Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 229 (Christ is the Eternal Judge)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi'

14. Məsih əzəli Hakimdir (Matta 25:31-33)


MATTA 25:31-33
31 Bəşər Oğlu bütün mələklərlə birlikdə izzəti ilə gələn zaman Öz izzətli taxtına oturacaq. 32 Bütün millətlər Onun önündə toplaşacaq, O da qoyunları keçilərdən ayıran bir çoban kimi onları bir-birindən ayıracaq. 33 Qoyunları sağına, keçiləri isə soluna qoyacaq.
(Yez. 34:17; Mat. 13:49; 16:27; Rom. 14:10; Vəhy 20:11-13)

Məsihin Xilaskar və Hakim olaraq gələcəyini gözləyirsənmi? Göydə və yerdə bütün səlahiyyət Ona verilib və O, Atasının sağında oturmuşdur. O mütləq gələcək və hər kəs Onu görüb biləcək ki, insanlar tərəfindən rədd olunub çarmıxa çəkilmiş Oğulda Allahın izzətli məhəbbəti zühur etmiş və Oğul çarmıxda bütün dünyanı xilas etmişdir. Biz Ata Allahın və kəsilmiş Quzu olan Oğlunun izzətinə şəhadət edirik. O hər imanlını xidməti vasitəsilə bu izzəti yaymaqda iştirak etməyə dəvət edir. O halda bizdə Rəbbin Duasının bu sözləri yerinə yetir: “Adın müqəddəs tutulsun!

Məsih Bəşər Oğlu kimi təkrar gələcək. Necə ki O, ölümdən diriləndən sonra şagirdləri Onu müəyyən əlamətlərə, hərəkətlərə, sözlərə və mıx izlərinə görə tanıyıblarsa, biz də Onu bizim kimi həqiqi insan olaraq tanıyacağıq və bütün insanlar üçün Allah qarşısında vəsatət edən sadiq Vasitəçimiz kimi Ona görə şadlanıb sevinəcəyik. İsa günahlarımız üçün öldü və dünyanı Allahla barışdırdı. Bu misilsiz barışdırmanın gerçəkləşməsi üçün İsanın Atasının Ruhu, tövbə edən günahkarların daxilində məskən saldı. Müqəddəs Ruh məsihi imanlılarının daxilində yaşayaraq, çarmıxda tamamlanmış xilası gerçəkləşdirir.

Məsihi və Onun xilasını, lütfünü, əfvi rədd edən hər kəs həlak olacaq, diriləri və ölüləri mühakimə edəcək olan Bəşər Oğlu tərəfindən məhkum ediləcək. Məsih Öz taxtı önündə bütün xalqları toplayacaq; O, onların hamısının xilası üçün oldüyü kimi, eləcə də hamısını mühakimə edəcək. Bütün bəşəriyyət Bəşər Oğlunun önündə duracaq və O hər adamı mühakimə edəcək.

Pis-yaxşı bütün insanlar birlikdə yaşayırlar, lakin Rəbb Özününkilərini tanıyır və O onları ayıracaq. Məsih Öz quzularına görə canını fəda edən Yaxşı Çobandır. Quzuları Onun səsini tanıyırlar, O onlara əbədi həyat verdi və onlar əsla həlak olmazlar və heç kəs onları Məsihin əlindən qapa bilməz! Məsihin ardınca gedən adam Məsih kimi həlim və qəlbən təvazökar olar, qürurlanmadan özünü fəda edər, Allahın məhəbbətinə möhkəm bağlanar. Allah Quzusuna bənzəyən hər kəs Allahın sağında durar.

Zehnini Məsihin məhəbbəti və xilasına qarşı inadkarlaşdıran adam keçi kimi tərsdir. Keçilər Yaxşı Çobanın səsinə qulaq asmaz, ancaq kəllə vurarlar. Məsih məhkəməsindən öncə quzuları keçilərdən ayırar. Bəs sən kimə oxşayırsan: Məsihin quzusuna, yoxsa şeytanın keçisinə?

DUA: Ya Rəbb İsa Məsih, Sənə səcdə qılırıq, Səni ucaldırıq, çünki Sən bütün xalqları mühakimə edəcəksən! Sən saleh və müqəddəssən, məhəbbət dolusan. Sən bəşər oldun və bizim zəif bəşəri təbiətimizi, sınaqlarımızı anlayırsan. Çarmıxda bizə görə canını qurban verdin, günahlarımızı bağışladın. Bizi Öz qiymətli qanı ilə təmizləyən Xilaskarımız Sənsən! Hökm günündə salehlik və həqiqət qüvvəsi ilə bizi müdafiə edəcəyinə ümid bağlamışıq. Bizi sevən və bizə nifrət edən adamlara Sənin gəlişindən əvvəl tövbə və iman etmək fürsətini ver!

SUAL:

  1. Bəşər Oğlu hökm günündə necə zühur edəcək?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:12 AM | powered by PmWiki (pmwiki-2.2.109)