Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 228 (The Lord Judges the Lazy Servant)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'
13. Əmanət pul məsəli (Matta 25:14-30)

c) Rəbbin tənbəl qullara cəzası (Matta 25:24-30)


MATTA 25:24-30
24 Bir talant alan da gəlib dedi: “Ağa, sənin sərt bir adam olduğunu bilirdim. Əkmədiyin yerdən biçərsən, səpmədiyin yerdən yığarsan. 25 Ona görə qorxdum, gedib sənin talantını torpaqda gizlətdim. Buyur, öz malını geri götür!” 26 Ağası isə cavab verib ona dedi: “Pis və tənbəl qul! Mənim əkmədiyim yerdən biçdiyimi və səpmədiyim yerdən yığdığımı bilirdinmi? 27 Onda gərək mənim pulumu sərraflara verəydin ki, mən qayıdanda onu faizlə geri alım. 28 İndi əlindəki talantı ondan alın və on talantı olana verin! 29 Çünki kimin varıdırsa, daha çox veriləcək və o, bolluq içində olacaq, kimin yoxudursa, əlində olan da ondan alınacaq. 30 Yaramaz qulu isə qaranlıq çölə atın. Orada ağlaşma və diş qıcırtısı olacaq”.
(Sül. 11:24-25; Mat. 13:12)

İsanın bu məsəlindəki pis qul Rəbbə itaətsiz idi, Rəbbi sevmədi, Onu əkmədiyi yerdən biçən sərt adam adlandırdı. O dedi ki, guya Rəbdən qorxur, qəzəbindən lərzəyə düşür, amma bu, yalan idi. Belə qorxusu olsaydı, talantlarını işlətməyə çalışar, dua edib müdriklik istəyərdi. Ancaq o, əksinə, həyatına laqeyd yanaşdı, səfərə getmiş ağasına xor baxdı. Talantı oğurlanmasın deyə, torpaqda çuxur qazıb onu gizlətdi. Bir yerdə yığılmış işlənməyən pul, yararsız yerdə qalan peyin kimidir. Peyini bitkilərə paylamaq lazımdır. Bu dünyada heç kəsə fayda verməyən çoxlu yığılmış sərvətlər, pullar vardır.

Ruhani ənamlar da belədir. Çoxlu ənamları ola-ola, onlardan düzgün məqsədlə istifadə etməyən çox insan var. Əmlaka malik olduğu halda, ondan xeyirli işlər, ruhani həyat üçün istifadə etməyən; nüfuza malik olduğu halda, ondan məsihiliyin yayılması üçün istifadə etməyən çox insan var. Ənamlara, istedadlara malik olan, lakin onları inkişaf etdirməyənlər Məsihə görə yox, özlərinə görə çalışan tənbəl qullardır.

İnsan ya Rəbbə qulluq edər, ya da öz xudbinliyinin quluna çevrilər. Rəbbin qulu öz mənfəəti üçün çalışmamalı, Səmavi Atanın iradəsi və müqəddəs adının izzəti üçün özünü fəda etməlidir. İtaətsizlər özləri üçün çalışıb yaşayırlar, Allahı heç düşünmür və dua etmirlər. Beləcə onlar özlərini zəiflədir, vicdanını məhv edirlər. Onlar bir talantını yerə gizlədən və az qala unudan qul kimidirlər. Məsihsiz yaşayıb iman, ümid və məhəbbətdən məhrum olurlar, get-gedə günahlara qərq olub Allahın qəzəbinə gəlirlər.

Əgər imanlı susub, Allahın lütfü ilə necə yenidən doğulduğundan heç kəsə danışmırsa, o yavaş-yavaş imandan soyuyur. İsanı sevməyən, Ona xidmət etməyən, Onun yolunda özünü fəda etməyən adam canını həlak edə bilər. İsa ruhən böyümək və ruhən soyumaq barəsində danışıb ki, biz ilıq olmayaq, axı Allahın məhəbbətindən soyuyan adam Allahdan uzaqlaşıb məhkumiyyətə uğrayar.

Rəbb tənbəl qulundan bircə talantını götürüb çox talantı olana verdi. Bəlkə də bu bizə qardaşlığa yaraşmayan bərabərsizlik kimi gələr. Lakin Allah müdrikdir, kimin xidmətdə sadiq olduğunu əvvəlcədən bilir və sədaqətlə xidmət edəcək adama çoxlu ənamlar verir. İtaətsizlərə isə O, az verir. Rəbb yaramaz qulu o başdan rədd etmədi, fəqət ona xırda işlərdə sadiq olmaq fürsətini verdi. Allaha istehza edib özü üçün yaşayan adam görəcək ki, Rəbb son fürsəti onun əlindən alacaq və onun ruhani ənamlarının alovu sönəcək, ürəyi daşa dönəcək. Məsih bu məsəldə cəhənnəmi, şeytanın qullarının itaətsizlərin üzərinə hücum etdiyi, qorxu və dəhşət dolu qaranlıq kimi təsvir etdi.

İnsanlar çox vaxt fənərsiz qaranlıqda gəzməkdən qorxurlar. Lakin sən sədaqətlə Allaha xidmət edib ənamlarını Səmavi Atanın izzəti üçün istifadə etməsən, qorxunc “ölüm kölgəsi vadisi”ndən təklikdə keçməyə məcbur olacaqsan. Xilaskarın olmasa, cinlərin əlinə düşmək necə də qorxuncdur!

Allah nurdur, sevincdir, məhəbbətdir. Şeytan isə qaranlıqdır, yalandır, qəddarlıqdır. Onun həqiqi üzü iyrənc və qorxuncdur, ona baxan adam çığırar, diş qıcırdadar. Lakin sadiq qullar Rəbbin sevincinə şərik olacaqlar. Onlar Səmavi Atasını razı saldıqlarına görə hüzurunda qalacaqlar. Bizim cənnətimiz sevinc, şadlıq və səadət dolu yerdir. Nehemya Peyğəmbər dediyi kimi, “Kədərlənməyin, çünki Rəbbin verdiyi sevinc sizin qüvvətinizdir” (Neh. 8:10).

DUA: Ey Səmavi Ata, məni rədd etmədiyin üçün Səni ucaldacağam. Sənə xidmət etmək üçün mənə iradə vermisən. Qoy mən ilk növbədə öz evimin, öz canımın deyil, Sənin quzularının qayğısına qalım, gecə-gündüz onlar üçün çalışım! Sənə bu qədər zəif xidmət etdiyimə görə məni bağışla, Sənin iradəni öyrənib yerinə yetirmək üçün lazım olan həlimliyi və qüvvəni mənə ver! Qoy bizdə Sənin Padşahlığın gəlsin və iradən olsun!

SUAL:

  1. Niyə Rəbb pis quldan bir talantını götürüb yaxşı qullardan birinə verdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:12 AM | powered by PmWiki (pmwiki-2.3.3)