, xalqın ataları Məsihi romalıların əllərinə təslim etmiş, qəbir quyusuna atıb məhv etmişdilər. Qardaşların Yusifə olan nifrəti zirvəsinə çatdığı kimi, yəhudilərin İsaya qarşı nifrəti o dərəcəyə çatmışdı ki, onlar Onu çarmıxa çəkdirmişdi.

Lakin Allah qərib ölkədə Yusiflə birlikdə olduğu kimi, Məsihin ölümündə də Məsihlə birlikdə olub Onu ölümdən dirildib və yenidən Ona həyat verib. Yusif sınağa çəkildikdən sonra fironun padşahlığında ikinci adam və evinin idarəçisi vəzifəsinə yüksəldildiyi kimi, Allah İsanı yüksəldib Özünün sağında oturdub, göy və yer üzərində bütün səlahiyyəti Ona verib. Hətta gündəlik çörəyimiz belə Onun əlindən gəlir, çünki İzzətli Rəbbin Özü belə deyib: “Mənsiz heç nə edə bilməzsiniz” (Yəh. 15:5).

Vədin mirasçıları möhtərəm qardaşından uzaq yaşadılar və onu tanımadılar. Yusif isə onları tanıdı və ilk görüşündə onlara kömək etdi, amma onlara Özünü tanıtmadı. İkinci görüşündə isə O onlara tam izzəti ilə özünü tanıtdı. Qardaşlar, onları taxılla təmin edən və Misiri idarə edən bu adamın bir zamanlar satmış olduqları qardaşları olduğunu dərk edəndə dəhşətə düşdülər! Stefan çox istəyirdi ki, İsa daşürəkli xalqının ağsaqqallarına Özünü tanıtsın. O ümid edirdi ki, onlar rədd edib iztirablara təslim etdikləri Adamın önündə qorxu və lərzə ilə səcdə edər, xəcalət və peşmançılıq çəkərlər.

Stefan ümid edirdi ki, təlaşa düşmüş qardaşlar peşman olub atalarına qayıtdıqları kimi, Ali Şuranın üzvləri olan bu yetmiş ağsaqqal da xalqına qayıdıb “Oğlun yaşayır! Qardaşımız izzət içində qalır!” – deyə təlaşla xəbər verərlər – “Biz Onu öldürmüşük, amma Allah Onu seçmiş və çox ucaltmışdır! Hamımız həlak olmuşuq, gəlin sidq ürəkdən tövbə edək!” Stefan arzu edirdi ki, Yaqub yetmiş beş nəfərlik ailəsi ilə birlikdə Yusifin yanına gəldiyi kimi, bütün yəhudi xalqı da İsaya gəlib səcdə edər və izzət sahibi olmuş Yusif öz atasının önündə baş əyib onu öpdüyü və firona təqdim etdiyi kimi, Məsih də günahkar xalqına tərəf baş əyərək onu təmizləyər, təqdis edər və Səmavi Ataya təqdim edər.

Lakin Stefanın vəzinə qulaq asanların qulaqları kar idi. Hakimlərin ürəkləri küt idi. Onlar şəfqətli Müqəddəs Ruhun səsini eşitmədilər, yalnız təbəssümlə vaizin buraxdığı səhvi – Yaqubun İbrahimin satın aldığı qəbirdə dəfn edilməsini qeyd etdilər. Həqiqətdə İbrahim Xevronda öz mülkü olaraq satın aldığı yerdə, Yaqub isə Nablusun yaxınlığında, Şekemdə dəfn edilmişdi. Güman ki, Stefanın zəmanəsində bu mətnlərin müxtəlif versiyaları və şərhləri yayılmışdı. Qeyd edək ki, Stefan şəhadət edərkən hakimlər onun sözünü kəsmədi və onun buraxdığı səhvi önəmli və ya araşdırılmağa layiq saymadı (Yar. 23:16-18; 50:13; Yeşu 24:32).

DUA: Ey Səmavi Ata, vahid Oğlunu göndərdiyinə və Onda izzətini elan etdiyinə görə Sənə şükürlər olsun! Daşürəkli olduğumuzu bağışla və bizi Müqəddəs Ruhunla doldur, qoy biz hətta qərib yerdə belə Sənin daxilimizdə yaşadığını və bizdə fəal olduğunu hiss edək! Amin.

SUAL:

  1. Yusif necə İsa Məsihin rəmzi idi?

www.Waters-of-Life.net

Page last modified on August 12, 2013, at 09:41 AM | powered by PmWiki (pmwiki-2.2.109)