Waters of Life

Biblical Studies in Multiple Languages

Search in "Azeri":
Home -- Azeri -- Matthew - 055 (Forbidding Adultery)
This page in: -- Arabic -- Armenian -- AZERI -- Bulgarian -- Chinese -- English -- French -- Hebrew -- Hungarian? -- Indonesian -- Latin? -- Peul -- Polish -- Russian -- Spanish? -- Uzbek -- Yiddish

Previous Lesson -- Next Lesson

MATTA - Tövbə edin! Çünki Səmavi Padşahlıq yaxınlaşıb
Mattanın nəql etdiyi Müjdə üzərində düşüncələr
İKİNCİ HİSSƏ - Məsihin Qalileya və ətraf bölgələrdə xidməti (Matta 5:1 - 18:35)
A - Dağüstü vəz: Səmavi Padşahlığın Konstitusiyası (Matta 5:1 - 7:27) -- İsanın sözlərinin birinci məcmuəsi
1. Münasibətlər barəsində (Matta 5:21-48)

b) Zinanın qadağan edilməsi pak həyat üçündür (Matta 5:27-32)


MATTA 5:31-32
31 “Kim arvadını boşayarsa, ona talaq kağızı versin” deyilmişdir. 32 Mənsə sizə deyirəm ki, cinsi əxlaqsızlıqdan başqa bir səbəbə görə arvadını boşayan hər kəs onu zinaya sövq edir. Boşanmış qadınla evlənən də zina edir.
(Qanun. 24:1; Mat. 19:3-9; Mark 10:4-12)

İnsan zinadan başqa bir səbəbdən boşanırsa, bununla zina üçün şərait yaradaraq yeddinci əmri pozur. Burada İsa “qədim zamanlarda adamlara deyilmişdir” deyil, sadəcə olaraq “deyilmişdir” ifadəsini işlədir. Çünki bu, əmr deyil, icazə idi, fariseylər isə bunu əmr kimi qəbul etmək istəyirdilər.

Boşanan adam qəzəblə bir kəlmə deyərək boşana biləcəyini ummamalı idi. Qanuna görə, boşanma şahidlərin hüzurunda, rəsmi və yazılı şəkildə həyata keçirilirdi. İzdivacın ləğv edilməsi son dərəcə ciddi məsələ idi. Qanun, tələsik edilən boşanmaların qabağını almaq üçün verilib və ilk zamanlarda yəhudilər arasında boşanmalar, güman ki, çox nadir olub. Lakin zamanla boşanmalar artıb və yəhudilər Qanuna görə boşanmaqdan ehtiyatlanmaq əvəzində hər səbəbə görə boşanmaq üçün Qanundan istifadə etməyə başlayıblar.

Allah mərhəməti ilə bir kişi ilə bir qadının ailə qurmasını, ər və arvadın qarşılıqlı məhəbbət və hörmətlə bir-birinə xidmət etməsini nəzərdə tutmuşdu. Nikahın ən mühüm tərəfi ər-arvadın bədəndə birləşməsi deyil, bir-biri ilə hörmət və məhəbbətlə rəftar etməsidir. Ər və arvad İncildə yazılan məhəbbət sözlərinə əməl edəndə, Müqəddəs Ruh onların arasındakı münasibətləri təqdis edir.

Xəyanət baş verdikdə, səbəbi ruhən uzaqlaşma, nəticəsi isə qarşılıqlı etibarın, xidmətin, qayğının yox olması olacaq. Amma ər-arvad Allah qorxusunda yaşayırsa, Allahın məhəbbəti onlara xeyir-dua verəcək, sevgi münasibətlərini, hisslərini qoruyacaqdır. İsa izdivaca hökmran olmadıqda, ər-arvad gec və ya tez zina etmək üçün sınağa çəkiləcəklər. Lakin öz Xilaskarına bağlanan ər-arvadın nikahının zamini Məsih Özüdür, çünki onlar bir-birini bağışlamağı, bir-birinə səbirlə dözməyi Məsihdən öyrənirlər.

Başqa dinlərdən fərqli olaraq, Məsih nikahın pozulmasına yol vermədi! Ruhani uyğunsuzluq və ya ürəkdəki nifrət ucbatından nikah pozulduqda, insan öz həyat yoldaşını bağışlamaq istəmədikdə, bəziləri Məsihin əmrinə zidd olaraq boşanmaq imkanı barədə düşünürlər. Belə insanlar deyirlər ki, guya hər iki tərəf üçün gündən-günə dava etməkdənsə, boşanmaq yaxşıdır. Bu bədbəxt insanlar ilahi məhəbbətin qüvvəsindən, Məsihin çarmıxı vasitəsilə gerçəkləşən bağışlamadan xəbərsizdirlər.

Hər cür boşanma (zina səbəbindən edilən boşanma istisna edilməklə) zina hesab edilir. Çünki Allahın birləşdirdiyini insan ayırmamalıdır. Ər-arvadın birliyi təkcə bədən tərəfdən birləşməsindən ibarət olmadığına, lakin ilk növbədə ruh səviyyəsində qurulduğuna görə, qadın ikinci dəfə ərə getsə də, (Allahın önündə) hələ ilk əri ilə bağlı olaraq qalır. Öz həyat yoldaşını bağışlamayan, boşanan tərəfin vay başına! O, çox böyük cinayətkardır. Hamımız günaha batmışıq və Allahın bizi hər gün bağışlamasına, təhtəlşüurumuzu təmizləməsinə ehtiyacımız var. Müqəddəs Ruh ruhani xəstəliklərimizi sağaldıb bizi təmizləyə bilər. Məsihin Ruhu olmadan biz ər-arvad kimi pak yaşaya bilmərik. Çünki bu Ruh Yaradanı şərəfləndirir və təbiət prinsiplərini də inkar etmir.

DUA: Ya Rəbb İsa, Sənə səcdə qılırıq, çünki Sən tam kamilliklə aramızda yaşadın, Sənin Müqəddəs Ruhun daim Sənə hökmran oldu və Səni tam paklıqda saxladı. Ehtiraslarımızı, pis əməllərimizi bağışla və Müqəddəs Ruhun paklığını bizə nəsib et, qoy biz özümüzü aşağı tutub başqalarını bağışlayaq, necə ki Sən zinakar qadını mühakimə etməmişdin, əksinə, tamamilə bağışlamışdın!

SUAL:

  1. Məsihin Qanununa əsasən, zinakar kimdir?

www.Waters-of-Life.net

Page last modified on May 29, 2013, at 08:35 AM | powered by PmWiki (pmwiki-2.2.109)