Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 216 (Destruction of Jerusalem)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

6. Yerusəlimin viran olması (Matta 24:15-22)


MATTA 24:15-22
15 Beləliklə, Daniel peyğəmbərin bəhs etdiyi viranəlik gətirən iyrənc şeyin Müqəddəs məkanda qoyulduğunu gördüyünüz zaman – qoy oxuyan bunu anlasın – 16 Yəhudeyada olanlar dağlara qaçsın. 17 Damda olan evindəki əşyaları götürmək üçün aşağı enməsin. 18 Tarlada olan üst paltarını götürmək üçün geri qayıtmasın. 19 Həmin günlər hamilələrin və körpə əmizdirənlərin vay halına! 20 Dua edin ki, qaçmağınız qış fəslində və ya Şənbə günündə baş verməsin. 21 Çünki o vaxt elə dəhşətli əzab-əziyyət olacaq ki, dünyanın başlanğıcından indiyə qədər beləsi olmayıb və heç olmayacaq da. 22 Əgər o günlər qısaldılmasaydı, heç bir insan xilas ola bilməzdi. Amma seçilmişlərə görə o günlər qısaldılacaq.
(Dan. 12:1; Mark 13:14-23; Luka 21:20-24; 23:29)

Burada Məsih gəlişindən öncə axır günlərdə baş verəcək dünya üzərindəki mühakiməsini təsvir etdi. O, şagirdlərinə Allahın qisas və cəzalarından, xüsusilə Yerusəlim üzərinə gələcək mühakimədən bəhs etdi, çünki yəhudi xalqı Allahın Oğlunu rədd edib çarmıxa çəkdirdi. İsa Məsih onların əfv edilməsi üçün dua etdi və Atası bu duasına cavab verdi.

Yəhudilər o vaxt iki qrupa ayrılmışdılar. Millətçilər məbəddə kahinlərə qarşı zor tətbiq etmiş, onları daş və alov yağışına tutmuşdular. Qətlə yetirilmiş kahinlərin qanı müqəddəs qurbangahın yanında axıb məbədin döşəməsinə yayılırdı. B.e. 70-ci ildə Yerusəlimi mühasirəyə almaq üçün şəhərə yaxınlaşan romalıları görən məsihi yəhudilər Məsihin açıq-aydın peyğəmbərliyinə əsasən öz xalqından çıxdılar və Tiberiya gölünün cənubunda yerləşən Pella şəhərinə sığındılar. Yerusəlim hələ mühasirəyə alınmadan öncə şəhərdən qaçan bu imanlılar müqəddəs paytaxtın sakinlərinin üzərinə gələn dəhşətli əzab-əziyyətdən canlarını xilas etdilər.

Bir az sonra Roma komandiri Tit böyük qoşunla şəhərə yaxınlaşıb mühasirəyə başladı. Pasxa mövsümü olduğundan, şəhər ziyarətçilərlə dolu idi. Mühasirə beş ay davam etdi, şəhərdə qıtlıq oldu. Çox adam şəhərdən qaçıb romalılara təslim oldu, romalılar isə onları amansızca çarmıxa çəkdilər. Yüzlərlə yəhudi Yerusəlimin divarlarının ətrafında qoyulmuş çarmıxlara çəkildi.

Şəhəri ələ keçirən romalılar məbədi yandırdılar, böyük binaları dağıtdılar, yəhudiləri əsarətə, köləliyə məhkum etdilər. O zaman dözülməz əzab-əziyyət başladı – İsa Pilatın önündə mühakimə edilərkən “Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!” deyə qışqıran xalq, öz başına gətirdiyi bəladan əzab çəkdi.

Bu gün müqəddəs məkanda viranəlik gətirən iyrənc şey, xarici təzyiq və təqibə məruz qalan imanlılar arasındakı bölünmələrdə, bir-birinə qarşı düşməncəsinə münasibət bəsləməsində təzahür edir. Öz daxilində bölünmüş məsihilik öz əsil təbiətinə ziddir. Bu gün viranəlik gətirən iyrənc şeydə iştirak etməmək üçün biz özümüzü çox aşağı tutmalı, həlim olmalı, bir-birimizə sevgi və sayğı göstərməli, bağışlamalıyıq. Məsihilər Məsihin yeni əmrinə – “qarşılıqlı məhəbbət” əmrinə əməl etməyəndə, yenə də müqəddəs məkanda viranəlik gətirən iyrənc şeyi ucaldır və öz başlarına Allahın mühakiməsini gətirirlər. Aranızda münaqişələr baş verirsə, nəyin bahasına olur-olsun barışın ki, öz canlarınızı və çoxlarının canlarını həlak etməyəsiniz. Əgər düzəlməsəniz, viranəlikdən məsuliyyət daşıyacaqsınız.

Təhlükə vaxtlarında əlimizdə olan bütün yaxşı və namuslu vasitələrlə canlarımızı qurtarmağa çalışmalıyıq. Allah bizə xilas yolunu verirsə, xilas olmaq borcumuzdur. Belə halda ləngimək, Allaha güvənməyin deyil, Allahı sınağa çəkməyin əlamətidir.

Ölüm qapımıza yaxınlaşanda ləngimək son dərəcə təhlükəli ola bilər. Luta “Arxana baxma!” (Yar. 19:17) – deyə əmr edildi. Bu prinsip, inadla günah içində yaşayan adamlara da aiddir. Onlar həlak olacaqlarını görüb Məsihə tərəf qaçmaq zərurətini anlayanda tələsməlidirlər, yoxsa bu işi dəfələrlə təxirə salmağın nəticəsində əbədi olaraq həlak olacaqlar.

Müdrik adam qaçanda çox əşya götürməz, çünki artıq əşya ona yük olar, qaçması üçün maneə törədər.Aramlılar panikada tələsik qaçdıqları vaxt geyim və əşyalarını atdılar (2Pad. 7:15). Özü ilə az şeylər götürənlərin təhlükədən qaçması daha asan oldu. Təhlükə zamanında sağ qaldığımıza görə Allaha şükür etməliyik, hətta əgər var-yoxumuzdan heç nə qalmayıbsa. “Can yeməkdən daha vacibdir” (Mat. 6:25). Yunanlarda belə məsəl var: “Bir qəpiksiz yolçu oğrulardan qorxmaz”. Filosoflardan biri əli boş qaçdığı vaxt belə dedi: “Bütün mülküm mənimlədir”. Ürəyi lütf ilə dolu adamı var-yoxundan məhrum etdikdə belə, mülkü həmişə onunla qalar.

DUA: Ey Ata, biz Sənin qəzəbindən həlak olmağa layiqiq, çünki məğrur və lovğayıq, fərqli qruplara, məzhəblərə bölünmüşük, bir-birimizə həqarətlə baxırıq. Başqalarından yaxşı olduğumuzu düşündüyümüzə görə bizi bağışla və qüdrətli Kəlamının üzərində bizi həlim məhəbbətlə birləşdir!

SUAL:

  1. Viranəlik gətirən iyrənc şey nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)