Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 121 (Blasphemy Against the Holy Spirit)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

g) Müqəddəs Ruha qarşı küfr (Matta 12:22-37)


MATTA 12:22-24
22 Ondan sonra İsanın yanına cinə tutulmuş kor və lal bir adamı gətirdilər. İsa ona şəfa verdi. Beləcə o danışmağa və görməyə başladı. 23 Bütün xalq «Bu, Davudun Oğlu deyilmi?» deyə mat qaldı. 24 Lakin fariseylər bunu eşitdikdə dedilər: «Bu Adam ancaq cinlərin başçısı Baal-Zevulun gücü ilə cinləri qovur».
(Mark 3:22-37; Luka 11:14-23; Yəh. 7:42)

Məsih Öz səlahiyyətini tədricən göstərirdi. Cinə tutulmuş adamın korluğu və lallığı heç də təsadüf deyil idi, onun murdar ruhlara qul olmasının nəticəsi idi. Ancaq onu qüdrətli Məsihin yanına gətirəndə, o, İsanın məhəbbət və şəfqət dolu sözü ilə şəfa tapdı. Müqəddəs Ruhdan başqa hər hansı ruh adamı zəiflədər və həlaka aparar. Bu, zahiri dindarlıq səbəbilə baş verir. Fariseylər son dərəcə dindar idilər və təqdimləri, qayda-qanunara ciddi riayət etmələri ilə Allahı razı salmaq istəyiblər. Sadə xalqa, yoxsullara qarşı şəfqəti önəmsiz sayıblar, ruhani təkəbbürə təslim olublar, bu da şeytanın ruhudur. Çünki özünü başqalarından saleh sayan adam kordur, öz pozğunluğunu görmür. Lakin İsadan ruhani görmə qabiliyyəti əldə edən adam qəlbən sınır, tövbə edir və qürurundan büsbütün azad olur.

Fariseylər digər millətlərdən daha çox Qanuna bələd olduqlarını, Qanunun qeyrətini çəkdiklərini iddia ediblər. Həqiqətdə isə onlar Məsihin ən qatı düşmənləri, təlimlərinin ən qızğın əleyhdarları idi. Xalqın içində qazanmış olduqları ad-sanla fəxr ediblər. Səlahiyyətləri artmış, cibləri dolmuş dindarlar qürurla dolu idilər. Xalqın “Ola bilər, İsa Davud Oğludur!” dediyini eşitdikləri zaman qeyzə gəlirdilər. Xalqın İsanın göstərdiyi möcüzədən belə danışdıqlarından acıqları tuturdu. Məsihi qısqanır, xalqın onlardan artıq Məsihi şərəfləndirəcəyindən qorxurdular. Bir zamanlar israilli qadınlar Davudun qəhrəmanlığını tərənnüm edəndə Şaul Davudun paxıllığını çəkdiyi kimi (1Şam. 18:7-8), fariseylərin İsaya paxıllığı tuturdu.

Sadə xalq İsanın Davud Oğlu, vəd olunmuş Məsih olduğunu hiss edirdi. Lakin fariseylər bu kor və lal adamın şəfa tapmasından dilxor olublar, Məsihə küfr edərək möcüzəni Məsihin cinlərin başçısı ilə əlbir olması ilə izah ediblər. Özlərini saleh sayan fariseylər ürəklərini daşa döndəriblər. Allaha qulluq etdiklərini zənn edərək, Müqəddəs Ruha qarşı durublar. Qanuna riayət etməyə çalışaraq, məhəbbət və mərhəmətdən məhrum olublar. Bu səbəbdən ibadətləri şeytani olub, çünki iblis zülmət başçısı ola-ola özünü yalandan nur mələyi kimi göstərir.

DUA: Ey Səmavi Ata, Oğlun İsa, Onun yanına gələn bütün xəstə, lal, kor və cinə tutlmuş adamlara şəfa verdiyinə görə Sənə ürəkdən şükür edirik! Məhəbbətin necə qüdrətlidir! Əzab-əziyyət çəkən, qəm dəryasına batan adamların dərdinə şərik olmadığımız üçün bizi bağışla! Onların qəzəblərindən, əziyyətlərindən kəm almaq bizdən iraq olsun! Bizi məhəbbət və səbir ilə doldur, qoy biz yaxınlarımızın ehtiyaclarına biganə olmayaq, onlara yardım etmək üçün Səndən güc alaq! Murdar ruhlara tutulmuş, ruhən kor və lal, ruhani vəziyyətləri heç kimi maraqlandırmayan adamlara rəhm elə! Bizə kömək et ki, başqalarını ruhlandıraq və yardım göstərək!

SUAL:

  1. Niyə yəhudi dindarlar İsanı cinlərin başçısının köməyi ilə cinləri qovmaqda günahlandırdılar?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:48 AM | powered by PmWiki (pmwiki-2.2.109)