Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 215 (They Will Deliver You up to Tribulation)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
BEŞİNCİ HİSSƏ - İsanın Yerusəlimdə son xidməti (Matta 21:1 - 25:46)
C - İsanın Zeytun dağında dünyanın gələcəyi barədə söylədiyi nitq (Matta 24:1 - 25:46) -- İsanın sözlərinin altıncı məcmuəsi

5. Sizi əziyyətə təslim edəcəklər (Matta 24:9-14)


MATTA 24:12-14
12 Qanunsuzluq çoxaldığı üçün bir çoxunun məhəbbəti soyuyacaq. 13 Amma axıracan dözən xilas olacaq. 14 Səmavi Padşahlığın bu Müjdəsi bütün millətlərə şəhadət olmaq üçün bütün dünyada vəz ediləcək. O zaman hər şeyin axırı gələcək.
(Mat. 10:22; 28:19; 2Tim. 3:1-5; Vəhy 13:10)

Şəhərdə maşın sürən hər sürücü tıxaclara düşür və çox vaxt başqa sürücülərin kobud və təhlükəli hərəkətləri, yolunu kəsmələri ilə üzləşir. Şagirdlər məktəbdə yoldaşlarının hiylə, yalan, təhqirlərindən əziyyət çəkirlər. Haqsızlıq, xudbinlik, kobudluq aramızda çox yayılıb. Yüksək mənəvi keyfiyyətlər az qala yoxa çıxıb və uşaqların valideynlərinə hörməti qalmayıb. Hakimlər rüşvət alırlar, dünyada yalan, hiylə və zorakılıq baş alıb gedir.

Çoxumuz bu cür zəhərli mühitdə yaşayırıq və bu zəhər yavaş-yavaş ürəyimizə hopub bizi kin dolu, murdar adamlara döndərir. Ancaq Məsih əlini üzərimizə qoyaraq bizi kindən azad edir və məhəbbətini bəxş edir. Yalnız Məsihin xeyirxahlığı axır günlərin qatı zülmətinə qalib gələ bilər. Lakin Məsihin səbrində qətiyyətlə möhkəm dayanmayan adam Ondan üz döndərəcək, çünki şeytanın hiylələri çox güclüdür.

Ey oxucu dostum, Məsihə nəzər sal və gör, O, çarmıxda ikən necə düşmənlərini bağışlayıb, tövbə edən qulduru xilas edib, bizim təqsirlərimizin cəzasına görə Allahın qəzəbinə dözüb. Məsih şikayət etmədən əziyyət çəkdi, bizi hədsiz dərəcədə çox sevdi. Sən öz gücünlə yoldaşlarının nifrətinə qalib gələ bilməzsən, ancaq Rəbb sənə güc verər və məhəbbətini artırar. Əgər sən öz incikliyinə qalib gəlməsən, öz şərəfinə münasibətdə ölməsən, səni alçaldanlara qarşı kinindən əl çəkməsən, müqəddəslərin şərikliyindən yavaş-yavaş uzaqlaşarsan və məhəbbətin soyuyar. Məsihə tərəf dön, axı Onsuz sən xeyirli bir iş etməyə qadir deyilsən.

Axıracan dözən xilas olacaq. Məsih səndən ancaq bir şeyə dözməyini gözləmir, amma ömrünün sonuna qədər bağışlayan, sevinc və mərhəmət dolu adam olmağını istəyir. Məsih sənin boyunduruğuna şərik olmağa hazırdır, sən Ondan öyrən, çünki O həlim və qəlbən itaətkardır, onda sən canına rahatlıq taparsan!

Məsih xəbər verdi ki, axır zamanda Müjdə bütün dünyada yayılacaq. Məsihin ölümündən qırx il sonra Müjdə “bütün dünyaya”, yəni bütün Roma İmperatorluğuna yayılmışdı (Rom. 10:18). Həvari Paul Müjdəni Yerusəlimdən İllirikum diyarına qədər yayıb qurtarmışdı (Rom. 15:19). O biri həvarilər də boş oturmayıblar. Yerusəlimdəki imanlılara qarşı təqiblər başlayanda, onlar pərən-pərən düşüb Kəlamı yayıblar (Həv. 8:1-4). Beləcə Yerusəlimdəki təqiblər Məsihin düşmənlərinin ümid etdiklərinin əksinə, Müjdənin yayılmasına daha da kömək etmişdir! B.e. 70-ci ildə romalılar Yerusəlimi dağıdana qədər bir çox insanlar artıq Məsihə iman gətirmişdi.

Gördüyümüz kimi, təqib, sınaq, əziyyət zamanında belə, Padşahlığın Müjdəsi vəz ediləcək və yayılacaq. Müjdənin bu qarşıdurma şəraitində vüsət alması labüddür. İmanlılar Cəmiyyətinin düşmənləri qızışanda və dostlarının məhəbbəti soyuyanda belə, Müjdə yayılacaq! İmanlılar qılıncla öldürüldükdə, yaxud tonqallarda yandırıldıqda belə, Allahını tanıyan xalq çoxlarını sevə və həqiqəti öyrədə biləcək.

Rəbb İsa bizə xəbər verir ki, yer kürəmizin və bütün kainatın axırı olacaq, onda biz nə üçün həyatımızın sonu yox imiş kimi yaşayırıq? Hər şeyin axırı yaxındır. Bu gün mövcud olan nüvə silahları ilə planetimizi bir göz qırpımında məhv etmək mümkündür. Musa bizə bu dünyadakı həyatımız üçün hikmət açarı verib: “Günlərimizi saymağı bizə öyrət ki, qəlbimiz hikmətli olsun” (Zəb. 90:12).

DUA: Ya Rəbb İsa, gəlib bizi qoruyub saxladığın üçün Sənə şükür edirik! Bütün insanları sevməyi, onlara Müjdənin qüvvəsini təqdim etməyi bizə öyrət! Əziyyətlərə səbirlə dözməyi bizə öyrət, necə ki Sənin bütün dünyada olan qulların “Gəl, ya Rəbb İsa!” – deyə dua edirlər.

SUAL:

  1. Axır günlərdəki çətinliklərimizə necə qalib gələ bilərik?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:09 AM | powered by PmWiki (pmwiki-2.3.3)