Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 093 (Girl Brought Back to Life and Woman Healed)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul? -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
B - Məsihin Kefernahum və ətraf bölgələrdə göstərdiyi möcüzələr (Matta 8:1 - 9:35)

10. İsa ölü qızı dirildir və xəstə qadına şəfa verir (Matta 9:18-26)


MATTA 9:18-26
18 Bu şeyləri onlara söyləyərkən bir rəis gəldi və Ona səcdə qılaraq dedi: «Qızım indi ölür, amma gəlib əlini onun üstünə qoysan, yaşayacaq». 19 İsa qalxıb şagirdləri ilə onun ardınca getdi. 20 Həmin vaxt on iki il qanaxma xəstəliyinə tutulan bir qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu. 21 Çünki öz-özünə deyirdi: «Heç olmasa paltarına toxunsam, sağalaram». 22 İsa da dönüb onu görərək dedi: «Cəsarətli ol, qızım, imanın səni xilas etdi». Qadın o saat sağaldı. 23 İsa rəisin evinə gələndə tütək çalanları və qarışıqlıq salan izdihamı gördü 24 və dedi: «Çəkilin buradan, çünki qız ölməyib, sadəcə olaraq yatıb». Onlar İsaya güldülər. 25 Amma camaat çölə çıxarılanda İsa içəri girdi və qızın əlindən tutdu; qız da ayağa qalxdı. 26 Bu xəbər o torpağın hər tərəfinə yayıldı.
(Mat. 14:36; Mark 5:21-43; Luka 8:40-56)

Məsih Allaha və əbədi Padşahlığına qarşı duran bütün səlahiyyətlər üzərində qələbə çalmışdır. Onun məğlub etdiyi son düşmən ölümdür. Bu həqiqət necə gözəldir! Müjdəçi Matta bizə İsanın müxtəlif xəstəliklər, təbiət hadisələri, ruhlar, günahlar və qanunlar üzərindəki qələbə barəsində məlumat verdikdən sonra Məsihin son düşmənimizi – ölümü necə məğlub etdiyindən danışdı. İsa bizi hər cür ağır yükdən, qorxudan tamamilə azad edir və əbədi həyata qovuşdurur. Bəs sən Məsihin təntənəli yürüşündə iştirak edirsənmi?

Yəhudi sinaqoq rəisinin qızı xəstələnmişdi. Onu sağaltmaq cəhdləri uğursuzluqla nəticələnmişdi. Qız ölürdü, atası çox narahat idi. İsaya yaxınlaşıb səcdə qıldı, halbuki o sinaqoqun ravvini idi və bilirdi ki, yalnız Allaha səcdə qılmaq lazımdır, insana yox. Onun İsaya səcdə qılması İsanın ilahiliyinə iman etdiyini təsdiq edir. Məsih səcdə qılmasını qəbul etdi, çünki O, həqiqi Allahdan gələn həqiqi Allah, Ata ilə eyni varlığa malikdir. Rəisin imanı onu İsadan qızı üçün şəfa istəməyə vadar etdi, çünki o İsanın xəstələr üzərinə əl qoyub şəfa verdiyini görmüşdü. Məsih o saat onunla birlikdə getdi, çünki vəziyyəti çox ağır idi. Lakin yolda camaat İsanı hər yandan sıxışdırarkən xəstə bir qadın sakitcə Ona yaxınlaşıb paltarına toxundu. O anda Məsih Özündən şəfa gücünün çıxdığını hiss etdi. İsaya toxunanlar çox idi, amma bu qadının toxunmasında iman var idi. İsa dayanıb döndü və ətrafına baxdı. Qadını tapdı və qadın camaatın qarşısında öz şəhadətliyini danışdı. İsa qadının Ona olan imanını təsdiqlədi, çünki bu iman Məsihdən güc, həyat və lütf alır.

İsanın yolda ləngiməsi, qızına tələsən sinaqoq rəisi üçün çox ağır bir ibrət dərsi oldu. İsa onu öyrətdi ki, Rəbb vəzifəli insanlara üstünlük verməz, sadə insanlarla da eyni ilə rəftar edər və Ondan diləyənin böyük və ya kiçik, kişi və ya qadın olmasından asılı olmayaraq – hər kəsə imanına görə verir.

Onlar evə çatanda qız artıq dünyasını dəyişmişdi. Məsih onun ölümünü yuxu adlandırdı və yas tutub ağlayan qadınlar Ona gülməyə başladılar, qızın yuxuda olmadığını, həqiqətən ölmüş olduğunu bildirdilər.

Ölümün səlahiyyətini, insanların cahilliyini görən İsa kədərləndi və qızın valideynləri, bir də üç şagirdindən başqa heç kimi qızın olduğu otağa buraxmadı. Ölü qızın önündə əzəmətli bir sükutla durdu, sonra əlindən tutdu. O anda qızın ruhu bədəninə qayıtdı, ölüm darmadağın olub qaçdı, çünki Məsihin səlahiyyəti bu həyatla məhdud deyildir. Onun sözündə ölümə qalib gələn qüvvət var! Dirilən qız ayağa durdu və valideynlərinin arasından keçib otaqdan çıxdı. O zaman hər kəsi dəhşət bürüdü!

Məsih yalnız həyatı var eləyən deyil, həmçinin adama həyatı və ruzini verəndir. O, qıza yeməyə bir şey verilməsini istədi. Hamı görməli idi ki, qız həqiqətən şəfa tapıb və Məsihin xilas işi onda tamamlanıb.

Biz Məsihin ardınca gedənlər bu əhvalatdan çox böyük təsəlli tapırıq, çünki bilirik ki, biz Onun adını tanıdığımız üçün O bizi də dirildəcək. Məsih səni sağ əlindən tutar, bir an içində günah ölümündən dirildər və sən pak həyat sürərsən və əbədi həyata malik olarsan.

DUA: Ey Səmavi Ata, biz təbiətimizə görə günahda ölüyük, lakin Sənin vahid Oğlun həyat Rəisidir və Sən ruhani axının mənbəyisən! İmanla əbədi həyata nail olmağımız üçün bizə bu misilsiz Xilaskarı göndərdiyinə görə Sənə şükür edirik! Biz Sənin İncilini oxuyanda, Sən bizim əlimizi tut və qoy biz ətrafımızdakı gənclərlə birlikdə yeni həyat üçün dirilək!

SUAL:

  1. İsa ölü qızı necə diriltdi?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:42 AM | powered by PmWiki (pmwiki-2.2.109)