Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 120 (Healing of the Withered Hand)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
D - Üçüncü Hissə Yəhudilərin imansızlığı və Məsihə qarşı düşmənliyi (Matta 11:2 - 18:35)
1. Yəhudi ağsaqqalları Məsihi rədd edir (Matta 11:2 - 12:50)

f) İsa Şənbə günü əli qurumuş adama şəfa verir (Matta 12:9-21)


MATTA 12:14-20
14 Fariseylər çıxıb İsanı necə məhv etmək barədə məsləhətləşdilər. 15 İsa bunu bilib oradan uzaqlaşdı. Böyük bir izdiham Onun ardınca getdi və İsa onların hamısına şəfa verdi. 16 Amma onlara qadağan etdi ki, Onun kim olduğunu deməsinlər. 17 Bu, Yeşaya peyğəmbər vasitəsilə söylənən həmin söz yerinə yetsin deyə baş verdi: 18 «Budur, Mənim seçdiyim Qulum! Mənə sevimlidir, könlüm Ondan razıdır. Mən Öz Ruhumu Onun üzərinə qoyacağam. O, millətlərə ədalət elan edəcək. 19 O nə mübahisə, nə də fəryad edəcək. Küçələrdə heç kim Onun səsini eşitməyəcək. 20 Ədaləti zəfərə çatdırana qədər əzilmiş qamışı qırmayacaq, tüstülənən piltəni söndürməyəcək. 21 Millətlər Onun adına ümid bağlayacaq».
(Yeş. 42:1-4; Mark 3:12; Luka 6:17-19; Həv. 3:13-26)

Dindarlar Məsihi öldürmək qərarına gəldilər, çünki Məsih məhəbbətin Qanundan üstün olduğunu elan etdi və onların Tövrat barəsindəki fikirlərini rədd etdi. Onlar elə hiss etdilər, sanki göy onların dar dini nizamını parça-parça edəcək. Mübarizəni məntiqlə davam etdirə bilməyən qanunpərəstlər zorakılığa əl atdılar. Allahın düşmənləri hələ İsanın xidmətinin ilk günlərindən İsanı rədd etdilər və məhv etməyi qərara aldılar.

Məsih öldürüləcəyindən qorxduğuna görə oradan uzaqlaşmadı, daha çox işlər etməli olduğuna və vaxtı hələ gəlib-çatmadığına görə uzaqlaşdı. O gündən sonra Məsih daima təqib olundu. O səs-küy salmadan, sakitcə xidmət etdi. Xilaskar qüdrətinə inanaraq Onun yanına gələn xəstələrə sözü ilə şəfa verdi. İsa şöhrət qazanmaq həvəsində deyil idi, hətta şəfa verdiyi adamların Onun adını çəkməsini dəfələrlə qadağan etdi. O, möcüzələr, əlamətlər görməyə can atanların diqqətini cəlb etmək istəmədi, onların həqiqətən tövbə edib Rəbbə tərəf dönmələrini istədi. İsa salehliyə, ruhani paklığa can atanları axtardı. Daşürəkli təəssübkeşlər isə Ondan heç bir kömək və təsəlli ala bilmədilər.

Müdrik və saleh insanlar yaxşılıq etməyə çalışsalar da, hər kəsin onlardan danışmasını arzulayırlar. Allahın deyil, insanların tərifini qazanmağa çalışırlar. Biz əziyyət və təqiblər zamanında cəsarətlə borcumuzu yerinə yetirməliyik, amma eyni zamanda əleyhdarlarımızı hiddətləndirməmək üçün müdrik davranmalıyıq, necə ki yazılıb “İlan kimi müdrik olun”.

Məsih haqlı olaraq Allahın həlim və itaətkar lütfü sayılır, çünki O Allahın Ruhundan doğulmuşdur. Yeşaya Məsihin doğulmasından yeddi yüz il əvvəl xəbər vermişdi ki, Allah Öz sevimli Qulunu dünyaya göndərəcək və Rəbbin Qulu hər zaman Müqəddəs Ruhla dolu olacaq və Rəbbi razı salacaq. Məsihin itaətkarlığından, xeyirxahlığından Müqəddəs Üçlüyün vəhdəti nur saçır, çünki Allahın, Ruhunun və Oğlunun bir məqsədi, bir qayəsi var ki, Onun həqiqəti və məhəbbəti bütün dünyada yayılsın.

Məsih hüquqlarını tələb etmədi, düşmənlərinin üstünə qışqırmadı, susdurmadı. Ondan köynəyini götürmək istəyənə üst paltarını da verdi. O Onu incidənlərə xeyir-dua verdi, düşmənlərini sevdi. Yazıq bir insanda ümid işartısı görəndə, o adamı qorxmadan, şübhə etmədən iman etməyə ruhlandırdı. Məsihin ruhani zəfərinin qüvvəti bütün xalqları əhatə edir, nuru qaranlığımızı dağıdır. Məsihin axırda qalib gələcəyini bilirik, çünki Onun çarmıxı artıq qələbəni təmin etmişdir. Məsihin qələbəsi dünyamızın səhrasına tökülən nəhəng çay kimidir. Məsih bizim iztirablı dünya üçün yeganə ümiddir!

Yəhudilərin İsaya nifrəti Şənbə gününə bağlılıqlarını tənqid etdiyinə görə deyil idi. Onları yandırıb tökən, İsanın başqa millətlərdən olanlara da məhəbbət göstərməsi və bütün xalqlar üçün xilas qapısını açması idi. Məsih irqçi deyildir. O heç bir xalqı, irqi başqalarından üstün tutmayıb. O eyni dərəcədə hamıya xidmət edib və hamını sevib. O bütün insanlar üçün canını qurban verib. Məsihin bu pak məhəbbəti yəhudiləri əsəbiləşdirirdi, çünki onlar Rəbb ilə əhdi öz xalqının müstəsna hüququ sayırdılar; günah edən və bu hüdudları aşan adamın isə daşqalaq edilməli olduğunu düşünürdülər.

DUA: Ey Ata, Məsihdə ilahi təbiətini izhar etdiyinə və çarmıxda dünya üçün salehliyi satın aldığına görə Sənə şükür edirik! Sevinc nidası ilə Sənə səcdə qılır və yalvarırıq, bizə Oğlunun məhəbbət və həlimliyini bəxş et ki, biz dava etməyək, qışqırmayaq, ancaq bütün problemlərimizi Sənə təslim edək. Qoy biz Sənin yolunda tam inamla həyat sürək və əleyhdarlarımızın bütün cəhdlərinə baxmayaraq, Sənin göstərişlərinlə müjdəçilik xidmətini yerinə yetirək!

SUAL:

  1. Yeşaya peyğəmbər Yeş. 42:1-4-də İsadan nə xəbər verdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:48 AM | powered by PmWiki (pmwiki-2.3.3)