Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 178 (Equal Wages)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
DÖRDÜNCÜ HİSSƏ - İsanın Yerusəlimə gedərkən İordan vadisində xidməti (Matta 19:1 - 20:34)

8. Bütün işçilər üçün eyni muzd (Matta 20:1-16)


MATT 20:1-16
1 Səmavi Padşahlıq səhər erkən durub öz üzüm bağı üçün işçi tutmağa çıxan ev sahibinə bənzəyir. 2 O, işçilərlə günü bir dinara razılaşıb onları üzüm bağına göndərdi. 3 Üçüncü saat radələrində çıxıb meydanda işsiz durmuş adamları gördü. 4 Onlara da dedi: “Siz də üzüm bağına gedin və haqqınızı düz verərəm”. 5 Onlar da bağa getdilər. Altıncı və doqquzuncu saat radələrində yenə çıxıb belə etdi. 6 On birinci saat radələrində çıxdı və orada duran başqalarını tapıb onlara dedi: “Nə üçün bütün günü burada işsiz durursunuz?” 7 “Çünki heç kim bizə iş vermədi” dedilər. Onlara “siz də üzüm bağına gedin” dedi. 8 Axşam olanda bağ sahibi öz nəzarətçisinə dedi: “İşçiləri çağır və axırıncılardan başlayaraq birincilərə kimi muzdlarını ver”. 9 On birinci saat radələrində işə gələnlər adambaşına bir dinar aldılar. 10 Birinci gələnlərsə daha çox alacaqlarını düşündülər, lakin onlar da adambaşına bir dinar aldılar. 11 Pullarını aldıqları zaman ev sahibinə şikayət edərək dedilər: 12 “Bu ən axırıncılar cəmi bir saat işlədilər və sən onları günün ağırlığını və qızmar istisini çəkən bizlərlə bir tutdun”. 13 O isə onlardan birinə cavab verib dedi: “Dostum, axı mən sənə haqsızlıq etmədim, sən mənimlə bir dinara razılaşmadınmı? 14 Haqqını al, get! Axırıncıya da sənə verdiyim qədər vermək istəyirəm. 15 Öz pulumla istədiyimi etməyə ixtiyarım yoxdurmu? Sən mənim comərdliyimə qısqanırsan?” 16 Beləcə də axırıncılar birinci, birincilər isə axırıncı olacaq».
(Rom. 9:16, 21)

Bu məsəlin məqsədi, əvvəlki fəslin sonunda Allahın Padşahlığı barədə deyilən bu sözləri izah etməkdir: “Birinci olanların çoxu axırıncı, axırıncı olanlarsa birinci olacaq”. Bu həqiqət ziddiyyətli göründüyündən, onu izah etmək lazım gəldi.

İncilin dövründə yəhudilərin rədd edilməsi və başqa millətlərin ilahi mirasın şərikləri olmağa dəvət olunması bəlkə də ən qaranlıq məsələ idi. Yəhudiləri bundan daha çox qəzəbləndirən bir təlim idi. Görünür ki, bu məsəlin əsas mənası belə idi: yəhudilər “üzüm bağına” ən birinci dəvət olunmuş xalq idi və bir çoxları bu dəvətə müsbət cavab vermişdilər. Lakin axırda Müjdə başqa millətlərə də vəz ediləcək və onlar Müjdəni qəbul edib yəhudilərlə eyni üstünlüklərə malik olacaqlar. Başqa millətlərin Allahdan yəhudilərlə bərabər hüquqlar alması barədəki fikir yəhudilərin əksəriyyəti üçün ağlasığmaz və qeyri-məqbul idi.

Məsih şagirdlərinə gələcək iztirab və ölümü barədə xəbər verdi və eyni zamanda onları inandırdı ki, O, ölümdən dirilən Rəbdir və ikinci gəlişindən sonra hökm sürəcək. İsa izzətlə gələndə hər kəs Onu öz gözləri ilə görəcək, O da yer üzündə sülh Padşahlığını quraraq məhəbbət qüdrəti ilə hər şeyi yeniləyəcək. O zaman zəhmətimizin, səylərimizin, Ona sərf etdiyimiz vaxtımızın mükafatını alacağıq. Ancaq Allahın Padşahlığının xidmətinə qoşulmaq dəvətinə cavab verən hər kəs göylərdə bərabər mükafat alacaq. Həqiqətən, Allahın dəvəti ağlımızdakı dəyərlərin hamısından üstündür, çünki Allahın bizə verdiyi ən böyük hüququmuz müqəddəs məqsədləri üçün Ona xidmət etmək hüququdur. Ona xidmət etmək bizə sevinc verir, Onun bizimlə olması bizim üçün ən yaxşı mükafatdır!

Allah böyük “ev sahibi”dir. Biz Ona məxsusuq, Ona qulluq edirik. O ev sahibi kimi bizə işlər tapşırır və istəyir ki, biz də Onun işçiləri kimi bu işləri yerinə yetirək. Allah işçiləri, onlara ehtiyacı olduğuna görə bağına göndərmir; əksinə, onlara rəhm edib bikarçılıq və yoxsulluqdan qurtarmaq üçün göndərir.

Lakin insan ağlı Rəbbin işlərində haqsızlıq görür. Biz düşünürük ki, başqalarından çox iman və xidmət edən, Məsihin yolunda əziyyət çəkən, dua edib oruc tutan adam daha yaxşı mükafat və muzd almalıdır. Öz pulundan çox ianə verən, səylə xəstələrə qulluq edən, təhlükələr içərisində İsanın adına şəhadət edən imanlılar düşünə bilər ki, onların adları göylərə qədər ucaldılmalı. Lakin İsa, işçilərin muzdu və mükafatı barədəki bu cür bəşəri meyarları tamamilə dəyişdirdi. Göylərdə heç kəs başqalarından üstün deyildir, çünki hamımız günahkarıq və Allahla şərikliyə layiq deyilik. Rəbb bizi yalnız lütf və İsanın qurbanı əsasında xidmətə dəvət edir. Heç bir insan Allaha xidmət etməyə layiq deyildir. Amma İsa təqsirkarları saleh edir ki, müqəddəs Olan onların tövbəsi və qüsursuz davranışında izzətlənsin, biz də lütf ilə xilas olaq və əvəzsiz olaraq Ata Allahımızla şərikliyi əldə edək – bu bizim əsil mükafatımızdır!

Axşamüstü bütün işçilər muzdlarını almaq üçün çağırıldılar. Axşam, haqq-hesab vaxtıdır. Həyatımızın axşamında, yəni öləndən sonra biz haqq-hesab verməli olacağıq.

Yəhudilər, özlərinin murdar bütpərəst millətlərə nisbətən çox üstünlükləri olduğunu düşünürdü. Çünki Məsih gəlmədən 1350 il öncə onlara Tövrat bəxş edilmişdi. Onlar köhnə əhddə Rəbb ilə münasibətlərinə görə çox əziyyət çəkmişdilər və indi bunun əvəzində xüsusi xeyir-bərəkət alacaqlarını, xalqlar arasında şərəflənəcəklərini, böyük sərvət əldə edəcəklərini umurdular. Lakin əksinə, müstəmləkəçiliyə və həqarətə məruz qaldılar. İsaya nifrət etdilər, çünki O onların üstünlüyünü tanımadı və qürurlanmağa davam etdikləri, tövbə etmədikləri təqdirdə axırıncı olacaqlarından xəbərdarlıq edirdi. Doğrudur ki, Rəbbin başqa xalqlardan seçdiyi adamlar xidmətinə qoşuldular, padşahlar Padşahına həyatını həsr etdilər. Eyni zamanda İbrahimin nəslindən olanların əksəriyyəti indiyədək itaətsiz qalır və aləmlərin Xilaskarına səcdə qılmaqdan imtina edirlər.

Biz imanlılar isə İbrahimin nəslinə yuxarıdan baxmamalıyıq, çünki bizim imanımız özümüzdən qaynaqlanmır, lakin biz hər gün lütf ilə təzələnir və ruhani mübarizəmizi davam etdiririk. Buna görə də kim ayaq üstə durduğunu düşünürsə, ehtiyatlı olsun ki, yıxılmasın. Biz öz xeyirli işlərimizə yox, yalnız çarmıxdakı lütfə ümid bağlayırıq. Hamımız dəyərsiz qullarıq və görməli olduğumuz işləri belə hələ etməmişik.

DUA: Ey Səmavi Ata, Sənə sədcə qılırıq və həyatımızı Sənin məhəbbətinə həsr edirik, çünki Sənin Oğlun bizi üzüm bağında xidmət etməyə çağırdı. Biz Sənə qulluq etməyə layiq deyilik. Bizi günahlarımız üçün məhv etmədiyinə görə Sənə şükür edirik. Səni sevirik və yalvarırıq, bizi haqq yola gətir ki, biz daim Sənin yolunda sadiqliklə zəhmət çəkək və çox səy göstərək! Bizə kömək et ki, dost-yoldaşlarımızı Sənin Padşahlığında xidmət etməyə dəvət edək və onlar da Sənin müqəddəs adını izzətləndirməkdə iştirak etsinlər!

SUAL:

  1. Məsihin mükafatının sirri nədir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 09:00 AM | powered by PmWiki (pmwiki-2.3.3)