Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 124 (Blasphemy Against the Holy Spirit)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

g) Müqəddəs Ruha qarşı küfr (Matta 12:22-37)


MATTA 12:33-37
33 Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin; çünki ağac bəhrəsindən tanınır. 34 Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz? Çünki ürək doluluğundan ağız danışar. 35 Yaxşı adam yaxşılıq xəzinəsindən yaxşı şeylər çıxarır, pis adam isə pislik xəzinəsindən pis şeylər çıxarır. 36 Mən sizə deyirəm: insanlar söylədikləri hər boş söz üçün qiyamət günü hesab verəcəklər. 37 Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan».
(Luka 6:43-45; Yaq. 3:6; Yhd. 15)

Ərik çəkirdəyindən xurma ağacı bitməz. Aydındır ki, adamın sözləri və əməlləri əsil şəxsiyyətini ifadə edər. Sənin sözlərin ürəyində olanı – qəzəbi və ya sevinci üzə çıxarar.

Ürək ağacın kökünə, dil isə meyvəsinə oxşayar. Ağac özü təbiətcə yaxşıdırsa, meyvəsi də yaxşı olar. Ürəkdə bol lütf hakim olduqda, dildən çox yaxşı şeylər çıxar; və əksinə, ürəkdə şəhvət hökm sürdükdə, nitq də eyibli olar. Ağciyəri xəstə olan adamın tənəffüsü də xəstədir. İnsanın dilindən hansı Padşahlığa aid olduğunu anlamaq mümkün olduğu kimi, ona hökmran olan ruh da dilindən tanınar. “Ya ağaca yaxşı, bəhrəsinə də yaxşı deyin yaxud ağaca pis, bəhrəsinə də pis deyin”. Ürəyin təmiz olsun, o zaman nitqin də, həyatın da təmiz olar. Cır ağacı yaxşı ağaca calaqlayıb yaxşı edə bilərik. Onda meyvəsi yaxşı olar. Lakin ağac əvvəlki kimi qalsa, onu sulamaqla, başqa yerə köçürməklə dəyişdirə bilməzsən, nə edirsən et, meyvəsi pis olar. İnsanın həyatı da həmçinin, ürəyi dəyişməsə, əsla təzələnməz.

Fariseylər İsaya qarşı olan pis fikirlərini etiraf etmək istəmirdilər. Lakin Məsih onlara göstərdi ki, onlar ürəyində paxıllığın acı kökünü nahaq yerə gizlətməyə çalışırlar.

Kim həmişə yalnız yaxşı şeylər söyləyər? İnsanlar üçün bu, qeyri-mümkündür! Çünki yaxşılıq edən saleh adam yoxdur. Ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar. Bu pis fikirlər sözlər kimi ağzımızdan çıxaraq, pozğunluğumuzu büruzə verər. Məsih bizim halımızı bu sözlərlə ifşa etmişdir: “Ey gürzələr nəsli, siz pis olduğunuz halda necə yaxşı şeylər söyləyə bilərsiniz?” Allahın Ruhundan doğulmamış adamı iblis özünə qul edər. Belə adam kin-küdurətlə dolar, yaxşı fikri və saleh işi bacarmaz.

Lakin Məsihin qanı sənin şüurunu təmizlədiyi, Müqəddəs Ruh ürəyində baş yeri tutduğu zaman, sən sevinc və məhəbbət dolu, təmiz və sülhpərvər olursan. Bütün bu meyvələr səndən irəli gəlmir, lakin səndə fəaliyyət göstərən Allahın Ruhundan əmələ gəlir. Məsih Meynədir, biz də Onun budaqlarıyıq. Bütün yaxşı meyvələrimiz Ondandır, çünki ürəyimizin yaxşılıq xəzinəsi Odur.

Unutma ki, Allah ağzından çıxan hər sözü qeyd edir. İnsanlar gizlicə başqalarının danışdıqlarını audiocihazlara yaza bilirlərsə, əmin ol ki, Allah bütün dediklərini – imansızlıq, mübaliğə, pislik dolu sözlərini saxlaya bilir. Sən əbədiyyətdə mühakimə olunacaqsan. Onda sən yer üzündə söylədiyin hər kəlməni müqəddəs Olanın və başqa insanların hüzurunda eşidəcəksən, hamının o sözlərini eşitməsinə tab gətirə bilməyib, xəcalətdən yerə girmək istəyəcəksən.

Qiyamət günündə öz dediklərimiz – yaxşı və ya pis sözlərimiz bizim xeyrimizə, yaxud əleyhimizə şahid olacaq. O gündə bu dünyada dindar görünən, amma dilini saxlamayan adamların böyük yalanı aşkara çıxacaq və onlar saxta dindarlıq maskası altında özlərini aldatdıqlarını anlayacaqlar (Yaq. 1:26).

Əgər sən Məsihin qanına inanırsan və bütün günahlarını etiraf edirsənsə, O, böyük mərhəməti ilə bütün pis sözlərini siləcək, necə ki insanlar audioyazını kasetdən silirlər. İsa yalnız alovlu dualarını, yaxşı şəhadətlərini, faydalı sözlərini saxlayacaq. Sənin imanın sözlərin ilə üzə çıxır, buna görə sözlərin qiyamət günündə sənə bəraət qazandıracaq. Pis olanın sənin üzərində heç səlahiyyəti olmayacaq, çünki sən Məsihlə birləşmisən və Məsih sənin günahını Öz üzərinə götürüb. O səni əvəzsiz olaraq saleh sayıb və təmizləyib.

DUA: Səni ucaldırıq, ya Rəbb İsa, çünki Sən bütün pis işlərimizi, səhvlərimizi bağışlayırsan, yaxşı fikir etməmiz, hər kəsi sevməmiz, hamı ilə sülh içində yaşamamız üçün şüurumuzu təmizləyirsən. Bizi qürurdan və Sənin səsinə, iradənə qarşı çıxmaqdan qoru! Qoy biz hər gün Sənin iradəni yerinə yetirək!

SUAL:

  1. Gürzələr nəsli kimlərdir və saleh adam kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:49 AM | powered by PmWiki (pmwiki-2.2.109)