Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Acts - 011 (Peter’s Sermon at Pentecost)
This page in: -- Albanian -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Cebuano -- Chinese -- English -- French -- Georgian -- Greek -- Hausa -- Igbo -- Indonesian -- Portuguese -- Russian -- Serbian -- Somali -- Spanish -- Tamil -- Telugu -- Turkish -- Urdu? -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

HƏVARİLƏRİN İŞLƏRİ - Məsihin Zəfər Yürüşü
Həvarilərin İşləri Kitabının tədqiq edilməsi
HİSSƏ 1 - YERUSƏLİMDƏ, YƏHUDEYADA, SAMARİYADA VƏ SURİYADA İSA MƏSİHİN CƏMİYYƏTİNİN TƏSİS EDİLMƏSİ - Həvari Peterin nəzarəti ilə (Həvarilərin İşləri 1 - 12)
A - YERUSƏLİMDƏ İLK İMANLILAR CƏMİYYƏTİNİN YARANMASI VƏ BÖYÜMƏSİ (Həvarilərin İşləri 1 - 7)

6. Peterin Əllinci Gün bayramında etdiyi vəz (Həvarilərin İşləri 2:14-36)


HƏVARİLƏRİN İŞLƏRİ 2:14-21
14 Peter On Bir həvari ilə bərabər irəli çıxdı və izdihama ucadan nida etdi: «Ey Yəhudilər və Yerusəlimin bütün sakinləri, sizə bildirirəm, sözlərimə qulaq asın. 15 Bu adamlar fikirləşdiyiniz kimi sərxoş deyil. Hələ günün üçüncü saatıdır. 16 Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir. 17 Allah dedi ki, axır zamanda “Bütün bəşər üzərinə Ruhumdan tökəcəyəm. Oğullarınız və qızlarınız peyğəmbərlik edəcək, cavanlarınız görüntülər, ağsaqqallarınızsa röyalar görəcək. 18 O günlərdə qul və qarabaşların üzərinə də Ruhumdan tökəcəyəm, onlar da peyğəmbərlik edəcək. 19 Yuxarıda – göylərdə xariqələr, aşağıda – yerdə əlamətlər göstərəcəyəm: qan, alov və tüstü buxarları görünəcək. 20 Rəbbin möhtəşəm və əzəmətli günü gəlməzdən əvvəl günəş qaranlığa və ay qan rənginə dönəcək. 21 Rəbbin adını çağıran hər kəs xilas olacaq...”»

Dillərdə danışmaq önəmlidir, lakin peyğəmbərlik daha önəmlidir. Müqəddəs Ruhun dillər ənamı ilə insan bütün varlığı ilə Allaha tərəf dönərək, Ona həmd, şükür, dua edir və əksər hallarda öz dediyinin mənasını anlamır. Həqiqətən peyğəmbərlik edən insan isə ona qulaq asanların ürəyinə və zehninə təsir edərək, onları Allahın hüzuruna gətirir.

Heyrətə düşmüş yəhudilər həvarilərin sevinc və həmd dilləri ilə Allaha alqış etdiklərini eşidəndə, Müqəddəs Ruh Peterin dili ilə onların ürəklərinə təsir edən vəzi verdi. Çünki həvari onlara Allahın Ruhunun zühur etməsi, gəlişinin səbəbi və məqsədi barəsində açıqca şəhadət etdi.

Peter camaatın qarşısında təkbaşına durub, onlara bəlağətli nitq ilə təsir etməyə çalışmadı. On iki həvarilərin hamısı dua edən dəstə kimi danışan həvarinin ətrafında durdu. Əvvəlcədən hazırlaşmadan bu qədər böyük bir camaat qarşısında danışmaq Peter üçün heç asan deyil idi. Lakin Həqiqət Ruhu onun fikirlərini sakitləşdirdi və ürəyini ruhlandırdı və Peter özünü elə cəsur hiss etdi ki, elə bil bir neçə gün öncə yəhudilərin qorxusundan başqa şagirdlərlə birlikdə kilidli otaqda oturan o deyil idi. İndi isə Allahın qüvvəsi onlara daxil oldu və dilləri açıldı. Müqəddəs Ruhun sözləri ürəklərinə toxundu, Allah həvariləri vasitəsilə onlara danışdı. Peter camaatın qarşısında transa düşmədi, sakit və təmkinli bir şəkildə onlara müraciət etdi.

Birincisi, Peter rişxəndçilərə qısa cavab verdi ki, bu dindar şəhərdə bir adamın səhər saat doqquzda içib sərxoş olması ağlasığmaz işdir, çünki qonşuları buna dözməyəcəkdilər. Bundan əlavə, sərxoş adam ağır cəzalandırılacaqdı.

İkincisi, “insan tutan” bu balıqçı Müjdəni eşitmək istəyənlərə müraciət edərək, Müqəddəs Ruhun gəlməsi üçün qulaqlarını açıb, onu dinləmələrini xahiş etdi. Peter camaata Müjdəni vəz edərkən psixoloji və emosional təsir etmədi, onları ağlatmadı, onların iradəsinə təzyiq edərək amiranə tərzdə danışmadı. O sadəcə olaraq Əhdi-Ətiqdən peyğəmbərlik sözlərini söyləyib, bunların öz vaxtında həyata keçdiyini elan etdi. Onların nə vəziyyətə düşdüklərini Müqəddəs Kitabın sözləri ilə izah etdi və onlara anlatdı ki, indi şahid olduqları bu olay – Müqəddəs Ruhun şagirdlərin üzərinə tökülməsi, sadəcə olaraq, Allahın Kəlamında verdiyi vədin həyata keçməsidir.

Öncül həvari “Bu gördükləriniz Yoel peyğəmbər vasitəsilə əvvəlcədən deyilən hadisədir” deyə elan etməyə cəsarət etdi. Bu peyğəmbərlik hiss olunan dərəcədə gerçəkləşib. Şübhəsiz ki, bu gün Müqəddəs Ruh bu dünyadadır və biz Allahdan Onu bizə göndərməsini təkrar rica etməməliyik. Onu hədiyyə qəbul edən uşaq kimi qəbul etməli və Ona görə Rəbbə şükür etməliyik. Bu Ruh İncilin sözləri vasitəsilə gözlərimizə toxunur, Məsih barəsindəki vəz zehnimizi dəyişdirir və düşüncəmizi təzələyir. Biz bədənlərimizi nə orucla, nə zahidliklə, nə özümüzü zəncirlə döyməklə Saleh Ruhun mənbəyinə döndərə bilərik. Yalnız bu İlahi Ruh yanımızdadır gözləyir ki, biz Onu qəbul edək və ürəklərimizi Ona açaq. Biz İsanın şagirdlərinə dediyi “Müqəddəs Ruhu qəbul edin!” sözünə sevinclə, həmdlə, imanla cavab verməliyik.

Yoel Peyğəmbər qədimdən elan etmişdir ki, kişi-qadın, gənc-yaşlı – hər kəs Müqəddəs Ruhu alacaq. Məsihin vədini qəbul etməyə seçilənlər yalnız yəhudi deyillər. Bu peyğəmbərlik yəhudilər üçün böyük möcüzədir, çünki ruhani baxımdan kişilər ilə qadınlar, valideynlər ilə uşaqlar, azadlar ilə qullar, yəhudilər ilə başqa millətlər arasındakı fərqləri tamamilə aradan qaldırır. Bu gün bütün bəşər Allahı razı sala bilər, Rəbbin sevinci bütün dünyada məskən salıb və qəlbən sınmış olanlarda, çarmıxa çəkilmiş İsaya iman edənlərdə gerçəkləşir!

Allah Yoel Peyğəmbər və Həvari Peterin vasitəsilə həmçinin bunu elan etdi ki, Müqəddəs Ruhun tökülməsi axır zamanın bariz əlaməti olacaq. Allah minlərlə il boyunca pis adamlara səbirlə dözüb. Ancaq Allahın Oğlu çarmıxda bütün günahlarımızı bağışladı. Buna görə də Ruh maneəsiz olaraq qüvvə ilə enə bilmişdir. Müqəddəs Ruhu qəbul edən adam peyğəmbərlik edir, Allahı tanımağa başlayır, Onu ucaldır, Məsihi izzətləndirir. Müqəddəs Ruhu qəbul etməyənlərsə mühakimə olunur, özü də bu mühakimə təkcə haqq-hesab günündə olmayacaq, Müqəddəs Ruhun töküldüyü gündən bəri artıq başlamışdır. Əbədi həyatı qəbul etməyən adam mühakimə olunur, lakin Müqəddəs Ruha ürəyini açan adam özü peyğəmbər olur, Allahı tanıyır və getdikcə Onun iradəsini öyrənməyə adət edir. Bundan əlavə, kimdə ki Müqəddəs Ruh məskən salmışdır, o adam Müqəddəs Allahın övladı olur!

Bu lütf barəsindəki Müjdəyə kainatın məhv olacağının qorxunc təsviri də daxildir: yer kürəmizin atmosferi qaz və tozla kirlənəcək, dünya müharibələrində qan su yerinə axacaq, zəlzələlər yeri sarsıdacaq, dibsiz quyudan məhvedici tüstütək çıxan cin-şəyatin Məsihin Ruhu ilə möhürlənməmiş hər kəsi günaha çəkəcək.

Onda Rəbbin günü və son saat gələcək və qaranlıqda işıq saçan ildırım kimi Məsih nurlu buludda zühur edəcək. O anda bütün dünya Gələnin qarşısında qorxudan əsəcək. Cəhənnəm, tamamən məğlub olacağı Allaha qarşı son döyüşə hazırdır. Haqq-hesab günü və əlamətləri barəsindəki təlimin Əhdi-Cədidin əsaslarından biri olduğunu anlamaq lazımdır.

Ancaq özündə Müqəddəs Ruhunu daşıyan adam göylərə ucalmışdır, çünki fani bədənində Allahın həyatını daşıyır. Belə insan dua edib, Allahdan cavab ala bilir, çünki Müqəddəs Ruh dua Ruhudur və O bizim dilimizə İsanın adını qoyur ki, biz Onun adını çağıraq. Biz Allaha nida edirik və Allah bizə həmişə cavab verir. Məsihin qanı ilə təmizlənərək, Müqəddəs Ruhun qüvvəsi ilə dua edən adam dərhal xilas olur. Bu, Müqəddəs Ruhda olan təsəllimiz, əminliyimiz, zəmanətimizdir. Məsih son məhkəmədə əsla dəyişməyən xilasını izhar edəcək və Onun ardınca gedənləri Allahın alovlu qəzəbindən qoruyacaqdır.

DUA: Səni ucaldırıq, ya Rəbb, Sənə şükür edirik, çünki Müqəddəs Ruhun bu ümidsiz dünyamıza gəlib və Sənin qanınla təmizlənmiş ürəklərimizdə məskən salıb! Biz Sənə səcdə qılır, əməllərdən asılı olmayaraq, əvəzsiz olaraq bizə bəxş etdiyin əbədi həyata görə Səni ucaldırıq! Çoxlu dostlarımızı qüvvənlə doldur və qulaqlarını aç, qoy onlar Sənin səsini eşitsinlər və sevinclə iradəni yerinə yetirsinlər!

SUAL:

  1. Peterin vəzinin birinci hissəsi hansı əsas hissələrdən ibarətdir?

www.Waters-of-Life.net

Page last modified on June 25, 2013, at 12:51 PM | powered by PmWiki (pmwiki-2.3.3)