Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 032 (Organization of the Church)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

19. İmanlılar cəmiyyətinin təşkili və yeddi köməkçinin seçilməsi (Həvarilərin İşləri 6:1-7)


HƏVARİLƏRİN İŞLƏRİ 6:1-7
1 O günlərdə – şagirdlərin çoxaldığı vaxtda yunanca danışan Yəhudilər ibranicə danışan Yəhudilərdən şikayət etməyə başladı. Çünki gündəlik yardım paylananda onların dul qadınlarını nəzərə almamışdılar. 2 Ona görə On İki həvari bütün şagirdləri bir yerə yığıb belə dedi: «Allahın kəlamını vəz etmək işini atıb maddi işlərlə məşğul olmağımız düzgün deyil. 3 Ey qardaşlar, aranızda etibar qazanmış, Ruh və hikmətlə dolu olan yeddi kişi seçin ki, onları bu işə təyin edək. 4 Biz isə özümüzü duaya və Allahın kəlamını yaymağa həsr edək». 5 Bu sözlər bütün toplantının xoşuna gəldi. Stefanı, Filipi, Proxoru, Nikanoru, Timonu, Parmenanı və Yəhudi dinini qəbul edən Antakyalı Nikolanı seçdilər. Stefan iman və Müqəddəs Ruhla dolu bir kişi idi. 6 Bunları həvarilərin qarşısına çıxardılar. Həvarilər də dua edib onların üzərinə əl qoydular. 7 Allahın kəlamı yayılır, Yerusəlimdə şagirdlərin sayı xeyli artır və bir çox kahinlər də bu imana tabe olurdu.

Şagirdlərin sayının artması ilə xeyriyyədə bəzi problemlər yarandı və bu İmanlılar Cəmiyyətində müəyyən nizam təşkil etmək zərurətini doğurdu. Biz bu gün bu olaydan cəmiyyətdə həssas məsələləri necə həll etməyi öyrənə bilirik. O vəziyyətdə dörd məsələ yaranmışdı və Müqəddəs Ruh bu məsələlərin altı həll yolunu göstərdi.

1 – O zəmanədə Yaxın Şərqdə dul qadınların evdən kənarda işləməsi yolverilməz sayılardı. Əri vəfat etmiş və təzədən ərə gedə bilməmiş, kimsəsiz, qabiliyyətsiz, yaxud xəstə halda qalmış dul qadınlar üçün əvvəlcə yəhudilər, sonra da məsihilər yardım xidməti təşkil etdilər. Erkən imanlılar cəmiyyəti ona daxil olan imanlı dul qadınlar üçün süfrə qurardı. Ümumi kassaya nəzarət edən həvarilər imkan dairəsində bu süfrələri təşkil edərdi.

2 – Erkən imanlılar cəmiyyəti Məsihə iman edən arami dilli yəhudilərdən ibarət idi. Onlar Fələstini tərk etməmişdi, daim öz vətənində yaşayırdı. Onlarla yanaşı orada arami və ya ibrani dilində danışmayan, ancaq yunan dilində danışan çox sayda “ellinləşmiş” yəhudilər də yaşayırdı. Onlar arami dilində sərbəst danışa bilmədiklərinə görə öz vətənində qərib olmuşdular. Bu səbəbdən o iki qrup bir-biri ilə çox asanlıqla dil tapa bilmirdi. Nəticədə Barnabba kimi xaricdən gəlmiş məsihilərin bol ianə verməyinə baxmayaraq, “ellinləşmiş” yəhudilərin dul qadınlarına lazımi qayğı göstərilmirdi.

3 – Həvarilərin işləri başlarından aşırdı, onlar var gücü ilə təlim öyrədir, dua edir, Müjdəni vəz edir, toplantı keçirir, imanlıların evlərinə baş çəkir, şəfa verir, ümumi kassaya nəzarət edir və inancı müdafiə edirdi. Bütün bu işləri tamam-kamal etməyə nə vaxtları var idi, nə gücləri. Buna görə ehtiyaclarını arami dilində anlatmağa qadir olmayan bu dul qadınlara lazımi qayğı göstərilmirdi. Həm dünyəvi, həm ruhani işlərə başı qarışan və heç bir işi əməlli-başlı görə bilməyən yepiskop və pastorlara bu gün də rast gəlmək olar.

4 – Lakin Allaha şükür, o vaxt imanlılar öz aralarında açıqca söhbət edib məsləhətləşdilər. Məsələ həll olunmadığından, imanlılar cəmiyyətində çox şikayətlər səsləndi və məhəbbət dolu birlik az qala dağılmışdı.

5 – O zaman həvarilər dərk etdilər ki, imanlılar cəmiyyətinin daima sayca çoxaldığını nəzərə alaraq cəmiyyətin bütün işləri ilə özləri məşğul ola bilməzlər, amma onlara xidmətdə yardım edən, hər cür xeyirli işə qadir olan köməkçilərə ehtiyacları var. Müqəddəs Ruh onlara öz qohum-əqrəbalarını, yaxın dostlarını, yaxud İsanın ailə üzvlərini bu vəzifəyə seçməməyi göstərdi. Vəzifə ərzaq almaq, yemək bişirmək və süfrəyə qoymaqdan ibarət idi. Onlar bütün cəmiyyətə müraciət edərək bu xidməti yerinə yetirməyə qadir olan yeddi nəfəri tapmalarını xahiş etdilər.

6 – Həvarilər bu seçimin vacibliyini necə əsaslandırdılar? Onlar dedilər ki, “Biz lazım olduğu kimi vəz edə bilmirik. Dua və Allahın Kəlamı yeməkdən üstündür. İnsan yalnız çörəklə deyil, Allahın ağzından çıxan hər kəlmə ilə yaşayar”. Beləliklə, həvarilər duanın təlim öyrətmək və Müjdəni vəz etməkdən daha önəmli olduğunu təsdiq etdilər. Biz də axır ki, duanın danışmaqdan daha vacib olduğunu dərk etməliyik. Əks halda vəzimiz və təlimimiz mənasız olacaq. Bəs sən durmadan dua edirsənmi?

7 – Xeyriyyə xidmətini yerinə yetirməyə kimlər layiq sayılır? Müqəddəs Ruh və hikmətlə dolu kişilər. Birinci şərt yenidən doğulmaqdır, iman, məhəbbət, səbir, ümid, dua gücü və Müqəddəs Ruhun dolğunluğundan qaynaqlanan Müjdəni vəz etmək həvəsidir. İkinci şərt isə həyat təcrübəsinə aiddir – insanlarla müdrikcəsinə rəftar etmək, pulu idarə etmək qabiliyyəti, qida məhsullarını satın almaq və süfrə qurmaq bacarığıdır. Beləliklə, imanlılar cəmiyyətində xidmət etmək üçün zəruri şərtin iki tərəfi var: bir yandan, Məsihə olan imandan qaynaqlanan bol məhəbbət və həlimlikdir; digər yandan, konkret xidmətdə təcrübə və bu xidmətin ünvanlandığı adamlara münasinbətdə bilik və hikmətdir.

8 – Həvarilərin iştirak etmədiyi seçkinin nəticəsində imanlılar cəmiyyəti Müqəddəs Ruh və hikmət ilə dolu yeddi nəfəri yekdilliklə seçdi. Həvarilər İsanın dul qadınlara yeməyi paylamaq xidmətinə məsləhət gördüyü adamların seçilməsi üçün dua etdilər. Seçilmiş xidmətçilərin adlarından onların əksəriyyətinin “ellinləşmiş” yəhudilər olduğu bəlli olur, çünki bunlar ibrani deyil, yunan adlardır. Hamıdan çox Stefan və Filip haqqında bilirik. Burada ilk dəfə Antakya şəhəri barədə yazılmışdır. Bu şəhər bir müddət sonra müjdəçilik mərkəzinə çevrildi, çünki öncə yəhudi dinini, sonra da məsihi inancını qəbul edən Nikola və Müjdəçi Luka məhz Antakyadakı imanlılar cəmiyyətindən gəldilər. Bundan sonra biz Həvarilərin İşləri Kitabında “ellinləşmiş” yəhudilərin Müjdənin yayılmasında getdikcə artan rolunu görürük, çünki Paulun özü də bu qrupdan idi.

9 – Seçkidən sonra imanlılar cəmiyyəti seçdiyi yeddi nəfəri həvarilərə təqdim etdi. Həvarilər onların başlarına əllərini qoydular və onlara bəxş edilmiş qüvvəni yeni xidmətə təyin olunanlara həvalə etdilər. O yeddi nəfər artıq Müqəddəs Ruhu almışdı, Ruhla dolmuşdu. Lakin imanlılar, həvarilərin Allahın xüsusi qüvvəsinə malik olduğunu bilirdi. Buna görə imanlılar cəmiyyəti həvarilərdən bu seçilmiş adamları xidmətlərinə həsr etməsini rica etdilər. Onların xidmətə təyin edilməsi məsul həvarilər ilə bütün cəmiyyət arasında tam birlik və razılıqla həyata keçirildi. Onların hamısı dua etdi ki, Rəbb həvarilərin əl qoyması vasitəsilə yeddi xidmətçisinə qüvvət və səlahiyyət versin.

10 – Həvarilərin xidməti köməkçilərinkindən üstün sayılmırdı, çünki onların Rəbbi eyni idi və onlar eyni Müqəddəs Ruhla dolu idilər. Həqiqətdə köməkçilərin xidməti sadəcə olaraq şorba bişirib paylamaqdan ibarət deyil idi. Məsihin çox böyük şahidi olan Stefan qısa bir zamandan sonra Məsihin yolunda ilk şəhid oldu. Filip Rəbbin qüdrəti ilə həbəşli hərəmağasına Müjdəni vəz edib onu vəftiz etdi. Köməkçilər təkcə xeyriyyə ilə məşğul deyil idi, Məsihə çox fəal şəhadət edirdilər. Burada 3 rəqəmi göyün, 4 rəqəmi isə yerin rəmzi olaraq çıxış edir. Həvarilər 12 nəfər idi, yəni 3 х 4. Köməkçilər də 7 nəfər idi, yəni 3 + 4. Bu onu göstərir ki, hər iki halda Məsihin seçilmişlərinin sayında göylə yerin birləşməsi əks olunur.

İşin bu yolla qaydaya salınması imanlılar cəmiyyətinin artmasına səbəb oldu və Kəlam imanlılarda təcəssüm etdi. Müjdəçi bizə Ali Şuranın İsa adına olan şəhadətin yayılmasına son qoymaq istədiyinə baxmayaraq, Allahın Kəlamının yayıldığından, Yerusəlimdə imanlıların sayının artdığından xəbər verir. On İki həvarilərin kürəklərində hələ də qamçı yaraları qalırdı.

Başçılarının ümumiyyətlə imanlılar cəmiyyətinin ən böyük düşməni olmasına rəğmən, bir çox kahinlərin Məsihə tabe olması necə gözəldir! Müqəddəs Ruh Məsihin ardıcıllarında o qədər canlı şəkildə görünmüşdü ki, kahinlərin ürəyi artıq Allah məhəbbətinin qüvvəsinə qarşı dura bilmədi. Bəziləri haqq yola gəlib, Müjdəyə iman gətirdilər və yeni imanlarına görə vəzifələrini itirmək təhlükəsinə məruz qaldılar. Ancaq onlar ölümdən dirilmiş Məsihin dəvətini qəbul etdilər, sidq ürəkdən Ona tabe oldular və yeni imana itaət etdilər.

Bəs sən, ey qardaş, İncilin xoş xəbərini qavramısanmı? Allahın dəvəti sənə təsir edibmi? Müqəddəs Ruhun cəlb etməsinə tabe olmusanmı? Duada özünü Məsihə həsr et, çünki sən hələ Onu tanımamışdan əvvəl, O sənin uğrunda Özünü fəda etmişdi!

DUA: Ya Rəbb İsa, Sənə şükür edirik, çünki Sən dünyanın Xilaskarısan! Sən günahkarları haqq yola gətirirsən, Öz Cəmiyyətini zəfər yürüşündə aparırsan və imanlılara Sənin adını ucaldan yeni dilləri verirsən! Çoxlarını xilas et və qoy onlar Sənin məhəbbət cəmiyyətinə daxil olsunlar! Bu gün yolunu azmış çox adamı əbədi şərikliyinə dəvət et!

SUAL:

  1. İsa Öz Ruhu ilə yeddi köməkçinin seçilməsini necə təşkil etmişdi və bu olay bizim üçün nə məna verir?

İkinci sual vərəqəsi

Möhtərəm oxucu,
Əgər sən bizim Həvarilərin İşləri Kitabı üzrə şərhimizi oxumusansa, aşağıdakı suallara cavab verə bilərsən. Bu vərəqdəki sualların ən azı 90%-inə düz cavab versən, sənə bu seriyadan növbəti kitabçanı göndərəcəyik. Cavab vərəqəndə adını, soyadını və poçt ünvanını əskiksiz qeyd etməyi unutma.

  1. “Nazaretli İsa Məsihin adı ilə” sözlərinin mənası nədir?
  2. Nazaretli İsaya olan iman nə deməkdir?
  3. Dünyanın tarixinin mənası nədir?
  4. Yəhudilərin Ali Şurasının iki həvari ilə görüşməsinin mənası nə idi?
  5. Peterin başçı kahinlərə müraciətinin əhəmiyyəti nədən ibarətdir?
  6. Niyə bütün dünyanın xilası yalnız İsanın adındadır?
  7. Niyə Müqəddəs Ruhun hərəkət etməsi üçün Allahın Kəlamını yaymaq lazımdır?
  8. Erkən məsihi cəmiyyətinin hansı xüsusiyyətini öz həyatın üçün ən mühüm sayırsan?
  9. Niyə Müqəddəs Ruh Xananyanı dərhal öldürdü?
  10. Ər-arvadın bir-birinə qarşı ruhani öhdəlikləri nədir?
  11. Erkən imanlılar cəmiyyətindəki xeyriyyənin sirri nə idi?
  12. Mələyin məhbus həvarilərə verdiyi əmrin əhəmiyyəti nə idi?
  13. Həvarilərin hakimləri qarşısında müdafiəsinin hansı hissələri xüsusilə xoşuna gəldi?
  14. Ali Şuranın məhkəmə qərarının Məsihin Cəmiyyətinin davam etməsi üçün əhəmiyyəti nə idi?
  15. İsa Öz Ruhu ilə yeddi köməkçinin seçilməsini necə təşkil etmişdi və bu olay bizim üçün nə məna verir?

Sənə Həvarilərin İşləri Kitabını tədqiq etməyi başa çatdırmağı məsləhət görürük, çünki bu yolla sən əbədi xəzinəni əldə edəcəksən. Cavablarını gözləyir, sənin üçün dua edirik. Ünvanımız aşağıdadır:

Waters of Life
P.O.Box 600 513
70305 Stuttgart
Germany

Internet: www.waters-of-life.net
Internet: www.waters-of-life.org
e-mail: info@waters-of-life.net

www.Waters-of-Life.net

Page last modified on July 04, 2013, at 08:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)