Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 227 (The Lord Rewards the Faithful)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'
13. Əmanət pul məsəli (Matta 25:14-30)

b) Rəbbin sadiq qullara mükafatı (Matta 25:19-23)


MATTA 25:19-23
19 Uzun zamandan sonra həmin qulların ağası gəldi və onlardan hesabat tələb etdi. 20 Beş talant alan gəlib daha beş talant gətirərək dedi: “Ağa, sən mənə beş talant əmanət etdin. Budur, mən daha beş talant qazandım”. 21 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!” 22 İki talant alan da gəlib dedi: “Ağa, mənə iki talant əmanət etdin. Budur, mən daha iki talant qazandım”. 23 Ağası ona dedi: “Afərin, yaxşı və sadiq qulum! Sən xırda işlərdə sadiq oldun, səni böyük işlər üzərinə qoyacağam. Ağanın sevincinə şərik ol!”.
(Mat. 24:45-47)

Allah bizim murdarlığımıza görə bizdən pərdələnmişdir, uzaqdır. Biz Onu nə gözümüzlə görə, nə də ağlımızla dərk edə bilirik. Onu həqiqi mənada tanıya bilmirik, lakin ürəklərimiz sevincimizin mənbəyi Olanı arzulayır. Bütün dinlərdə Yaradana qovuşmaq arzusu var və Rəbbini arzulamayan adam ruhən xəstədir.

Allah böyük məhəbbətində bizi daha çox istəyir, nəinki biz Onu. O, Öz qulları – peyğəmbərlər vasitəsilə, sonra Öz Oğlunda və axırda Müqəddəs Ruhun qüvvəsi ilə bizə Özünü tanıtmışdır. Məsihin ikinci gəlişi labüddür, çünki Onun məhəbbət dolu sözləri də bunu təsdiq edir – O gəlib dünyanı mühakimə, ardıcıllarını isə xilas edəcəkdir. Onun Ruhu bizi aldatmaz. Ürəklərimiz Onun gəlişinin intizarındadır və biz Ondan qorxmuruq, lakin bizim uğrumuzda ölmüş Olanın yanında olmağı arzulayırıq.

Ticarətlə məşğul olmağa qərar verən adam bu fəaliyyət sahəsini ciddi öyrənməyə girişir. Var gücü ilə işini qurmağa çalışır, pulunu, gücünü, vaxtını ona verir, başqa işlərinə daha az əhəmiyyət verir ki, işindən qazanc əldə edib güzəran etsin. Əsil məsihi imanlı möminliyinə bu cür yanaşır. Bizim öz “sərmayemiz” yoxdur, biz Rəbbin qulları kimi Ağamızın sərmayesini işə salırıq. Bu dünyada bütün ləzzətlər, mal-mülk, yaxşı ad, maraqlar, səlahiyyət, vəzifələr – hər şey Məsihin izzəti üçün istifadə olunmalıdır. Müjdə, Müqəddəs Kitab, bazar günü toplantıları və müqəddəs mərasimlər öz məqsədinə xidmət etdikdə Allahla şərikliyimiz dərinləşib möhkəmlənir. Müqəddəs Ruhun verdiyi ənamlardan fəal olaraq istifadə etmək lazımdır. Talantlarımızı işə salmaq bu deməkdir.

Məsihin sadiq qulları Rəbbi qarşılamağa hazırdırlar; şəhadətləri, həyat tərzləri, səxavətlə vermələri və xeyriyyə işləri ilə Müqəddəs Ruhun ənamlarını artırırlar. Hər imanlı daxilində Allahın Müqəddəs Ruhuna malik olduğuna görə hədsiz dərəcədə varlıdır. Başqalarına sevinclə Xilaskara olan imanın barədə şəhadət etdiyin zaman onlara Səmavi Atanın həyatını ötürürsən. Bununla belə, insanları günahlarından xilas edən sən deyilsən, Allahın Kəlamıdır. Bu Kəlamın qüvvəsi səndə və sənin vasitənlə işləyir. Sənin lovğalanmağın üçün heç bir səbəb yoxdur, əksinə, Rəbbin yolunda xidmət etmək və itmişlərə lütf elan etmək sənə Rəbdən verilən böyük şərəfdir.

Məsih səni zehni qabiliyyətinə, fiziki gücünə, zahiri gözəlliyinə görə mühakimə etməyəcək. O, insanın anadangəlmə qabiliyyət və istedadlarını yox, xidmətdə sadiqliyini qiymətləndirən Hakimdir. Savadsız adam səndən daha çox sadiq ola bilər və sənə daha böyük ənamların verilməyinə baxmayaraq, cənnətdə o səndən gözəl olacaq. Lovğalanma, ancaq Allahın Padşahlığı yolunda çalış və nə qədər ki Padşahın dünyanı hökm edəcək Hakim olaraq yer üzünə qayıtmayıb, Ondan “Nə etməyimi istəyirsən?” deyə soruş. Onda Müqəddəs Ruh səni məhəbbətə, Müjdəyə can atan adamların yanına göndərəcək və onlar sənə gəldiyin üçün təşəkkür edəcəklər. Sən sadiqsənmi? Ruh səni yönəltdiyi kimi Rəbbə xidmət et və Onun xeyir-dualarının yayılmasında iştirak edəcəksən.

Sənin sadiqliyinin mükafatı nəinki yer üzündə, həm də göylərdə veriləcək. Sən Atamızı bütün izzəti ilə görəcəksən. Müqəddəslər cənnətdə boş-bikar oturmazlar, Allah onlara daha çox məsuliyyət verər, çünki Allah onlardan razı qalıb və onlar Allahın kahin və padşahları olaraq hikməti və izzətinə şərik olarlar.

Bir kasıb və savadsız qadın musiqi istedadı olmadığına baxmayaraq, dua edib ilahi oxuyur, həmişə Allahı izzətləndirir və ailəsini dolandırmaq üçün çox zəhmət çəkirdi. Uşaqlarını Allah qorxusu və məhəbbəti ilə böyütdü və ruhani ənamının uşaqlarında çoxalmasını səbirlə gözlədi. Buna görə Allah onu şəxsən şərəfləndirəcək, çünki o ona verilmiş az talantı Allahın işinə saldı. Bəs sənin səylərin və sadiqliyin Allahı razı salırmı?

DUA: Ey müqəddəs Ata, Oğlunun qanı ilə bizə əbədi həyat və çoxlu ənamlar verdiyin üçün Sənə minnətdarıq. Səni ucaldıb mədh edirik və Müqəddəs Ruhundan bizi söz və əməllə Müjdəni yaymağa yönəltməsini diləyirik. Qoy Səndən aldığımız ənamlar başqa adamlarda çoxalsın və Sənin xeyirxahlığın ölkəmizin hər yanına yayılsın. Bizi sədaqət, müdriklik və həlimlikdə möhkəmləndir! Bizim səylərimiz və Sənin gücünlə verdiyimiz ruhani səmərə Səni razı salsın!

SUAL:

  1. Rəbb ikinci gəlişində qulları ilə necə hesablaşacaq?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:11 AM | powered by PmWiki (pmwiki-2.2.109)