Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 134 (Net Cast Into the Sea of Peoples)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
2. Məsih Səmavi Padşahlığın ruhani böyüməsi barədə məsəllərlə öyrədir (Matta 13:1-58) -- İsanın sözlərinin üçüncü məcmuəsi

e) Xalqlar dənizinə atılan tor (Matta 13:47-53)


MATTA 13:47-50
47 Yenə Səmavi Padşahlıq dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. 48 Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşılarını qablara yığdılar, pisləri isə kənara atdılar. 49 Bu dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. 50 Sonra onları odlu sobaya atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq».
(Mat. 22:9-10; 25:32)

Məsihin bəzi şagirdləri balıqçı idilər. Müəllimin bu məsəldə nə demək istədiyini, onlara necə yeni vəzifə verdiyini başa düşdülər. Onlar Məsihin sözünü öz xalqı və digər xalqların dənizinə tor kimi atacaq, çox adamı Məsihə gətirəcəklər. İmanlılar Cəmiyyəti bütün nəsillər, millətlər və zamanlardan dəvət olunmuş insanlardan ibarətdir.

Vaxt gələcək, Müjdə göndərildiyi məqsədi yerinə yetirəcək; biz onun boş yerə Rəbbin yanına qayıtmayacağına əminik (Yeş. 55:11). Hal-hazırda tor dolmaqdadır. Bəzi vaxtlarda tora daha çox balıq düşür, başqa vaxtlarda isə daha az, lakin hər halda o, gec və ya tez dolacaq və sahilə çəkiləcək, o zaman “Allahın sirri tamamlanacaqdır” (Vəhy 10:7).

Tor dolub sahilə çəkiləndə yaxşı balıqlar tora düşən pis balıqlardan və zir-zibildən ayrılacaq. O vaxt ikiüzlülər əsil məsihilərdən ayrılacaqlar. Yaxşılar qiymətli qablara yığılacaqlar, pislər isə kənara atılacaq. Tor dənizin içində ikən, içində nə olduğu bilinmir, lakin yaxşı balığa görə toru ehtiyatla sahilə çəkirlər. Allahın zahiri imanlılıar cəmiyyəti üçün qayğısı da belədir və cəmiyyətin içində yaxşılarla pislərin qarışmasına baxmayaraq, Allahın xidmətçiləri də onlara əmanət edilənlərin bu cür qayğısına qalmalıdırlar.

İsa şagirdlərinin ayrı-ayrı yox, birgə xidmət etmələrini, balıqla dolu nəhəng toru birgə çəkmələrini istəyir. Xalqların dənizindən çox sayda balığı heç kim təkbaşına çəkə bilməz. Bu gün Məsih sənin çoxlu həmvətənlərinin Ona gəlməsini istəyir və bunun üçün səni bizimlə və bütün İmanlılar Cəmiyyəti ilə birgə öz mühitinə Allahın Kəlamının torunu atmağa çağırır. Onlar üçün dua et, onlara Xilaskardan danış, onları toplantılara dəvət et, onlara ruhani kitablar ver. Rəbbin yolunda birlikdə xidmət edək! İncili oxuyub anlamayanlara görə dua edirsənmi? Onların İncildə həqiqi Məsihi tapmaları və əbədi həyata nail olmaları üçün dua et.

Rəbb səni canları mühakimə etməyə yox, Məsih üçün qazanmağa çağırır. Savadlı və hörmətli adamları qəbul et, amma miskin və savadsızları da rədd etmə. Mühakimə adil Hakim olan Məsihə məxsusdur. Sən isə bil ki, xidmət səni cürbəcür insanlara – mömin və imansız, mühafizəkar və liberal, böyük və kiçik, ağıllı və ağılsız, dövlətli və yoxsul, mədəni və mədəniyyətsiz, yerli və xarici, xəstə və sağlamlara rast gətirər. Allahın Kəlamını hamıya danış. Xilas barəsindəki Müjdəni öz mühitində yay. Tənbəllik etmə, vaxt var ikən get, işlə. Xidmətində kimlərin yaxşı, kimlərin pis olduğunu qərarlaşdırma, çünki Rəbbin mələkləri müqəddəs görünən bütün ikiüzlüləri kənara atacaqlar, imanla Məsihə bağlanan bir çox tövbə etmiş günahkarları isə seçib göyə aparacaqlar.

Bir gənc adam cəhənnəmin var olduğuna inanmırdı. Bir gün müharibə olanda bombalanma oldu, o adam yerə düşüb qorxudan dişlərini qıcırdatmağa başladı. Onun ətrafını alov götürdü. O anda gənc adam odlu gölün mümkünlüyünü dərk etdi. Sən ətrafındakı itmiş adamları sevirsənmi, axirətdə yanmaqdan xilas olmalarını arzulayırsanmı? Bunu arzulamırsansa, demək sənin məhəbbətin yoxdur və sən özün odlu gölə atılmağa layiqsən!

DUA: Ey İsa, Sən bizi insanlara xeyir-dua vermək üçün dəvət etmisən, biz isə onlara necə xidmət edəcəyimizi bilmirik, çox vaxt utanırıq və insanlara xilasdan danışmaq istəmirik. Ya Rəbb, əmrini yerinə yetirməkdə ləng tərpəndiyimizə görə bizi bağışla və Sənə itaət edənlərlə birlikdə bizi xidmətə yönəlt, qoy biz Sənin sevdiyin və Özünə cəlb etmək istədiyin adamlara xidmət edək! Onlara dəvətini çatdırmaq üçün bizi ilhamlandır, qoy onlar vaxt var ikən tövbə etsinlər, məhəbbət padşahlığına daxil olsunlar, əbədi həyata nail olsunlar!

SUAL:

  1. Məsih səndən kimləri Onun Padşahlığı üçün qazanmağını istəyir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:51 AM | powered by PmWiki (pmwiki-2.2.109)