Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 092 (The Baptist´s Disciples Question)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Georgian -- Hausa -- Hebrew -- Hungarian? -- Igbo -- Indonesian -- Javanese -- Latin? -- Peul? -- Polish -- Russian -- Somali -- Spanish? -- Telugu -- Uzbek -- Yiddish -- Yoruba

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

9. Vəftizçi Yəhyanın şagirdləri orucla bağlı sualları (Matta 9:14-17)


MATTA 9:16-17
16 Heç kim köhnə paltara təzə parçadan yamaq vurmaz. Çünki təzə yamaq köhnə paltardan qopar və yırtıq daha pis olar. 17 Eləcə də təzə şərabı köhnə tuluqlara doldurmazlar. Yoxsa tuluqlar partlayar, şərab tökülər, tuluqlar da zay olar. Təzə şərab təzə tuluqlara doldurular; onda hər ikisi qorunar».
(Rom. 7:6)

Əhdi-Ətiq ilə Əhdi-Cədid, İncil ilə başqa dinlər arasındakı fərq düşündüyümüzdən çoxdur. Dinlər insana hökm günü barədə xəbərdarlıq edir. İncildən başqa bütün inanclar Allahı razı salmaq üçün müəyyən qayda-qanunlara riayət etməyi öyrədir; dinlərə görə qurbanlar, ianələr, oruc, dua və xeyirli işlər Allahdan mükafat almaq üçün lazımdır. Cürbəcür adət-ənənələr Allahı əlində böyük tərəzi ilə təsvir edir. Bir tərəfdə insanın günahları, o biri tərəfdə isə xeyirli işləri qoyulub. İnsanın taleyi hansı tərəfin ağır basmasından asılıdır. Bu cür fikir Məsihin Əhdi-Cədiddə yazılmış təliminə uyğun gəlmir.

İsa Məsih bizi öyrədir ki, bütün insanlar eynən pisdirlər və kifayət qədər yaxşılıq edən və edə bilən insan yoxdur. Buna görə Məsih Allahın tərəzisinə Öz xeyirli işlərini, salehliyini, lütfünü qoyur. Məsihin məhəbbəti bizim pis işlərimizi yox edir, qurbanı bizi məhkumluqdan xilas edir. Bizi möminliyimiz xilas etmir, biz lütf ilə əvəzsiz olaraq saleh sayılırıq. Səni xilas edən əməllərin deyil, imanındır, çünki imanın səni Xilaskarına bağlayır və imanınla Müqəddəs Ruh sənə yeni həyat verir.

Onda sən bütün həyatını Xilaskarına təslim edir, Ona həmd və xidmət etmək üçün yaşayırsan. Kədərli və məyus vəziyyətdə qalma, lakin Allahın himayəsində olduğuna sevin. Allahın səsindən uzaqlaşma, ürəyini daşa döndərmə, amma çarmıxa çəkilmiş İsaya imanla əvəzsiz olaraq saleh sayıldığına görə başqalarını da xilas etməyə çalış. O səni Ata ilə şərikliyə layiq elədi; Məsihin qanı səni bütün günahlarından təmizləyir. Müqəddəs Ruh səni Allahın övladlarının azadlığına qovuşdurur.

Bu iki fikri qarışdırmaq olmaz, çünki bunlar bir-birinə uyğun gəlmir. Qanunla, ayinlərlə salehliyə nail olmaq cəhdləri imanla saleh sayılmağın tam əksidir. Hökmlərə əsaslanan möminlik lütf ilə xilası əsla qəbul etməz. Allahın övladlarının azadlığı da öz növbəsində qanuna və ayinlərə bağlı olan insanların təməlini yıxıb dağıdır. Qəlibləşmiş nizamlar üzərində qurulmuş cəmiyyəti islah etmək cəhdləri uğursuz olmağa məhkumdur, çünki lütf Ruhu adamın yenidən doğulmasını tələb edir. Ölü ənənələrə bağlanmış olan, daxildən dəyişilməyə hazır olmayan böyük imanlılar cəmiyyətinə mənsub olmaqdansa, Müjdə Ruhunda kiçik cəmiyyətlər yaratmaq yaxşıdır.

DUA: Ey Səmavi Ata, bizi yeni əhdə dəvət etdiyinə görə Sənə şükür edirik. Bizi öz xəyali salehliyimizə inanmaqdan azad etmisən. Biz günahkarıq, lakin Məsih bizə şəfa verib. Bizə göydəki sevinclə yaşamağı öyrət, lütf əsasında qurulan canlı cəmiyyətləri ayırd etməkdə kömək et, qoy biz onlara qoşulub Səninlə şəriklikdə qalaq!

SUAL:

  1. Niyə Müjdənin yeni şərabını Qanunun köhnə tuluqlarına doldurmaq olmaz?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:42 AM | powered by PmWiki (pmwiki-2.3.3)