Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 122 (Blasphemy Against the Holy Spirit)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

g) Müqəddəs Ruha qarşı küfr (Matta 12:22-37)


MATTA 12:25-30
25 Fariseylərin nə düşündüklərini bilən İsa onlara dedi: «Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar və öz daxilindən bölünmüş hər şəhər yaxud ev davam gətirməz. 26 Əgər Şeytan Şeytanı qovarsa, özü daxilindən bölünmüş olur. Bu vəziyyətdə onun padşahlığı necə davam gətirər? 27 Əgər Mən cinləri Baal-Zevulun gücü ilə qovuramsa, bəs sizin adamlarınız kimin gücü ilə qovur? Buna görə də onlar sizin hakimləriniz olacaq. 28 Lakin Mən cinləri Allahın Ruhu ilə qovuramsa, deməli, Allahın Padşahlığı üzərinizə gəlib. 29 Bir kimsə güclü adamın evinə girib əvvəlcə onun əl-qolunu bağlamadan onun malını necə qarət edə bilər? Gərək o adamın əvvəlcə əl-qolunu bağlasın, sonra evini qarət etsin. 30 Mənimlə olmayan Mənə qarşıdır və Mənimlə yığmayan dağıdır.
(Yeş. 49:24; Mark 9:40; 1Yəh. 3:8)

Məsih bizim hər an nə düşündüyümüzü bilir. O Ona nifrət edənlərə izah etməyə çalışıb ki, cinlərin başçısı ilə əlbir olması barədə ittiham boş və əsassız sözdür. Onları başa salmaq üçün Məsih dörd sübut yetirib. İsa fariseyləri lənətləyib rədd etməyib, onlara nifrət bəsləməyib, əksinə, onlara yaxınlaşıb, kor gözlərini açmaq istəyib.

Məsihin bu ittihamlara cavabı güclü və iqnaedici idi. İsa Ona qarşı söz deyən dillərinə “od və kükürd” ilə cəza verməyib, onları məntiqlə, dəlillərlə susdurmağa çalışıb. Burada Məsih bu düşüncənin məntiqsizliyini ifşa edib. Şeytanın cinləri qovması çox qəribə fikirdir, ağlasığmaz işdir. Axı bu halda şeytanın padşahlığı “öz daxilindən bölünmüş” olar. Şeytanın çox ağıllı olduğunu nəzərə alsaq, belə işi təsəvvürümüzə gətirə bilmərik.

Burada hamıya məlum həqiqət təkrarlanır: cəmiyyətdə tənəzzül bölünmə nəticəsində baş verir. “Öz daxilindən bölünmüş hər padşahlıq viran qalar”. Bu, ailələrə də aiddir. Bir müdrik adam demişkən: “Ədavət və təfriqə yoxdursa, ailə möhkəm, cəmiyyət sabit qalar”. Bölünmə ümumiyyətlə hər şeyi dağıdar. Biz bölünəndə ümumi düşmənimizin qurbanı olarıq. Kəlam xəbərdarlıq edir: “Əgər siz bir-birinizi didib-yeyirsinizsə, ehtiyatlı olun ki, bir-birinizi tələf etməyəsiniz” (Qal. 5:15).

Məsih camaata deyirdi ki, öz daxilindən bölünmüş ev dayana bilməz, şeytan şeytanı qovmaz. Çünki başqaları bir olan Rəbbin adı ilə cinləri qovanda, cinlərin başçısının köməyi ilə qovmayıb ki!

Məsih murdar ruhlardan və başçılarından güclü olduğuna görə onları bağlayıb əbədilik qovmağa qadir olduğunu göstərdi. Məsih onlara elan etdi ki, Onun Müqəddəs Ruhun qüvvəsi ilə cinləri qovması özü Səmavi Padşahlığın yaxınlaşdığına işarə edir. Düşünən hər kəs anlaya bilir, anlaya bilən hər kəs isə yəqinlik hasil edə bilir. Bununla belə, dindarlar Məsihin sözlərini anlamadıqları, xilasına və mərhəmətinə nail olmadıqlarına görə, pis ruhlara tutulmuş, yeganə Xilaskara qarşı ürəklərini daşa döndərmişdilər.

Cəhənnəm ruhları Avropa, Asiya, Afrikada ilk baxışdan fərqli kimi görünsə də, həqiqətdə eynidir. Onların Amerikada və Yaxın Şərqdə xalqı yoldan çıxartmaq yolları başqa-başqa ola bilər. Bəzən şeytani məzhəb və təriqətlər arasında mübarizə gedir, ancaq həqiqətdə bunların hamısı eyni şəkildə milyonlarla adamı məhvə aparır, insanlarda pulpərəstlik, əxlaqsızlıq, şəhvət, qanlı müharibələr törədirlər. Bütün bu bəlaların bir məqsədi var – insanların ürəklərini Müqəddəs Ruha qarşı döndərmək, vicdanlarını məhv etmək.

Müjdəçi Yəhya şeytanı hər biri başqa-başqa küfr və yalan söyləyən yeddi başlı əjdəha obrazında görüb. Buna baxmayaraq, bu başların yeddisi də Xilaskar İsaya qarşı birləşmişdi (Vəhy 12:3; 13:4). Təəssüf ki, bəzi insanlar şəfa tapmaq arzusu ilə pis ruhlarla əlaqə qurmağa çalışırlar. Bunun nə onların özlərinə, nə də yaxınlarına xeyri dəyəcək. Ruhlarla əlaqə insana həqiqi azadlıq verməz. Əksinə, falçılara, cadugərlərə, sehrbazlara, cindarlara müraciət edən adam azadlığa nail olmaz, daha da onların köləsi olar və əbədi olaraq cəhənnəmə məhkum olar.

Lakin Məsih Allahın Ruhunun qüvvəsi ilə cəhənnəm ruhlarını bağlayır və cinə tutulmuş adamdan qovur. Şükürlər olsun ki, başqa zəncirlərdən, köləliklərdən, yalançı təlimlərdən üstün olan bir qüvvə – Məsihi və Onun axıtdığı qanı ucaldan Ata Allahın və Müqəddəs Ruhun qüvvəsi vardır. Bu Pak Ruh bizi Xilaskar İsanın çarmıxda şeytana və bütün tərəfdarlarına qalib gəldiyinə və səlahiyyətindən məhrum etdiyinə inandırır. Məsih yeganə Qalibdir və Ona bağlanan adam günahın zəncirindən, cəhənnəmin iddialarından azad olur və bunların təsirindən əbədilik qorunur. Cinə tutulmuş adamın azad edilməsi Səmavi Padşahlığın yaxınlaşmasının əlaməti idi.

Məsihin qüdrəti bizim dərrakəmizdən üstündür. Bu gün Məsih göydə və yerdə hökmranlıq edir, bütün qitələrdə insanları xilas edir. İsanın sənin də xalqında bütün murdar ruhlar üzərində qələbə çaldığına, çoxlarını əsarətdən, xudbinlikdən, zinadan, təəssübdən və qürurdan xilas etdiyinə inan. Bu gün çoxları sevinclə və rahat ürəklə Ona tabe olurlar.

Məsihin Müjdəsinin məqsədi bu dünyada “güclü adam” kimi olan şeytanın evini qarət etmək, insanları “zülmətdən nura”, günahdan müqəddəsliyə, bu dünyadan daha yaxşı bir dünyaya, “şeytanın hakimiyyətindən Allaha tərəf” (Həv. 26:18) döndərməkdir.

Məsih hər dəfə Öz sözü ilə murdar ruhları qovanda şeytanın əlindən qılıncı qapmış, onu səlahiyətdən məhrum etmişdir. Məsih möcüzələrini necə anlamağı bizə öyrədir. O tam qüdrətlə, çox asanlıqla insanlardan cin qovur və bununla bütün imanlıları Ona tam ümid bağlamağa çağırır. Biz inanmalıyıq ki, Məsih insanların üzərində hökmranlıq edən şeytanı lütf ilə bağlaya bilir. Xalqlar bütlərə qulluq etməkdən əl çəkib yaşayan Allaha tərəf dönəndə, ən pis günahkarlar böyük müqəddəslərə çevriləndə, Məsih şeytanın evini qarət edir. Biz bunu gələcəkdə daha çox görəcəyik.

Aydındır ki, Məsihin şeytana qarşı apardığı bu amansız mübarizə “müqəddəs müharibə”dir və Məsihin Padşahlığnda heç kəs neytral mövqe tuta bilməz (“Mənimlə olmayan Mənə qarşıdır”). Biz buradan öyrənirik ki, Məsihin şagirdləri arasında sadə məsələlər üstündə fikir ayrılığı olanda, biz “bizə qarşı olmayan” imanlılarla sülh içində olmağa çalışaq, onları “bizimlə olan” imanlılar sayaq (Luka 9:50). Məsih ilə şeytan arasındakı müharibədə sülhdən söhbət belə gedə bilməz və bu kritik məsələdə heç kəs neytral mövqe tutmasına haqq qazandıra bilməz. Bütün ürəyi ilə Məsihin tərəfini saxlamayan adam istər-istəməz Onun əleyhdarı olacaq. Məsihin işinə soyuq yanaşan adam Məsihin düşməni sayılacaqdır.

Bəs sən imanınla, dualarınla, iradə gücünlə bu mübarizədə iştirak edirsənmi? Məsihin tərəfindəsənmi, yoxsa Ona qarşısan? Onunla birgə yaxşı mübarizə aparmayan adam Onun düşməni olur və öz-özünü həlak edir. Bu “ruhani cihad”da vuruşan hər kəs ilk öncə bütün günahlarını Rəbbə etiraf etməli və ailəsi ilə birlikdə İsanın qanının himayəsi altında yaşamalıdır, həmişə həlim və qəlbən təvazökar olaraq həyat sürməlidir. Onda şər olanın onun üzərində heç səlahiyyəti olmayacaqdır.

DUA: Sənə alqışlar olsun, Səmavi Ata, çünki Sənin Oğlun iblisi məğlub edərək qüdrətə büründü və indi Müqəddəs Ruhu ilə insanları şeytanın əsarətindən, murdar əməllərindən, ruhani korluqlarından azad edir! Biz İsanın aramızda qələbə çaldığına inanırıq, zəfərinə görə cuşa gəlirik. Çoxlarını yanlış inanclardan azad etdiyin üçün Sənə şükür edirik! İndi onların daxilində məhəbbət, çarmıx və fədakarlıq əsasında yaşayan iman yaranır.

SUAL:

  1. Cəhənnəm və Məsihin zəfəri barədə nə öyrəndin?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:48 AM | powered by PmWiki (pmwiki-2.2.109)