Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 144 (Great Faith Shown by Humility)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
3. İsa xidmətlərdə və yollarda (Matta 14:1 - 17:27)

g) Kənanlı qadının böyük imanı və həlimliyi (Matta 15:21-28)


MATTA 15:21-28
21 İsa oradan çıxıb Sur və Sidon bölgələrinə çəkildi. 22 Budur, Kənanlı bir qadın o diyardan çıxıb «ya Rəbb, ey Davud Oğlu, mənə rəhm elə. Qızım ağır bir halda cinə tutulub» deyə çığırırdı. 23 İsa cavabında ona bir söz belə, demədi. Şagirdləri yaxınlaşıb «onu burax, çünki arxamızca çığırır» deyərək İsaya yalvardılar. 24 Amma İsa cavab verib dedi: «Mən yalnız İsrail xalqının itmiş qoyunlarının yanına göndərilmişəm». 25 Qadınsa yaxınlaşdı və Ona səcdə qılıb dedi: «Ya Rəbb, mənə imdad et». 26 İsa cavab verib dedi: «Uşaqların çörəyini götürüb itlərə atmaq düzgün olmaz». 27 Qadın dedi: «Haqlısan, ya Rəbb! Amma itlər də sahiblərinin süfrəsindən düşən qırıntılardan yeyir». 28 O zaman İsa cavab verib qadına dedi: «Ey qadın! İmanın böyükdür; sənə istədiyin kimi olsun». Onun qızı o saatda sağaldı.
(Mat. 8:10, 13; 10:5-6; Mark 7:24-30; Rom. 15:8)

Məsih, adət-ənənələrinə görə Allahın əmrini pozduqları üçün yəhudi dindarlarını məzəmmətləyib yanıldıqlarını söylədikdən sonra, onlar bütün sinaqoqlarda İsa haqqında pis fikir yaratdılar, xalqın başçılarını İsaya qarşı təhrik etdilər. Onlar İsanı rədd etdilər və ölümə təslim etmək üçün izləməyə başladılar. Əvvəllər İsanın çörək çoxaltmasına heyran olan camaat bundan sonra başçılarının qorxusundan İsadan yavaş-yavaş uzaqlaşmağa, hətta Ona nifrət etməyə başladı. Xalq imandan dönməktə idi.

Burada İsanın kənanlı bir qadının qızından cini çıxartması haqqında məşhur əhvalatı oxuyuruq. Bu əhvalatda misilsiz və heyranedici mənzərəni – Məsihin yazıq bütpərəst xalqların nümayəndələrinə göstərdiyi mərhəmət dolu münasibəti görürük. Burada millətlər üzərində doğacaq olan nurun (Luka 2:32) bir şüası parladı. Məsih “Öz diyarına gəldi, amma soydaşları Onu qəbul etmədi” (Yəh. 1:11).

Məsihdən bilə-bilə uzaqlaşan adamdan Məsih Özü də uzaqlaşar. Buna görə, İsa bütlərə tapınmaq istəyən Öz xalqını tərk etdi və Livandakı günahkarların yanına yönəldi. Finikiyalılar Ona iman gətirdilər, Öz xalqının möminləri isə Onu rədd etdilər. Savadsız kəndli qadın gəlib İsaya səcdə edərək cinə tutulmuş qızına şəfa verməsini imanla dilədi. İsa qadına heç bir cavab vermədi. Şagirdlər qadının öz çığırtısıyla Rəbbi narahat etdiyini zənn edərək, qadını buraxmasını istədilər.

Uşaqların problemləri, ələlxüsus şeytanın əlində əsir olması atalarına böyük əziyyət verir. Yumşaq ürəkli atalar öz övladlarının dərdlərinə şərik olurlar. O qadın deyirdi: “O, cinə tutulmuş olsa da, mənim qızımdır”. Yaxınlarımızın başına gələn çox pis müsibətlər belə bizi onlardan ayıra bilməz, onlara qarşı məhəbbətimiz heç vaxt əskilməməlidir. Bu ailənin böyük dərdi o qadının Məsihdən öz qızı üçün şəfa istəməsinə səbəb oldu.

Məsih qadına Səmavi Atasının əmrini başa saldı – Ata Onu ilk öncə Öz xalqının itmiş adamlarına göndərmişdi ki, onları cinlərindən, günahlarından, yalandan azad etsin.

Qadın isə sakitləşmək bilmir, son ümidini gördüyü Məsihi buraxmırdı. Yolun ortasında Məsihə səcdə etdi, Onu ayaq saxlamağa məcbur etdi və öz qızı üçün şəfa istədiyini söylədi. Bu göstərir ki, qadın Məsihin üstün qüdrətinə inanırdı. İmanı Məsihin prinsiplərinə belə, üstün gəldi. Məsihin qadına rəhmi gəldi və O ona çətin sınaq vasitəsilə Özünü tanıtdı. Məsih o qadını itlərdən biri adlandırdı, çünki dünyanın qürur və ehtiraslarla həyat sürən, Musanın Qanunu və Allahın Vəhyindən bixəbər olan bütün xalqlar itlər kimidir. Yalnız Allahın Kəlamı insanı nurlandırır, ürəyini və zehnini dəyişdirir. Müqəddəs Yazıdan bixəbər olduğumuz təqdirdə, hamımız Yaradanı tanımayan itlərə bənzəyirik.

Məsih şərəfləndirmək istədiyi adamı öncə aşağı salır ki, o, hörmətə layiq olmadığını hiss etsin. İsa sınaqlar vasitəsilə imanımızı qüvvətləndirir və bəzən biz saf qızıl kimi təmizlənmək üçün şiddətli sınaqlardan keçməli oluruq.

Qadın İsanın onu itlərə bənzətdiyinə dözdü, çünki bu söz doğru idi və bütün insanların vəziyyətini ifadə edirdi. Qadın Məsihin onun qızına şəfa verməkdə ləng davranması qarşısında imanla qalib gəldi. İsa əvvəlcə onun ürəyini qürurdan qurtardı, sonra isə qızına şəfa verdi. Bu finikiyalı qadın kimi həlim ol, özünü Allahın qabağında günahkar say, onda sən həqiqəti biləcəksən və təmizlənəcəksən.

Qadın özünü aşağı tutub ilahi sınaqdan keçəndən sonra, İsa onu çox şərəfləndirdi, çünki o, başqa millətlərin “nübarı” oldu. İsa onun imanını böyük, dağları oynadan, şəfa alan iman adlandırdı.

Biz bu finikiyalı xanımdan murdar ruhlara tutulmuş adamlar üçün müntəzəm şəkildə dua etməyi öyrənirik. Ana öz qızını o qədər sevirdi ki, şərəfindən, qürurundan imtina etdi və təkidinə görə Məsihdən cavab aldı. O, qızı şəfa tapana qədər, Məsihdən yapışıb buraxmadı. Onun iman, məhəbbət və ümidi Məsihə elə təsir etdi ki, O, fikrini dəyişdi. Bu da onu təsdiqləyir ki, biz dost-tanışımız, qohum-əqrəbamız üçün təkidlə dua etsək, dualarımızın cavabını hökmən görəcəyik.

Bəziləri bu ayələrin Mark Müjdəsindəki əhvalata zidd olduğunu iddia edirlər. Matta bu qadının kənanlı olduğunu xəbər verir, Mark isə “Suriya Finikiyasında doğulmuş” olaraq təqdim edir.

Məsələ orasındadır ki, Sur və Sidon bölgələri kənanlıların əlində idi və Kənan adlandırılırdı. Məlumdur ki, finikiyalılar kənanlılardan törəmişlər. Sura şamil edilən torpaq Finikiya, yaxud Suriya Finikiyası adı ilə tanınmışdı. Sonra bu bölgə Makedoniyalı İsgəndərin əlinə keçib yunanlara tabe oldu. Məsihin dövründə bu şəhərlər yunan idi. Bu qadın da yunanların hakimiyyəti altında yaşadı və yunan dilində danışdı. Demək, o, Suriyə Finikiyasında doğulmuşdu, amma əslən kənanlı idi.

DUA: Ey adil və rəhmli Rəbb, mən Sənin önündə qürurumu etiraf edirəm – qürurum xalqımın Sənin xilasını qəbul etməsinə mane olur. Məni nəfsimdən xilas et, qoy mən murdarlığımı dərk edim! Mən kamil deyiləm, mənim ruhuma şəfa ver, qoy möhkəm imanla Sənə xidmət edim və dostlarım xilas olsunlar! Onlara xeyir-dua verməsən, Səni buraxmaram!

SUAL:

  1. Niyə İsa bütpərəst millətləri itlərə bənzətdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:53 AM | powered by PmWiki (pmwiki-2.3.3)