Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 125 (Sign of the Prophet Jonas)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

h) Yunus peyğəmbərin əlaməti (Matta 12:38-45)


MATTA 12:38-42
38 O zaman bəzi ilahiyyatçılar və fariseylər İsaya dedilər: «Müəllim, Səndən bir əlamət görmək istəyirik». 39 İsa onlara belə cavab verdi: «Pis və vəfasız nəsil bir əlamət axtarır. Amma ona Yunus peyğəmbərin əlamətindən başqa heç bir əlamət verilməyəcək. 40 Çünki Yunus üç gün-üç gecə nəhəng balığın qarnında necə qalmışdısa, Bəşər Oğlu da üç gün-üç gecə yerin bağrında elə qalacaq. 41 Nineva xalqı qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki onlar Yunusun vəzinə görə tövbə etmişdilər. Budur, Yunusdan daha böyük Olan buradadır. 42 Cənub mələkəsi qiyamət günündə bu nəsillə birgə qalxıb onu məhkum edəcək. Çünki mələkə Süleymanın hikmətli sözlərini dinləmək üçün yer üzünün ucqarlarından gəlmişdi. Budur, Süleymandan daha böyük Olan buradadır.
(Yun. 2:1; Mark 8:11-12; Luka 11:29-32; Ef. 4:9, 1Pet. 3:19)

Yəhudilər Məsihdən inam və məhəbbətlə deyil, Onun ilahiliyinə inanmamaqlarına haqq qazandırmaq üçün möcüzə istədilər. Buna bənzər olaraq, bu gün Allaha iman etmək istəməyən insanlar Allahın var olmasına dair məntiqi dəlillər, təkzibolunmaz sübutlar axtarırlar.

İnsanlar Məsihlə maraqlanmırlar, Müqəddəs Ruhu dərk etmirlər. Onların ürəyi daşa döndüyündən, heç kəs onlara Müqəddəs Üçlükdə vahid olan Allahın varlığını sübut edə bilməz. Biz də İsaya iman gətirdikdə bu imana ilk öncə ağlımızla gəlməmişik, amma Məsihin məhəbbətindən ilhamlanıb bu imanı ilahi vəhydən verilən ənam kimi qəbul etmişik. İman tələb edir ki, biz bütün şübhələrə üstün gələrək ağlımızla İsaya ümid bəsləməyə, ürəyimizlə Onunla razılaşmağa cürət edək.

Qürurlu insanlar Allaha şərt qoyurlar və Allah onların iradəsini yerinə yetirməyəndə bunu bəhanə gətirip Allahdan üz döndərirlər. Həqiqətən, Məsih təmiz arzu-istəklərimizi, hiyləsiz dualarımızı hər zaman eşidib cavab verməyə hazırdır, lakin pis ehtirasları və əyri meyilləri yerinə yetirməz; Pis niyyətlə diləyənlər cavab almazlar (Yaq. 4:3).

Allah inadkar insanlara onların bəşəri dərrakəsindən və əməli təcrübəsindən üstün olan qeyri-adi bir əlamət verdi. Bu əlamət, çarmıxa çəkilmiş Olanın əzəmətli dirilməsidir. İsanın dirilməsi burada “Yunus peyğəmbərin əlaməti” olaraq adlandırılır. Bu, onları bəlkə də inandıra biləcək tək çarə idi. İsanın dirilməsi Onun Məsih olduğuna ən böyük sübut oldu, çünki dirilməsində İsanın “Allahın Oğlu olduğu qüdrətlə elan olundu” (Rom. 1:4). Bu əlamət bütün başqa əlamətlərdən üstün oldu, onları tamamladı. Əgər ondan başqa bütün əlamətlərə inanmasalar belə (Bax: Çıx. 4:9), bu əlamət son olacaq; bu əlamətə inanmadıqları təqdirdə, onları imana gətirmək tamamilə qeyri-mümkün olacaq. Bu tarixi olaya inanmayan adam qaranlıqda qalır. Məsih diriləndən sonra öyrəncilərinə bu şad xəbəri verdi, necə ki Yunus peyğəmbər balinanın qarnından çıxandan sonra Ninevanın əhalisini tövbəyə çağırdı. Məsihin dirildikdən sonra şagirdlərinə zühur etməsi, onlarla danışması ilahiliyini qəti bəyan etdi. İsa ölməzdən əvvəl şagirdlərinə və camaata ölümdən diriləcəyini dəfələrlə elan etmişdi ki, O diriləndə, onlar iman etsinlər.

Yəhudilərin əksirəyyəti Məsihi rədd etdi, halbuki O ilahi səlahiyyətlə danışırdı. İsanın şəfqətli sözləri onların daşa dönmüş ürəklərinə girmirdi. Bütpərəst ninevalıların Yunusun vəzinə cavabı bunun tam əksi olmuşdu – onlar tövbə edib Allahın Kəlamını qəbul etmişdilər. Yəhudilər isə Rəbbə tərəf dönmədilər, baxmayaraq ki, Kəlam bəşər olub aralarında məskən salmışdı. Axırda onlar həqiqəti anlama qabiliyyətini itirib elə zənn etdilər ki, Musanın Qanununu bilən və saleh olan yalnız onlar özləridir.

Müqəddəs Kitab yadımıza salır ki, Cənub mələkəsi Süleymanın danışdığı Allahın hikmətini dinləmək üçün Ərəbistandan uzun yol gəlmişdi. Yəhudilər isə Məsihin yanında ola-ola onların gözləri qabağındakı Allahın hikmətini istehza ilə rədd etdilər.

Bəs sənin halın nədir? Sən Məsihin sözlərini eşitməyə can atırsanmı? Onun möcüzələri və əzəmətli dirilməsi sənə təsir edirmi? Sən Allahın hikməti ilə dolmağa can atırsanmı? Yoxsa yəhudilər kimi ürəyini daşa döndərib öz salehliyində israr edirsən? Sən də pis və vəfasız nəsildənsənmi, yoxsa vəzi eşidib Allahın Kəlamına iman gətirərək göz yaşı ilə tövbə edən və ilahi qəzəbdən xilas olan ninevalılar kimi yaşayan Rəbbə tərəf dönmüsən?

Bu gün bəziləri iddia edirlər ki, guya Məsih, Yunus üç gün-üç gecə nəhəng balığın qarnında qaldığı kimi, üç gün-üç gecə qəbirdə qalmayıbmış. Buna sübut kimi Yəhyanın öz Müjdəsində Məsihin cümə günü ölməyi və bazar gününün səhəri dirilməyindən xəbər verdiyini deyirlər.

Bu, mühüm sualdır və biz İsanın sözlərindən şübhə edənlərə cavab verməyi lazım bilirik. Bəşəri dillərdə belə bir hadisə müşahidə olunur: insan çox vaxt bütünü deyib bir hissəsini nəzərdə tutur, belə ki “gün” dedikdə günün bir hissəsini nəzərdə tutur. Yəhudilər üçün “gün” axşam və sabah, yaxud gecə və gündüzdür. Burada “üç gün-üç gecə” ifadəsi ilə nəzərdə tutulan vaxt müddəti həqiqətdə tam bir gün və qismən iki gündən və eləcə də tam iki gecədən ibarət idi. Ester kitabında da eynilə bu müddətdən bəhs olunur: “Üç gün-üç gecə yeməyib-içməyib mənim üçün oruc tutun” (Est. 4:16). Sonra 5:1-də deyilib ki, “Üçüncü gün Ester mələkə libasını geyindi və sarayının içəri həyətində padşahın otağı ilə üzbəüz dayandı”. Ester üçüncü gündə padşahın gözündə lütf tapmasına baxmayaraq, bundan əvvəlki müddət “üç gün-üç gecə” olaraq adlandırılır. Həmçinin 1Şam. 30:12-də “üç gün-üç gecə çörək yeməmiş və su içməmişdi” dedikdə daha qısa müddət nəzərdə tutulur, çünki sözügedən adam üçüncü gündə artıq yeməyə başladı. 2Saln. 10:5-də Rexavam “Üç gündən sonra yenə mənim yanıma gəlin” deyir, 12-ci ayədə isə yazılıb: “«Üç gün sonra yenə yanıma gəlin» deyə padşahın söylədiyi kimi Yarovam bütün xalqla birgə üç gün sonra Rexavamın yanına gəldi”. Tam üç günün hələ keçmədiyi aydındır. Habelə Yar. 42:17-18-də “üç gün” dedikdə əslində tam yox, qismən üç gün nəzərdə tutulur. Birinci günün sonunda Yusif qardaşları ilə danışır, sonra bir gün daha keçir və üçüncü gündə o yenə onlarla görüşür. Bütün bu vaxt müddəti üçün “üç gün” ifadəsi işlənir. İnsan günəş batmazdan yarım saat əvvəl öldükdə, bu müddət tam bir gün sayılırdı, halbuki günün böyük hissəsi keçmiş və yalnız yarım saat vaxt qalırdı.

DUA: Ey müqəddəs Ata, Sənin sadiq Ruhundan başqa ruhlara döndüyümüzə görə bizi bağışla! Bizə Sənin Oğluna doğru imanı ver, inadkarlığımızı bağışla və ürəyimizdə Sənin Kəlamına qulaq asmaq arzusunu qoru! Qoy biz Sənin izzətli dirilmənə iman edən bütün qardaş-bacılarla birlikdə Sənin səsini eşidib sidq ürəkdən tövbə edək!

SUAL:

  1. Pis və vəfasız nəslə məxsus olanlar kimlərdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)